Modern.az

Mən- biz, sən- siz, o- onlar barədə deyimlərim - VIII yazı

Mən- biz, sən- siz, o- onlar barədə deyimlərim - VIII yazı

19 İyun 2015, 14:22

filologiya üzrə elmlər doktoru, professor

Belə bir misal var: Nilin suyunu içən bir də içmək istəyir

11.XI.2013-cü il

***

Çayın çaya, çayın gölə qovuşduğu yer, bir sözlə, suyun mənbəyindən axıb töküldüyü yer (mənsəb) onun arzusuna çatdığı yerdir. Axan suyun qovuşduğu yer yoxdursa, o, arzusunda nakamdır. Adətən axar suyun arzuya yetdiyi yer daha müqəddəsdir. Həm də bu müqəddəsliyinə görə bulaq suyu çay suyundan, çay suyu göl suyundan, göl suyu dəniz suyundan, dəniz suyu okean suyundan fərlənir. Bunların hər birində suyun tərkibi də fərqlidir. Bunların içərisində bulaq suyu daha təmizdir. Ona görə də bulaq sularının axıb töküldüyü çay sularında olan balıqlar (çay balıqları) daha dadlıdır...

***

Əslində göz yaşı gözün giləsindən süzülüb axmaqla öz istəyi, arzusu naminə yanaqlara, sifətə doğru hərəkət edir. Onu yanaqlardan və sifətdən silmək göz yaşının istəyinə, arzusuna müdaxilə etməkdir. Axı o da bu cür yaşayır... Bu cür görünür... Göz yaşından axan su insanı sakitləşdirir, insanı rahat edir. Deməli, göz yaşı barədə düşünmək olar...

***

Görəsən kirpiklər ox, qaş kaman olmasaydı insanların baxışları nələr törədərdi?! Ox kamana qoyulub atılır, hədəfə çatır... Ox, kaman olmasa, hədəf də yoxdur... Kirpik, qaş olmasa, ürək də yoxdur...

***

Nizami, Füzuli, Xətai... eləcə də digərləri xalq şairi deyil... Ancaq XX  və XXI əsrlərdə neçə - neçə Xalq şairi, Xalq yazıçısı oldu... Düşünməyə dəyər.

***

Yaradıcı insanlar, peşəkar insanlar öz ixtisaslarını, məşğul olduqları sahəni o qədər güclü bilirlər ki, onlar hər cür təsadüfləri, qeyri-peşəkarlığı qəbul edə bilmirlər. Belə olduğundan çoxları (peşəkarlığı zəif olanlar) onları (peşəkarları, yaradıcı insanları) qəliz insanlar adlandırırlar. Axı peşəkarlar peşəkarlıqda sadə ola bilmirlər. Peşəkarlığı sadə olanlar çoxdur, peşəkarlığı yüksək səviyyədə olanlar azdır.

***

Deyilənlərə görə, ağaclar da xərçəng xəstəliyinə tutulur. Ağaclar xərçəng xəstəliyinə tutulanda xərçəng xəstəliyinin torpaqda olan bütün elementlərini özlərinə çəkir, özlərində saxlayır və imkan vermirlər ki, başqa ağaclar buna tutulsun. İnsanların bəziləri onlarda xəstəlik yaradan mikrobları yayırlar, başqalarına da bu mikrobların keçməsinə ya səy göstərirlər, ya da çox adi baxırlar.

25.XI.2013-cü il

***

Akademik Fikrət Əliyev mənə əl telefonu ilə zəng vurub dedi ki, İctimai televiziyada informasiya – kommunikasiya texnologiyalarının həyatımıza gəlməsinin müsbət cəhətləri ilə yanaşı, fəsadları barədə olan çıxışım onun çox xoşuna gəlib. Xüsusilə, yazı mədəniyyətinin, nitq mədəniyyətinin səviyyəsinin aşağı düşməsi barədə söylədiyim fikirlər də onu razı saldığını dedi. Nə yaxşı ki, fikirlərə, mövqelərə diqqətlə, həssaslıqla yanaşanlar vardır.

***

Məni bütün çətinliklərdən Allah qoruyur. Hər bir şey Allahın əlindədir...

23.XI.2013-cü ildə (VI gün) Sumqayıta bir tədbirə getməli olduq. (prof.Cəfər Cəfərov, prof.Məhərrəm Hüseynov və mən). Qayıdanda gəldiyimiz maşın qəzaya uğradı. Allah bizi qorudu, heç birimizə bir şey olmadı. Mən Allahıma borcluyam. Təkcə buna görə yox ki, o, bizi ölümdən qorudu. Həm də ona görə ki, o özü hər şeyi bilir. Allahın işinə bax. Biz Sumqayıta gedəndə maşının qabağında mən oturmuşdum. Maşını Cəfər müəllim idarə edirdi. Qayıdanda maşının qabaq qapısı açılmadı. Arxada oturmalı oldum. Qabaq qapının açılmaması da Allahın işi idi. Mən qabaqda otursaydım mütləq xətər alacaqdım. Ancaq Allah buna imkan vermədi. Mən də, Məhərrəm müəllim də arxada oturmalı olduq.

***

Basılan (çap olunan) kitablar dəyərini itirmir, kəsilən pullar dəyərini itirir.

***

Abırlı, həyalı və halal olduğum üçün atama, anama borcluyam. Valideynlərim abırlı, həyalı və halal olmağı mənə təlqin ediblər.

***

Yalan danışmağı bacarmıram. Doğru, düzgün danışanda da inciyirlər.

***

Deyirlər ki, pişik ölmünü qabaqcadan hiss edir. Pişik ölümünü hiss edəndə evdən uzaqlaşır, evə qayıtmır. Evdən uzaqlarda ölür.

***

Yaxşı şeir insan üçün yaxşı bir reseptdir.

***

Yaxşı şeir insan ruhunun qida mənbəyidir.

***

Şairin işi gül – çiçəkdən bal toplayan arıya bənzəyir. Balın təmizliyi gül – çiçəkdən asılı olur. Şeirin də gücü, təsiri onun poetikliyindən asılıdır. Oxucu şeirin poetikliyini hiss etdikdə həmin şeir təmiz bala bənzəyir, təmiz balın dadını verir.

***

Ətalətdə olan insan xəstədir. Bu, ən böyük xəstəlikdir.

***

Ləyaqətli adamın yanında ləyaqətsizi tərifləmək ləyaqətliyə (ləyaqətli adama) ən böyük hörmətsizlikdir.

***

Yaxşı müəllim həm də keçdiyi mövzunun bəstəçisidir. Yəni bəstəkarıdır. Belə olanda mövzu müəllim tərəfindən bəstələnərək sanki dinləyicinin, tələbənin sevimli musiqisinə çevrilir.

***

İnsanlar yaxşılıq və pislik edəndə öz genlərinin kodunu yaşadırlar. Yaxşılıq və pislik etmək gendən gəlir, soydan, kökdən gəlir...

***

Yaxşı söhbətlər və yaxşı insanlar ruhu təmizləyir, ruhu sağlam edir, həyat eşqini artırır.

***

Öyrənmək heç vaxt gec deyil.

***

Görəsən ayağımızı tapdalayanlar, bizə pislik edənlər tapdalamaqlarının və pislik etmələrinin səbəbini bilirlərmi?! Əgər bilmirlərsə, onlara yazığım gəlir.

***

O övlad yaxşı, xoşbəxt övladdır ki, o, atasına, anasına rəhmət oxudur. Onun əməli, fəaliyyəti başqaları tərəfindən rəğbətlə qarşılanır və deyilir ki, Allah bunun atasına, anasına rəhmət etsin.

Günlərin birində bir yaşlı, təqaüddə olan ziyalı qadın mənim əl telefonuma zəng etdi. Mənim televiziyada olan çıxışımdan məmnun olduğunu bildirdi. Danışığım, nitqim xoşuna gəldiyini dedi. Və onu da dedi ki, sənin kimi övladın ata–anası sağdırsa, Allah can sağlığı versin, rəhmətə gedibsə, Allah rəhmət eləsin.

10.XII.2013

***

Birisi Üzeyir Hacıbəyova deyir ki, iki nəfər bir – biri ilə yola getmir. Mən nə edim ki, onlar yola getsinlər. Həmin adam acığından yola getməyənləri eşşək adlandırır. Yəni iki eşşək yola getmir deyir. Üzeyir bəy isə cavab verir ki, sən iki eşşəyin arpasını bölə bilmirsənsə, nəyə və kimə lazımsan.

***

Vətəni, milləti, öz məşuqunu sevənlər çox vaxt əzab və əziyyət çəkirlər. Axı Məcnun da Leylini sevdiyi üçün çox əzab və əziyyət çəkmişdir.

20.XII.2013-cü il

***

Əslində insanlar təbiəti təqlid edirlər. İnsanlar həm də heyvanları təqlid edirlər. Hər bir insanın içində bir heyvan xisləti yatır. Hər bir insanın üz cizgilərində müəyyən heyvanın prototipi var. Hətta qarışqalar, tarakanlar daha nələr, nələr və nələr xislətində olan insanlar var.

21.XII.2013-cü il

***

Yalan, böhtanla yaşayan insanlarda ləyaqət, vicdan olmaz. Ləyaqəti, vicdanı olmayanlar həyatda əziyyət çəkmədən yaşayırlar.

***

Səməd Vurğun istedadlı olduğu üçün istedadsızların qaragüruhçuluğu ilə çox üzləşibdir. Bir dəfə həmin garagüruhçulara üz tutub deyibdir ki, siz məndən nə istəyirsiniz. Bu zaman həmən garagüruhçulardan birinin gözləri yaşarıbdır. Görünür ki, həmin məqamda garagüruhçulardan birinin vicdanı ayılıb, baş qaldırıbdır. Ancaq elə garagüruhçular var ki, onların vicdanı heç zaman ayılmır. Bəlkə də bütün ömrü boyu heç vicdanları olmur.

***

Nadan adam eşitməyi bacarmır, ona görə də məcbur edir ki, ağıllı adam ucadan danışsın. Eyni zamanda nadan adam dinləməyi də bacarmır, ona görə də məcbur edir ki, ağıllı adam astadan, pıçıltı ilə danışmasın.

22.XII.2013-cü il

***

Pulun açmadığı qapı yoxdur. Ancaq pul cənnətin qapılarını aça bilmir. Bu istisnadır.

***

Hər bir insan xatırlamağı, axtarmağı, üzr istəməyi, bağışlamağı bacarmalıdır. Şəms Təbrizi deyirdi:

“Bir an dayan, arxana bax və unutduqlarını xatırla... İtirmisənsə, axtar, qırmısansa, üzr istə, qırılmısansa bağışla... Çünki həyat çox qısadır”.

***

Hər birimiz alçaqlığa tələsənlərlə tez-tez qarşılaşırıq. Platon deyirdi:

“Abırsızlıq ruhun öz mənfəəti üçün alçaqlığa tələsməsidir”.

***

Bir kişinin bir qadına, bir qadının da bir kişiyə həmişə ehtiyacı var. Onların hər ikisi qocalanda bu ehtiyac sadiqliyə çevrilir.

İmmanuel Kantdan soruşurlar:

- Hansı qadınlar ərlərinə sadiq olurlar: Qara saçlılar, yoxsa sarı saçlılar?

Filosof cavab verir: Ağ saçlılar.

***

Əlibala Hacızadə ilə söhbət edirdik. Söhbətimizdə bir neçə dost da iştirak edirdi. Soruşduq ki, Əlibala müəllim, siz ağsaqqalsınız, bilərsiniz, bizim düşmənimiz ermənidir, rusdur, ingilisdir? O dedi ki, bizim düşmənimiz bir – birimizə olan paxıllığımız və qısqanclığımızdır.

***

Zahid Xəlillə Adil Cəmil Bakı şəhərinin orta məktəblərinin birində görüşdə olurlar. Məktəbin direktoru uşaqlara Zahid Xəlili Zeynal Xəlil, Adil Cəmili Əhməd Cəmil kimi təqdim edir. Hər iki şair pərt olur. Direktor deyir ki, nə fərqi var, şair şairdir, əsas odur ki, uşaqlar bildilər ki, şairlər görüşə gəliblər.

***

“Azərbaycan” jurnalının baş redaktoru İsmayıl Şıxlı, baş redaktorun müavini isə Qabil imiş. Həmin vaxt gənc şairlərin “Azərbaycan” jurnalında bir şeirdən artıq şeiri çap olunmurmuş. Çox təsadüfi hallarda gənc şairlərin jurnalın bir nömrəsində bir neçə şeiri çap olunurmuş. Adil Cəmil şeirlərinin bir qismini çap olunmaq üçün şair Qabilə təqdim edir. Qabil elə bilir ki, Adil Cəmil Əhməd Cəmilin qardaşı oğludur. Bir neçə gündən sonra Qabil Adil Cəmilə deyir ki, əminə salam de. Adil Cəmil heç nə başa düşmür və Qabilin bu sözlərinə əhəmiyyət vermir. “Azərbaycan” jurnalı çap olunanda görür ki, onun Qabilə verdiyi şeirlərin hamısı çap olunubdur. İşi başa düşür... Qabil də işi başa düşür. Artıq hər şey gec imiş...

***

Şair Qabil “Azərbaycan” jurnalında baş redaktorun müavini olanda gənc şairlərin çap olunmaq üçün təqdim etdikləri şeirlərin ən yaxşısını seçib çap edərmiş, digərlərini isə geri qaytarıb deyərmiş ki, bunları da məşhur olandan sonra çap etdirərsən.

***

Şair Qabil xoşu gəlməyən adamla bir yerdə olmağı da sevməzdi. Günlərin birində Adil Cəmillə bir yerdə çay içirlərmiş. Bu zaman üçüncü bir adam da gəlir. Həmin adamdan Qabilin xoşu gəlmirmiş. Qabilin xoşu gəlməyən həmin adam onlardan ayrılıb getmək istəyir. Tez – tez deyir ki, getmək istəyirəm, tələsirəm. Onun fikri Qabilin ürəyincə olsa da, dediyinə əməl etmir. Qabil nə qədər gözləyir ki, bu adam çıxıb getsin, ancaq getmir. Növbəti dəfə bir də deyəndə ki, getmək istəyirəm, bu zaman Qabil deyir ki, sən getsən yaxşıdır.

***

Günlərin bir günü Qabil Yazıçılar Birliyində keçirilən tədbirlərdən birini aparırdı. Tədbirdə iştirak edən adamlara bir – bir söz verirdi. Bir aşığa da söz verdi. Söz verdi ki, həmin aşıq çalıb oxusun. Ancaq aşıq çalıb oxumaq əvəzinə başladı uzun – uzadı danışmağa. Bu zaman Qabil aşığın sözünü kəsib dedi ki, a kişi, burada danışanlar çoxdur. Sənə söz verdim ki, oxuyasan...

***

Adil Cəmil və digər bir şair Azərbaycanın regionlarından birinə ezam olunubmuş. Ezam olunduqları rayonun avtovağzalında onları qarşılayacaq adamı gözləyirlərmiş. Birdən görürlər ki, avtovağzalda Hüseyn Arif də göründü. Onlar Hüseyn Arifə yaxınlaşırlar və deyirlər ki, qulluğunda olaq. Hüseyn Arif deyir ki, bura gəlmişik ki, öz pulumuzla bir – birimizə xidmət edək?! Bizə xidməti bizi bura dəvət edənlər etməlidir. Bu vaxt onları avtovağzalda qarşılayacaq vəzifəli adam peyda olur. Görüşürlər. Səhər tezdən yeməkxanaya gedirlər. Süfrəyə şor, pendir... gəlir. Hüseyn Arif şoru çörəyin üstünə yaxıb ləzzətlə yeyir. Yedikcə deyir ki, bu şor olmasaydı Böyük Vətən Müharibəsində acından qırılardıq. Onu da deyir ki, nə yaxşı ki, bu şor varmış. Birdən vəzifəli şəxs deyir ki, indi şor, pendir... süfrədən yığışdırılsın və süfrəyə balıq gətirilsin. Elə bu dəmdə səhərdən şoru, pendiri tərif edən Hüseyn Arif deyir: Başın haqqı düz deyirsən, bu köhnəliyin qalığını (şoru, pendiri nəzərdə tutur) yığışdırın, süfrəyə müasirliyi gətirin.

***

Müdriklərdən biri deyib ki, mən keçmişimə görə məsuliyyət daşımıram. Ona görə ki, mən keçmişdə yaşamıram.

***

Bu tarixlər məni düşündürür: Atam Əzizin doğum və ölüm tarixi – 1927-ci il yanvar ayının 17-si doğum tarixi, 2008-ci il dekabr ayının 17-si ölüm tarixi. Anam Sonanın doğum və ölüm tarixi – 1929-cu il yanvar ayının 12-si doğum tarixi, 2007-ci il fevral ayının 21-i ölüm tarixi.

Atam Əzizin doğum və ölüm tarixinin 17 olması – bu rəqəm. Görəsən niyə hər ikisi 17-dir?!

Anam Sonanın doğum tarixinin 12, ölüm tarixinin 21 fevral Beynəlxalq Ana Dili gününə təsadüf etməsi yenə də məni düşündürür. Yadımdadır 2007-ci ilin fevral ayının 21-i Atatürk Mərkəzində Beynəlxalq Ana Dili gününə həsr olunmuş tədbirə məni dəvət etmişdilər. Həmin gün gecə saat 200-da anam dünyasını dəyişdi. Həmin gün saat 1300-da anamın dəfni idi. Yenə də deyirəm, anamın ölüm tarixinin 21 fevrala təsadüf etməsi – Beynəlxalq Ana dili gününə təsadüf etməsi məni düşündürür...

03.I.2014-cü il

***

Atamın qəbirində sinə daşının üstünə aşağıdakı sətirləri mən yazdırmışam və bu sətirləri mən yazmışam:

Əziz o Əzizdir ki, əzizlərə hörmət. Ondakı bütövlük, kişilik, mərdlik, izzət, hörmət və ədalətlilik nadirdir.

Anamın qəbirində sinə daşının üstünə aşağıdakı sətirləri də mən yazdırmışam və bu sətirləri də mən yazmışam:

Ağlasan mən narahat,

Sən sevinc tap, mən – rahat.

Oyatma öz yuxumdan

Mən Allaha əmanət.

***

Bu dünyada kimsəsiz heç kim, yiyəsiz heç nə yoxdur. Ancaq bəzən kimsəsizlərə və yiyəsizlərə rast gəlmək olur. Onlar nədənsə Allahın da diqqətindən yayınırlar.

Dünyada dirilərin yiyəsi olduğu kimi, ölülərin də yiyəsi var. Ancaq bəzən dirilərin də, ölülərin də yiyəsi olmur.

Ceyranbatan qəbristanlığına atamın, anamın qəbrini ziyarət etməyə getmişdim. Gördüm ki, qəbristanlıqda 18 yaşlı bir gəncin qəbri var. Ancaq baxımsızlıq ucbatından qəbrin yan – yörəsini ot, kol – kos basmışdı. Hiss olunurdu ki, bu gəncin qəbrinə baxan yoxdur.

***

Müqəddəs yerlərə ziyarət zamanı məkan olduğu kimi qalır, həm də zaman dəyişmir. Müqəddəs yerləri nə zaman ziyarət etsən zaman dəyişmir.

Dostum Tahir 2013-cü ilin oktyabr ayında Məkkə ziyarətinə getmişdi. Qayıdanda mənə dedi ki, Məkkə ziyarətində 24 saat ərzində zaman dəyişmir. Ziyarətçilər üçün 24 saatın hər anı, hər saatı eynidir. Məncə, bunun səbəbi müqəddəsliyin əbədiliyindədir.

***

Qafiyə şeirin nəqliyyat vasitəsidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır