Modern.az

Putin onu QARALADI: Rəsmi Bakı isə diplomatik etikanı gözləyir

Putin onu QARALADI: Rəsmi Bakı isə diplomatik etikanı gözləyir

18 May 2015, 23:48

 

“Kreml və onun əmrlərini yerinə yetirən Rusiya televiziya kanalları qaraladıqları adamın axırına çıxmağa çalışırlar. ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Kiyevdə "Maydan" iştirakçılarına kökə payladıqdan sonra Kreml onu qara dəftərinə yazdı”.  

Modern.az saytının məlumatına görə bunu Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. 

O, ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın Moskvaya səfərini şərh edərkən bildirib ki, Rusiya prezidenti Vladimir Putin ABŞ rəsmisi Nulandı qaraladı, daha sonra qalanları hücuma keçdi.  

“Bu gün Nuland Moskvada idi. Onu Moskvada da aşağılamağa çalışdılar, öyrədilmiş jurnalistləri üstünə göndərdilər. Ancaq xanım Nuland soyuqqanlığını qorudu. Nulandı Moskvada nə prezident Putin, nə də xarici işlər naziri Lavrov qəbul etdi. Saymadılar onu”.  

Ekspert xatırladıb ki, yeri gəlmişkən, Viktoriya Nulandı Bakıda prezident İlham Əliyev qəbul edib.   “Rəsmi Bakı Vaşinqtonun siyasətini tənqid etməsinə rəğmən, qonaqların ölkəyə ziyarətlərdə diplomatik etikanı gözləyir”,-deyə o politoloq əlavə edib.  

Xatırladaq ki, Viktoriya Nuland ötən gün Moskvaya səfər gəlib. Onun rəsmi səfər proqramı isə bu gün başlayıb.  

Onu da qeyd edək ki, bundan öncə ABŞ dövlət katibi Con Kerri Soçidə xarici işlər naziri Sergey Lavrovla və prezident Putinlə görüşüb.

Ekspertlərin fikrincə, Kerrinin Soçiyə səfəri ABŞ-la Rusiya arasındakı soyuq münasibətlərin normallaşması üçün atılan mühüm addımdır.  

Aqşin Kərimov


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!