Modern.az

Mən- biz, sən- siz, o- onlar barədə deyimlərim –VI yazı

Mən- biz, sən- siz, o- onlar barədə deyimlərim –VI yazı

Ədəbi̇yyat

5 İyun 2015, 08:56

filologiya üzrə elmlər doktoru, professor

Ləyaqətdən  uzaq olan bir adam vəzifəli bir şəxsin otağına girir və qəbulda dayanan başqa birisini o ki var pisləyir. Sonra otaqdan çıxarkən qəbul otağında pislədiyi adama üzünü tutub deyir ki, səni içəridə təriflədim.

16.IV.2007-ci il

***

         Kim olursa-olsun, dost ya düşmən, insan gərək öz ləyaqətini itirməyə.

17.IV. 2007-ci il

***

         Sel gələndə çör-çöp gətirir. Sonra isə iri kötükləri.

***

İndi insanlar bir-birinə çoxlu pul, sonra cansağlığı arzulayırlar. Halbuki cansağlığı puldan əvvəldir.

17.IV.2007-ci il

***

         Qoçaq olan yalnız öküzə qoşulan alət kotandır.

17.IV.2007-ci il

***

Söz dodaqdan kəpənək kimi uçmalıdır. Söz dodaqdan qırılıb tökülməməlidir.

18.IV.2007-ci il

***

         Keçmişdə uşaqlar acarkən özləri yemək istəyirdilər. İndi isə uşaqların arxasınca gəzərək zorla, qaşıqla yemək yedirdirlər.

         18.IV.2007-ci il

***

         İt üçün leş, kişi üçün vəzifə əbədi deyil.

20.IV. 2007-ci il

***

         Belə bir məsəl var: “İnsanı geyiminə görə qəbul et, ağlına görə yola sal”. Mən bu qənaətə gəldim ki, insanı qəbul et, qabiliyyətinə, ağılına görə yola sal.

                                                                                              21.IV.2007-ci il

***

         İnsanların böyük əksəriyyəti öz mayasına turş demir. Bunun səbəbi nədir?!

22.IV.2007-ci il

***

Bəzi insanlar layiq olduğundan daha çox iddialı olurlar. İstəkləri, arzuları haqqı, ədaləti üstələyir... Az qala hər bir kəsi özlərinə borclu sayırlar. Görünür ki, insan özünü hələ də tam şəkildə dərk etmir. Dərketmənin zəifliyi, qeyri-obyektivliyi insanı layiq olduğundan artıq iddialı olmağa gətirib çıxarır.

22.IV.2007-ci il

***

         Görkəmli yazıçı Əlibala Hacızadənin belə bir sözü var: “Padşahların sözü sözlərin padşahıdır”.

         22.IV.2007-ci il

***

         İki şey insanı hörmətdən salar: biri sözü vaxtı gələndə deməmək, ikincisi, sözü vaxtı keçəndən sonra demək.

23.IV.2007-ci il

***

Bəxtiyar Vahabzadə yaradıcılığı həm də ona görə sevilir ki, onun əsərlərində məntiq, fəlsəfə, idrak Azərbaycan dilinin zənginlikləri (dil, üslub, ifadə formaları) ilə birləşir.

                                                                                              30.IV.2007-ci il

***

         “Bəxtəvər” bəxtim də məndən üz döndəribdir.

4 may 2007-ci il

***

         Tələbələrimin birinin dəftərində (dəftərin üz qabığının içərisində) belə bir cümlə yazılmışdı: “Sən doğulanda yağış yağırdı, yağış deyildi, ulduzların göz yaşları idi, çünki onların ən gözəli yerə enmişdi”.

8 may 2007-ci il

***

         Vaxtilə tələbəm olmuş bir türkdən bayramların birində telefonuma belə bir məlumat göndərilmişdi: “Özəl insanlar özəl günlərdə xatırlanır. Gözəl diləklər gözəl insanlara yollanılır. Bütün gözəlliklər Sizin olsun, sevincləriniz bir-birinə qarışsın. Sevilən Siz, sevən Siz, Sevindirən Siz olasınız”.

9 may 2007-ci il

***

         Pis adamlar şeytanın övladlarıdır. Pis adamlar şeytanın törəmələridir. Pis adamlardan pislikdən başqa heç nə gözləmək olmaz. Pis adamlar heç zaman öz pisliklərindən əl çəkməzlər. Pis adamlar yaxşı işlərə qol qoymazlar. Pis adamlar haqq - ədalətdən, insafdan uzaqda olarlar.

12 may 2007-ci il

Yazıçı yaşadığı torpağın bir qarışından ömrü boyu yazsa, bu işə ömrü çatmaz. Bir qarış torpaqdan yazmağa bir ömür bəs eləməz. Daha doğrusu, bir qarış torpaqdan bütün ömrün boyu yazsan da, axıra qədər yazıb qurtarmaq olmaz.

18 may 2007-ci il

***

Eqoizmdən xilas olmağın yeganə yolu başqaları üçün yaşaya bilməkdir...

***

         Dünyanın ən yaxşı yeri quyunun dibidir. Çünki oradan daha yüksəklərə qalxa bilirik.

8 avqust 2007-ci il

***

         Lənkəranın Həftəno (Yeddi bulaq) kəndində VI sinifdə oxuyan bir qıza sual verdim ki, həyətinizdə hürən bu itlər qonşuları narahat edirmi? O isə cavab verdi ki, itlərin hürməsinə görə qonşular arasında narazılıq olmur. İnsanlar bir-biri ilə yola getmir, bir-birini başa düşmür. İnsanları itlər yox, insanların özü incidir.

8 avqust 2007-ci il

***

Xalq şairi Fikrət Qoca ilə olan görüşdə o, belə bir söz dedi: “Hər bir kəs dekan ola bilər, amma hər bir kəs Buludxan müəllim – Buludxan Xəlilov ola bilməz”.

22 oktyabr 2007-ci il

***

Yuva yıxanın yuvası olmaz.

                                                                                              09.03.2008-ci il

***

         Qızıl sahibinin deyil, şeytanındır.

***

         Var-dövlət, qızıl şeytanın kirayəşinidir.

25.03.2008-ci il

***

         Ana yanan od, ata yandan keçən (yan gəzən), qardaş qara daş (möhkəm daş), bacı böyük acıdır.

26.03.2008-ci il

***

         Pessimist ən yaxşı informasiyaya malik optimistdir.

31.08.2008-ci il

***

 

Böyük adamların ölümü vaxtsız ölümdür.

28.09.2008-ci il

***

         Daş atmaq adamı hörmətdən salar.

29.09.2008-ci il

***

         Dərdsiz adam yoxdur, arsız adam var.

05.10.2008-ci il

***

Amerika Prezidenti Obama “Orucluq”da iftar süfrəsindəki nitqində deyir:

“Çayların, gölməçələrin, göllərin və axınların hərəsinin öz adı olsa da, onlar hamısı sudan ibarətdir. Din də eynilə bunun kimidir – onların hamısını inam birləşdirir”.

02.09.2009-cu il

***

Dilimizdə belə bir misal var: “Sənə mələməmiş quzu kəsim”. Əslində bu deyimin izahına ehtiyac vardır. Bu, ona görə belə deyilir ki, mələməmiş (körpə) quzunun dərisindən daha yaxşı papaq tikilir və belə quzunun 11-nin dərisindən bir papaq tikmək olur. Papaq milli simvollardan biri olduğu üçün mələməmiş quzunun dərisindən papağın tikilməsi daha yüksək qiymətləndirilmişdir. Və “Sənə mələməmiş quzu kəsim” deyimi də təsadüfi deyim olmamışdır.

***

Türk yazarlarından biri tanınmış bir yəhudidən soruşur ki, siz yəhudilər bütün sahələrdə niyə tanınırsınız? O deyir ki, biz ən müqəddəs kitablarımızı oxuyur, öyrənirik. Öz dilimizi öyrənməklə başqa bir dili də öyrənirik.

         Yaxşı olar ki, biz də övladlarımıza müqəddəs kitablarımızı, nağıllarımızı, dastanlarımızı oxudaq və öyrədək. Onlar buradan öyrəndikləri biliklər əsasında sonradan dünyaya baş vursunlar. Eyni zamanda doğma ana dilimizi yaxşı öyrətdikdən sonra dünya dillərindən ən nüfuzlu olanının birini öyrədək.

28.XII.2009-cu il

***

Papağı arxası üstə qoymaq olmaz. Bu o deməkdir ki, onda milləti arxası üstə qoyursan. Papağı üzü üstə də qoymaq olmaz. Belə olanda milləti üzü üstə qoyursan. Papaq milli simvol olduğu üçün ona hörmət və ehtiramla yanaşmaq lazımdır.

28.XII.2009-cu il

***

         Belə bir məsəl var: Oğlum olsa, adını qoyaram Nəzərəli. Mənə baxsa da, baxmasa da nə zərəri. Yenə də oğlumdur.

 

15.05.2010-cu il

***

         Ağıla paxıllıq yoxdur. Belə ki, hər bir kəs özünü başqasından ağıllı sayır.

         Sual olunur: İnsanlar nə üçün bir-birinin ağılına paxıllıq etmir, amma onların bir-birinə başqa cür paxıllıqları olur?!

22.05.2010-cu il

***

         Müdriklərdən birinin belə bir deyimi var: Bütləri Tanrı yıxır, heykəlləri isə insan. Bütlər yıxılanda bəşər üçün yeni mərhələ başlayır. Heykəllər yıxılanda, cəmiyyət ardı-arası kəsilməyən faciələr silsiləsinə qədəm qoyur. Düşən heykəllərin yerində başqaları otuzdurulur.

05.09.2010-cu il

***

         Dəyirman daşı buğdanı əzir, üyüdür, zamansa insanları.

07.09.2010-cu il

***

         Ölümdən heç kəs qaça bilməz.

08.09.2010-cu il

***

         Həmişə yağış göydən yerə yağır. Görəsən bir gün yağış yerdən göyə yağacaqmı?!

09.09.2010-cu il

***

         Vaxtından əvvəl qınından çıxan qılınc öz sahibinə ziyan gətirə bilər.

09.09.2010-cu il

***

         Çörək sınağına çəkilmək ən böyük cəzadır.

09.09.2010-cu il

***

Zillətin son mərhələsindən izzətin yüksək mərhələsinə qalxmaq hər kəsin işi deyildir. Zillət də, izzət də hər bir kəsin haqqıdır.

09.09.2010-cu il

***

         Hər bir bəlanın bir hikməti var.

***

Ay həmişə bulud arxasında qalmır ki?!

         ***

         Aşiqlər həmişə intizarda olur.

         ***

         Evin küncündə oturmaq aşiqə yaraşmaz.

         ***

         Saray kimi ev-eşik bəzən zindan kimi qaranlıq olur.

         ***

         Bir yalanı çox təkrarlamaq bəzən yalan deyənin özünün də ona inanmasına səbəb olur.

         ***

         Zirvədən dərəyə düşənlərin nəvazişə ehtiyacı var.

         ***

         Məbudumu istəyirdim. İndi onun hüzurundayam.

         ***

         Biz hər şeyə görə Allaha borcluyuq.

         ***

         Hər bir şey barəsində Allahla razı-niyaz etmək lazımdır.

         ***

         İlahi məhəbbətin mehi həmişə insana tərəf axmır.

         ***

         Uca yaradana eşq olduğu halda, yerdəki eşqə ehtiyac varmı?!

         ***

         Eşq nələr eləmir?!

         ***

         Allah istəyən kəsə heç kim heç nə edə bilməz.

         ***

         Dan yeri sökülən vaxt edilən dualar qəbul olunur.

         ***

         Görəsən mələklər hansı anda göz yaşı tökürlər?!

         ***

         Allahın seçdiyi adamla heç kəs mübarizə apara bilməz.

         ***

 

         Deməli, sən də hicran çəkmisən?!

         ***

         Ayrılıq qəmi acıdır?

         ***

         Amma vüsalın şirinliyi ayrılığın acısını unutdurur.

         ***

         Anasına hürən küçük canavarlara yem olar.

         ***

         Biz hamımız Allahdanıq və ona tərəf qayıdacağıq.

         ***

         Ölümdən heç kəs qaça bilməz. Hətta övliyalar və peyğəmbərlər də...

         ***

         Ölümlə həyat Allahın əlindədir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!