Modern.az

Amerikalı mütəxəssis: “Kaspi” Azərbaycanda bir nömrəli təhsil mərkəzidir”

Amerikalı mütəxəssis: “Kaspi” Azərbaycanda bir nömrəli təhsil mərkəzidir”

4 Oktyabr 2010, 18:47

Son illər Azərbaycan təhsil sistemində təhsil mərkəzlərinin artan peşəkar rolu, xarici ölkələrdə bu sahədə peşəkar fəaliyyət göstərən mütəxəssislərin ölkəmizə olan marağını getdikcə artırır. Belə mütəxəssislərdən biri də “Kaspi” Təhsil Mərkəzinin qonağı  -  ABŞ-da yaşayan dünya şöhrətli “Study in America”nın (Amerikada Təhsil) qurucusu Tamer Türkmandır. Onunla söhbətimizdə bir çox məsələlərə aydınlıq gətirməyə çalışdıq.

- Biz 1954-cü ildən ABŞ-da yaşamamıza baxmayaraq fəaliyyətimizdə türk mənşəyimizi unutmamışıq. Birləşmiş Ştatlarda böyüyüb, təhsil alıb, formalaşmışam, ancaq milli mənsubiyyətim mənim üçün başlıca şərt olub. Mənim atam da professordur. İyirmi beş yaşımdan ABŞ-ın Maryland ştatında “Study in America”nı yaratmışam və hazırda mərkəzi ofis ora olmaqla bütün dünya üzrə fəaliyyət göstəririk. Bütün türk mənşəli ölkələr kimi Azərbaycan da mənə yaxın və doğma torpaqdır. Bu hisslər ənənəvi olaraq mənim qanıma hopduğu üçün həmişə Azərbaycandan olan tələbələrə xüsusi doğmalıqla yanaşmışam. 1993-cü ildən bəri biz ABŞ-da təhsil almaq istəyən türk tələbələrinə istənilən şəkildə yardımçı oluruq. Həmçinin 2007-ci ildən başlayaraq Azərbaycandan olan tələbələrə də bu sahədə yardım edirik. Biz adətən ABŞ-da fəaliyyət göstərən məktəblərə qəbulla bağlı yardımlarımızı göstəririk.
- Azərbaycana səfərinizin məqsədi barədə nə deyə bilərsiniz?
 - Azərbaycana səfərim heç də təsadüfü deyil. Oktyabrın 7-də “Kapsi” Təhsil Mərkəzi, ABŞ və Fransadan olan universitetlərin birgə sərgisi olacaq. Belə bir sərgi-toplantı ilk dəfə bu il Türkiyədə keçirildi. Mən bu gəlişimlə Azərbaycanın təhsil sistemindəki hazırlıqlarla yaxından tanış olmaq istəyirəm. Azərbaycanı öz vətənim sandığım üçün də bu mənim üçün maraqlı və zəruridir. Güman edirəm ki, Bakıya bu səfərim uğulu nəticələrlə yadda qalacaq.
- Tamer bəy, “Kapsi” Təhsil Mərkəzi, ABŞ və Fransadan olan universitetlərin birgə sərgisi Azərbaycan təhsil sisteminə nə verə bilər?
- Biz artıq Birləşmiş Ştatlardan və Fransadan 4 universitetin - Duke University, USC, UNC və İNSEAD-dan olan dekanlarını Bakıya gətirmişik. Oktyabrın 7-i “Kapsi” Təhsil Mərkəzi və həmin universitetlərlə birgə geniş panelimiz (sərgi- tədbir) olacaq. Qeyd etdiyim kimi, bu tədbir Türkiyədən sonra yeganə olaraq Bakıda keçirilir. Tədbirdə əsasən xaricdə təhsil almaqla bağlı bu sahədə yeni mərhələlər və prinsiplər azərbaycanlı gənclərə çatdırılacaq. Bu proqramda fərqli sektorlardan olan tələbələr və mütəxəssislər iştirak edirlər. Azərbaycanda belə fərqli sektorla yanaşı, neft, tərcüməçilik sahələrində çalışan mütəxəssislər də bu proqrama qatılacaqlar. Burada həmçinin müxtəlif sektorlardan olan peşələrdə təhsil almanın magistr mərhələsi üçün hazırlıq yolları anladılır.
 - Sizin regional ofisiniz İstanbulda yerləşir. Bakıdakı tədbirin keçirilməsində tərəfdaş kimi  “Kaspi” Təhsil Mərkəzini seçmisiniz. Niyə məhz “Kaspi” Təhsil Mərkəzi?
- Bəli, Bakıda bu layihəni həyata keçirmək üçün “Kaspi” Təhsil Mərkəzi bizə dəstək olur. Bu sahədə peşəkar fəaliyyətimə əsaslanaraq deyə bilərəm ki, “Kaspi” Azərbaycanda bir nömrəli təhsil mərkəzidir. Bunu mən ABŞ-da təhsil sahəsində peşəkar fəaliyyətlə məşğul olan şəxs kimi görürəm. “Kaspi” Təhsil Mərkəzinin bu sahədə son illər əldə etdiyi nailiyyətlərə nəzər saldım və məndə Azərbaycan təhsilinin işıqlı gələcəyi barədə xoş təəssüratlar oyandı.
- “Kaspi” Təhsil Mərkəzinin başqa hansı keyfiyyətləri Sizi təəccübləndirdi?
- Cəsarətlə deyə bilərəm ki, xüsusilə tərcüməçilik sahəsində mütəxəssislərin yetişdirilməsində “Kaspi” Təhsil Mərkəzi beynəlxalq statusa və müasir tələblərə tam cavab verən fəaliyyət göstərir. Ona görə də inanıram ki, bununla bağlı Bakıda keçirəcəyimiz tədbirdə “Kaspi” Təhsil Mərkəzi ilə əməkdaşlığımız bizə uğurlu nəticələr verəcək. Tədbirlə bağlı Azərbaycana gələn universitetlərin rəhbərləri də ilk dəfədir burada olurlar. Onlar üçün də peşəkar fəaliyyətdə Azərbaycan kimi ölkənin bu sahədə olan insanları ilə tanışlıq çox maraqlıdır. Biz bir şirkət olaraq onları və onların dünyadakı digər həmkarlarını Azərbaycanın bu sahədə olan uğurlu reallıqları ilə tanış etmişik. Bu maraqdan irəli gələrək ilk olaraq bu dörd universitet fəaliyyətlərini Azərbaycana da tətbiq etmək istəyirlər.
- Bu sərgi Azərbaycanda xaricdə təhsil almağa hazırlaşan tələbələr üçün nə kimi yeniliklər gətirəcək?
- Müşahidələrimə əsasən Azərbaycanda ABŞ-da magistratura təhsili almaq istəyənlərin sayı getdikcə artır. “Kaspi” Təhsil Mərkəzi ilə birgə bizim də həyata keçirdiyimiz bu layihə və gələcək planlarımız bununla bağlı bu sahədə həvəsli olan ölkə gənclərinə yardımçı olmaqdır. Bizimlə birgə Azərbaycana gələn bu universitetlərlə yeni tanışlıq da məhz bu sahədə azərbaycanlı tələbələrə çox şeylər öyrədəcək. Yeniliklərdən biri də ondan ibarətdir ki, artıq azərbaycanlı gənclər ABŞ universitetlərinə ora getmədən və oranı görmədən hazırlaşırlar. ABŞ-da magistr təhsili almaq üçün Bakıda bizimlə birgə hazırlaşmaq və hazırlaşdıqları universitetlərin dekanları ilə burada tanışlıq azərbaycanlı tələbələr üçün böyük fürsətdir. Biz “Kaspi” Təhsil Mərkəzi ilə birgə Azərbaycanda olan tələbələrə bu fürsəti yaşadacağıq. Bura gələn xarici universitetlərin dekanları da Bakıda onların məktəblərinə həvəs göstərən tələbələrin dosyaları ilə yaxından tanış olacaqlar. Güman edirəm ki, bu, qarşılıqlı real tanışlıq Azərbaycanda xaricdə təhsil almaq istəyənlər üçün yeni mərhələ açacaq. Bu bizim üçün Azərbaycanda hələ başlanğıcdır. Zaman-zaman “Kaspi” ilə birgə görəcəyimiz işlər və tədbirlər bu sahədə çox yeniliklər meydana çıxaracaq ki, bu da Azərbaycandan xaricdə təhsil almaq istəyənlərin axınını çoxaldacaq.
- Bir mütəxəssis kimi hazırda Azərbaycan təhsil sistemində hazırlıq mərkəzlərinin rolunu necə qiymətləndirsiz?
- Əlbətdə, fikrimi bir əyani misal ilə çatdırmaq istərdim. Məsələn, ABŞ-da təhsil almaq istəyən hər hansı bir azərbaycanlı gənc bunu təkbaşına bacara bilməz. Bunun üçün bu sahədə xüsusi peşəkarlığa malik mərkəzlər lazımdır. Yəni, hər şeydən əvvəl belə bir mərkəzlərin yaranmasının özü bir zərurətdir. Təhsilin inkişafı və xaricdə təhsilə marağın artması təbii olaraq bu işdə istiqamətvericiləri meyadana gətirir. Bu bir növ yerli gənclərin xaricdə təhsillərini davam etdirmələrinə yeni stimullar yaradır. Bunsuz olmaz. Ona görə də bu sahədə həqiqi fəaliyyət göstərən mərkəzlərin rolunu indiki halda yüksək qiymətləndirirəm. Bizim bu sahədə ABŞ-dan başqa Türkiyədə bir sıra mərkəzlərimiz var. Fəaliyyətə başladıqları andan orada onlara olan marağı gördükdə bu işin nə qədər vacib olmasının şahidi oldum. Azərbaycanda da bu sahə geniş inkişaf edir. Məsələn, bunlardan ən öndə gedəni olan “Kaspi” Təhsil Mərkəzi göz qabağındadır. Bu mərkəz fəaliyyəti ilə bizimlə birgə gələn və hələlik gələ bilməyən xarici universitetlərin Azərbaycana diqqətini çəkdi.
Hesab edirəm “Kaspi” Azərbaycanda xaricdə təhsil almaqla bağlı bir nömrəli brenddir. Bu bizə Azərbaycanla bağlı fəaliyyətimizdə də böyük ümidlər verir. Burada toplaşan ekspertlər ABŞ-da və digər xarici universitetlərdə təhsili çox əla bilən mütəxəssislərdir. Elə bu mütəxəssislərin xaricdə təhsil almaq istəyənlər üçün bir mərkəzdə toplanması Azərbaycanda bir avantajdır. İstənilən istedad sahibinin xaricdə təhsil almasına hazırlığında böyük yardıma ehtiyacı var. Ona görə də, hazırlıq mərkəzlərinin Azərbaycanda fəaliyyətinə zəruri strukturlar qədər ehtiyac var. Buna mən ”Kaspi” Təhsil Mərkəzinin fəaliyyətində şahid oluram. Qeyd edim ki, “Kaspi”nin bu fəaliyyəti ilə ABŞ və Avropada da tanışdırlar. Bakıda təşkil etdiyimiz tədbirin məqsədlərindən biri də bu Mərkəzi qısa bir müddətdə dünya üzrə məhşurlaşdırmaqdır.
- Bu sahədə uzun müddətdir beynəlxalq səviyyədə fəaliyyət göstərirsiniz. Azərbaycanda təhsilin indiki durumunu əvvəlki illərlə müqayisədə necə xarakterizə edərdiniz?
- Beynəlxalq miqyasda müxtəlif sahələrdə azərbaycanlılara çalışqan insanlar kimi yanaşıldığının şahid olmuşam. Şüphəsiz ki, Azərbaycan müstəqilliyinin ilk illərində çətin günlər yaşadı. Bu ölkənin təhsilindən də yan keçməyib. Məhz həmin dövrdə yaşanan çətinliklər bir çox sahələdə olduğu kimi təhsildə də azərbaycanlıların çalışqanlığını artırdı. Elə bu çalışqanlıq sayəsində son illər ərzində ölkənin təhsil sistemində kifayət qədər yüksək irəliləyişlər var. Mən nə qədər azərbaycanlının təhsilinin xaricdə davam etdirməsinin şahidi oluram. Bu mənim üçün sevindirici olması ilə yanaşı, ölkə vətəndaşlarının son illər təhsilə olan marağının artmasından da xəbər verir.
Əldə olunan nailiyyətlər Azərbaycanın təhsil sisteminin gələcəyinin parlaq uğurundan xəbər verir. Xüsusilə də dünyaya inteqrasiya inkişaf etdikcə, azərbaycanlıların xaricdə təhsilə, beynəlxalq təhsil sisteminə inteqrasiyası da güclənir.
- Azərbaycanlı tələbələrin ABŞ təhsil sisteminə marağını necə xarakterizə edərdiniz?
- Azərbaycan tələbələri ABŞ-da oxumağa böyük maraq göstərirlər. Biz ilk dəfə 40 azərbaycanlının ABŞ-da təhsilini davam etdirməsinə yardım göstərdik. Bizim ABŞ-da olan ofisimizə də azərbaycanlılar arasından çox böyük maraq var. Bunu bizim fəaliyyətimizdə son zamanlar qeyd olunan statistik göstəricilər də sübut edir.
ABŞ təhsil sisteminin qabaqcıllarına da məlumdur ki, Azərbaycanda Amerikada təhsilə böyük önəm verirlər. Artıq dünya ictimaiyyətinə Azərbaycanda yüksək intellektuallı gənclərin olması məlumdur və bir türk mənşəli insan kimi bu məni çox sevindirir.
Məsələn, hazırda bizim əməkdaşlıq etdiyimiz ABŞ universitetlərinin əksəriyyətində çox sayda azəri yəhudilər var. Onlar hamısı Azərbaycandandırlar və özləri də azərbaycanlı olduqlarını qürürla bəyan edirlər. Mən bunun şəxsən şahidiyəm. Məndə olan məlumata görə, bizim xəttimizlə oradakı universitetlərə qəbul olunan 6 mindən yuxarı azərbaycanlı var. Bu rəqəm ildən-ilə artmaqdadır və güman edirəm ki, bizim Azərbaycandakı fəaliyyətimiz də buna təkan verəcək. Çünki, dünya təhsilinə çıxış Azərbaycan üçün mühüm hadisədir.
- “Kaspi” Təhsil Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Azərbaycanla bağlı fəaliyyətinizdə nə kimi planlar var?
- Biz “Kaspi” ilə yeni əməkdaşlıq qurduq. Bu bizim seçmimizdir. Çünki, bu sahədə peşakar olan və ABŞ təhsilini çox gözəl tanıyan mərkəz bizim üçün də əlverişlidir. Xüsusilə də “Kaspi” Təhsil Şurasının sədri Sona xanım Vəliyeva kimi peşəkar insanla əməkdaşlıq təbii ki, bizi fəaliyyətimizdə yeni planlar üzərində düşünməyə vadar edəcək. Konkret olaraq hansı planlarımızın olması oktyabrın 7-i keçiriləcək tədbirimizin nəticəsində aydınlaşacaq. Əsas odur ki, bu gün biz Azərbaycanda güvəndiyimiz mərkəz və insanlarla bir yerdəyik.  

Mübariz ASLANOV

Whatsapp
Bizə yazın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı