Modern.az

“Bakıdakı bu faciəyə görə günahkarların hamısı cəzalandırılmalıdır!” - MÜSAHİBƏ

“Bakıdakı bu faciəyə görə günahkarların hamısı cəzalandırılmalıdır!” - MÜSAHİBƏ

20 May 2015, 12:44

Vahid Əhmədov: “Bəzi məmurlar belə keyfiyyətsiz materialdan istifadə etməklə yalnız öz gəlirlərini düşünürlər”


Binəqədi rayonunda yerləşən 16 mərtəbəli binada mayın 19-da baş verən yanğın dəhşətli faciəyə səbəb olsa da, buna bənzər hadisənin Bakıda bir daha təkrarlanmayacğına heç bir təminat yoxdur. Bunun əsas səbəbi isə paytaxtdakı onlarla yaşayış binasına tez alışan penoplas üzlüklərin vurulmasıdır. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov Modern.az saytına müsahibəsində bu faciənin bir daha təkrarlanmaması üçün görülməsi vacib olan tədbirlər haqda danışıb:

- Birincisi, onu qeyd edim ki, dünən baş verən yanğın sözün həqiqi mənasında dəhşətli bir faciədir. Hadisə nəticəsində azyaşlı uşaqların da həlak olması, məncə, daha dəhşətlidir. Digər tərəfdən, onu qeyd edim ki, bu yanğının o binada yaşayan insanların hamısının evlərində olduğu vaxt baş verməməsinə şükür etməliyik. Təsəvvür edin ki, yanğın gecənin bir vədəsində baş versəydi, bundan bəlkə də on qat böyük faciəyə səbəb ola bilərdi.

- Bu, artıq Bakıda yanmağa çox həssas üzlük vurulan binada baş verən ikinci hadisədir. O zaman siz də qeyd etmişdiniz ki, belə binalarla bağlı ciddi araşdırma aparılmalıdır. İndi belə görünür ki, problemin nə qədər ciddi olduğu müvafiq təşkilatları ciddi narahat etməyib...

- Bəli, biz bundan əvvəlki bina yanan zaman bu cür üzlük vurulan binalarla bağlı ərtaflı araşdırma aparılmasını qeyd etmişdik. Ancaq bu hadisə sübut etdi ki, paytaxtın ayrı-ayrı rayonlarında məsələyə ciddi yanaşılmayıb. Bundan əlavə, hamıya bəllidir ki, indi də bəzi rayonlarda binaların həmin materialla üzlənməsi prosesi davam edir. Birinci hadisədən sonra bu işin davam etdirilməsi sübut edir ki, bəzi oliqarxlar və onların himayəsindəki işbazlar belə keyfiyyətsiz materialdan istifadə etməklə yalnız öz gəlirlərini düşünürlər. Dünənki dəhşətli hadisədən sonra bir daha aydın oldu ki, kimlərinsə şəxsi gəlir mənbəyinə çevrilən penoplas üzlüklər onlarla ailənin ömür boyu unuda bilməyəcəyi faciəyə, yüzlərlə ailənin evinin yarasız vəziyyətə düşməsinə səbəb olur. Zənnimcə, Bakı şəhər icra hakimiyyətinin rəhbərliyi artıq bu cür binalarla bağlı ciddi araşdırma aparıb qəti addım atmalıdır.

- Siz haqlı olaraq qeyd etdiniz ki, yaşayış binalarının tez alışan belə materialla üzlənməsindən qazanc əldə etmək kimlərinsə özəl maraqlarını təmin etməkdir. Dünənki hadisədən sonra qulluq mənafeyi tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməyən və istehsal etdiyi keyfiyyətsiz üzlüklərlə həmin binada fasadlama işləri aparan “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov şübhəli şəxs qismində tutulub. Ancaq həmin keyfiyyətsiz üzlüklərin binaların fasadlarına vurulmasını sifariş verənlər də var. Sizcə, bu dəhşətli faciəyə görə həbslər davam edəcəkmi?

- Bildiyiniz kimi, cənab prezident İlham Əliyev hadisəni birbaşa nəzarətə götürüb. Bu isə o deməkdir ki, faciəyə səbəbkar olanların heç biri cəzasız qalmayacaq. Əlbəttə, adını çəkdiyiniz şirkətin rəhbəri keyfiyyətsiz məhsul istehsalına görə cavabdehdir. Ancaq binalara bu cür üzlüklərin vurulmasını sifariş verənlər də ondan az günahkar deyillər. Onlar ilk növbədə istifadə olunan materialın nə qədər keyfiyyətli, yanğına davamlı olub-olmadığını əvvəlcədən yoxlamağa borclu idilər. Əgər bunu etməyiblərsə, yaxud bilərəkdən həmin materialıin istehsalçısı ilə işbirliyinə gediblərsə, mütləq məsuliyyət daşımalıdırlar.

- Bəzi oliqarxların özəl maraqlarının, varlanmaq istəyinin sadə insanların faciəsinə səbəb olduğu danılmazdır. Yeri gəlmişkən, bizdə bəzi oliqarxlar öz maraqlarını daha geniş müstəvidə təmin etməkdən ötrü hətta bir-biri ilə də mübarizə aparır. Sizcə, bu faciəli hadisənin arxasında hansısa oliqarxın özəl marağının dayanmasından danışmaq olarmı?

- İlk növbədə onu nəzərə almaq lazımdır ki, faciə xeyli sayda insanın həlak olması ilə nəticələnib. Onlarla ailə başçısı, azyaşlı uşaq ölüb, bu hadisəyə görə ata-anasını itirənlər də var. Əgər hansısa oliqarx digərinin əleyhinə gedərək belə təxribata əl atırsa, deməli, onun heç vicdanı yoxdur. Əlbəttə, mən hadisənin məhz sadalanan səbəbdən baş verdiyini, yaxud törədildiyini iddia edə bilmərəm. Digər tərəfdən, birinci hadisədən sonra Bakının ayrı-ayrı rayonlarındakı binaların fasadlarının belə keyfiyyətsiz materialla üzlənməsinin davam etdirilməsi bu prosesin kimlərinsə marağına xidmət etdiyini göstərir. Kimsə iddia edə bilər ki, şəhərin müxtəlif ərazilərindəki binaların fasadlarının yenilənməsi dövlət başçısının göstərişidir. Lakin unutmaq olmaz ki, cənab prezidentin bu tapşırığı verməsi kimlərinsə keyfiyyətsiz materialdan istifadə etməsinə haqq qazandırmır. Düşünürəm ki, cənab İlham Əliyev məhz bu amili nəzərə alaraq bir daha belə faciənin təkrarlanmaması üçün ciddi addımlar atacaq. Əminəm ki, bu faciəyə görə cavabdeh olan kimsə cəzasız qalmayacaq.

- Bakı, ümumiyyətlə, bütün ölkə Birinci Avropa Oyunlarına hazırlaşır. Bu oyunlara görə Qərbdəki müəyyən dairələr Azərbaycan hakimiyyətinə qarşı müxtəlif təzyiqlər etməyə, yersiz iradlar səsləndirməyə cəhd edirlər. Necə düşünürsünüz, bu hadisə Avropa Oyunları ərəfəsi törədilən təxribat ola bilərmi?

- Bunu ilk növbədə hüquq-mühafizə orqanları araşdırmalıdır. Məncə, dünəki faciəyə səbəb ola biləcək bütün ehtimal olunan və olunmayan versiyalar ciddi saf-çürük edilməlidir. Bəli, Avropa Oyunları ilə bağlı Qərbdəki bəzi qüvvələr Azərbaycan hakimiyyətinə təzyiqlərə cəhd göstərir. Bu hadisəyə gəldikdə, binanın fasadının yenilənməsi üçün istifadə olunan materialın keyfiyyətsiz, həm də tez alışan olduğu artıq sübut olunub. Yəni indi ciddi tədbirlər görülməsə, hər zaman belə hadisələrin baş verməyəcəyi istisna olunmur. Bu mötəbər oyun ərəfəsi isə bizi gözü götürməyən bəzi qüvvələr, əlbəttə, müəyyən təxribatlara əl ata bilərlər. Lakin həmin cəhdlərin uğurlu başa çatacağına inanmıram.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır