Modern.az

Rənglər dünyasının möcüzəsi

Rənglər dünyasının möcüzəsi

Ədəbi̇yyat

2 İyun 2015, 23:50

Qafar Əsgərzadə,
Azərbaycan Jurnalistlər Birliyinin publisist 
üzvü,
Pedaqogika üzrə fəlsəfə doktoru

 ‘’Mənim yaratdığım sənət əsərləri bu gün xalq tərəfindən, sənətsevərlər
tərəfindən sevilərək yaşarsa, onda bir sənətkar kimi mən də yaşayacağam’’.
Hacıağa Nəzərli

78 illik ömrünün 55 ilini Azərbaycan təsviri sənətinin inkişafına, təbliğinə həsr edən bir rəssamımız vardı. O, sənət korifeyi kimi əsərləri ilə həmişəyaşarlıq qazanıb. Fırçası ilham pərisi ilə ülfət bağlayıb sənət aləminin sirli düyününü açandan bəri kətan üzərində rənglərdən möcüzələr yaratmağa başlayıb. İlk plakatçı rəssam, ustad sənətkar kimi tanınıb. Azərbaycan rəssamlıq tarixinə çağdaş təsviri sənətimizin banilərindən biri kimi daxil olub.O, respublikanın əməkdar rəssamı Hacıağa Nəzərli idi.Yarım əsrdən artıq bir müddətdə çağdaş təsviri sənətin banilərindən biri kimi rəssamlığın bütün janrlarında rəngkarlıq, qrafika, plakat, reklam və teatr tərtibatı, impressionizm cərəyanı sahəsində ölməz sənət nümunələri yaradaraq mədəniyyət xəzinəmizi zənginləşdirdi. Hamıya yaxşı tanış olan ‘’H.Cavid’’,  ‘’C.Cabbarlı’’,’’M. Müşfiq’’, ‘’Z. Bünyadov’’, ‘’M. F.Axundov’’, ’’Səadət’’  və s. əsərləri ilə çağdaş təsviri sənətimizi zinətləndirdi ustad.
Əcəl macal versəydi söz yox ki, daha neçə belə sənət inciləri yaradacaqdı. 


Hacıağa Məmmədcavad oğlu Nəzərli 1923-cü ildə Bakıda ziyalı ailəsində dünyaya göz açıb. Peterburqda təhsil almış rəssamın bu sənətə gəlməsində,  atasının əmisi Nəcəf Rasim Nəzərlinin də təsiri olub. Dövrünün tanınmış ziyalılarından olan, mətbəə işçisi Məmmədcavad Nəzərli ötən əsrin otuzuncu illərin əvvəlində mətbəə təşkil etmək məqsədilə Cəbrayıl və Qaryagin (indiki Füzuli) rayonlarına ezam olunur. Beləliklə də Hacıağanın uşaqlıq illəri Azərbaycanın dilbər guşəsi olan Qarabağla bağlanır. Buradakı əsrarəngiz təbiət, ağaclar, güllər, çiçəklər, dağlar, çaylar, bir sözlə bu gözəlliyin hər bir elementi Hacıağanın təxəyyülünə güclü təsir göstərir. İlk əsərlərini məhz Qarabağda yaradır. Bakıya döndükdən sonra atası onu pionerlər sarayının rəsm bölməsinə yazdırır. Sonralar rəssamlıq məktəbinə daxil olan H.Nəzərli müharibə başladığı üçün təhsilini yarımçıq qoyub cəbhəyə yollanır. Ordudan tərxis olunduqdan sonra, 1948-ci ildə Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinə  daxil olur. Rəng hissiyyatı, kompozisiya duyumu ona fırçanı sənətin bir çox sahələrində sınamağa imkan verib. Müxtəlif sənət fədailərinin portretlərini yaradan rəssam qəhrəmanların daxili dünyasını, hiss və həyəcanlarını yüksək məharətlə çatdırmaqla onları özünün duyduğu, gördüyü tərzdə təsvir etməyi bacarırdı. M. Müşfiqin, C. Cabbarlının, H. Cavidin və başqa sənətkarların portretlər qallereyası onun eyni zamanda ədəbiyyata, söz sənətinə dərindən bələd olduğundan xəbər verir. Klassik ədiblərimizi əsərlərinin baş qəhrəmanı adlandıran rəssam deyirdi: ‘’Siz Azərbaycan ədəbiyyatının daim sönməyən parlaq ulduzlarısınız. Siz öz sənətinizin qüdrəti ilə ölməzlik qazanmısınız. Ölməz, cahanşümul sənətiniz mənim də yaradıcılığıma siraət edib’’. Hacıağa müəllimin bu sənətkarlara vurğunluğu onun sənətində də öz əksini tapıb. Xalq rəssamı Kamil Əliyevin təbirincə desək, Hacıağa müəllim sənəti yaşadan sənətkardır. O, bütün fəxri adlara və mükafatlara layiq şəxsiyyətdir. Əsərləri ilə dövrünün ictimai-siyasi hadisələrinin fövqündə dayanan  görkəmli fırça ustası nəinki respublikamızda, keçmiş Sovetlər İttifaqında, eyni zamanda bir sıra xarici ölkələrdə-Hindistan, Bolqarıstan, Yuqoslaviya,  Avstriya, Malayziya, Sinqapur  və s. Azərbaycan təsviri sənətini sevə-sevə təbliğ edib. Rəssam 55 illik yaradıcılıq dövründə dəfələrlə diplomlara, mükafatlara, 1982-ci ildə isə bütün dövrlərdə sənətə və sənətkara yüksək qiymət verən Heydər Əliyevin Fərmanı ilə əməkdar rəssam adına layiq görülmüşdür.

  
Həyat yoldaşı Böyükxanım ananın xatirələrində deyilir ki, əməkdar rəssam adını aldığı gün ömrünün ən bəxtəvər anı idi. Buna görə hər zaman Heydər Əliyevə minnətdarlıq edərək qürurla deyirdi: ‘’Sənəti və sənətkarı ən çox sevən insanlar Azərbaycandadı. Bu hissin özü bir sənətkarlıqdır. Mən sənətə və sənətkara qayğı ilə yanaşan çox soydaşımızı görmüşəm. Ancaq heç  kəs  Azərbaycan mədəniyyətinə,incəsənətinə Heydər Əliyev qədər qayğı göstərə bilməmişdir.  Biz sənət  adamları Heydər Əliyevin həm 1962-1982-ci illərdə, həm də 1993-cü ildən ölkəmizə  rəhbərlik etdiyi dövrdə bu qayğını çox məmnuniyyətlə hiss etmişik. Şair gözəl deyib: dünyada qalacaq yalnız yaradan! Ancaq yaradıcı şəxsin qədrini bilən, onu dəyərləndirənlər isə daha çox yaşayacaqlar’’.


Özü gedib, izi qalan insanlardan birinin xatirəsi daim ehtiramlı yad edilir. Əlinin sənətkar sehri ilə kətan üzərində rəngləri, cizgiləri qovuşduran, onların ahəngini yaradan, onları bitkin, dolğun əsərlərə çevirən respublikanın əməkdar rəssamı Hacıağa Nəzərli belə bir ehtirama layiq şəxsiyyətlərdəndir.

Yetmiş səkkiz illik ömür payının 55-ni səxavətlə sənətinə həsr edən Hacıağa müəllim həyat yollarında çox çətinliklərdən şərəflə, alınaçıq çıxmışdı. Çoxları onu sərt adam kimi tanıyırdı. Lakin bu cəhət düzlükdən, haqsızlıqla barışmazlıqdan irəli gəlirdi.

Fırçasını təsviri sənətin bütün janrlarında sınayan H.Nəzərli rəssamlığa plakatçılıqdan başlamışdı. Tezliklə də tanınmışdı. Sonralar impressionizm  üslubunda yaratdığı əsərlər böyük rezonansa səbəb oldu. Rəngarəng portretlər qallereyası maraq doğurur. ‘’H.Cavid’’, ‘’C.Cabbarlı’’, ‘’M.Müşfiq’’, ‘’M.F. Axundov’’, ‘’Z. Bünyadov’’ əsərlərində qəhrəmanlarının daxili dünyasını, hiss və həyəcanlarını yüksək məharətlə çatdıran Hacıağa müəllim onları özünün duyduğu, gördüyü tərzdə təsvir edib.

H.Nəzərlinin yaradıcılığına sənət dostları da hər zaman yüksək qiymət veriblər. Məsələn, Azərbaycanın xalq rəssamı, professor  Kamil Əliyev dostu haqqında belə deyib: ‘’O, bütün fəxri adlara və mükafatlara layiq şəxsiyyətdir. Adətən rəssamların danışmaqla arası olmur.  Onlar demək istədiklərini rənglərlə çatdırırlar. Hacıağanın da ürək sözləri əsərlərindədir. O, mübariz rəssam idi. Belələrini indi barmaqla saymaq olar’’.

Rəssamlar İttifaqının sədri,xalq rəssamı Fərhad Xəlilovun ürək sözləri: ‘’Hacıağa müəllim xalqımızı dünyaya tanıtdıran sənətkarlardan olmuşdur. Əsərləri müxtəlif xarici ölkələrdə nümayiş etdirilib. O, həm sənətkar, həm də vətəndaş borcunu layiqincə yerinə yetirib. Düzlüyü, prinsipiallığı ilə seçilib. Ürəyindən keçənləri daim heç kimdən heç nədən çəkinmədən deyib’’.

Xalq artisti Polad Bülbüloğlu: ‘’Hacıağa Nəzərlinin təsviri sənətimizin inkişafında və təbliğində göstərdiyi xidmətlər əvəzsizdir. Müxtəlif  janrlarda, xüsusən plakat janrında yaratdığı əsərlər bu gün də öz aktuallığını itirməyib’’.

Elə buradaca Hacıağa müəllimin tablolarının sərgiləndiyi ölkələri sadalamaq istəyirəm. Avstriya, Yuqoslaviya, Hindistan, Bolqarıstan, Malayziya, Sinqapurda, keçmiş Sovetlər Birliyinin respublikalarında rəssamın işlərini sənət biliciləri yüksək dəyərləndirirlər.

SSRİ xalq artisti Zeynəb Xanlarovanın dediklərindən: ‘’Dünyanın çox yerində olmuşam, hər yerdə müxtəlif  rənglər görmüşəm. Məncə dünyada ən gözəl rənglər Azərbaycandadır. Bu rənglərin hamısı Hacıağa Nəzərlinin əsərlərində var. Mənə elə gəlir ki, Hacıağa müəllim təkcə rənglərlə işləmir,o, həm də yeni rənglər yaradır’’.

Hacıağa Nəzərli yaradıcılığında impressionizm cərəyanına da müraciət edib. O, Səttar Bəhlulzadə,  Mikayıl  Abdullayev  kimi bu sahədə də dəyərli sənət nümunələri yaratmağa müvəffəq olub, bu məktəbin layiqli davamçılarından biri kimi rəssamlıq tarixinə yeni səhifə açıb.

M.Müşfiqin yaradıcılığına dərindən bələd olan rəssam, şairin zəngin poeziyasından səmərəli surətdə faydalanmışdır. ‘’Yenə o bağ olaydı’’ şeiri əsərin məkanını müəyyənləşdirib, rəssam xəyallarını qayalıqlar arasına, Xəzərin qumlu sahilinə, göy sular səltənətinə aparıb; tablonun ruhuna, portretin psixologiyasına, qəlb aləminə, düşüncəsinə gəldikdə isə deməliyik ki, burada, ‘’Yenə o bağ olaydı’’ şeiri ilə yanaşı, rəssama başqa şerlər də qida verib, onun janr xüsusiyyətini dərindən duymağa kömək edib’’.

Kətan üzərində işlənmiş ‘’Mikayıl Müşfiq’’ tablosunun sadə kompozisiyası vardır. Öndə dəftər və qələm, qayalıq yerdə bir dizini əlləri arasına alıb qucaqlayaraq, irəliyə sakit nəzərlərlə baxan şair, bir də arxa planda mavi dəniz panoramı.  Rəssam bu üç kompozisiya elementi arasında daxili bir yaxınlıq, bağlılıq tapmışdır. Tablo təmiz və zərif boyalarla işlənmişdir ki, bunun özü də tablodan alınan əsas təəssüratla həmahəng səslənir. Yəni gözəl, təmiz rəng haradasa dənizin, xeyirxah bir insanın, şairin dəftərinə düşən ilhamlı misraların müjdəçisidir.

Hacıağa Nəzərlinin yaradıcılığında ‘’Cəfər Cabbarlı və Mikayıl Müşfiq Xızıda’’ rəngkarlıq lövhəsinin də xüsusi yeri vardır. Əsərdə mavi dağ fonunda Cəfər Cabbarlı və Mikayıl Müşfiq yanaşı təsvir edilmişdir. Tarixi həqiqət belədir ki, həmyerli sənətkarlar arasında yaxınlıq, ayrılmaz dostluq, yaradıcılıq əlaqəsi olmuşdur. Əsərdən görünür ki, M.Müşfiq görkəmli dramaturqa öz müəllimi kimi baxmış, ondan öyrənmişdir. Rəssam bununla bərabər gənc şairin coşqun ilhamını da göstərməyə çalışmışdır. C.Cabbarlı isə əsərdə ağır təbiəti, özündən yaşca kiçik yaradıcı dostuna səmimi münasibət ilə yadda qalır. Ətraf mənzərənin təsviri hər iki sənətkarın ilhamlı təbiəti ilə həmahəng səsləşir, obrazların bütövlüyünü tamamlayır.

H.Nəzərlinin klassik sənətkarımız Hüseyn Cavidə həsr etdiyi monumental tablo, rəssamın bu janrda yaratdığı  son əsəridi. ‘’Hüseyn Cavid’’ tablosu istər cizgi və boya həllinə, istərsə də kompozisiya yönümünə görə orijinal əsərdir. Rəssam bu tablosu üzərində saysız-hesabsız eskizlər çəkmiş, axtarışlar aparmışdır. O, əsərin son variantı üzərində dayanmışdır. Bu variant əvvəlkilərə nisbətən bütöv və mənalı baxılır. Tablonun mərkəzində budaqları maraqlı şəkildə kəsilmiş nəhəng ağac gövdəsi görünür. Gövdə sərt qabıqla örtülmüşdü və qəribə formaya malikdir. Gövdədən irəliyə çıxmış kök çıxıntı üzərində Hüseyn Cavid oturmuş, nə barəsindəsə fikrə qərq olmuşdur. Çox güman ki, hansı yeni əsəri barəsindəsə düşünür. Rəssama görə bu düşüncə mahiyyətcə sadə deyil və bu fikirlərin dərinliyində Hüseyn Cavid sənətinin fəlsəfəsi, nəhəngliyi, şəxsiyyət bütövlüyü durur. Əsərdə fon-mənzərə təsviri də maraq doğurur. Mənzərə, məkan dəyişməzliyi, özündə qədim bir gözəlliyi, ifadəliliyi saxlaması ilə sanki böyük ədiblər əkiz doğulub. Təbiətin müdrikliyi sənətkar müdrikliyi ilə inandırıcı şəkildə çulğaşır . Baxan kimi inanmaq olur ki, əsər tamaşaçıların rəğbətini qazanacaq və müəllifinə böyük yaradıcılıq sevinci bağışlayacaqdır.

Rəssama görə, plakat ictimai fikrin bütün sahələrinə nüfuz etməyi bacaran, dövrün vacib məsələlərinə, həyat hadisələrinə canlı sənətkar müdaxiləsinin mübariz bir formasıdır. Rəssam ömrünün sonuna kimi plakat janrına sadiq qalıb.

Hacıağa Nəzərli əlli ildən artıq bir müddətdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətində çalışıb. Cəmiyyətin veteranı, fəxri üzvü olub.

Rəssamın Qızıl Xaç və Qızıl Aypara Hərəkatına dair həsr etdiyi iki plakat  keçmiş  Lenin ordenli SSRİ Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyəti İcraiyyə Komitəsi tərəfindən yüksək qiymətləndirilmişdir. Beynəlxalq sərgidə göstərilmiş həmin plakatların mövzusu rəssamın yaradıcılığında yeni mövzudur. ‘’Donor başqalarına həyat bağışlayır’’ əsərinin maraqlı kompozisiya quruluşu ilk baxışdan tamaşaçını cəlb edir. Plakatın yuxarı sağ küncündə Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin emblemi verilmişdir. Əsərin səthi aşağı hissədən yuxarı hissəyə getdikcə açılan qan rəngində boya ilə örtülmüşdür. Aşağı hissədə xəstə ürək, bir qədər yuxarı hissədə qan damcısı göstərilmişdir. Sanki, burada böyük bir fikir, məna öz çalarları, ahəngi ilə ardıcıllıqla tənzimlənir. Başqa sözlə desək, donorun verdiyi qanın damlası xəstə ürəyə şəfa verir, xəstəyə təzə ömür, həyat bağışlayır. Beynəlxalq sərgidə göstərilən ikinci əsərdə isə rəssam bütün plakat boyu ağ göyərçinin pərvazlandığı anı təsvir edib. Qanadın bir tərəfində göy, qırmızı, yaşıl lentlər dalğalanır, Cəmiyyətin emblemi görünür. Kompozisiyanın fonu təmiz mavi boya ilə örtülür, hər şey öz-özlüyündə aydındır. Rəssam bu əsərini ‘’Planetin bütün insanlarına təmiz səma’’ adlandırıb.

Hacıağa müəllimin plakatlarında sülh mövzusu üstünlük təşkil edir. II Dünya Savaşının dəhşətlərini gözləri ilə görmüş, 4 illik döyüş yolu keçmiş bir insan, əlbəttə ki, xalqına sülh, əmin-amanlıq arzulayardı. Lakin tale elə gətirdi ki, ömrünün son illərini də Qarabağ müharibəsinin ağrı-acısı ilə başa vurdu. Bu gün təsviri sənətimizin korifeylərindən sayılan Hacıağa Nəzərli aramızda yoxdur. Lakin onun xatirəsi ürəklərdə yaşayır və yeri gəlmişkən çox yaxşı olardı ki, əlaqədar təşkilatlar rəssamın sənət dostlarının, doğmalarının arzusunu yerinə yetirsinlər, onun  adının əbədiləşdirilməsi üçün müəyyən addımlar atsınlar. Bu, sənətkar ruhuna ən böyük hörmət olardı. Bu, həm də Hacıağa müəllimin yoxluğundan sonra yaranmış boşluğu doldurmağa qadir olmasa da, yaxınlarına, dostlarına, sənətsevərlərə bir insan ömrünün, bir  rəssam taleyinin xatirələrini pıçıldayacaq... Şair Nizami Gəncəvi demişkən:

Hərçəndi dünyada ölüm gerçəkdir,
Ölüm, ölüm deyil yer dəyişməkdir.








Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir