Modern.az

Elmar Məmmədyarov AŞ Nazirlər Komitəsinin iclasında çıxış etdi: "...bu, həll yolu deyil "

Elmar Məmmədyarov AŞ Nazirlər Komitəsinin iclasında çıxış etdi: "...bu, həll yolu deyil "

Təhsil

19 May 2015, 16:32



Beynəlxalq ictimaiyyət beynəlxalq hüququn qəbul edilmiş norma və prinsipləri, xüsusilə ərazi bütövlüyünə hörmət və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında münaqişələrin həllini tezləşdirməlidir. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Nazirlər Komitəsinin 125-ci toplantısında çıxışında deyib.

Nazir qeyd edib: "Biz böyük maraqla Komitənin baş katibinin “Avropada demokratiya, insan hüquqları və qanunun aliliyinin vəziyyəti” başlıqlı ikinci hesabatı ilə tanış olduq. Bu hesabat mövcud vəziyyətin müfəssəl təsvirini təqdim edərək qarşıda duran cari məsələlərin həlli üçün konkret tövsiyələrlə çıxış edir. Biz həmçinin inanırıq ki, demokratik təhlükəsizlik demokratik cəmiyyətlərə ortaq dəyərlərə əsaslanan tolerantlığın təşviqi ilə münaqişə və qeyri-sabitlikdən çəkinməyə şərait yaradır. Avropada qeyri-tolerantlığın artması şəraitində terrorçuluğa səbəb olan radikal ekstremizm və radikallaşmaya qarşı mübarizə bir çox Avropa dövlətində gündəliyin əsas məsələsi olmalıdır".

E.Məmmədyarov bildirib ki, Avropa Şurasının Terrorçuluğun qarşısının alınmasına dair Konvensiyasını imzalayan və ratifikasiya edən 32 üzv dövlətdən biri olan Azərbaycan Nazirlər toplantısında ekstremizm və terrorçuluğa səbəb olan radikallaşma ilə mübarizə üzrə bəyannamənin qəbulunu dəstəkləyib: "Eyni zamanda, terrorçuluq və ekstremizmə qarşı mübarizə konkret din və ya mədəniyyəti hədəf seçməməlidir. Biz hazırda dini məlumatlılığın yüksək olduğu bir zamanda yaşadığımız üçün bəzi hallarda mövcud durum mənfur şəkildə etnik, dini və ya mədəni sahədə münaqişələrin alovlandırılması məqsədilə istifadə olunur. Son illərdə bir sıra Avropa ölkələrində “İslamofobiya”nın narahatedici artması meylləri bu fenomenə qarşı birgə səylərimizin labüdlüyünü təsdiq edir".

O, qeyd edib ki, terrorçuluq bir çox hallarda təcavüzkar separatizmlə ayrılmaz şəkildə əlaqəlidir: "Silahlı münaqişələrdən zərər çəkən ərazilər bu terrorçuluğun yayılması üçün münbit şərait yaradır. Beynəlxalq ictimaiyyət beynəlxalq hüququn qəbul edilmiş norma və prinsipləri, xüsusilə də ərazi bütövlüyünə hörmət və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında münaqişələrin həllini tezləşdirməli və dövlətlərə öz ərazisi üzərində suverenlik və təhlükəsizliyin bərpa edilməsində yardımçı olmalıdır. Avropa Şurasının üzərinə bu xüsusda vacib rol düşür".

Xarici işlər naziri deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll edilməmiş və ya həlli uzadılmış ən uzunmüddətli münaqişə olaraq, bədnam şəkildə Azərbaycan ərazilərinin 20 faizinin işğalı və bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün düşməsi ilə nəticələnib: "Ermənistan hökumətinin güc tətbiqi vasitəsilə hərbi təcavüzün nəticəsində əldə edilmiş status-kvoya güvənməsi təhlükəli təxmindir. Azərbaycan ərazilərinin işğalı və yerli əhalinin ata-baba yurdlarından etnik təmizlənmə yolu ilə çıxarılması həll yolu deyil və heç zaman Ermənistan tərəfindən arzulanan siyasi nəticə doğurmayacaq. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində açıq şəkildə tələb olunduğu kimi, Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması mühüm etimad quruculuğu tədbiri ola bilər və davam edən sülh prosesinin gedişi tamamilə dəyişə və bütün Cənubi Qafqaz regionunda hərtərəfli və davamlı inkişaf üçün geniş imkanlar aça bilər".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir