Modern.az

Tahir Kərimlidən sensasion MÜSAHİBƏ: “Abbas Abbasov zəng edib məni reket kimi hədələdi”

Tahir Kərimlidən sensasion MÜSAHİBƏ: “Abbas Abbasov zəng edib məni reket kimi hədələdi”

Ölkə

19 May 2015, 10:07

“Rəsul Quliyev Etibar Məmmədov vasitəsi ilə AXC-yə yardım edirdi”

Ali Məhkəmənin keçmiş sədri, Vəhdət Partiyasının rəhbəri Tahir Kərimli eks-spiker Rəsul Quliyevin sabiq prezident Ayaz Mütəllibova ünvanladığı ittihamlarla bağlı Modern.az saytına müsahibə verib:

- Eks-spiker Rəsul Quliyev Ayaz Mütəllibovu qorxaqlıqda ittiham edir və onu 1992-ci ilin may ayında ölkədə xaosun yaranmasının səbəbkarı kimi göstərir. Azərbaycan Xalq Cəbhəsinin keçmiş üzvü kimi bu ittihamları necə dəyərləndirirsiniz? Nəzərə alaq ki, siz müsahibələrinizin birində AXC-nin Ayaz Mütəllibova qarşı düzgün hərəkət etmədiyini bildirmisiniz...

- O vaxt Ayaz Mütəllibovun yerində kim olsaydı, onun üçün bütü proseslər ağrılı keçəcəkdi. Onsuz da bəllidir ki, o zaman kim hakimiyyətə gəlirdisə, bu, Moskvanın əli ilə olurdu. Həmin vaxt hamını vəzifəyə Moskva təyin edirdi. Buna görə də Rəsul Quliyevin ittihamları haqsızlıqdır.

Biz də həmin vaxt Ayaz Mütəllibov Moskva ilə təmaslarda olduğuna görə onu sərt tənqid edirdik. Ağlımız kəsmirdi ki, Ayaz Mütəllibov Moskvanın özündən istifadə edib Azərbaycanın bütövlüyünü saxlaya bilirdi. Məsələn, Çaykənd əməliyyatlarını və Qarabağı erməni quldurlarından təmizləmək siyasətini Ayaz Mütəllibov başlatmışdı. O, bunu Moskvanın əli ilə edirdi.

- Deyirsiniz ki, siz Ayaz Mütəllibovun Azərbaycan üçün çalışdığını başa düşmürdünüz. Ayaz Mütəllibov özü bu haqda AXC nümayəndələrinə nə deyirdi?

- Ayaz Mütəllibov deyirdi ki, ona bir həftə vaxt versək, Xankəndidə Azərbaycan bayrağını dalğalandıra bilər. Bildirirdi ki, bundan sonra onu hakimiyyətdən uzaqlaşdıra bilərik. Ancaq AXC buna razı olmadı. Yenə qayıdıram Rəsul Quliyev məsələsinə. Rəsul Quliyev o vaxtlar altdan-altdan AXC rəhbərliyinə köməklik edirdi. O, sonradan Heydər Əliyev hakimiyyətinə də xidmət etdi. Yəni, o heç zaman sabit bir adam olmayıb. Rəsul Quliyevin Ayaz Mütəllibovu ittiham etməyə haqqı yoxdur. O, kim idi?! Adi bir zavod direktoru.

Ayaz Mütəllibov ətrafının xəyanətinə baxmayaraq, həmişə birlik nümayiş etdirmək istəyib. O, Azərbaycanı hansı bəlalara düçar edib?! Gəldi çıxış etdi və hamımız da onu ittiham etdik. O da könüllü olaraq istefa verdi. Yeri gələndə Ayaz Mütəllibov özünü və hakimiyyətini qorumaq üçün atəş açmaq əmrini verə bilərdi. Ancaq o, bunu etmədi. Məhz bu baxımdan Rəsul Quliyevi keçmiş prezident əleyhinə kəskin çıxışlar etdiyinə görə qınayıram.

- Rəsul Quliyevin AXC-yə köməklikləri barədə faktlarınız varmı?

- AXC içərisində olan biri kimi bilirdik ki, Rəsul Quliyev köməkliklər edir. AXC hakimiyyəti dövründə də Rəsul Quliyevdən taxıl almaq adı altında külli miqdarda pul alındı. O, pulların aqibətinin necə olduğunu mən bu gün də bilmirəm. 

Rəsul Quliyev o dövrdə baş nazirin müavini təyin olundu. Ona  ən yaxın adamlar AXC rəhbərliyində təmsil olunub. O, Etibar Məmmədov və digər adamlar  vasitəsi ilə AXC-yə yardımlar edirdi.

- AXC-dən çox söz açdınız. Amma AXC iqtidarı dövründə özünüz Ali Məhkəmənin sədri olmusunuz. Məhz bu vəzifədə sizin ciddi nöqsanlara və səhvlərə yol verdiyinizi də iddia edənlər az deyil. Məsələn, bildirirlər ki, siz Ayaz Mütəllibovun adamlarını vəzifəyə bərpa etmisiniz...

- Bu iddialarla tanışam. Məni səriştəsizlikdə də ittiham edirlər. Əgər Tahir Kərimli səriştəsiz idisə, necə dövlət adından danışan yeganə hakim olurdu?! Birinci adamlardan idim ki, öz hakimlik ixtisasım üzrə çox böyük təcrübəm var idi. Bəs AXC-nin hansı rəhbər işçisi öz ixtisası üzrə bir gün işləmişdi?! İndi necə olur ki, mən bacarıqsız oluram, onlar yox! Mənə qarşı çoxlu sayda ağır, murdar sözlər, təhqirlər deyilib. Ancaq mən bunların heç birini bu vaxta qədər dilimə gətirməmişəm. Heç kim Tahir Kərimlinin Ayaz Mütəllibovun adamlarından kimisə işə bərpa etməsi ilə bağlı sübut gətirə bilməz. Ümumiyyətlə, Ali Məhkəmə bərpa işlərinə baxmırdı.

Təsəvvür edin, hansı yalanlara əl atırlar. İddia edirlər ki, guya Əbülfəz Elçibəy məni işdən çıxarmaq istəyib və buna görə də həmişə onu tənqid etmişəm. Çox sonralar Əbülfəz bəyin müşavirlərindən biri dedi ki, xaricdə olanda məni işdən çıxarmaq istəyiblər. “Gördük ki, səni çıxarda bilmirik, fikirləşdik ki, özün istefa verəsən”, - dedi. Ancaq mən bunlara görə yox, özüm istefa vermişəm.

- Həmişə AXC hakimiyyətini tənqid edirsiniz. Bəzi detalları səbəb kimi gətirirsiniz. Amma elə bil ki, nələrisə demirsiniz və bu, sizdə emosional çıxışlara səbəb olur. Bəlkə nə var, hamısını deyib ürəyinizi boşaldasınız?

- Bəli. Elə məni də buna məcbur edirlər. Birinci dəfə Azərbaycan MDB-yə daxil olması ilə bağlı aparılan müzakirələrdə olmuşdu.

Dedim ki, AXC iqtidarı xalqı aldatdığına görə gedib Ayaz Mütəllibovdan üzr istəyəcəyəm. Həmin iclası da dağıtdım. İkinci istefa ərizəm Milli Məclisə məhkəmə islahatlarını nəzərdə tutan qanunları verməyimlə bağlı idi. Bildirirdim  ki, ya bu qanunları, ya da  istefa ərizəmi qəbul etsinlər.

On illərdir dinməmişəm, amma mənə qarşı belə düşmənçilik, iftira nəyə lazımdır? Adam nə qədər susar? Tahir Kərimli hansı qanunları bilmirdi?! Siz idiniz ki, qanunun aliliyini, dövlətin nə olduğunu başa düşmürdünüz!

Bu vaxta qədər deməmişdim, indi deyirəm! Mənə deyirdilər ki, müavinim Bəşirov gərək işdən çıxarılsın. Səbəb kimi onun milliyyətcə talış olduğunu gətirirdilər.

Deyirdim: “Talış olduğuna görə adamı da vəzifədən çıxardarlar?”. O əslində ona görə də işdən çıxarılmırdı. O, Mərkəzi Seçki Komissiyasının üzvü olanda Əbülfəz Elçibəyin əleyhinə imza atmışdı. Bildirirdim ki, mən onu çıxartmaq səlahiyyətlərinə malik deyiləm.

- Bayaq bildirdiniz ki, heç kimi vəzifəyə bərpa etməmisiniz. Bunu kim reallaşdırmışdı?

- Mən heç kimi işə bərpa etməmişəm. Həmin adamlara deyirəm: “Bəsdirin, böhtanları kəsin!” Müzamil Abdullayev (keçmiş kənd təsərrüfatı naziri-red.) , Rəsul Quliyev kimi oliqarxları onlar özləri vəzifəyə bərpa ediblər. Bir sirrin də üstünü açım. Əbülfəz Elçibəy İsmayıllıda mənim evimdə qalanda Rəhim Əşrəfov da  bizimlə idi.

Əbülfəz bəy söz verdi ki, onu kənd təsərrüfatı naziri təyin edəcək və belə də oldu. Amma sonralar onu işdən çıxardılar. Sonradan özümə ən yüksək səviyyədə, baş nazir dedi ki,  kiminsə vəzifədə qalması üçün o ya mafioz olmalıdır, ya da AXC üzvü. Həmin Abbas Abbasov mənə zəng etdi və reket kimi hədələdi ki, bu işlərə qarışmayım.

Bu gün də Rəhim Əşrəfov mənə düşməndir. Bildirir ki, onu yıxacaqdıqsa, niyə vəzifəyə təyin edirdik? Rəhim Əşrəfov şəxsən mənim üzümə “Allah sizin evinizi yıxsın” dedi.

Aqşin Kərimov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi