Modern.az

ABŞ-da 28 may “Azərbaycan Milli Günü” elan edilib - FOTO

 ABŞ-da 28 may “Azərbaycan Milli Günü” elan edilib - FOTO

21 May 2015, 10:20

ABŞ-ın Nevada ştatında 28 may tarixi “Azərbaycan Milli Günü” elan edilib. Bu barədə Modern.az saytına Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib. Bununla bağlı ştatın qubernatoru Brayan Sandoval və dövlət katibi Barbara Çegavski tərəfindən müvafiq bəyannamə imzalanıb.  

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilmiş bəyannamədə bildirilir ki, Azərbaycan 1918-ci ilin 28 may tarixində öz müstəqilliyini elan edərək, demokratik respublika təsis edib və İslam dünyasında ilk dünyəvi parlamentar dövlət qurub.

Qeyd olunur ki, müstəqilliyini elan etdikdən sonra Azərbaycan qısa müddət ərzində dini etiqadından, cinsindən, irqindən və etnik kimliyindən asılı olmayaraq bütün vətəndaşlarına seçki hüququ verib, hətta qadınlara seçki hüququnun verilməsi məsələsində ABŞ-ı bir il qabaqlayıb.

Həmçinin, 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra Azərbaycanın öz müstəqilliyini və suverenliyini möhkəmləndirdiyi vurğulanaraq, hər il ABŞ da daxil olmaqla, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlının 28 may tarixini Milli Gün olaraq qeyd etdiyi bildirilir. 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi