Modern.az

Türkiyədəki möhtəşəm tədbirdə Azərbaycan söhbətləri

Türkiyədəki möhtəşəm tədbirdə Azərbaycan söhbətləri

Təhsil

19 May 2015, 09:33

Hökuməti tənqid edən müxalifət liderinə nazirdən isti sözlər;
Dəniz Baykal: “21-ci yüz il Azərbaycanın özünü bütün dünyaya tanıtdıracağı yüz il olacaq”
Mövlud Çavuşoğlu: “Biz Azərbaycanın həm yaxşı, həm də pis günündə yanındayıq”



Alanya Qəzetçilər Cəmiyyətinin dəvəti, Parlament Jurnalistlər Birliyinin təşkilatçılığı ilə Azərbaycanın bir qrup jurnalisti ötən həftə Alaniyada möhtəşəm bir tədbirə şahidlik etdi. Alanya Qazetçiler Cəmiyyətinin çox yüksək səviyyədə təşkil etdiyi, Türkiyənin yüzlərlə jurnalistinin, rəsmi şəxslərin, millət vəkili və nazirlərin qatıldığı  “2014 Medya Başarı Ödülleri Töreni”ndə maraqlı anlar yaşandı. Alanya Qəzetçilər Cəmiyyətinin başkanı Mehmet Ali Dim çıxışı zamanı iştirakçıları, o cümlədən Azərbaycandan gəlmiş qonaqları səmimi salamladı, cəmiyyətin keçdiyi yol haqqında fikirlərini çatdırdı. 

Mərasimdə iştirak edən CHP-nin sabiq başqanı, millət vəkili Dəniz Baykal çıxışı zamanı hakimiyyəti kəskin tənqid etdi, belə bir durumda çalışan qəzetçilərin fəaliyyətini yüksək dəyərləndirdi. Bildirdi ki, “Ergenekon”, “Balyoz”, “Paralellik” olayları, sadəcə, Türkiyəni, siyasəti deyil, medianı da çox yaxından maraqlandırır: “Sürətli şəkildə doğrunun, yanlışın yerlərini dəyişdirməsi, haqlı və haqsızın çox qısa zamanda, 3-5 ildə tam tərsinə döndüyü şəraitdə qəzetçilik etmək heç də asan məsələ deyil”. D.Baykal Türkiyənin xarici siyasətini də tənqid etdi, Türkiyə-ABŞ münasibətlərində yaşanan gərginliklərdən danışdı. Bunun ardınca isə o, toplantıda iştirak edən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Alanya əsilli olmasını xatırladıb onun haqqında xoş sözlər söylədi. Yeri gəlmişkən, 77 yaşlı D.Baykal Antalya şəhərindəndir, Alanya ilçəsinin tabe olduğu inzibati ərazidən...  

Müxalifət təmsilçisinin çıxışından sonra isə söz XİN başçısına verildi. M.Çavuşoğlu nəinki Baykalın tənqidlərinə sərt reaksiya vermədi, hətta çıxışına “sayğıdəyər Dəniz Baykal” xitabı ilə başladı və ona təşəkkür etdi: “Sayın Baykal hər zaman hörmət etdiyim, örnək götürdüyüm bir siyasətçidir, bizim də ağsaqqalımızdır. Dövlət adamlarına da hər zaman örnək olub. Ona dost münasibəti üçün çox təşəkkür edirəm”. Üstəlik, Avropada keçirilən rəsmi tədbirə dəvət alan Baykalın “nəzakət xatirinə” tədbirə qatıldığını deyən Çavuşoğlu “mən bunu heç bir zaman unutmaram” dedi. Ardınca isə “fərqli partiyalardan ola bilərik, amma bir-birimizi saymağımız, bir-birimizdən öyrənməyimiz lazımdır” söylədi. Nazirin müxalifət liderlərindən biri haqqında dediyi sözlər iştirakçıların alqışları ilə qarşılandı. 
M.Çavuşoğlu həmçinin Azərbaycandan, Quzey Kiprdən gələn nümayəndə heyətinə də xoş arzularını çatdırdı. 


XİN rəhbəri onu da dedi ki, tədbirdən dərhal sonra Strasburqa uçur, İnsan Haqları Məhkəməsinin qarşısında inşa olunacaq tikintinin təməlqoyma mərasiminə qatılacaq. 
XİN başçısı mətbuatın tənqidi yazılarına baxmayaraq, qəzetçiləri hər zaman sevdiyini bildirdi, iştirakçıların gülüşünə səbəb olan replika verdi: “Mən bu gün bir az da şaşırdım. Hətta mən Fatih abiyə (Türkiyənin köşə yazarı-E.P.) dedim ki, bu gün Mehmet Alinin başına  bir şeymi düşdü, bizə bu qədər xoş sözlər söylədi”. Nazir Alanya Qəzetçilər Cəmiyyətinin və başkan Mehmet Ali Dimin fəaliyyətini yüksək dəyərləndirərək dedi ki, bütün bu tənqidlər hamısı Alanyanın inkişafı üçündür.  

M.Çavuşoğlu çıxışını başa vurandan və ödüllərin bir qismini sahiblərinə təqdim edəndən sonra səhnədən endi. Bu zaman isə Parlament Jurnalistlər Birliyinin təşkilatçılığı ilə səfərdə olan nümayəndə heyətimiz naziri səhnə arxasında gözləyirdi. XİN rəhbərinin birbaşa hava limanına gedəcəyi deyilsə də, tədbirin təşkilatçıları, xüsusilə Alanya Qəzetcilər Cəmiyyətinin başqanı Mehmet Ali Dimin sayəsində ayaqüstü təmas baş tutdu. 

Azərbaycan Parlament Jurnalistlər Birliyinin üzvləri ilə səmimi görüşən nazir sualımızın olduğunu eşidəndə “çətin deyil ki” deyə, zarafatından qalmadı. M.Çavuşoğlu ilk olaraq Azərbaycanın ev sahibliyi ilə keçiriləcək I Avropa Oyunları, bu oyunlarda Türkiyənin hansı səviyyədə iştirak edəcəyi barədə sualı cavablandırdı. “Hər şeydən öncə deyim ki, Azərbaycana çox vacib yarışlara ev sahibliyi etdiyi üçün təşəkkür edirik. Azərbaycan artıq çox peşəkar bir şəkildə beynəlxalq yarışlara ev sahibliyi edir. Belə ki, bəzən forumlar, konfranslar I Avropa Oyunları kimi çox vacib tədbirlər keçirilir. Həmçinin ”Eurovision" mahnı müsabiqəsi bu günə qədər keçirilən ən səviyyəli tədbirlərdən idi. Biz qardaş Azərbaycanla fəxr edir və qürur duyuruq. Təbii ki, I Avropan Oyunları üçün ölkə başçımız dəvət edilib. Ölkə başçımız Rəcəb Tayyib Ərdoğan da həmin yarışlara qatılacağını söyləyib. Azərbaycanın hər cür tədbirinə biz Türkiyədən ən yüksək şəkildə qatılmağa hazırıq. İnşallah, yenə də ən yüksək səviyyədə iştirak olacaq. Buna sevinmək düşər".

ABŞ və bəzi Avropa ölkələrində Azərbaycanla bağlı əks-təbliğatın aparılmasına gəldikdə, XİN başçısı dedi ki, şəxsən o, hər zaman ikili standartlara qarşı olub: “Daha öncəki vəzifələrimdə də, Avropa Şurasındakı vəzifəmdə də, buna qarşı olmuşam. Azərbaycana hücum etmək üçün fürsət güdən qüvvələr hazırda I Avropa Oyunlarını bəhanə edirlər. Heç də zəhmət çəkməsinlər, çünki Azərbaycan I Avropa Oyunlarını uğurla reallaşdıracaq. Biz də bu məsələdə Azərbaycana dəstəkçi olacağıq. I Avropa Oyunları kimi yarışları bəhanə edərək, Azərbaycana hücum etməsinlər, ikili standartdan uzaq dursunlar. Sözdən anlayana bu yetər”.


Azərbaycanın ayrılmaz bir parçası olan Laçının Ermənistan tərəfindən işğalının növbəti ildönümündə Dağlıq Qarabağ münaqişəsinin həlli barədə sualı cavablandıran M.Çavuşoğlu daha sonra “Yeni Müsavat”a bunları bildirdi: “Biz Azərbaycanın  həm yaxşı, həm də, pis günündə  yanındayıq. Azərbaycanın işğal edilmiş torpaqlarından Ermənistanın çıxması üçün bizim mövqeyimiz bəllidir. Əlaqələrimizi normallaşdırmaq üçün də, bilirsiniz ki, buna şərt qoyuruq. Dağlıq Qarabağ problemində də hər zaman Azərbaycanın yanındayıq. Ermənistan qondarma iddialarla məşğul olmaqdansa, işğal etdiyi torpaqlardan çıxsın. Bu, sadəcə, mənim sözüm deyil.  Həmçinin BMT, Avropa Şurası, ATƏT-in qətnamələrinə də baxdığınız zaman orda da bu cür ifadələr var. Azərbaycan torpaqlarını işğal edən bir ölkə olan Ermənistan, qonşuları ilə yaxşı yola getməyən bir ölkədir. Ermənistan ilk olaraq, başqalarının torpaqlarından çıxmağı bacarmalı və başqalarının torpaqlarında gözü olmadığını sübut etməlidir. 

Biz hər zaman Azərbaycanın yanındayıq və Azərbaycanın ərazi bütövlüyünü hər zaman müdafiə edirik”. Mərasimdə iştirak edən Dəniz Baykal yanaşı masada əyləşmişdi. Türkiyə media mənsubları millət vəkilini sadəcə kənardan müşahidə edir, onlarla kameraman, fotoqraf çəkilişlər aparır, lakin Dəniz Baykalla yaxından təmasda ola bilmirdilər. Lakin protokolu pozub da az öncə masamıza yaxınlaşıb bizimlə şəxsən görüşən və Azərbaycandan olduğumuzu bilincə “ay nə gözəl, xoş gədiniz” deyib mehriban münasibət göstərən Dəniz bəylə həmsöhbət olmaq istədim. Düzdür, ilk təmasımızdaca istəyimizi çatdırmışdıq, lakin D.Baykal tədbirdən dərhal sonra səfərə yollanacağını deyib müsahibə üçün zamanının qalmadığını demişdi. Lakin növbəti dəfə “bəxtimi sınamaq” istəyi ilə tanınmış siyasət adamına yaxınlaşdım. “Yeni Müsavat”dan olduğumu deyib Türkiyə və Azərbaycanın ortaq problemləri, durumdan çıxış yolları və s. bağlı suallarıma cavab almaq istəyimi çatdırdım.


Əvəzində gülərək “vallahi, iyi qazeteçiymişsən” deyə, reaksiya verdi və bu dəfə etiraz etmədi. Suallarımın cavabında D.Baykal bunları bildirdi: “Azərbaycanın bizim gözümüzdə çox özəl bir yeri var. Bunu, sadəcə, rəsmi fikir olaraq söyləmirəm. Amma Azərbaycan bütün türk millətinin gözündə - siyasi anlayışı, siyasi partiya baxışları nə olursa-olsun - çox özəl, bambaşqa bir yeri var. Azərbaycanın inkişafını, yüksəlişini çox yaxından izləyirəm. 21-ci yüz il Azərbaycanın özünü bütün dünyaya tanıtdıracağı yüz il olacaq, buna ürəkdən inanıram. Azərbaycanın güclənməsi sadəcə Azərbaycan üçün deyil, bütün Qafqazlar, Orta Şərq, Türkiyə-Azərbaycan əlaqələri üçün çox faydalı nəticələr verəcək. Bu baxımdan Azərbaycan və Türkiyə əlaqələri bizim gözümüzdə çox böyük əhəmiyyətə malikdir”. Baykal “Yeni Müsavat”ın əməkdaşının timsalında nümayəndə heyətimizə də xoş sözlərini də əsirgəmədi: “Sizləri burada gördüyümə görə çox şad oldum. Sizlərin vasitənizlə bütün Azərbaycan millətinə içdən sayğılarımı və sevgilərimi çatdırıram”. Millət vəkili yaxın zamanlarda Azərbaycana gələcəyini bildirdi: İnşallah, Bakıya gələrik, Azərbaycanda da birlikdə olarıq, təkrar görüşərik”.
D.Baykal Türkiyənin də sıxıntılı bir dönəm yaşadığını vurğuladı: “Ancaq bunlar keçər, narahat olmayın. Türkiyədəki problemlərimizi aradan qaldırsaq, Azərbaycanla əl-ələ verib bu bölgədə barışı və əmin-amanlığı bərqərar edərik”. 

Çıxışlardan və mükafatlandırma mərasimindən sonra törən bir-birindən gözəl türk musiqiləri ilə davam etdi. 

Elşad PAŞASOY
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!