Modern.az

Bölgələrdəki binalardan təhlükəli üzlüklər söküləcəkmi? - İcra hakimiyyətlərindən verilən CAVABLAR

Bölgələrdəki binalardan təhlükəli üzlüklər söküləcəkmi? - İcra hakimiyyətlərindən verilən CAVABLAR

20 May 2015, 14:41

“Bakıda yaradılan komissiyanın  qərarını gözləyirik”


Bakının Binəqədi rayonundakı binada baş verən hadisədən sonra yaradılan komissiyanın qərarına əsasən keyfiyyətsiz poliuretan materialı vurulan binaların üzlükləri söküləcək.

İlk belə fakt Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb. Qəsəbə sakinlərinin verdiyi məlumata görə, İcra Hakimiyyəti binasının yaxınlığında, Heydər Əliyev parkı ilə üzbəüz yerləşən binalarda üzlüklər dünəndən sökülür.

Məlumat üçün bildirək ki, bu cür üzlüklərdən yalnız paytaxt binalarının üzlənməsində deyil, digər rayon və şəhərlərdə də istifadə edilib.

Modern.az saytı məsələ ilə bağlı müxtəlif şəhərlərin rəsmi qurumları ilə əlaqə saxlayıb.

Mingəçevir şəhər İcra Hakimiyyətinin  Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Hikmət Kərimov deyib ki, komissiyanın qərarını gözləyirlər: “Hadisə barədə məlumatlıyıq. Yaradılan komissiyanın qərarını gözləyirik. Qərar verilən anda binalara vurulan keyfiyyətsiz üzlüklər dərhal söküləcək”.

Gəncə şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Həsən Məmmədov da Bakıda yaradılan komissiyadan gələcək qərarı gözlədiklərini deyib: “Biz də komissiyanın qərarını gözləyirik. Düzdür, Gəncədə bu materialla üzlənən binaların sayı elə də çox deyil, istənilən halda qərar verilən kimi üzlüklər söküləcək”.

Sumqayıt şəhər İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorundan da saytımıza bildirilib ki, poliuretan vurulan binaların söküntüsü artıq başlayıb.

Mayın 19-da Binəqədi rayonu, Azadlıq prospekti 200/ünvabında qeydə alınmış yanğından sonra hadisə yerinə gələn Baş prokuror Zakir Qaralov ilkin ehtimal olaraq hadisəyə keyfiyyətsiz üzlüklərin səbəb olduğunu bildirib. Bundan sonra hadisənin araşdırılması və zərərin öyrənilməsi üçün Prezident İlham Əliyevin sərəncamı ilə komissiya yaradılıb. Son rəsmi məlumatlara görə hadisə zamanı 15 nəfər həlak olub.

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi