Modern.az

Azay Quliyev xarici mediada Avropa İttifaqını kəskin TƏNQİD edib

Azay Quliyev  xarici mediada Avropa İttifaqını kəskin TƏNQİD edib

20 May 2015, 20:50


Millət vəkili Azay Quliyevin Azərbaycanın Riqa sammitindən gözləntiləri ilə bağlı bir neçə gün öncə açıqladığı mövqe Avropa mediası tərəfindən də maraqla qarşılanıb. Modern.az-ın məlumatına görə, Avropa İttifaqına (Aİ) dair məsələlərin müntəzəm işıqlandırıldığı nüfuzlu media orqanlardan olan "EU Reporter" portalı A.Quliyevdən müsahibə alıb.

Millət vəkili, ATƏT Parlament Assambleyasının Komitə sədrinin müavini A.Quliyev müsahibəsində Azərbaycanın Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramında iştirakı və Riqa sammitinə münasibətinə dair vacib məqamlara toxunub. A.Quliyev Riqa sammitinin Azərbaycanın geosiyasi əhəmiyyətini qəbul edərək, ona yanaşmada nümayiş etdirdiyi ikili standartlardan imtina etmək və ölkəmizi lazımınca dəyərləndirmək baxımından Aİ üçün yaxşı imkan olduğunu qeyd edib. ATƏT PA-nın Komitə sədrinin müavini Azərbaycanın "Şərq tərəfdaşlığı" proqramının bərabərhüquqlu üzvü olduğunu və Aİ ilə əlaqələrini davam etdirmək istədiyini, lakin Azərbaycan xalqının ikili standartları məyusluqla qarşıladığını bildirib.

Millət vəkili Ukraynada baş verən hadisələrə Avropa İttifaqının sərt reaksiya verməsi, Rusiyaya qarşı iqtisadi və siyasi sanksiyaların tətbiq edilməsi fonunda Ermənistanın Azərbaycanın 20 faiz torpağını uzun müddət işğalda saxlamasına səssiz qalması və işğalçı ölkəyə qarşı adekvat addımlar atmamasını tənqid edib və qurumun ölkəmizin ərazi bütövlüyünə hörmətlə yanaşmağa borclu olduğunu deyib.

A.Quliyev Azərbaycanın Aİ-dən oxşar sanksiyaların Ermənistana qarşı da tətbiqini gözlədiyini qeyd edib. Eyni zamanda, Avronestin Sosial məsələlər, təhsil və vətəndaş cəmiyyəti komitəsinin sədr müavini olan A.Quliyev Avropa institutlarının Azərbaycanı hədəf seçərək qəbul etdiyi qərəzli və ədalətsiz qətnamələrin yolverilməz olduğunu, belə halların ölkəmizlə konstruktiv əməkdaşlığa və dialoqa zərər verdiyini vurğulayıb.

19 may 2015-ci il tarixində yayımlanan müsahibənin ingilis dilində olan tam mətni: //www.eureporter.co/world/2015/05/19/eu-urged-to-signal-readiness-to-sign-strategic-partnership-agreement-with-azerbaijan-in-riga/

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir