Modern.az

Rus çarı Qarabağ xanına hansı məqsədlə bayraq və gerb verdi... - TARİX

Rus çarı Qarabağ xanına hansı məqsədlə bayraq və gerb verdi... - TARİX

Ədəbi̇yyat

6 İyun 2015, 11:27

Azərbaycan tarixinin ən qara səhifələrindən biri də XVIII-XIX əsrlərdə mövcud olmuş xanlıqlarla bağlıdır. Hər yaranan yeni xanlıq zəngin dövlətçilik tarixi olan Azərbaycanı bu ənənədən daha da uzaqlaşdırırdı. Ölkənin şimalında və cənubunda ayrı-ayrı müstəqil idarəetmə qurumları meydana gəlirdi. Güclü Quba, Qarabağ, Gəncə, Naxçıvan, İrəvan xanlıqları nisbətən özlərindən zəif olan xanlıqları ram etmək üçün müxtəliuf siyasi oyunlara əl atırdılar. Bu “kiçik dövlətlərin” xarici siyasətinin əsasında isə Rusiya, Osmanlı və İranla münasibətlər əsas yer tuturdu. Rusiyameylli  xanlıqlardan biri Qarabağ xanlığı olub.

1807-ci ildə rus çarı I Aleksandr Qarabağ xanına xanlığın bayrağını və gerbini təqdim edib. Bu, əslində sırf siyasi məqsədlərlə edilən manevr idi. Bu zaman rus çarı onsuz da əllərində olan və hər zaman zərərsizləşdirə biləcəyi Mehdiqulu xana bayraq və gerb verməklə, əslində başqa xanlıqlarla oynanılan oyun üçün bir gediş edirdi. Hər halda, bayrağın və gerbin nə məqsədlə verilməsi, ümumiyyətlə, Mehdiqulu xan zamanında Rusiyanın Qarabağ xanlığına olan münasibətindən Modern.az saytının müraciət etdiyi mütəxəssislər-politoloq və tarixçi alim danışacaq. Amma ilk növbədə həmin bayraqdan bəhs edək.

1807-ci ildə Küərkçay sülh müqaviləsi imzalanan zamanı verilən bayraq dördkünc, ikiqat ağ qanovuz ipək parçadandır. Bayrağın hər iki üzündəki təsvirlər eynidir. Hər iki tərəfdə Rusiya imperiyasının gerbi təsvir olunub. Boz rəngli ikibaşlı qartalın dimdiyi, gözləri, caynaqları və caynaqlarında tutduğu hakimiyyət rəmzləri, eləcə də qartalın hər iki başında və başlarının üstündə, ortada təsvir edilən iki kiçik və bir  böyük  tac qızılı rəngdədir. Tacların üstü  göy və qırmızı daşlarla bəzənib. Qartalın sinəsində qızılı haşiyəsi olan Avropa qalxanı təsvir edilib. Qalxanın üzərində ağ, qırmızıvə boz rənglərlə Moskva şəhərinin gerbi, Müqəddəs Müzəffər Georginin əksi verilib. Bayrağın kənarlarına gümüşü güləbətin saplarla bafta tikilib, onun üzərində isə uzunsov dairələrdə səkkizləçək güllər və xaçlar salınıb. Bayrağa üç tərəfdən qızılı saplardan və altıləçəkli gül formasında olan zərif gümüş asmalardan saçaq tökülüb.

Adını çəkdiyimiz Kürəkçay sülh müqaviləsi, eləcə də rus çarının Qarabağ xanlığına olan riyakar münasibəti barəsində tarixçi alim Boran Əziz bunları qeyd edir:

“Rus imperiyası 1805-ci il mayın 14-də Qarabağ xanı İbrahimxəlil xanla Kürəkçay müqaviləsi imzalamışdı. Bu müqaviləyə əsasən, çar Qarabağ xanlığının müstəqilliyini tanıyırdı. Müqavilə 11 maddədən ibarət idi. Burada göstərilirdi ki, Rusiya Qarabağ xanlığının daxili işlərinə qarışmır, İbrahimxəlil xan və sonradan onun varisi kimi qəbul elədiyi adam varis kimi qəbul edilir, eyni zamanda Qarabağ xanı İbrahimxəlil xana da Rusiyanın düşməni olan ölkələrlə əlaqə saxlamamaq  şərti qoyulur. Həmçinin, Şuşada rus qoşunlarının yerləşdirilməsinə icazə verilməli idi. Kürəkçay müqaviləsi əslində hüquqi-siyasi və tarixi baxımdan Azərbaycan üçün çox gərəkli olan bir sənəd idi. Çünki o zaman beş erməni məlikliyi də Qarabağa tabe idi. Rus çarı da onlarla yox, Qarabağ xanı ilə müqavilə imzalayıb. Bu da elə indi də həm ermənilər, həm də onların havadarları üçün ağır bir zərbədir. Amma Rusiya yenə hər zaman olduğu kimi, bu dəfə də müqaviləyə çox müvəqqəti zaman müddətində əməl etdi. 1822-ci ildə öhdəlik götürməsinə baxmayaraq, 1822-ci ildə xanlığı ləğv etdi. Müqavilədən bir il sonra İbrahimxəlil xana zəmanət vermələrinə baxmayaraq, onu 18 ailə üzvi ilə birgə öldürdülər. Ondan sonra Qarabağ xanı Mehdiqulu xan oldu. Onu da o vaxt Qafqaza canişin təyin edilən Yermolov o qədər bezdirdi ki, ailəsini götürüb qaçmağa məcbur oldu.
Burada bir şeyə xüsusi diqqət etmək lazımdır: Rusiya çarı həm 1806-cı ildə İbrahimxəlil xanı öz ailə üzvləri ilə birgə öldürməklə, həm də 1822-ci ildə hüquqi şəkildə xanlığın fəaliyyətinə son qoymaqla sübut etdi ki, Rusiya rəhbərlərinə heç zaman bel bağlamaq olmaz”.

Məsələnin siyasi mahiyyətini isə politoloq Qabil Hüseynli bu cür əsaslandırır:

“Rusların Cənubi Qafqaza gəlməsində Qarabağ xanı İbrahim xanın böyük rolu olub. Mehdiqulu xan da ruslardan Rusiya təbəəliyində yarımmüstəqillik istəyirdi. Rusiya o zaman, II Pavel dövründə Cənubi Qafqazda öz siyasətini yürüdürdü. O, rus çarları içində xaraktercə ən zəifi idi. Onun əvəzindən siyasəti daha çox saray məmurları yürüdürdülər. Qafqazda siyasəti canişin təyin edilən general-qubernator həyata keçirirdi. Ruslar bu addımı siyasi manevr xatirinə ediblər. Cavad xanın üzərindən İrəvan xanlığını özlərinə tabe edə bilmirdilər. Ona görə də Qarabağ xanlığına süni aldadıcı güzəşt vəd etməklə həm Cavad xanı öz tərəflərinə çəkmək, həm də İrəvan xanlığını zərərsizləşdirmək məqsədi güdürdülər. Yəni döyüşsüz bütün Azərbaycan ərazilərini Rusiyanın tabeliyinə köçürmək istəyirdilər. Mən məsələni bu cür başa düşürəm”.



Elmin NURİ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!