Modern.az

“Xaricdəki tələbə” - “Türkiyədə vətənim üçün lazım olan ixtisası oxumaq şansı əldə etmişəm”

“Xaricdəki tələbə” - “Türkiyədə vətənim üçün lazım olan ixtisası oxumaq şansı əldə etmişəm”

20 May 2015, 13:19

“Elektron məktəb layihəsində prezident İlham Əliyevlə danışan ilk şagird mən olmuşam”

Modern.az saytı xaricdə oxuyan azərbaycanlı tələbələrlə silsilə müsahibələri  davam etdirir. Budəfəki müsahibimiz hazırda Türkiyənin Qazi Universitetində nanotexnologiya mühəndisliyi və orqanik kimya ixtisasları üzrə magistr təhsili alan Aytək Məmmədlidir:

- Mən, Məmmədli Aytək Natiq qızı 1991-ci il sentyabr ayının 2-də Bakı şəhəri, Nəsimi rayonunda ziyalı ailəsində anadan olmuşam. Məktəbdə oxuyarkən təhsil şöbəsinin nəzdində texniki yaradıcılıq mərkəzində dərnəyə yazıldım. Dərnəyin ən fəal üzvlərindən olmaqla, Gənclər və İdman Nazirliyinin Təhsil Nazirliyi ilə birgə keçirdiyi “Gənc texniklər” müsabiqəsinin respublika turunda iki il ardıcıl iştirak etdim. Bir dəfə birinci yerə, bir dəfə də ikinci yerə layiq görüldüm və müsabiqəyə qatılmaq üçün hazırladığım cihazların hamısı ixtira kimi qeydiyyata alınıb. Bununla yanaşı, Uşaq və Gənclər Şahmat-İdman Məktəbində yarışlara qatılmışam, birinci dərəcəli şahmatçı titulum da var. Şeirə də marağım böyük olub. Rayonun ictimai tədbirlərində dəfələrlə yazdığım şeirləri oxumuşam. Orta məktəbi 2009-cu ildə əla qiymətlərlə bitirərək, Bakı Dövlət Universitetinin Kimya fakültəsinə daxil olmuşam. Məktəbdə oxuyarkən kimya fənninə xüsusi marağım olub. 10 və 11-ci siniflərdə oxuyarkən məktəblilərin fənn olimpiadasının respublika turunda iştirak edib 2-ci və 3-cü yerə layiq görülmüşəm. BDU-da oxuyarkən həm ictimai fəallığım, həm də müvəffəqiyyət göstəricilərim nəzərə alınaraq universitetin rektorluğu tərəfindən “İlin ən yaxşı tələbəsi” adına da layiq görüldüm.

2013-cü ildə BDU-nun Kimya fakültəsini müvəffəqiyyətlə başa vurdum. Təhsilimi davam etdirmək üçün ALES proqramı üzrə Türkiyənin İstanbul şəhərində imtahan verərək bu ölkənin universitetlərində təhsil almaq hüququ qazandım. Ankara Qazi Universitetində irəli texnologiyalar-nano texnologiya mühəndisliyi və orqanik (üzvi) kimya ixtisasları üzrə magistr təhsili almaq üçün müsahibə mərhələsində iştirak etdim . Hər iki ixtisas üzrə təhsilimi davam etdirə bilərdim. Seçdiyim ixtisasların hər ikisi maraq çərçivəmə yaxın olduğundan heç birindən imtina etmək fikrim olmadı. Universitet rəhbərliyinin razılığı ilə hər iki ixtisas üzrə magistr təhsili almağa qərar verdim. 

-Xaricdə təhsil almaq qərarını necə verdiniz, ailəniz bunu necə qarşıladı?

- Uşaq vaxtı nənəm həmişə deyərdi ki, hər kəs öz valideynindən bir addım qabağa getməlidir ki, inkişaf olsun. Nənəm Fəridə xanım hələ o vaxt ali təhsilli riyaziyyat müəlliməsi olub, yaşadığı regionun ilk ali təhsilli xanımlarından idi. Anam isə bu ənənəni davam etdirib və əvvəl Bakı Dövlət Universitetini bitirib, sonra elmi işlərini Moskva Dövlət Universitetində müdafiə edərək fizika-riyaziyyat üzrə elmlər doktoru adını qazanıb. SSRİ-də ən gənc elmlər doktoru olduğu üçün mənzillə də mükafatlandırılıb.
İndi mən də sadəcə, üzərimə düşən məsuliyyəti uğurla icra etməyə çalışıram. Bu uğurları davam etdirmək lazımdır və düşünürəm ki, bu yolda xaricdə təhsil almaq kimi çətinlik olmamalıdır. Təhsil aldığım ixtisas bizim ölkədə tədris olunmur və tədris olunmursa xəyallarımdakı ixtisasdan imtina edə bilməzdim. Məni Türkiyəyə gətirən əsas səbəb nanotexnologiyadir. Onu da deyim ki, Qazi Universiteti Türkiyədə ən çox etimad olunan universitetlərdən biridir. Burada bütün ixtisaslar üzrə təhsil almaq mümkündür. Türkiyədə nanotexnologiya ixtisasının tədris imkanı olan 4 universitetdən biridir. Qazi Universiteti Atatürkün şərəfinə belə adlandırılıb. Burda sevdiyim və vətənim üçün lazım olan ixtisası oxumaq şansı əldə etmişəm. Bu, hazırda dünyada mənim üçün qazana biləcəyim ən böyük uğurdur. Oxuduğum fakültədə laborant kimi çalışıram. Başqa ölkədən gəlib bunları etmək elə də asan deyil. Azərbaycana qayıdıb topladığım təcrübə ilə ən yaxşı şəkildə bu ixtisası tədris etmək istəyirəm.

- Azərbaycandakı ilə oradakı tələbə həyatı arasında hansı fərqlər var? Oradakı təhsil sistemi haqqında nə deyə bilərsiniz? Oxumaq çətindir? 

- Bakalavr təhsilini Azərbaycanda alan tələbələr burda yüksək uğurlar əldə edirlər. Bu o deməkdir ki, bizdə təhsil, insanların dünyagörüşü çox yüksəkdir. Lakin bizdə təhsilin inkişaf tendensiyası bir az zəifdir, yəni dərslərdə kəşflərdən, ixtiralardan demək olar söz açılmır. Bəzi müəllimlərin dərsə, tədris etdiyi ixtisasa, öyrətməyə həvəsi azdır. Dünyanın hər yerində təhsilini yüksək səviyyədə tamamlayan azərbaycanlı gənclər diplom müdafiəmi də etdiyim kafedra müdirimiz Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun dediyi “Pis tələbə yoxdur,  pis müəllim var” deyimini təsdiqləyir. Məncə, bu gün təhsilimizdəki boşluqlardan biri də ixtisaslı kadrlardır. Bu boşluğun Xaricdə Təhsil üzrə Dövlət Proqramının xətti ilə tez bir zamanda aradan qalxacağına inanıram. Çünki o gənclər həqiqətən də Azərbaycanın gələcəyi olacaqlar.



- Ölkə xaricində təhsil almaq, yaşamaq sizin dünya görünüşünüzdə  nələri dəyişib?

- Əslində bu gün xaricdə verilən ali təhsillə Azərbaycandakı ali təhsili eyniləşdirmək olmaz. Dəqiq və təbiət elmlərində bariz fərq var. Burda daha çox təcrübə əldə edirik. Amma xaricdə təhsilin başqa bir əsas tərəfi də var, sən sərbəst düşünüb qərar verməyə, özün yaranmış çətinliklərdən, mövcud vəziyyətdən istifadə edərək həll etməyə çalışırsan. Nəticədə artıq sən həyat qarşısında daha təcrübəli fərd olursan. Təsadüfi deyil ki, xaricdə işə götürülərkən ailənlə yaşadığın şəhərdən, hətta ölkədən başqa yerdə təhsil almış olmağın əsas kriteriyalardan biridir. Bu o deməkdir ki, artıq bu insan sərbəst qərar verməyi bacarır.

- Xaricdə ixtisasınız istiqamətində nə kimi uğurlara imza atmısınız? 

- Hazırda ixtisasım üzrə patentli bir iş üzərində çalışıram. Bu Karbon nanotuplerin istehsalı və müəyyən birləşmələrin tibdə, əsasən də xərçəngdə tətbiqi ilə bağlıdır. İşlədiyim işin yayımı üçün çox məşhur bir elmi jurnaldan təklif almışıq. Bu, mənim üçün təhsil müddətimdə ən böyük bir uğurdur. Son analizlərimizin nəticəsini gözləyirik. Sentyabrda beynəlxalq elmi simpoziuma dəvət almışam. Burada dünyanın ən yaxşı universitetlərinin professorları və ən məşhur elm adamları iştirak edəcək. Bu simpoziumda karyeram üçün böyük nəticələr gözləyirəm. Oxuduğum universitetdə laborant çalışıram, bakalavr diplomçularım var, onların da təcrübələrini uğurla davam etdiririk.

- Sizcə, Azərbaycanlı  tələbələr hansı zərurətə görə xaricdə təhsil almalıdırlar?

- Bu gün xaricə təhsil üçün ona görə gəlməlidirlər ki, bu ailəndən, vətəndən, dostlarından ayrı qalmağa dəysin. Mən öz təcrübəmdə rast gəlirəm: bəzən çox lazımsız, hətta Bakıda da eyni şəkildə təhsil ala biləcəyi ixtisaslar üçün bura gələnlər, ya da bəzən yaxşı ixtisaslar üçün gəlib, amma 4 ilə bitirməli olduğu təhsili 8 ilə bitirən gənclər var. O gənclər təbii ki, bu işin və ixtisasın “arifi” sayılmırlar. Çünki bu şəkildə burada təhsil almaqdansa, Azərbaycanda da o ixtisaslar olan universitetlərdə təhsil almaq daha əlverişlidir. Bilirsiniz, vətən hər kəsin ürəyindən başlayır. Hər kəs bacardığı qədər əlindən gələni etməlidir. Çox istəyirəm ki, 5 il sonra bizim universitetlərdə nanotexnologiya, biotexnologiya, nüvə reaktorları dərsləri tədris olunsun və burda tədrisi yaşlı fizika, kimya müəllimləri yox, gənc ixtisaslı kadrlar - nanotexnoloqlar aparsın.



- Azərbaycanı tanıtmaq üçün azərbaycanlı tələbələr hansı işləri görürlər?

- Məktəb vaxtlarımda dərnəklərdə məktəbdənkənar müəssisələrdə, respublika əhəmiyyətli tədbirlərdə çox aktiv olmuşam. Elektron məktəb layihəsində videozəng vasitəsi ilə cənab prezident İlham Əliyevlə danışan ilk şagird mən olmuşam və o vaxt səsləndirdiyim orta məktəblərdə təhsili və nizam- intizamı ilə fərqlənən şagirdlərə medal verilməsi məsələsi bu gün öz əksini tapir və bu çox sevindirici haldır. BDU-da təhsil aldığım müddətdə də Tələbə Həmkarlar Təşkilatının, daha sonra isə Tələbə Gənclər Təşkilatının fakültə sədri, sonralar layihələr departamentinin sədri çalışmışam. Bu gün də Yeni Azərbaycan Partiyasının aktiv üzvlərindənəm, bir çox layihələrinin, liderlik məktəblərinin iştirakçısı, məruzəçisi və mükafatçısıyam. Hazırda fəaliyyəti Türkiyənin Xarici İşlər Nazirliyi və Təhsil Nazirliyi tərəfindən dəstəklənən və rektorumuz Süleyman Böyük Bərbərin təşəbbüsü ilə təsis etdiyimiz “Türkiyə-Azərbaycan Qardaşlıq Assosiasiyası”nın sədriyəm. Təşkilatın əsas məqsədi çoxmillətliliyi ilə seçilən Türkiyədə, xüsusilə bütün səfirliklərin yerləşdiyi, ictimai-siyasi əlaqələrin qurulduğu paytaxt Ankarada ölkəmizin mədəniyyətini, incəsənətini tanıtmaq, ayrı-ayrı millətlərin nümayəndələrinə ölkəmizin maddi-mədəni, tarixi sərvətini aşılamaqdır. Azərbaycanlı tələbələri təmənnasız Türkiyənin tarixi gəzməli şəhərlərinə aparmaq, asudə vaxtını təşkil etmək təşkilatımızın qarşısında dayanan ən prioritet məsələdir və uğurla bu işi icra edib, göstərilən etimadı doğrultmaq üçün əlimizdən gələn hər şeyi edirik. Milli bayram və matəm günlərimizi əlimizdən gəldiyi qədər işıqlandırırıq. Keçən il deputatların, ictimai-siyasi xadimlərin iştirakı ilə gördüyümüz işlər mediada çox geniş işıqlandırılıb.

- Asudə vaxtlarınızdan danışın. Mətbəxlə aranız necədir?

- Təbii ki, sevdiyimiz işlərə həmişə vaxt tapa bilirik. Türkiyə Nazirlər Kabinetinin xarici tələbələrlə təşkil etdiyi beynəlxalq akademiyaya qatılıram. Artıq 2 aydır davam edir və burda bütün ölkələrin münasibətlərinin altında nələr olduğunu çox rahatca aydınlaşdıra bilirik. Bundan başqa, siyasətlə bağlı dərslər alıram. Sonda diplom alacağıq və bu mənim üçün gələcək karyeramda böyük uğur olacaq. Adını çəkdiyim yerlərdə çoxlu xarici tələbə dostlar əldə etmişəm. Anam həmişə çalışıb deyə, uşaq vaxtlarımdan yemək bişirməyi bacarmışam. Buna görə xarici dostlarım ləvənginin, plovun, sac kababının, paxlavanın dadını bilir. Azərbaycanlı dostlarım da həftəsonları bizə gəlir. Özümüz üçün kiçik “Azərbaycan günləri” keçiririk. Xaricdən olan dostlarım “İrəvan kətəsi”ndən sonra İrəvan azərbaycanlılarının, ermənilərin bizə qarşı etdiyi soyqırımlarının, köçürülmə siyasətinin qurbanı olan milyonlarla insan haqqında xəbər tutublar. Bilirsiniz, bunlar bəlkə də kiçik şeylərdir, amma 20 ildən sonra həmin gənclərlə əlaqəm olmasa belə, onlar İrəvanın da, Qarabağın da bizim torpaqlar olduğunu unutmayacaqlar.

- Bir ayda nə qədər xərciniz çıxır? Aldığınız təqaüd bəs edir?   

- Türkiyə Azərbaycana görə daha ucuz ölkədir. Çünki istehsalat çoxdur, sadəcə, idxal olunan məhsullar nisbətən bahadır. İstanbula görə Ankara daha sakit və təhlükəsiz şəhərdir. Çünki bütün dövlət rəsmiləri bu şəhərdə yaşayır. Nəqliyyat sistemi daha rahatdır. Təhsil haqqı dövlət universitetlərində topladığın bala və oxuduğun ixtisasa görə dəyişir. Amma illiyi əsasən 300 manatdan başlayır. Yaşam şəraiti isə insana görə dəyişir. Məsələn, benzin kifayət qədər baha olduğu üçün əgər maşınınız varsa, ciddi bir fərq olacaq. Əsas qida və geyim eyni standartları düşünsək, kifayət qədər ucuzdur. Təqaüdüm isə nəinki bəs edir, hətta burda təşkil etdiyim tədbirlərin maliyyə tərəfini də qarşılayır.





Elmin NURİ
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı