Modern.az

“Azərbaycanda əkinə yararlı torpaqları məmurlar zəbt edib”

“Azərbaycanda əkinə yararlı torpaqları məmurlar zəbt edib”

İqtisadiyyat

19 May 2015, 09:48

Bəzi məmur və iş adamları hektarlarla torpaq sahələrini ələ keçirib şəxsi mənfəətləri üçün istifadə etməkdədir. Sonradan məlum olur ki, ayrı-ayrı sahibkarların mənimsədikləri torpaq sahələrinin böyük hissəsinin təyinatı özbaşına dəyişdirilib və satılıb, digər hissəsi isə hasarlanıb.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Modern.az saytına belə faktların mövcud olduğunu təsdiqləyib:

“Bu gün Azərbaycanda əkinə yararlı torpaq çatışmazlığı müşahidə olunmaqdadır. Elə ərazilər də var ki, onlar yüksək vəzifə sahibləri, məmurlar, nazirlər tərəfindən zəbt olunub. Qəsb edilən yerlərdə villalar ucaldılıb. Əkin üçün nəzərdə tutulan ərazilərdə yüksək çinli məmurlar istirahətlə məşğuldurlar. Həmin sahəni nazirlərin əlindən almaq isə mümkün deyil”.

Ekspertin fikrincə, ölkədə o nazirlərə gücü çatacaq güclü adam yoxdur: “Düzdür, prezident bununla bağlı göstəriş verib. Amma bu göstərişi kim həyata keçirəcək? Həmin məmurlardan biri?.. Və əmin ola bilərsiniz ki, o oliqarxlara “bu əraziləri hansı səbəbdən zəbt etmisiniz” deyə irad tutmayacaqlar. Aydın məsələdir ki, həmin məmurların sözü daha keçərlidir. Buna görə də böyük əraziləri mənimsəyərək istədikləri kimi istifadə edirlər”.

Xatırladaq ki, məhz bu məsələ ilə bağlı ölkə başçısının da xüsusi göstərişi olub. Prezident İlham Əliyev bu il yanvarın 27-də keçirilən “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda istifadə edilməyən kənd təsərrüfatı təyinatlı torpaqların əkin dövriyyəsinə cəlb edilməsi istiqamətində tapşırıqlar verib.

Hazırda məsələnin hansı mərhələdə olduğu ilə maraqlandıqda Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Modern.az saytına bildirib ki, hazırda gözləmə mövqeyindədirlər:

“Monitorinqlər aparılıb və nəticələrə uyğun olaraq təkliflər paketi hazırlanıb”.

O qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Mülki və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə təkliflər artıq Nazirlər Kabinetinə təqdim edilib. Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək”.

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!