Modern.az

Süleyman Rüstəm və Azərbaycançılıq məfkurəsi

Süleyman  Rüstəm və Azərbaycançılıq məfkurəsi

Ədəbi̇yyat

10 İyun 2015, 16:14

AJB-nin üzvü, publisist
Pedaqogika üzrə fəlsəfə doktoru

Hərçənd  ki, dünyada ölüm gerçəkdir,
Ölüm ölüm deyil, yer dəyişməkdir.
Nizami Gəncəvi
 

“Dinlə, ey Yer kürəsi Azərbaycanlıyam mən’’ - deyən, qəlbi daim Vətən sevgisi ilə alışıb-yanan, ömrünün sonuna qədər son kəlməsi Vətən-Azərbaycan olan xalq şairi Süleyman Rüstəmin şəxsiyyəti, yaradıcılığı zaman-zaman oxucuların, tədqiqatçıların diqqət mərkəzindədir. S.Rüstəm şəxsiyyətinə münasibət bir mənalı olmasa da, onu sırf sosialist, partiyalı şair adlandıraraq, bu ölməz ədibin zəngin söz xəzinəsinin üstündən xətt çəkmək mümkün deyildir. Məncə, Süleyman Rüstəm yaradıcılığına bu gün yeni prizmadan baxmaq, yeni yanaşma tərzi ilə dəyərləndirmək gərəkdir. Onun poeziyasına, sətiraltı mənalarına yeni baxış şairin əsl vətənpərvər, sözün əsl mənasında xalqın şairi, istiqlal şairi olduğunu açıb göstərir.

Uzun illər S.Rüstəm yaradıcığına bələd olduğum üçün tam məsuliyyətlə onu, vətənpərvər, istiqlal şairi adlandırıram. Təbii ki, fikirlərimi ədibin şeirlərinin dili ilə izah edəcəyəm.


S.Rüstəmin  uşaqlıq həyatı Sovet hakimiyyətinin yaranmasının ilk illərinə təsadüf etdiyindən milyonların istəyindən eləcə də onun istəyindən asılı olmayaraq, bu sosialist quruluşu digərləri kimi ona da ‘’bəxş’’ olunmuşdu. O, həqiqətən, Azərbaycanın xoşbəxt gələcəyini bu quruluşda  görürdü və buna qəlbən inanırdı. Lakin illər keçdikcə, kamilləşdikcə o, əsl gerçəkliyi görür və sətiraltı mənalarla, bəzən də açıq mətinlə, cəsarətlə vətənini, arzuladığı müstəqilliyi böyük ustalıqla tərənnüm edir:

      Vətənimin seyrinə çağırıram elləri,
      Sərvət görmək istəyən Azərbaycana gəlsin.
      Bəzənib başdan-başa şəhərləri, kəndləri
      Cənnət görmək istəyən Azərbaycana gəlsin.

        və ya

    Qanımsan, canımsan, ey əziz vətən,
    Şöhrətim, şanımsan, ey əziz vətən!
    Sən torpaq anamsan bu kainatda
   Bir anım olmayıb sənsiz həyatda.
   Eşqin ürəyimdə kök atıb dərin,
   Mənə müqəddəsdir hər qarış yerin
   ...Sənə qara əllər uzansa bir gün
   Qanımı verərəm, səni vermərəm,
   Canımı verərəm səni vermərəm
!

Şair özünü məhz Azərbaycanın-xəzan bilməz gülüstanın, bu doğma vətənin ozanı adlandırırdı. Şerlərində vətənə heyranlığını poetik boyalarla, özünə-məxsus tərzdə, səmimiyyətlə təsvir edirdi:

                  Şöhrətim ey Vətən, şanım ey Vətən
                  Sən mənim adımı ellərə yaydın.
                  Ürəyim ey Vətən, canım ey Vətən,
                  Mən şair olmazdım, sən olmasaydın!

  S.Rüstəm  o qədər Vətənə bağlı şair idi ki, övladına, nəvələrinə həsr etdiyi şerlərində də Vətən sevgisi sezilirdi. O, vətənini həqiqətən azad, hürr görmək istəyirdi. Təsadüfi deyildir ki, bu istəklə o, oğluna Azad, nəvəsinə Azadə adlarını vermişdi.

    ‘’Oxuyun bir qızıl kitabam mən
     İnqilab oğlu inqilabam mən’’
 –deyən ustad sənətkar bu fikirləri heç də sosialist-oktyabr inqilabına həsr etməyib. Şair  bununla  əslində həm Bakının, həm də Təbrizin inqilablar  beşiyi olmasına, mədəniyyətdə, şüurda, təkamüldə inqilaba eyham vururdu. O, bu misraları ilə oxucunu düşünməyə vadar edirdi.

   Şair Sovet dövrünün bütün reqaliyalarından, məsul vəzifələrindən, şan-şöhrətindən bəhrələnmişdi. Lakin Azərbaycanı hürr, azad görməyincə sakitlik tapmırdı. Şerlərinin əksəriyyətində ‘’Vətən’’, ‘’Azərbaycan’’, ‘’ikiyə bölünmüş vətən’’, ‘’o tay bu tay’’ ifadələri üstünlük təşkil edirdi. O, haqsızlıq görüncə, hətta nəvəsinə də mübariz olmağı tövsiyə edirdi:

Könlünü anamız vətənə bağla,
Haqsızlıq gördünmü tapda, ayaqla.
Mənim sözlərimi yadında saxla,
Bu uğurlu yolda curətin olsun.

   S.Rüstəm Azərbaycan təbiətinin vurğunu idi. Onun şerlərində bu doğma diyarın coğrafiyası öz əksini tapırdı. Şıltaq Xəzərin şahə qalxan dalğaları, göy sular üzərində uçan qağayılar, Bakının əsrarəngiz gözəlliyi, isti Abşeron qumları və şanısı, ənciri, əzəmətli Talış, Savalan, Qoşqar dağlarının, Şahdağın gözəlliyi, Lənkəranın ətirli çayı, qəhrəmanlıq simvolu Naxçıvanın, Şamaxının, mədəniyyət beşiyimiz Qarabağın füsunkarlığı, bir sözlə, Azərbaycanın təkrarsız gözəlliyi əsərlərində sevgi ilə, iftixarla tərənnüm edilir:
                     İzim var yurdumun hər bucağında,
                    Ömrünün ən gözəl, qaynar çağında.
                    Vətən torpağında, vətən bağında
                   Xəzansız çiçəklər bitirən oldum.

 -Deyən şair həqiqətən də vətəndə, vətən bağında xəzansız çiçəklər bitirən bağban oldu. Ömürlük könül vüqarı, zəfərlər iftixarı, gülşən diyarlı, zəfərlər iftixarı, gülşən diyarlı, laləzər məkanlı gülüstanı məhz Azərbaycan idi Süleyman Rüstəmin:

       Bütün dünyaya səs salmış şüarımsan Azərbaycan!
       Azadlıqçün, bu günlərçün oğullar vermisən qurban,
       Ulu əcdadımızdan yadigarımsan, Azərbaycan!
       Sözüm sənsən, gözüm sənsən, özüm sənsən, Anam sənsən,
       Şanımsan, şöhrətimsən, iqtidarımsan, Azərbaycan!

    ‘’Vətən’’ kəlmələrindən, təkrirlərindən məharətlə, ustalıqla istifadə edərək şerlərə sanki yeni bir dinamika vermişdir:

        Çox gözəl bilirəm, qəlbimdə bircə an
        Bu odu sönməyən məhəbbət nədəndir!
        Həyatım, varlığım, hər zaman, hər zaman
        Vətəndir, Vətəndir,  Vətəndir, Vətəndir!

   

S.Rüstəm vətənimiz doğma Azərbaycanı könlümüzün əbədi nəğməsi, sözün həqiqi mənasında imlamızın müqəddəs kəlməsi kimi tərənnüm edir, ona qürur mənbəyi, fəxarət meyarı kimi baxırdı Çox zaman şerlərində Azərbaycanı azad, müstəqil, xoşbəxt ölkə kimi tərənnüm edərək, çəkinmədən digər millətlərə də hürr arzulayırdı:

     Səni yadlar önündə əyilən görmədilər,
    Əzmindən bir an geri çəkilən görmədilər.
   Dizlərini döyüşdə bükülən görmədilər.
   Dünən sonsuz əzaba sinə gərdin, ey Vətən,
 Mənə səndən yazmağa qələm verdin ey Vətən.

   Mən yer oğlu insana ülviyyət istəyirəm,
 Dünyada hər millətə hürriyyət istəyirəm.
 Öz səadətim kimi səadət istəyirəm.
 Bu günümsən ey Vətən, sabahımsan ey Vətən
 Qanadımsan ey Vətən, pənahımsan ey Vətən!

  Vətənini öz həyatından daim üstün tutan, ‘’Tək balam haqqda ölüm fərmanı versən, vermərəm’’ deyən şair bu sevgini bütün həyatı boyu əsərlərində dönə-dönə tərənnüm edir.

 Şairi ikiyə bölünmüş Vətənin acı taleyi daim düşündürürdü. O, bütün ağrı-acılarını ‘’Cənub mövzusu’’ silsilə şerlərində açıqlığı ilə qələmə alıb. Təbrizdə milli hökümət qurulan zaman orada bir müddət çalışan şair Azərbaycanın istiqlalından, nəhayət ki, birləşməyin mümkünlüyündən sevinərək, gözəl sənət nümunələri yaradıb:

  ‘’Sən məni dansan da millət tək, bölünməzdir Vətən,
    Təbrizin bir daşına İranı versən, vermərəm.’’

  Lakin şairin bu sevinci uzun sürmür. Milli hökümət devrilir. Bundan sonra  S.Rüstəm o taylı bu taylı qardaş-bacılarımızın, cənublu-şimallı soydaşlarımızın azadlıq carçısına çevrilir və bu mövzuda ölməz əsərlər yaradır. Azərbaycan ədəbiyyatında bu mövzuda S.Rüstəm qədər incilər yaradan ikinci bir şair yoxdur. Cənub ağrısı, Vahid vətən, birləşmək arzusu,istiqlal, hürriyyət, Təbriz  həsrəti, S.Rüstəm yaradıcılığının bu mövzuda əsas leytmotivini təşkil edirdi:

  Hər zaman doğma olub Təbrizimin dərdi mənə
  Ordadır gözləri şəbnəm dolu dilbər mələyim.
 Düşünürsəm nə zaman öz bacımı, qardaşımı,
 Mənə ağlar görünür süfrədəki duz-çörəyim.

      və ya

Bilməyən bilsin, gözəl Təbriz azərbaycanlıdır,
Gör haçandır, həm o tay, həm də bu tay hicranlıdır.
Xalqının ağ günləriyçin and içib, candan keçən,
Mərd oğullar var ömürlük, sorğusuz zindanlıdır.

   ‘’Varlığım, eşqim mənim, ruhum Azərbaycandadır’’ deyən şair istər ‘’Qızıl qələm’’ İttifaqında, istər Azərbaycan Proletar Yazıçıları Cəmiyyətində, Akademik Dram teatrında məsul vəzifələrdə çalışarkən, istərsə də 18 il Azərbaycan SSR Ali Sovetinə sədrlik edərkən amalı bir olub: Müstəqil, vahid, qüdrətli Azərbaycan, güclü Azərbaycançılıq məfkurəsi. O, buna qəlbən bağlı idi, bütün ömrünü, var-qüvvəsini məhz Azərbaycanın istiqlalına həsr edirdi. Bu yolda ona təbii ki, onun proletar, partiya şairi olması, yüksək sovet titullarına layiq olması xüsusi imkan yaradırdı. S.Rüstəm məharətlə, böyük ustalıqla bundan istifadə edə bilirdi. Ona xalq məhəbbəti, xalq sevgisi vardı.

   Xatırlayıram. 1986-cı il aprelin 11-də o zaman Azərbaycan Politexnik İnstitutunun akt zalında mənim təşəbbüsüm və təşkilatçılığım ilə şairin 80 illiyi ilə əlaqədar düzənlənən və sonradan Azərbaycan Televiziyası ilə dəfələrlə efirdə nümayiş etdirilən görüşdə tələbələrin suallarını cavablandırarkən S.Rüstəm cəsarətlə dedi: ‘’Mən inanıram ki, o gün gələcək Araz çayının 2-yə böldüyü torpaqlar birləşəcək, vahid, müstəqil Azərbaycan Respublikası olacaq’’. Bax, bu idi Süleyman Rüstəmin cürəti, mərdliyi, əsl azərbaycanlı vətənpərvərliyi.

   SSRİ-nin hələ çox qüdrətli olduğu bir vaxtda belə bir fikir söyləməsi, bütövlükdə  ‘’Cənub’’ mövzusu ilə hər iki rejimə meydan oxuması  S.Rüstəmi sözün əsl mənasında Qəhrəman şairə çevirib.

  Bəli, Süleyman Rüstəm xalqına, millətinə, Vətəninə bütün varlığı ilə, qəlbinin qırılmaz tellərilə bağlı olan bir şair-şəxsiyyət idi. Əsl istiqlal şairi.

Onun arzusu qismən çin olub. Azərbaycan Respublikası yenidən öz istiqlaliyyətini qazanıb, dünyada tanınan, hesablaşan bir dövlətə, günü-gündən gözəlləşən, müasirləşən bir mədəniyyət diyarına, möcüzələr ölkəsinə çevrilib. Respublikamız daim ilklərə imza atır, bu günlərdə Bakıda  keçiriləcək ilk Avropa oyunları Azərbaycanın dünyada yüksək çəkiyə malik olmasını bir daha nümayiş etdirəcək. Cənublu bacı-qardaşlarımız  asanlıqla Araz çayını keçib şimallı bacı-qardaşlarına qovuşurlar. Azərbaycan dili tərəqqi edir, gənclərimiz vətənpərvərlik ruhunda tərbiyələndirilir.                                                          

     İnanıram ki, ustad sənətkarın digər arzuları da tezliklə çin olacaq. Çünki, Süleyman Rüstəm vətəninə bağlı şair, ustad sənətkar, azadlıq və sənət fədaisi olub. Özündən heç bir zaman razı olmayan, ağayana, sadə, nurani, pirani, əsl Azərbaycanlı kişisi, Azərbaycan Sovet Poeziyasının banisi, Azərbaycan sovet ədəbiyyatının patriarxı, Xalq şairi, Sosialist Əməyi Qəhrəmanı,nəhayət İstiqlal şairi Süleyman Rüstəm. Siz həqiqətən əsl sadə, mübariz vətən şairi idiniz:

              ‘’İlk pənahım, son pənahım Vətəndir,
               Səcdəgahım, qibləgahım Vətəndir,
              Dəyişməyən qərargahım Vətəndir,
              Bilir Vətən, bilir anam beləyəm.
              Dost əlindən zəhər alsam içərəm,
             Dara düşsə, bu canımdan keçərəm.
             Son mənzilə kişi kimi köçərəm,
             El oğluyam, Süleymanam beləyəm.

 Bu gün qətiyyətlə söyləmək olar ki, Süleyman Rüstəm yaradıcılığı təkcə dövrünün və zəmanəsinin deyil,  bütövlükdə  azad fikir dünyasının öncüllərindən biri olmaqla, keçmişi, bu günü və gələcəyi ümumbəşəri hisslərlə zənginləşdirməyi bacaran qəhrəman bir vətən övladının yaradıcılığıdır.

  Ruhun şad olsun ustad. Siz həmişə xatırlanacaq, xatırlandıqca da yaşayacaqsınız.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir