Modern.az

Şahlar Əsgərov: “Azərbaycan ictimaiyyəti belə dəyərli alimlərini tanımır” - MÜSAHİBƏ

Şahlar Əsgərov: “Azərbaycan ictimaiyyəti belə dəyərli alimlərini tanımır” - MÜSAHİBƏ

3 İyun 2015, 16:28

“Əzizlərimizi holland qızılgülləri ilə təbrik ediriksə, bizdə yeni nov qızılgüllər yaranmayacaq”


Modern.az
saytı elm sahəsində patent və müəlliflik şəhadətnaməsi alan, ixtiraları xaricdə, eləcə də ölkə daxilində faydalı iş əmsalına müsbət təsir edən alimlərlə silsilə müsahibələrə başlayır. İlk müsahibimiz fizika sahəsində bir çox yeniliklərə imza atmış, professor, təhsil eksperti Şahlar Əsgərovdur:

- Öncə aldığınız patentlər və müəlliflik şəhadətnaməli haqqında məlumat verərdiniz?

- Mənim bir neçə patentim və müəlliflik şahədətnaməm var. Ancaq onların ikisini daha çox sevirəm. Birinci şəhadətnamənin ideyası mənim olsa da, onun müəlliflərinin sayı altıdır: aspirantım Cabir Nəsrullayev (hazırda Azərbaycan Tibb Universitetini dosentidir) və 4 nəfər moskvalı: Onlardan ikisi Moskva Dövlət Universitetinin əməkdaşıdır (professor V.Yurasova və L.Şelyakin), digər ikisi isə hüquqçudur (Staşenko E. və Safronski E). İxtira metal üzərindən silinən informasiyaların bərpasına aiddir. Yəni əsasən kriminalistikaya, nümuzmatikaya aiddir. İkinci ixtiram tətbiqi incəsənətə - mexaniki üsulla naxışların yaradılmasına aiddir. Bu naxışlardan bir neçəsini sizə göndərirəm.

Hər iki ixtira Moskvada müvafiq komitədə qeydə alınıb. Komitə naxışla bağlı ixtiranı “Əsgərovun naxışları” adlandırmağı tövsiyə etdi. İxtira “Obyekt üzərində naxışların yaradılması ” adlanır.

- Fizika elmində Şahlar müəllimin açdığı cığır, istiqamət nədən ibarət olub?

- Fizika elmində açdığım cığırlar bunlardır:

Fiziki elektronika sahəsində alçaq enerjili civə ionları ilə bərk cisimlərin qarşılıqlı təsiri zamanı baş verən hadisəni öyrənmişəm. Bu hadisə katod tozlanması adlanır. Bu hadisənin parametrləri arasında düstur müəyyənləşdirmişəm: S = k (E – E0) 3. Bu nəticə termonüvə reaksiyasının idarə olunması problemində və ion mühərriklərində geniş tətbiq edilir.

Metal-yarımkeçrici kontaktının (MJK ) xassələrinə qeyri-bircinsliyin təsirini öyrənmişəm. Qeyri-bircins metal-yarımkeçirici kontaktının fizikasının yaradıcısıyam.

Helsinki Universitetinin professoru M.Luukkala ilə “Fotoakustik mikroskopla mikrostruktur deffektlərinin qeyd edilməsi” problemi üzərində işləyib maraqlı nəticələr almışam.

Dəyərləri və biliyi qiymətləndirmək üçün yeni kriteriya təklif etmişəm. Bu haqda iki monoqrafiya çap etdirmişəm. Bu monoqrafiyaların rus dilində də çapı yekunlaşır.

- Ümumiyyətlə, Azərbaycan alimlərinin aldığı patentlər kəmiyyət və keyfiyyətcə sizi qane edirmi?

- İxtira, patent qabaqcıl sənaye, istehsal və texnologiya ilə bağlıdır. Bizdə neft sənayesi inkişaf etdiyindən, ola bilsin ki, bu sahədə patentlər çoxdur. Digər sahələrdəki patentlər qaneedici deyildir.

- Sanki ildən-ilə alimlərimizin əldə etdiyi patentlərin sayı azalır. Bir mütəxəssis kimi bunu nə ilə əlaqələndirə bilərsiniz?

- Sənaye, istehsal artdıqca ixtiraların sayı da artacaq. İstehsal ixtiranın yaranmasını stimullaşdırır. Əgər biz bayram günləri əzizlərimizi holland qızılgülləri ilə təbrik ediriksə, onda bizdə yeni nov qızılgüllər yaranmayacaq. Mən tələbə olanda bulvarda mərdəkanlı bir bioloqun (bağban) 350 növ qızılgül sərgisinə baxmışam. O bioloq alimin işinin canlanması üçün daxili bazar qorunmalıdır. Onda bizdə də yeni qızılgül növləri yarana bilər.

- Azərbaycan Milli Elmlər Akademiyasında il ərzində əldə olunan patentlərin ümumi göstəricisi barəsində nə deyə bilərsiniz?

- Bu göstərici ilə bağlı statistik məlumatlardan xəbərim yoxdur.

- Şahlar Əsgərovla yanaşı, başqa hansı yerli alimlər bu sahədə ilkə imza atıb?

- Elmin tarixi ilə professional səviyyədə məşqul deyiləm. Ona görə səhv edə bilərəm. Ancaq 1987-ci ildə Moskvada çap olunan “Sovet elminin və texnikasının 1917-1987-ci illər arasında əldə etdiyi ən böyük nailiyyətlər” kitabında bizim alimlərdən ancaq iki nəfərin - Emin Tağıyev ilə Oktay Hüseynovun adları çəkilir. Bu alimlər kimlərdir? Emin Tağıyev indiki Dövlət Neft Akademiyasını bitirib, üç dəfə Stalin mükafatı almışdı. Oktay Hüseynov 1963-cü ildə Bakı Dövlət Universitetini bitirib. 1968-ci ildə 1982-ci ilədək Milli Elmlər Akademiyasının Şamaxı Rəsədxanasında direktor müavini və sonra Fizika İnstitutunda laboratoriya müdiri çalışıb, sonradan Türkiyəyə dəvət alıb. 1992-ci ildən Türkiyənin Orta Doğu Texniki Universitetində çalışıb, oradan də təqaüdə çıxıb. Buna baxmayaraq, dəyərli alimlərimiz olub, var və həmişə olacaq. Siz onların çoxunu tanıyırsınız. Ancaq elə böyük alimlərimiz də var ki, cəmiyyət onları tanımırlar.

- Məsələn...

- Bir neçə misal çəkəçəm: Əli Əmiraslanov 1953-cü ildə SSRİ EA-nın müxbir üzvü seçilən ilk azərbaycanlıdır. Geoloq Əli Əmiraslanovdan sonra bu səviyyəyə qalxan alimimiz Yusif Məmmədəliyev (1958-ci ildə) olub. Cəmiyyətin demək olar ki, böyük əksəriyyəti Əli Əmiraslanovu tanımır. Elyaz Babayev elmi kəşf diplomu olan yeganə azərbaycanlıdır. Mən biləni, Azərbaycanın çoxminlik elm ordusunda ondan başqa heç kəsin kəşf diplomu yoxdur. Elyaz Babayev “Canlı insan və heyvan sümüklərində mövcud olan xüsusi gərginliyin təzahürü” kəşfinin həmmüəllifidir. Bu talantlı alim hazırda ABŞ-ın Minisota ştatının Mennonones şəhərində elmi laboratoriyaya rəhbərlik edir. Azərbaycan elmi ictimaiyyəti belə bir adamı tanımır. Tanımadığımız digər böyük alim Abbas Çayxorskidir. O, SSRİ nüvə reaktorlarının qəbulu üzrə Dövlət Komissiyasının sədri (1969-1981) olub və neptunium elementi sahəsində dünya şöhrətli tədqiqatçı, kimya elmləri doktoru, professordur.

- Siz onların fəaliyyətini necə dəyərləndirirsiniz?

- Mən onların fəaliyyətini yüksək dəyərlənirirəm. İstərdim ki, cəmiyyət də onları yaxşı tanısın və dəyərləndirsin.

Elmin NURİ

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi