Modern.az

Nəsib Nəbioğludan gənc yazara sərt REAKSİYA

Nəsib Nəbioğludan gənc yazara sərt REAKSİYA

2 İyun 2015, 13:39

Azərbaycan Yazıçılar Birliyinin Moskva filialının üzvü, şair Nəsib Nəbioğlu gənc yazar, jurnalist Cavid Zeynallıya cavab xarakterli şeirini Modern.az saytına göndərib. Buna səbəb gənc yazarın bir müddət öncə Nəsib Nbioğlunun Azərbaycan ədəbiyyatına heç bir faydası olmadığını əks etdirən sözləri olub:

Dözümsüzlük

Cavid Zeynallıya  Cavid Zeynallısayaq

Dözümsüzlük doxsan il, yüz il bundan qabaq,
Cavan, şux, bığıburma oğlanların qırılmasıdır.
Qollarında qandal Sibirə getməsidir.
Xalq düşməni damğası altında,
bir nəslin kökünün kəsilməsi,
bir başıpapaqlı qalmaması, güllələnməsi,
duasız, yasinsiz, kəfənə bükülmədən
qəbrə girməsidir dözümsüzlük!

Dözümsüzlük dörd yaşında  bir uşağın,
ayaqyalın, başıaçıq bir cənazənin arxasıyca
hönkürə-hönkürə qaçmasıdır.
Balaca, günəşin odundan yanmış,
soyuqdan çat-cat olmuş əllərini
anlamadan, bilmədən, göylərə açmasıdr!
Dözümsüzlük bir şagirdin ayağında
başqalarından fərqli olaraq  palçıqlı çarığı olmasıdır,
sinifə buraxılmamasıdır!

Dözümsüzlük qoltuğunda köhnə kitabları
aclıqdan meşələrə qaçan,
Könlünü gözəl çiçəklərə, güllərə,
boynubükük bənövşələrə açan,
Çiyələk, moruq dərə-dərə cığırlarda
çaş-baş qalan, arabirdə  azan,
Öz səsini bir  “göyçəgülü” havasında qayalara yazan,
Dəli- dolu, bir yeniyetmənin harayıdır  dözümsüzlük!

Dözümsüzlük başının üstündə buludlar toqquşub, dalaşan,
Buludun altında bir az keflənib,
eşqindən, bu yurda məhəbbətindən,
ayaqları bir-birinə dolaşan
Sözlərindən nəğmə toxuyan,
bülbüllərə qoşulub oxuyan,
Dünyaya şeir qoşan, qoşmasıyla, gəraylısıyla əsib, coşan,
Bir söz oxşayanın arzusudur dözümsüzlük!

Dözümsüzlük avqustun çırhaçırında bir gəncin,
Sağında ümid dayısı,
solunda ümid əmisi,
Üz tutduğu diyar uzaq,üz tutduğu yer sonsuz ümman,
Mindiyi haqsızların gəmisi.
Böyük bir şəhərə gəlməsidir.
Əsgər paltarında imtahan verməsidir,
Bir müdrik yaşlı institut müəllimini,
Danışığıyla məftun etməsidir.

Dözümsüzlük gündüzlər  instituta dərsə gedib,
gecələr bir binanın gözətçisi olmaqır,
səhərəcən oyaq qalmaqdır,
İnstitutda mühazirə otağında mürgüləməkdi,
Tələbə qızın müəllim yatdığımı duymasın deyə,
Hərdən-hərdən onu dümsüləməkdi,
Aldığı 60manatın yarısını tez qaçıb kəndə anasına göndərməkdir.

Dözümsüzlük Ana yurdu talanan,ata ocaçı dağılan, 
yad əllərdə evi, eşiyi, məhləsi, beşiyi odlanan?
Ata qəbri erməniyə taptaq olan,
Qürbətdə dağlar deyib alova, oda qalanan,
Tərtərin şırıltısı gecələr yuxusuna axan,
Şeir yerinə ağı deyən bir şairin zümzüməsi yox,
naləsidir dözümsüzlük!

Dözümsüzlük bayramı qara gələn,
İki həftə keçməmiş aprelin üçündə,
Daşnaqlar tutmasın deyə, yad ələ keçməsin deyə,
Namus zirvəsinə ucalan,
Gəlinimiz Gülzarın özünü qayadan atmasıdır!
Tərtərin qıjovunda sulara  qərq olub batmasıdır.
Ömürlük  nəslimizin dərdinə
təzə dərd qatmasıdır dözümsüzlük!

Dözümsüzlük qürbət ölkədə ermənilərlə der-der deyişmək,
Qorxmadan, çəkinmədən,
Namərdlərlə vuruşmaqdır.
Qarabağ deyə-deyə bar-bar bağırmaq,
Kəlbəcər, Qubadlı, Şuşa, Laçın dərdindən mələmək,
Başı daşdan-daşa dəyən,
Bircə Allahın hüzurunda  baş əyən,
Özünü qəmə, dərdə, kədərə bələyən,
“Nəməkar əsgər”ə  dönən, bir qəribdir dözümsüzlük!

Dözümsüzlük səksən yaşında anamın, qaçqın,
didərgin düşməsidir.
Dəlidağdan Moskvaya gələn,
Bu qoca yaşında qürbətə alışmaması,
Dərdinə alışmasıdır, qovrulub bişməsidir.
Hər gün qara yaylığının ucunu isladıb göz yaşlarında,
“Məni Kəlbəcərə apar” deməsidir.
Masazırda bir qaçqın qəbrstanlığında,
400 manata aldığım iki metr gilli torpağa qovuşmasıdır!

Əllərini aç, üzünü tut göylərə, de ki,-
Ulu Tanrı azalt, yaratdığının qəlbinin naləsin,
Bir az yüngülləşdir çiyinlərində apardığı şələsin,
Qədər, qismət yazanda ,
Ta belə eləməsin!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır