Modern.az

Media quruluşları və jurnalistlər üçün yeni müsabiqə elan olunub

Media quruluşları və jurnalistlər üçün yeni müsabiqə elan olunub

Qarabağ

29 Sentyabr 2010, 12:55

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Seçki İnformasiya Mərkəzinin yaradılması ilə bağlı müsabiqə elan edib.
Fonddan verilən məlumata görə, müsabiqəyə aşağıdakılar layihə təqdim edə bilərlər:  

- son 1 ildə müntəzəm nəşr olunan, dövriliyi həftədə 1 dəfədən və tirajı 1500 nüsxədən az olmayan, hər buraxılışından  azı 500 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan qəzetlər;
- müvafiq qaydada dövlət orqanlarında qeydiyyatdan keçmiş, lisenziyası olan, müntəzəm xəbər istehsalı və satışını həyata keçirən informasiya agentlikləri və elektron informasiya vasitələri;
- dövlət qeydiyyatından keçmiş, söz və məlumat azadlığı, KİV-lərin inkişaf etdirilməsi, jurnalist fəaliyyətinin təkmilləşdirilməsi sahəsində azı 1 illik təcrübəsi olan, layihələr icra etmiş jurnalist təşkilatları;
- fərdi jurnalistlər və mətbuatla bağlı digər fiziki şəxslər.

Aşağıdakı KİV-lərin müsabiqədə iştirakına icazə verilmir:

- Azərbaycan jurnalistlərinin I qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılan;
- barəsində  məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan;
- əsasən reklam və erotik xarakterli materiallar dərc edən;
- xüsusi məqsədlər üçün buraxılan, pulsuz və aşağı qiymətlərlə çap məhsulu yayan;
- təsisçisi dini qurumlar və dini icmalar olan;
- təsisçisi  siyasi partiyalar  və ya siyasi partiyaların funksionerləri olan;
- təsisçisi  dövlət orqanları olan;
- xarici dövlətlərin hüquqi və fiziki şəxsləri tərəfindən təsis edilən, nizamnamə kapitalında xarici dövlətlərin hüquqi şəxslərinin və ya vətəndaşlarının payı olan.

KİV-lərin və jurnalist təşkilatlarının layihələrinə qiymət verilərkən aşağıdakı meyarlar əsas götürülür:

- layihənin məqsədinin aydınlığı və konkretliyi;
- layihənin fəaliyyət planının inandırıcı olması;
- layihənin büdcəsinin reallığı;
- ərizə formasının, layihə və ona əlavə olunmuş sənədlərin müsabiqə qaydalarına və tələblərinə uyğunluğu;
- layihə təqdim etmiş qəzet, informasiya agentliyi, elektron informasiya vasitəsi və ya jurnalist təşkilatında xarici dilləri mükəmməl bilən, həmin dillərdə məlumat və analitik material hazırlamağı bacaran əməkdaşların olması;
- layihə təqdim etmiş fiziki şəxsin azı  bir xarici dili mükəmməl bilməsi;
- layihə təqdim etmiş qəzet, informasiya agentliyi, elektron informasiya vasitəsi, jurnalist təşkilatı və ya fiziki şəxsin  xarici KİV-lərlə iş təcrübəsinə malik olması;
- layihə təqdim etmiş qəzet, informasiya agentliyi, jurnalist təşkilatı və ya fiziki şəxsin Bakı şəhərində  normal iş şəraitinə malik ofisinin olması.

Layihənin icra müddəti 2010-cu il oktyabrın 11-dən noyabrın 10-dəkdir.. Layihə üçün maksimum məbləğ  15.000 manat müəyyən edilib.

Ərizələr sentyabrın 29-dan oktyabrın 9-dək qəbul olunacaq. Nəticələr oktyabrın 11-dək elan ediləcək.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü