Modern.az

Yeknəsək və uğursuz başlanğıc

Yeknəsək və uğursuz başlanğıc

Aktual

18 İyun 2015, 16:30

Parlament seçkiləri ilinin qeyri- rəsmi xarakter daşıyan birinci mərhələsi yekunlaşır və  əslində seçki kampaniyasının uğurlu təməli sayılan bu ilk etapdan səmərəsiz istifadə opponent düşərgədəki iddialıların şanslarına yarışın rəsmi startına doğru uğursuz bir başlanğıc yazır.

Birinci Avropa oyunları  möhtəşəm bir hadisə kimi bütün ictimai diqqəti öz üzərinə cəmləsə də, seçki dönəmində olduğumuzu unutdurmaq gücündə deyil, paralel şəkildə həmin prosesin də əhəmiyyətinə köklənməliyik.   

Ola bilər ki, özünü rəqib kimi tanıtmaq istəyənlərdən hansısa, seçkilərə üç ay qalmış uğurlu bir seçki kampaniyasına imza ata, uğursuz başlanğıc müşahidələrini alt-üst edə bilsin. Lakin seçkilərə qədərki sanki həvəssiz mübarizə ovqatı, qəribə səssizlik, yaxud, intriqalara meyllillik, hədəfi düzgün qoymamaq, beynəlxalq çevrələrdən təhlükəli siqnallara pozitiv cavab əhval-ruhiyyəsinə köklənmək kimi tendensiyalar seçkidə alternativlik edəcək  partiyaların müvəffəqiyyətləri üzərinə artıq istər-istəməz kölgə salmış bir durum yaradıb.

Bu maneələri qısa zamanda adlamaq o qədər də asan deyil; uzaq keçmişin xətaları üzərinə yaxın dönəmin qüsurları da əlavə olunanda, siyasi qüvvə öz varlığını, xeyirli strategiyasını uzun müddət hiss etdirməyəndə, elektoral dəstək məsələsi ciddi problematik səviyyəyə yüksəlir.       

2015-ci ilin-seçki ilinin ilk altı ayını siyasi partiyalar necə irəliləməli idi, bəs, necə irəlilədi? Baxmayaraq ki, bu, rəsmi kampaniyaya aid zaman amili deyil...

Avropa oyunlarının bu istiqamətdəki ləngliyin, sönüklüyün əsas mənbəyi olması arqumentini birmənalı kənara qoymaq lazımdır. Partiyalar qəribə bir anlaşılmazlığın içərisindədirlər və bunu hakimiyyətdən daha çox özləri yaradırlar. 


Radikallığında inadkarcasına prinsipiallıq göstərən AXCP kəskin ziddiyyət mənzərəsini, kompromis məsafənin nisbətən daralmasını məhz seçki islahatlarında  yaratmaq əvəzinə, real olmayan xəyalların qanadında, gah daxili, gah xarici dəstəklə hakim komanda ilə qəti hesablaşmaq axtarışlarının ardınca düşdü. Halbuki seçki islahatları mövzusu hakimiyyət tərəfdən təpki alardısa da, Xalq Cəbhəsinə xarici oyunların ardınca getməsi faktlarından daha artıq nüfuz gətirə bilərdi. Çünki bu müzakirə ilə siyasi həyat haqlı və sağlam yollarla qaynamış, seçki prosesi yeknəsəklikdən çıxmış olardı.

İctimai rəy öz potensialını qeyri-leqal, zərərli  mənbələrdən almaq, konstruktiv müzakirələrdən qaçıb, qərəz üzərindən siyasət yürütməyi  həzm etmir ki, AXCP son altı ayda, əgər bu dəsti-xətlə təşkilat içərisində qınaq, etiraz durumuna rast gəldisə, bu fakt təbii ki, seçki yoluna da  əngəllər qoymamış deyildir.   

Yeganə partiya kimi kütləvi aksiyalarda sistematikliyi qoruyub saxlamağa çalışsa da, mitinqləri təsirli təbliğat rıçağına çevirmək imkanları düzgün dəyərləndirilmədi. Buradan yaxşı bir sonuc ala bilmədikdə, özünə ikinci bir cəbhə açdı-müxalifətdəki keçmiş, əsas müttəfiqi ilə söz dueli səhnəsi yaratdı. Sandıq açıb, pambıq tökmək, keçmişlərin künc-bucağından nimdaş hadisələri qurcalamaq, xəyanət ittihamları- bu qara piar eyni düşərgədə aparılırkən,  elektoratın tükü tükdən seçməsi xeyli asanlaşır, müxalifət seçkinin rəsmi mərhələsinə çatana qədər artıq əməlli-başlı xallar itirmiş olur.  

Əli Kərimli-Müsavat virtual-vizual savaşının, Cəmil Həsənli-Rauf Arifoğlu açıq tekstli insidentinin faydası, əlbəttə ki, iqtidarın payına düşür, bir-biri ilə didişən eyni cinahlı insanlardan biri  lap seçkidə iştirak etməsə də, konfliktin digər tərəfini seçkidə uğursuzluğa sürükləmiş olur. Sanki kimlərsə iqtidarı qorumaq üçün mübarizəni qəsdən müxalifətin öz daxilinə yönəldir və hakimiyyəti uğursuzluq zolağından uzaqlaşdırır.

Hakimiyyətə  dönük çıxan, səsi hündürdən gələn və arxalı ssenarilərin mərkəzinə qoyulan  nankor səfiri (artıq sabiq səfirin-müəl.) öz siyasi legionuna çəkmək, yaxud, siyasi mübarizədə onunla koordinasiya yaratmaq  çabası göstərən AXCP onlarla Arif məmmədovlar arzusuna çatarsa da, bu, partiyada seçki ərəfəsindəki qopmalar, istefalar  faktlarını dəyişmir. Çünki AXCP Arif məmmədovları öz yanında xəyal edərkən, hakimiyyət cəbhəçiləri öz yanında gerçək transfer faktlarına çevirib.       

Eyni tendensiya seçkinin əsas aparıcı siması olan müxalifətin başqa bir qanadında-Müsavatda da  hökm sürdü. Partiya qurultaydan sonra özünü seçki hazırlığına səfərbər etsə də, daxildəki siyasi böhran, rəhbərliklə ziddiyyətlər, sonucda istefalar, gərginlik təkcə seçkiyə hazırlıq potensialını tükətmir, eyni zamanda, seçki prosesinə qoyulacaq zəhməti mənasızlaşdırır. Çünki seçkinin qeyri-rəsmi altı ayının iç savaş, ziddiyyətlər, siyasi kataklizmlərlə keçməsi Müsavatın seçki kampaniyasının rəsmi hissəsinə müsbət nəticələr vəd etməkdə aciz qalır.

Əgər Müsavat Partiyasının “lələ köçüb, yurdu qalıb” qərargahına Amerika səfiri təşrif buyurmasa, ictimai-siyasi hadisələr Amerika səfirliyi-Müsavat formatında müzakirə edilməsəydi, ictimai rəy üçün, ola bilsin müsavatçılar üçün də seçki marafonu tamamilə əhəmiyyətsiz bir hadisə olardı. Hər halda həmin görüş partiyanın itirilmiş çəkisinə ötərgi bir çəki verdi, üstəlik, Müsavatın seçki prosesinə qismən də olsa, lazımlılıq stimulunu yaratdı.

Bununla belə, seçki ilinin ilk altı ayını çalışqan  bir durumda adlayan dialoq partiyalarıdır ki, ADP sədri  Sərdar Cəlaloğlunun hakimiyyət-müxalifət əməkdaşlığının zəruriliyi və buradan törəyən vacib məsələlərlə bağlı dinamik, detallı açıqlamaları, inandırıcı arqumentlər üzərində qurulan sistemli çıxışları seçkiyə ictimai divident baxımından hazırlığın yaxşı başlanğıcı kimi qiymətləndirilə bilər.  Amma o da nisbətən ADP üçün...

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?