Modern.az

Kəşfiyyat strukturundan qlobal proseslərlə bağlı sensasiyalı PROQNOZLAR

Kəşfiyyat strukturundan qlobal proseslərlə bağlı sensasiyalı PROQNOZLAR

Dünya

19 İyun 2015, 00:38

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin özəl strukturu kimi fəaliyyət göstərən “Stratfor” analitik mərkəzi yaxın 10 ildə gözlənilən əsas qlobal siyasi və iqtisadi dəyişikliklər barədə proqnoz verib.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki,  “Stratfor” Rusiyanın iqtisadi kollapsı ətrafında şərh verərkən Moskvaya qarşı sanksiyaların rublun qiymətinin düşməsinə, hərbi xərclərin artmasına və daxili ziddiyyətlərin gərginləşməsinə gətirib çıxaracağını bildirib.  

Proqnoza görə bununla da Rusiya dünyanın ən böyük iqtisadiyyatına malik ölkələr siyahısına düşə bilməyəcək.  

“Düzdür, Rusiya bir neçə hissəyə parçalanmayacaq, amma Moskva regiondakı hakim mövqeyini itirəcək”,-deyə qeyd edilib.  

Beyin mərkəzi ABŞ-ı nələr gözlədiyindən də söz açaraq qeyd edib ki, Ağ Ev üçün nüvə güclərini səylə qorumaq zərurəti ortaya çıxacaq.  

“Əgər Rusiyada siyasi hissələrə parçalanma olacaqsa, geniş coğrafi yerlərə səpələnmiş Rusiya nüvə infrastrukturu böyük təhlükə yaradacaq. Buna görə də ABŞ  nüvə silahlarının, uran anbarlarının mühafizəsi üçün yerüstü qüvvələri yerləşdirmək zərurətini dərk edəcək”.  

Nüfuzlu beyin mərkəzinin Almaniya ilə bağlı isə bunu bildirib:  

“Almaniyada problemlər başlanacaq. İxracat üçün yönəldilmiş ölkə iqtisadiyyatında  avroskeptizm dalğalarına  görə böhran yarana bilər”.   ABŞ kəşfiyyatının qanadı hesab edir ki, Polşa Avropa liderlərindən biri olacaq və bu ölkə iqtisadi inkişafın mərkəzində dayanacaq, siyasi təsirini artıracaq.

Həmçinin Avropanın parçalanması fonunda ABŞ-ın Türkiyə müttəfiqliyinin güclənəcəyi də vurğulanıb:  

“Türkiyə və ABŞ yaxın müttəfiq olacaqlar. Türkiyənin gücü və cazibədarlığı ilə ABŞ-ın əvəzedilməz partnyoru ola bilər.  Ancaq Türkiyə bunun əvəzində ABŞ-dan Qara dənizdə Rusiya kimi potensial təcavüzkardan müdafiə olunmağı tələb edəcək”.  

Dünyanın başqa bir iqtisadi və siyasi gücü olan Çin faktorundan yan keçilməyib:  

“Çin  böyük problemlərlə qarşılaşacaq. Ölkədə Kommunist Partiyası ilə bağlı narazılıqlar yarana bilər. Bu partiya liberallaşmaya getməyəcək. Yaponiya isə Asiyada böyük dəniz dövləti olacaq.

İdxaldan asılı olan ölkə Çinin rəqabəti ilə qarşılaşacaq və ona özünün dəniz yollarını müdafiə etmək lazım olacaq. Tokionun regionda hakimiyyətini gücləndirmək üçün başqa variantı qalmayacaq. Həm də o bu məsələdə tək mübarizəyə gedəcək, çünki o vaxt ABŞ-ın mövqeləri zəifləyəcək”.  

Aqşin Kərimov   


Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı