Modern.az

Süleyman Dəmirəlin Bakıya 3 səfəri - TARİX

Süleyman Dəmirəlin Bakıya 3 səfəri - TARİX

Aktual

17 İyun 2015, 16:28

Türkiyə tarixinin ən parlaq siyasi simalarından biri olan Süleyman Dəmirəl bu gün 91 yaşında dünyasını dəyişdi. O, bütün fəaliyyəti ilə Türkiyə tarixində izləri görüləcək bir şəxs sayılır. Demək olar ki, aktiv siyasi fəaliyyətinin sonuna qədər bütün dövrlərin hakimiyyəti ilə bərabər çalışan, 6 dəfə rəhbər kürsüdən endirilsə də, yeddinci dəfə bu kürsünün ən ali pilləsinə qalxan Dəmirəl Azərbaycanla da daim yaxın münasibətlərinə görə seçilib. Modern.az saytı Süleyman Dəmirəlin həm sovet dönəmində, həm də müstəqillik dövründə Bakıya etdiyi səfərləri xatırladacaq:

İlk səfər - uzaq 1967-ci il

Süleyman Dəmirəl 1966-cı ildə Türkiyənin baş naziri olan zaman SSRİ-Türkiyə münasibətlərində yaranan soyuqluğu aradan qaldırmaq üçün Moskvaya səfər edir. Moskva ilə bərabər keçmiş SSRİ-nin başqa böyük şəhərlərinin də qonağı olur. Daşkənd səfərindən sonra isə sonradan tez-tez gələcəyi Bakının qonağı olur. Bakı Dəmirəlin yaddaşında onu ən səmimi qarşılayan şəhər kimi qalır. Araşdırmaçı Dilqəm Əhməd Dəmirəlin Bakıya ilk səfəri barədə bunları deyir:

“Bakıdan sonra Dəmirəl Sumqayıta yola düşür. O, burada “yaşa!”, “xoş gəldiniz!” nidaları ilə qarşılanır. Sumqayıtlılar maşın karvanına çiçək atırlar. Axşam Bakıya qayıdan Dəmirəl “Rostov”-“Neftçi” oyununun ikinci hissəsini seyr edir.
Bakıda Şirvanşahlar sarayını gəzən Dəmirəl ənənəsinə uyğun olaraq şapkasını çıxararaq xalqı salamlayırdı”.

Dəmirəl Bakıya ilk səfərini sonradan belə xatırlayacaqdı: “Mən 1967-ci ildə Türkiyənin baş naziri olaraq Bakını ziyarət etdim, o zaman Sovetlər Birliyi ilə Türkiyə arasında münasibətlər yeni yaranırdı. Başlanğıc idi. O zaman münasibətlər qapalı idi. Bu ziyarət zamanı Bakı məni çox gözəl qarşıladı. Sanki Türkiyənin hər hansı bir yerində, İzmirdə, Adanadakı kimi coşğu ilə qarşılandım. Bunu heç unutmuruq”.

İkinci səfər – 1992-ci ilin may ayı

Artıq “xalqlar həbsxanası” SSRİ  tarixin qara səhifələrinə qovuşub. Amma qoca (artıq qoca) və təcrübəli Dəmirəl yenə də iş başındadır. İlk dəfə 41 yaşında fəth etdiyi baş nazir kürsüsü yenə də ona məxsusdur. Budəfəki Bakı yeni qurulan artıq gənc bir ölkənin əsas şəhəridir. Dəmirəl 1992-ci il yazın əvvəllərində Bakıya yenidən səfər edir. Artıq onun 1960-cı illərdə gördüyü Bakı çox dəyişib. Şəhəri siyasi burulğan məskəni də adlandırmaq olar. Sonradan Dəmirəlin bu səfəri barəsində çox sözlər deyiləcək, fərziyyələr irəli sürüləcəkdi. Həmin fərziyyələr də, o görüşdə danışılanlar da tarixdə qalıb. Mərhum Əbülfəz Elçibəy də, Süleyman Dəmirəl də və Sara Qədimova da haqq dünyasındadır. Soruşa bilərsiniz ki, birdən-birə Sara Qədimova haradan gəlib çıxdı? Bunun da öz səbəbi var. 1967-ci ildə Dəmirəl Bakıda olan zaman şərəfinə verilən xüsusi ziyafətdə  Şövkət Ələkbərova, Xan Şuşinksi, Əbülfət Əliyevlə bərabər Sara Qədimova da mahnı ifa edir. O zaman Süleyman Dəmirəl Sara Qədimovanın səsinə məftun olur. 1992-ci ildə Bakıya gələn zaman Dəmirəl yenə də Sara xanımı xatırlayır:

“Sara xanımı dinlədiyim o ilk gün xeyli uzaqda qalıb. Dünyanın çox ölkəsini gəzmişəm. Bu 28 ildə nə onun gözəl simasını, nə də təkrarsız səsini unutmuşam. Sara xanım vətənpərvər müğənnidir. O, türk dünyasının ən parlaq sənət ulduzlarından biridir”.

1996-cı ildə Süleyman Dəmirəl Sara Qədimovanı şəxsi qonağı kimi Türkiyəyə dəvət edir…

Üçüncü səfər – 1995-ci il

1995-ci ilin dekabrı... Artıq Süleyman Dəmirəli Bakı ilə daha sıx əlaqələr bağlayır. O, yaxın dostu və qardaşı adlandırdığı mərhum prezident Heydər Əliyevin 1994-cü ildəki Türkiyə səfərindən sonra Bakının rəsmi qonağıdır. İndi Bakı 1992-ci ilə nisbətən sabitdir. Əvvəlki gərginlik aradan qalxıb. Dəmirəl  Heydər Əliyevin Türkiyəyə rəsmi səfəri zamanı Sabir Rüstəmxanlının şeirindən oxuyur. Bu həm Sabir Rüstəmxanlının, həm də Heydər Əliyevin çox xoşuna gəlir. 1995-ci ilin dekabrında Dəmirəl Bakıda olan zaman xalq şairi ona təşəkkürünü bildirmək üçün açıq mikrofona çıxır və bir daha bu şeiri oxuyur. Mərasimdən sonra isə Dəmirəl həmin şeirin yazılı variantını istəyir. 1995-ci ilin dekabrındakı görüşün də bütün fəlsəfəsi o şeirdə əks olunmuşdu. Bu fəlsəfə - Azərbaycan və Türkiyənin yaxınlaşmasıdır...

Dəmirəl sonradan Bakıya bir neçə dəfə də səfər edib. 1999 və 2000-ci illərdə prezident, 2003, 2011 və 2013-cü illərdə isə eks-prezident kimi gəlib. Sonuncu səfərində ölkə başçısı İlham Əliyev qoca siyasətçini “Şərəf” ordeni ilə təltif edib.

Bu Dəmirəlin Bakıya sonuncu səfəri olub. Amma Türkiyə siyasətinin “baba”sı yəqin ki, son səfərində də Sara Qədimovanın onun üçün oxuduğu “Qara tellər”, “Ay dilbər” mahnılarını unutmamışdı.

Elmin NURİ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər