Modern.az

Onları məşhurlaşdıran ciddi əsərləri deyil, qalmaqallı yazılarıdır...

Onları məşhurlaşdıran ciddi əsərləri deyil, qalmaqallı yazılarıdır...

Ədəbi̇yyat

1 İyun 2015, 15:57

Ələmdar Cabbarlı

Bizim kənddə belə bir söz var idi: Adını çıxart, get dəyirmanda otur. Hər hansı bir adam bacarmadığı sahənin peşəkarı kimi təqdim olunanda belə deyilirdi. Bəziləri özləri öz adını çıxarırdı, elə adam da var idi ki, onun adını başqaları çıxarırdı. Tutaq ki, əlindən müəllimlikdən başqa hər iş gələn birisinin imicini elə formalaşdırırdılar ki, hamı gedib onun yanında hazırlaşmaq istəyirdi. Və yaxud sənətində naşı olan birisini elə usta kimi təqdim edirdilər ki, məcbur olub işini ona gördürürdün. Sonra da qalırdın dizinə döyə-döyə. Çünki bunları irəli çəkən, müasir dillə desək, imicmeykerləri var idi. Artıq sən onunla əməkdaşlıq etməyə məcbur idin.

Bu gün Azərbaycanda ədəbi proseslər də əsasən bu cür istiqamətləndirilir. Şübhəsiz ki, bu proses ziyalılar, əsil yazıçı və şairlər tərəfindən idarə olunmur. Ədəbiyyata istedadına görə yox, iddiasına görə gələn, özünü gözə soxmağı məharətlə bacaran diletantlar və onların havadarları tərəfindən idarə olunur.

Təəssüf ki, həmin şəxslərin adları elə çıxarılıb, imicləri elə formalaşdırılıb ki, artıq onlar ədəbi proseslərin aparıcı və danılmaz faktoruna çevriliblər.

Tutaq ki, bir yazar 5-10 il bundan qabaq 5-10 yazı yazıb. Bu gün onun həmin yazılarını o qədər çəkib-çeviriblər ki, imicini elə formalaşdırıblar ki, artıq o, yazmasa da olar. Və yaxud da nə yazsa olar. Çünki nə yazılarının çap olunmadığı mətbuat orqanı qalıb, nə də haqqında yazmayan tənqidçi. Bir sözlə adını çıxardıblar, özünü də oturdublar dəyirmanda.

Adları çıxarılıb dəyirmanda oturdulanların mütləq əksəriyyətini populyar edən isə onların hər hansısa ciddi əsərləri deyil, görkəmli insanlar haqqında yazdıqları qalmaqallı yazıları, müsahibələridir. Eyni zamanda onlar bir-birinin reklamı ilə də çox yaxşı şəkildə məşğul olurlar. Həmin adamları müsahibələrdə, silsilə yazılarda məqsədyönlü şəkildə təbliğ edirlər. Hərə öz köşə yazısında gələcəyin “ümidverici” şairlərinin, yazıçılarının “qızıl onluğ”unu tərtib edir. Lap televiziyaların müğənnilərdən tərtib etdiyi qızıl onluqlar kimi. Televizyaların həmin “qızıl onluğ”unda heç görmüsünüzmü Mənsum İbrahimovun, Alim Qasımovun, Arif Babayevin, Aygün Bayramovanın adları çəkilsin. Həmin onluqlarda olan “müğənni”lərin adlarını bu cür sənətkarlardan sonra yazıb onları şərəfləndirmək istəməzdik. Onsuz da oxucu hər şeyi gözəl bilir. Ədəbiyyatda da vəziyyət eynilə belədir. Həmin o “ümidverici” şairlərin şeirləri isə söz yığımından, dolaşıq ifadələrdən başqa bir şey deyil. Baş-ayaq cümlələri bir-birinin ardınca düzmək, frazoloji birləşmələri belədən-belə çevirmək, yalançı fəlsəfəçilik və ya “nar” sözünü “yar” sözünə addımbaşı qafiyə etmək çoxmu çətindir?! 

Bu günkü yazarlar arasında həm də yeni dünya düzəninə uyğun ədəbiyyat yaratmaq istəyənlər də var. Bu, olduqca təqdirəlayiqdir. Yaxşı anlayıram ki, bəşəriyyətin inkişaf etdiyi yerə getməmək heç yana getməmək deməkdir. Modernist, postmodernist yazılar yazmağa, yeni şeir formaları yaratmağa yönəldilən cəhdlər bəyənilməlidir. Ancaq mən başa düşə bilmirəm ki, doğrudan da modernist olmaq üçün mütləq seksdən yazmaq lazımdır? Əgər bəzi başbilənlər sözün gələcəyini bu adamlara etibar edirlərsə, mən onları da başa düşə bilmirəm.

Həmin şairlərin ən doğru qiymətini böyük Allah özü verib: “Məgər görmürsənmi bir söz vadisindən o birisinə keçərkən onlar necə hədlərini aşırlar”(Qurani-Kərim, Şüəara surəsi, 225-ci ayə). Bütün bunlarla yanaşı abırlarına qısılıb şeirlərini yazan şairlər də var. Onların da qiymətini Allah özü verib: “Ancaq başqa şairlər də var, bunlardan deyil onlar. O şairlər ki, iman gətiriblər, Allahı tez-tez anıblar, zülm çəkəndən sonra uğur qazanıblar. Zalımlıq eləyənlər axır görüb-biləcəklər hara imiş qayıtmalı olduqları yerləri”(Qurani-Kərim, Şüəra surəsi, 227-ci ayə).

Allahın verdiyi bu qiymətdən sonra başqa qiymət gözləməyə dəyərmi?! Ancaq gözləsən də faydası yoxdur. Yenə də Allahın buyurduğu kimi: Onlar kor və kar kimidirlər. Haqqı nə görməzlər, nə də eşitməzlər.

İndi isə bir daha qayıdıram dəyirman məsələsinə. Bu dəfə böyük Sabirin misraları ilə:

Sanma əzdikcə fələk bizləri viranlıq olur,
Un təmənnası ilə buğda dəyirmanlıq olur.
Qarışıqdır hələlik millətin istedadı,
Ələnirsə, safı bir yan, tozu bir yanlıq olur.

Yəqin ki, adları çıxarılıb dəyirmanda oturdulanlar ələnəndə toza çıxacaqlar. Çalışmalıyıq ki, saf adamların üzərinə o tozdan düşməsin.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır