Modern.az

Azərbaycan dastanları fransız dilində - MÜƏLLİF: “Bu, ədəbiyyat tariximizdə bir ilkdir”

Azərbaycan dastanları fransız dilində - MÜƏLLİF: “Bu, ədəbiyyat tariximizdə bir ilkdir”

Ədəbi̇yyat

10 İyun 2015, 15:02

Qədim tarixə malik Azərbaycan ədəbiyyatı və mədəniyyətinin dünyada tanıdılması və təbliği sahəsində hazırda respublikamızda görülən işlər cəmiyyətimizdə rəğbətlə qarşılanır. Ölkəmizin hərtərəfli inkişaf yoluna çıxdığı indiki dövrdə bu fəaliyyət heç vaxt olmadığı qədər vacibdir.

Hər hansı bir ölkənin dünya mədəniyyəti səhnəsinə çıxması üçün onun ədəbiyyat nümunələrinin xarici dillərə tərcüməsi əhəmiyyətli rol oynayır. Buna görə də Azərbaycan folklorunun dastan janrına aid bəzi nümunələrinin fransız dilinə tərcümə edilməsi bu yolda atılan uğurlu addımlardan sayılmalıdır. Bu mənada fransız dilində yenicə çapdan çıxmış “Şah İsmayıl və Azərbaycanın digər dastanları” kitabı  Azərbaycan və Fransa arasında mədəni əməkdaşlığın nazik bir teli olmaqla təqdirəlayiqdir.

Kitabın müəlliflərindən biri, jurnalist Novruz Novruzovla görüşüb tərcümə haqda bir neçə suala cavab verməsini xahiş etdik.  Modern.az həmin söhbəti təqdim edir.

-Bu ideya necə yarandı?

-Bir neçə il əvvəl Bakıdakı Fransa səfirliyinin mədəniyyət üzrə attaşesi müsyö Gi ilə Azərbaycan uşaq nağıllarının fransız dilinə tərcüməsini müzakirə edirdik. O, ixtisasca filoloq-müəllim olduğundan folklorumuza maraq göstərirdi. Müsyö Gi məsləhət üçün bildirdi ki, Fransa tərəfdən bir folklorçu ilə əlaqəli işləmək daha çox səmərə verər. İki aydan sonra o, məni Fransadan gəlmiş peşəkar nağılçı Loğelin Köniq adlı xanımla tanış etdi. Xanım Köniqlə söhbət zamanı Azərbaycan mədəniyyəti və fransız dili arasında ümumi tarixi maraqlara aid informasiya mübadiləsi nəticəsində bizdə Azərbaycan folklorunun möhtəşəm nümunələrindən olan dastanları Fransada tanıtmaq arzusu oyandı. Bu günə qədər Azərbaycan tarixinə və ədəbiyyatına aid fransız dilində müəyyən materiallar olsa da, dastan janrından heç bir əsər fransız dilinə tərcümə olunub nəşr edilməmişdir. Fransız oxucusuna tanış olan yeganə “Koroğlu” dastanıdır ki, bu da Jorj Sand tərəfindən A.Xodzkonun ingilis dilində qələmə aldığı variantın tərcüməsidir. Halbuki, bu bir tərəfdən tərcümədən tərcümədir, digər tərəfdən onun mətnində dastanın forması, üslubu qorunmur və mətn sanki nəsr əsərini xatırladır. “Dədə Qorgud” dastanı isə bir neçə il əvvəl türk dilindən tərcümə edilmişdi.
Bizdə məhz bu boşluğu doldurmaq üçün maraq oyandı və qərara gəldik ki, bir neçə dastanı fransız dilinə tərcüməni edək. “Lider” nəşriyyatı tərəfindən çap olunmuş 5 cildlik “Azərbaycan dastanları” kitabından “Şah İsmayıl”,”Novruz”, “Mahmud və Nigar” dastanlarını seçib tərcümə etdik. Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın mədəni irsimizin qorunması sahəsində göstərdiyi əvəzolunmaz xidmətlər də bu işdə bir stimul rolunu oynadı.

-Tərcümə prosesində çətinliklər çoxmu oldu?     

-Biz ayrı-ayrı ölkələrdə yaşadığımızdan tərcüməni internet üzərindən Skype vasitəsilə həyata keçirmişik. Əvvəlcədən qərara almışdıq ki, dastanın Azərbaycan dilindəki mətnini imkan daxilində qoruyaq. Bu, birincisi, dastan dilinin oynaqlığına (musiqililiyinə, ritminə) uyğun gələr, ikincisi, hadisələrin Azərbaycan dilində təsviri üsulu elmi və praktiki cəhətdən oxucunun marağına səbəb olardı. Tərcümə prosesində Azərbaycan mədəniyyətinə və dilinə xas bəzi ifadələri-əgər fransız dilində qarşılığı yoxdursa, qoruyub saxladıq və hətta qısa şərhlər də verməyi məqsədəuyğun saydıq. Artıq çətinliklər arxada qalıb. Kitab oxucuların ixtiyarındadır.

-Tərcümənin mükəmməlliyi barədə nə demək olar?

-Mən tərəfdən, demək olar ki, heç nə! Rəyi fransızlardan və fransızdilli oxuculardan gözləməliyik. Müəllif kimi mənim dəyər verdiyim səbəb kitabın ədəbiyyat tariximizdə bir ilk olmasıdır. Əgər kitab əcnəbi oxucuların və mütəxəssislərin marağına səbəb olarsa, bu, böyük məmnunluq doğurar.



Esmira ORUCOVA

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!