Modern.az

PREZİDENTİMİZ: “Məmur xalqın xidmətçisidir!”

PREZİDENTİMİZ: “Məmur xalqın xidmətçisidir!”

Ölkə

20 May 2015, 18:41

1. “Məmur vicdanı” və min manat pul

Binəqədi rayonundakı dəhşətli yanğında 15 nəfər insanın ölümü olmasaydı, kim bilir, bəlkə bu yanğını da Xətai rayonunda baş verən yanğın kimi “qulaqardına” vuracaqdılar. Məsələn, yenə deyəcəkdilər ki, “səbəb qısa qapanmadadır”, yaxud  “hələlik ilkin versiya qısa qapanmadır”. Bu dəfə də səbəbi qısa qapanma adı ilə atacaqdılar məhcul  bir bina sakinin (sakinlərinin), yaxud işi görən bir fəhlənin, içra edənin “məsuliyyətsizliyinin” üzərinə...

Bu yanğında 15 nəfərin ölümü olmasaydı, kim bilir bundan sonra da yana bilən binaların yannasında təlaşa düşməzdilər.  

Mediada yazılanlara baxın: cavabdeh məmurlar yanğın başlayandan xeyli sonra hadisə yerinə gəldilər.  Yanğının şəhərə dəhşət saçdığı  o vurhavurda hörmətli paytaxt merinin hadisə yerindən ilk canlı reportajlarda  görünməməsi mənə təəccüblü gəldi. Kimlərinsə məsuliyyətsizliyindən 16 mərtəbəli yaşayış binası alovlanır, tüstüsü ərşə çıxır, o boyda bina külə dönür, canlı itki var, insanlar od-alov içində boğulur, yanır, zəhərlənir, kömək, xilas, dəstək diləyir, amma paytaxtın meri telekanalların məlumatlarında, xəbər proqramlarında görünmür.
Səbəbini deyə bilmərəm, onu deyə bilərəm ki, nəhayət, günortada verilən telexəbərlərin birində göründü. Yaman təəssüratlı idi, narahat idi, hətta kövrəlmişdi. ANS-də dedi ki, yas mərasimləri dövlət hesabına götürüləcək, zərərçəkən ailələrin hər birinə dövlətin hesabına bu günə (yəni mayın 19-na) 1000 manat veriləcək (? – A.A.), binanın sakinləri ən yaxşı villalara (? –A.A.) yerləşdiriləcək.

Lap yaxşı. Zərərçəkmiş insanlara dövlətimizin kömək əlini uzatmasından həmişə sevinmişik, qürur quymuşuq. Amma inanın, səmimi deyirəm, kanallarda bu sözün dəfələrlə təkrarlanması gözlənilən reaksiyanı doğurmaya da bilər: “yas mərasimləri dövlət hesabına veriləcək”.
Yanğını göstərə-göstərə bu sözü efirdə dəfələrlə təkrar etmək niyə lazım idi? Təsəvvür edirsiniz, insanların faciəli vəziyyətində, övladını, ailə üzvlərini, mənzilini, əmlakını itirənlərə xatırladırlar ki, sənin hüzürün dövlət hesabına veriləcək? Bu nədir: yardım,  təsəlli, dərdə şərik çıxmaq, humanistlik? Bəlkə bu sözü ümumiyyətlə hər dəfə təkrarlamaq lazım deyildi, cənab 4-cü hakimiyyət? Kimlərinsə məsuliyyətsizliyi ucundan dövlətin bina üzlüklərinə və üzlənməsinə xərclənən pulu “yanır”, batır - heç danışan yoxdur, amma telekanallar yas xərcini reklam edir və insanlara xatırladırlar? İnanın, televiziyanın belə reklamı, belə təəssübbazlığı dövlətimizə lazım deyil, onsuz da dövlətimiz öz humanistləyini həmişə eləyib və bundan sonra da eləyəcək.

Tutaq ki, bu “xoş xəbəri” telekanalları bürümüş savadsız olan, dünyadan, mədəniyyətdən, peşəkarlıqdan, siyasətdən, informasiyadan bixəbər olan cahil filankəslərin ayağına yazdıq? Bəs onda merə nə deyirsiniz? Axı bu “xoş xəbəri” mer də dedi. Bəli, deməli idi və dedi.

Amma, “görünmək” məsələsinə gəldikdə isə, deyəsən bu hadisədə əsl görünməli adamlar “görünməz” qaldılar. Əlbəttə, hələlik. Penoplast, ya da poliuretan üzlüklərin vurulmasından məmurlar xəbərsizdirmi? Bu üzlüklərin vurulmasında İH başçılarının, şəhər merinin bilavasitə icazəsi, iştirakı olub-olmadığını yəqin Prezidentin yaratdığı xüsusi araşdırma komissiyası dəqiq müəyyən edəcək. Xalqın bildiyi təkcə budur ki, Bakının heç bir rayonunda, digər şəhərlərdə də İcra Hakimiyyətinin xəbəri, icazəsi olmadan hansısa iş adamı özbaşına abadlaşdırma işi apara bilməz, eləcə də Bakı rayonlarının rəhbərləri şəhər merinin “başı üzərindən” hər hansı kompleks abadlaşdırma tədbirləri həyata keçirə bilməzlər - bunlar, idərəçiliyin ən adi norması, qaydasıdır.   Ümid edirik ki, möhtərəm Prezidentimizin sərəncamı ilə yaradılmış komissiya təqsirli olanların hamısını aşkar edib, xalqa göstərəcək.  



2. Kimdir günahkar: penoplast, poliuretan,  yoxsa...

Penoplast (penopolistirol), poliuretan üzlüklərdən tikinti işlərində istifadə olunması istehsalçı və istehlakçı üçün qiymət, iqtisadi baxımdan sərfəli və səmərəlidir. Bu cür üzlüyün qiyməti, alışı, daşınması, fəhlə xərci, şirkətlərin məlumatına görə ucuz başa gəlir. Həm də bu material daş üzlüklərə nisbətən binaya, səthə tez və asan vurulur.

Lakin penoplast və poliuretanın insan orqanizminə ziyanlı olması, hava hərəkətini izolyasiya etməsi, istilik və rütubət yaratması, bina divarının “nəfəs almasına” mane olması haqqında da müxətəssislər az yazmayıblar. Deyilənə görə, bu materiallardan üzlük kimi istifadə edilməsinə qadağa qoyan şirkətlər, şəhərlər, hətta ölkələr də var.

Həm penoplast, həm də poliuretan xarici görünüşünə görə, əlbəttə, gözəldir, binaya dizayn, yaraşıq, estetik görüntü verir. Yəqin elə buna görə Bakı, Sumqayıt və digər şəhərlərdəki  abadlaşdırma işlərində bu üzlüklərdən çox istifadə edilib. Bəlkə elə gözəl görünüşün, estetik təəssüratın abadlaşdırma anlayışına və əməlinə uyğun gəlməsi də belə üzlüklərin bu qədər geniş tətbiqinə səbəb olub. Səbəblərdən biri də, şübhəsiz, bu materialın daş üslüklərə nisbətən çox ucuz olmasıdır. 

Qəribədir, penoplastın tərkibinə antipiren adlı xüsusi maddə qatılır ki, oda davamlı olsun, yəni yanmasın və yanğın törətməsin. Amma Bakıda binalara vurulan poliuretan üzlüyün iki dəfə yanğın törətməsinin şahidi olduq. 

Günah görəsən kimdədir: penoplastda, poliuretanda, onun tərkibində, istehsalçısında, bu materialdan üzlük kimi istifadə olunmasına icazə verənlərdə, penoplastı abadlıq və təmir-bərpa işlərində (üzləmə və s.) istifadə edənlərdə, yoxsa onu vurmağın texnologiyasını biməyən içraçı fəhlə qüvvəsində?     

3. Üzlüklər sökülür? Bəs insanlara dəyən mənəvi ziyan?

Media xəbər verdi ki, Bakının rayonlarında və Sumqayıtda penoplast və poliuretan  üzlükləri sökməyə başlayıblar. Digər tərəfdən isə, mayın 20-də media Bakı şəhər İH mətbuat xidmətinə əsasən məlumat verdi ki, bu söküntü işləri haqqında hansısa göstəriş, qərar yoxdur...

Bir də axı neçə aydır insanlar bu üzlüklərin vurulmasına narazılıq edirdilər, çifayda, kimsə vecinə almırdı. Binəqədidəki yanğında ölüm olmasaydı, yenə də sökməyəcəkdilər, adamlar nə qədər etiraz eləsələr belə... 

Etiraf edək ki, belə üzlük çəkilən binalar paytaxtın demək olar bütün rayonlarında var. Və görəsən, Bakının rayonlarının hər birində üzləmə əməliyyatlarına, yaxud şəhərin abadlaşdırılması naminə insan həyatı üçün təhlükəli üzlüklərin kütləvi döşənməsinə nə qədər vəsait sərf olunub? Hansı rayonda neçə binanın  nə qədər vəsait hesabına üzlənməsi barədə cəmiyyətə hesabatı kim verəcək? Üzlüklərin sökülməsinə başlanılıbsa, bu üzlüklərdən büdcəyə və insanların səhhətinə, rahatlığına dəyən ziyanı kim hesablayacaq və kim ödəyəcək?



4. Yenə də şirkət ?!

Bu arada mediada hansı isə milyoner tikinti şirkətinin adı hallandı. Məsələn, ANS-də məlumat verildi ki, hər an yanğın əmələ gətirə bilən, insan səhhətinə zərərli olan bu təhlükəli poliuretan - tikinti materialının istehsalçısı həmin şirkət imiş. (Guya indiyə qədər bunu məmurlar bilmirdilər, indi bildilər).  

Yenə də şirkət?

İnsanlar üçün zəhərləyici qida maddələrini istehsal edənlər də bu şirkətlər. Xaricdən geni dəyişdirilmiş toxumları, meyvələri, tərəvəzləri, bostan məhsullarını gətirənlər  də bu şirkətlər. Ölkəyə xaricdən vaxtı keçmiş, qadağan olunmuş dərmanları gətirənlər də bu şirkətlər. Keyfiyyətsiz “kitayski” malları bazarlara dolduranlar da bu şirkətlər. Manatımızı dollara qurban verib əhalini dilənçi edənlər də bu şirkətlər. Yolları, səkiləri baxımsız, dağınıq qoyanlar da bu şirkətlər. Yolları bərbad gündə təmir edənlər də bu şirkətlər. Yaşayış binalarını, “novostroykaları” keyfiyyətsiz tikib, insanlara baha qiymətə satanlar da bu şirkətlər. İlin 12 ayı bitkilərə normadan artıq kimyəvi preparatlar  verib onu camaata yedizdirənlər də bu şirkətlər. Qablaşdırılmış suya normadan artıq qaz vuran, onu insanlara içdirən də bu şirkətlər. Krantdan gələn suyu qaynadıb-qaynatmayıb butulkalara dolduran və bulaq suyu, ekoloji təmiz su adı insanlara sırıyanlar da bu şirkətlər. Keyfiyyətsiz araqlarla insanları xəstələndirənlər də bu şirkətlər. Restoran və şadlıq evlərində qiymətləri ceyran belinə qaldıran, keyfiyyətsiz menyunu, süfrədən qayıdan artıqları sonra bir başqa müştərinin süfrəsinə qoyanlar da bu şirkətlər. Süni texnologiyalarla hazırlanan keyfiyyətsiz ət və süd məhsullarını cəmiyyətə satanlar da bu şirkətlər. Ölkədə hər bayramda süni bahalığı yaradanlar da bu şirkətlər. Sərnişin marşrutlarını əhalinin əsəb pozğunluğuna, xəstəliklər mənbəyinə, təhqirə, antisanitariyaya, özbaşınalığa çevirənlər də bu şirkətlər. Malı gətirən də, aparan da, satan da, satdıran da, verən də, alan da, yedizdirən bu şirkətlər. Kiminsə malının kömrükdən keçməsinə icazə verməyənlər də bu şirkətlər. Ölkənin az qala hər qarışının sahibi də bu şirkətlər. Nazirliklərin və nazirlərin “dostu” da bu şirkətlər. Şəhər və rayon “padşahlarının” dostu da bu şirkətlər. Əhalidə kütləvi narazılıqların mənbəyi də bu şirkətlər.

Şirkət dedim, bazar dedim, bazarlıq dedim, sərvət dedim, bahalıq dedim, əstəgfürüllah, yadıma yenə də məmurlar, nazirlər, nazir müavinləri, şöbə müdirləri... düşdü. Şirkət dedim, yadıma nə bilim ASC-lər, QSC-lər, “docernı” firmalar, “doçernı” şirkətlər, komitələr, departamentlər, “krışalar”, “krısalar” düşdü... 

Yenə də şirkət?

Şirkət – biznesdir. Və bisnes insanlara, cəmiyyətə yaxşı, keyfiyyətli xidmət göstərməlidir, ona zərər, ziyan verən hər hansı malı bazardan çıxarmalıdır, amma bizdə bütün bunların tamam əksinədir. Nə vicdanlı biznes var, nə də vicdanlı biznesmen. Elə bil hamısı bu ölkəyə, bu xalqa qənim kəsiliblər?

Yenə də şirkət?

Lap tutaq ki belədir. Azərbaycanda azacıq ağlı kəsən məktəbli də yaxşı qanır ki, adı açıqlanan bu şirkət paytaxtda, eləcə də respublikanın şəhər və rayonlarında bir binaya belə icazəsiz, özbaşına üzlük döşəyə bilməz. Əvvəla o, istehsal edəndi, üzlük vuran yox. İkincisi, bu tikinti materialını istifadəyə buraxmaq, reallaşdırmaq üçün əvvəlcə onun onlarla rəsmi sənədi, sertifikatı, qanunvericilik qaydasında istehsal hüququ olmalıdır. İstehsal olunan üzlüklər müəyyən standartlara cavab verməlidir, istifadə üçün tam yararlı və təhlükəsiz olmadır, yanğıntörədən olmamalıdır, ekoloji baxımdan zərərli olmamalıdır və ilaxır. Nəhayət, hansısa şirkətin penoplast, poliuretan və digər üslükləri binalara vura bilməsi üçün yenə də dövlət (idarəetmə) qurumlarının rəsmi icazəsi, müqavilələri olmalıdır və ilaxır.

Belə olan halda, maraqlıdır, görəsən, komissiya iki yanğın hadisəsində məmurların da təqsiri, məsuliyyətsizliyi, “nəfsi” olub-olmadığını aşkar edə bilərmi? Əgər məmurların da günahı sübut olunarsa, bəs bu lazımsız üslüklərin büdcəyə, insanlara vurduğu ziyanı kim ödəyəcək? Bəlkə buna görə günahı olan məmurların əmlakı, banklardakı hesabları, şirkətləri  müsadirə olunacaq? Kim bilir, ədalətli qərar bəlkə yalnız şirkətləri haqlayacaq və onları layiqli bir ağır cərimə ilə cəzalandıracaqlar? Gözləyək, xalqa yalnız inam və ümid qalır. Amma Azərbaycan həqiqətlərinə aid olan bir həqiqət də budur ki, varlı-karlı şirkətlərin arxasında bəzən oliqarx məmurlar da dayanır...

5. Məmur xalqın xidmətindədirsə...

Məni vətəndaş olaraq bu hadisədə bir məsələ daha çox düşündürür. Azərbaycan Respublikası Prezidentinin  bütün varlığı ilə xalqa və dövlətə bağlılığı, xalqına bu qədər böyük xidmətlər göstərməsi, insanların rifahına, ölkənin inkişafına bu qədər qayğı, həssas və məsuliyyətlə yanaşması, Azərbaycana dünyada şöhrət, nüfuz, başucalığı, qələbələr qazandırması – bütün bunlar məmurlara niyə nümunə olmur?


Möhtərəm Prezidentimizin məmur ordusuna bu qədər yüksək tələbkarlığının və etimadının qarşılığında məmurlar niyə öz dövləti xidmətlərində adekvat mövqe tutmurlar? Məsələn, gərək Prezident tapşırsın, sonra vətəndaşları qəbul edib, dinləsinlər, məktubuna cavab versinlər? Gərək Prezident səsini ucatsın, sonra özlərini yığışdırsınlar? Gərək Prezident irad tutsun, sonra keyfiyyətli iş görsünlər? Gərək Prezidentimiz barmaq silkəsin, sonra məmurlar harın olduqlarını müvəqqəti də olsa, anlasınlar? Prezident hər bir məmurun başı üzərində dayanıb, onun əməlində, xalqa və dövlətə xidmətində nə qədər vicdanlı olub-olmadığını, büdcəni hansı yolla məsrəf elədiyini addım-addım, anbaan izləməlidirmi? Bəs məmurun öz məsuliyyəti, vicdanı, mədəniyyəti, dövlətçilik şüuru, xidməti borcu, kişiliyi, mənəviyyatı, insanlığı? Bəs etimad? Bəs inam? Bəs insanların, ölkənin taleyi? Prezidentimizin etimadından bu qədər sui-istifadə eləmək olar?

İşlərin, tədbirlərin bu qədər çox olduğu vaxtda Prezidentimizə əlavə problemləri yaradanlar, əhalidə narahatlıq və narazılıq törədənlər kimlərdir, cənab məmurlar və iş adamları?

Prezidentimiz dəfələrlə məmurlara xəbərdalıq edib ki, siz xalqın xidmətçilərisiniz.  Məmurlarımız isə “xalqa xidmət” edib, özlərinə və gələcəklərinə sərmayələr (milyonlar) yığırlar. Hansı ölkədə məmurluq – qanunsuz varlanmağın, mal-dövlət, kapital, şirkətlər, torpaqlar, mənzillər, məşuqələr, mamarozalar, avtomobillər, qohumlarçün vəzifələr, otellər, firmalar, fermalar, meşələr, adalar, villalar sahibi olmağın sinonimidir? Kefdədirlər, vallah! Bazar olsun!

Bəs yanğında ölən uşaqlar, boğulan, zəhərlənən insanlar? Bu yanğında ölən məsum uşaqların günahını bu dünyada da, o dünyada da görəsən kim (kimlər) çəkəcək? Övladını itirən valideyinə də, əmlakı yanıb kül olan insana da yas pulu ilə təsəlli verərlərmi? Bu dünyada cəzalardan canını birtəhər qurtara bilənlər Allahın cəzasından da  qaça biləcəklərmi? Özünüzə gəlin. Bu qədər qara qarğışlardan qorxmursunuzmu? Axı bu qarğışın qara enerjisi olur, mütləq olur...

P.S. Xarici ölkələrdə ölümlə nəticələnən hadisələr zamanı məmurlar kişilik, dəyanət göstərib, dövlətə və millətə hörmət edib istefa verirlər...       
P.P.S. “Allah cəzanızı versin”. Xalq qarğışı
P.P.P. S. Hadisənin ayın 19-na təsadüf etməsini, mənə elə gəlir təsadüfi saymaq da olar, saymamaq da. Quranın 19 rəqəminə bağlılığı... Məhəmmədə 19 yaşında peyğəmbərlik verilməsi... Binəqədidə yanıb kül olan mənzildə Quranın odda yanmaması... Quranda buyurulduğu ki, İblis adlı mələyin oddan yaradılması...
Bəlkə, bu, İlahidən bir işarədir, xəbərdarlıqdır?
Allah xalqımızı, Prezidentimizi bundan betərlərindən qorusun. Amin.
Allah bir daha insanlarımızı şirkətlərlə, məmurlarla, nazirliklərlə, deputatlarla, sərnişindaşıma xidməti ilə, yanan “abad” binalarla, pernoplast-poliuretan üzlüklərlə, məmur cibi ilə, maaşla, komissiyalarla, vətəninə, millətinə və dövlətinə qənim kəsilən təxribatçılarla sınağa çəkməsin. Amin.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir