Modern.az

“Torpaqlarımızı istənilən yolla azad etməyə Azərbaycanın tam haqqı var ...”

“Torpaqlarımızı istənilən yolla azad etməyə Azərbaycanın tam haqqı var ...”

5 Oktyabr 2010, 12:50

Millət vəkili, Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradov Modern.az saytına müsahibə verib

- Fuad müəllim, ölkəmizdə demokratiyanın, insan hüquq və azadlıqlarının təmin olunmasını necə qiymətləndirirsiniz?
- Azərbaycan dövləti insan hüquq və azadlıqlarının təmin olunmasında çox böyük addımlar atılıb. Bu gün Azərbaycandakı demokratik inkişaf, həyata keçirilən islahatların dünyada baş verən demokratik proseslərlə həmahəngliyi ölkəmiz üçün çox uğurludur və beynəlxalq təşkilatlarda bunu çox yüksək qiymətləndirirlər. İstər ATƏT, istər Avropa Şurası, istərsə də, Avropa Birliyi tərəfindən irəli sürülən tövsiyələrin Azərbaycan tərəfindən həmişə böyük hörmətlə qarşılanması reallıqdır. Cənubi Qafqazda demokratik prinsiplərə söykənən və bu dəyərləri inkişaf etdirən, Konstitusiyamızın müddəalarında olan bütün yüksək sivil prinsiplərin təmin olunmasını ali dövlət məqsədi hesab edən bir dövlət varsa, o da Azərbaycandır. 
- Bəzən müxtəlif beynəlxalq təşkilatlar Azərbaycanda demokratiyanın zəif olması, insan hüquq və azadlıqlarının pozulması haqqında hesabatlar yayırlar...
- Təəssüf ki, bu gün ölkəmizin böyük inkişafında nöqsanlar axtarmağa çalışmaq, Azərbaycanda olmayan bir problemi yaratmaq arzusunda olmaq qərəzli mövqedən başqa bir şey deyil. Ölkəmiz istər iqtisadi strukturlarda, istər hüquq, informasiya və s. bütün bu inteqrasiya növlərində həmişə öndə gedən, dünyaya açıq olan bir dövlətdir. Azərbaycana gələn ekspertlər özləri də bunu görür. Özlərini «demokrat» adlandıran bir sıra təşkilatların hesabatlarını Azərbaycana təzyiq kimi qiymətləndirmək illər öncə ola bilərdi. Azərbaycan yenicə müstəqillik qazanmış bir dövlət idi. Demokratiya yolunda addım-addım irəliləyirdi. Bəlkə də o vaxtkı təəssüratlar, o vaxtkı stereotiplər yenə də qalmaqda davam edir. Ancaq bu, belə deyil. Zaman dəyişib. Zamanla bərabər Azərbaycanın mövqeyi, onun beynəlxalq əməkdaşlıqda yeri və rolu dəyişib. Buna görə də, onlar bugünkü gerçəklikləri nəzərə almalıdırlar. Anlamalıdırlar ki, belə şeylər artıq Azərbaycana təzyiq vasitəsi ola bilməz. Buna nə Prezident İlham Əliyevin siyasəti, nə də Azərbaycan vətəndaşlarının öz dövlətlərinə, Prezidentlərinə sədaqəti imkan verər. Bu baxımdan, kifayət qədər qüdrətli dövlət olan və hətta Avropanın taleyində, enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycana qara yaxmaq tamamilə yersizdir.
Lakin bununla belə  Azərbaycanın  haqq mövqeyi aparılan məqsədyönlü siyasət nəticəsində dünya birliyi tərəfindən qəbul edilir. Buna ən böyük misal olaraq Almaniya bundestaqı, İtaliya senatı və  Avropa Parlamentində qəbul olunan qətnamələri göstərmək olar. Almaniyanın qəbul etdiyi sənəd “Cənubi Qafqazda təhlükəsizlik, stabillik və demokratiyanın gücləndirilməsi” adlanır. Sənədə əsasən parlament respublikası olan AFR-in ən ali orqanı – Bundestaq hər üç Cənubi Qafqaz dövlətinin ərazi bütövlüyünü tanıyır, regiondakı münaqişələrin məhz bu dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsipləri əsasında həllini dəstəkləyir.
İtaliya senatının gündəliyinə salınan Cənubi Qafqazda situasiya ilə bağlı qətnamə müzkirələrdən sonra qəbul olundu. Qətnamə İtaliya hökümətinin Dağlıq Qarabağ münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının, ATƏT və Avropa Şurasının bütün qətnamə və qərarlarını yerinə yetirməsini nəzərdə tutur.
Son olaraq Avropa Parlamentinin qəbul etdiyi "Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına tələb" adlı qətnamə erməniləri küncə sıxdı. Avropa İttifaqının Avropa Qonşuluq siyasəti və Şərq Tərəfdaşlığı kimi təşəbbüslərini dəstəkləyərək Avropa Parlamenti Cənubi Qafqaz ölkələrinin Avropa siyasətinə inteqrasiyasını sürətləndirmək və Cənubi Qafqazı davamlı sülh, sabit və çiçəklənən regiona çevirmək istiqamətində Avropa İttifaqını daha fəal rol oynamağa çağırdı. Bu vacib qətnamə haqlı olaraq regionda həll olunmayan münaqişələri iqtisadi və sosial inkişafa və Cənubi Qafqaz ölkələrində Şərq Tərəfdaşlığının tam reallaşmasına maneə kimi qiymətləndirir və regionda stabillik üçün münaqişələrin dinc yolla həllini zəruri hesab etdi. Avropa İttifaqı tərəfindən Cənubi Qafqaz ölkələrinə münasibətdə suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmətə istinad edərək, parlament habelə, Şərq Tərəfdaşlığının məqsədlərindən biri tərəfdaş ölkələrin dövlətçiliyinin və ərazi bütövlüyünün möhkəmləndirilməsinə real dəstək verilməsinin olduğunu xatırladır və region ölkələrinin suverenliyi və ərazi bütövlüyünə hörmətə münasibətdə hər hansı bir şərtin irəli sürülməsini yolverilməz olduğu açıq şəkildə bəyan edildi.
- Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində gedən danışıqlar pozularsa, o zaman məsələnin hərbi yolla həlli gündəmə gələ bilərmi?
- Azərbaycanın güclü orduya malik olduğunu beynəlxalq təşkilatlar, dövlətlər etiraf etsələr də erməni rəsmiləri narahatlıqlarını ört-basdır etmək üçün daim qeyri-ciddi bəyanatlarla çıxış edir. Guya münaqişənin həlli istiqamətində müharibə variantı əsas götürülərsə, Azərbaycan bu mübarizədən məğlubiyyətlə çıxacaqdır. Səbəb kimi Azərbaycan ordusunun Ermənistan silahlı qüvvələrindən zəif olması gətirilir.  Bu bəyanatların qeyri-ciddiliyi işğalçı dövlətin rəsmilərinə çox yaxşı bəllidir.  İqtisadi cəhətdən zəif olan dövlət heç zaman güclü ordudan danışa bilməz. Ermənistanın öz büdcəsini yalnız erməni diasporunun yardımları əsasında formalaşdırdığı da inkaredilməz faktdır. İşğalçılıq siyasəti ucbatından  bütün enerji layihələrindən kənarda qalan Ermənistan iqtisadi böhran içərisində çapalamaqdadır.  Azərbaycan hər an torpaqlarını güc yolu ilə azad etməyə qadirdir. Dəfələrlə qeyd olunduğu kimi,  münaqişənin 20 ildir həllini tapmaması dövlətimizin sülh siyasətinə sadiqliyinin bariz nümunəsidir.  Problemin sülh danışıqları əsasında beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinin vacibliyini hər  zaman bəyan edən rəsmi  Bakı beynəlxalq təşkilatları və dövlətləri münaqişənin nizamlanmasında ədalətli mövqe nümayiş etdirməyə çağırır.  Artıq bəyanatlardan konkret əməli işə keçməyin zamanı çoxdan keçsə də dünya hələ də ikili siyasətdən yaxa qurtara bilmədiyindən problemin nizamlanması prosesində konkret mövqe ortaya qoya bilmir. Baxmayaraq ki, beynəlxalq təşkilatların qərar və qətnamələrində Azərbaycan ərazilərinin erməni işğalçıları tərəfindən işğalı faktı, eyni zamanda Dağlıq Qarabağın Azərbaycanın tarixi ərazisi olması öz əksin tapıb. İşğalçı dövlətə bununla bağlı heç bir təzyiqin göstərilməməsi onun daha böyük iddialarla yaşamasına, münaqişənin nizamlanması prosesində  konstruktiv mövqe nümayiş etdirməməsinə səbəb olur.
- Prezident İlham Əliyev bütün çıxışlarında gənclərimizdə vətənpərvərlik hissinin daha da yüksəldilməsini ən vacib amil kimi qeyd edir... 
- Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, sərhədlərimizin toxunulmazlığının təmin edilməsi üçün hər bir Azərbaycan vətəndaşı ciddi səy göstərməli, dövlət başçısının ətrafında sıx birləşməli,  daim döyüşə hazır olmalıdır.  Ulu öndər Heydər Əliyevin «Azərbaycan əsgəri torpaqlarımızın müdafiəsi yolunda irəli!» çağırışı hər bir vətənpərvər azərbaycanlının həyat amalına çevrilməli, hamımız yumruq kimi birləşərək, işğal altında olan torpaqlarımızı azad etməliyik. Dövlətimizin  hərbi büdcənin artırılmasına diqqəti, eyni zamanda problemin həllində müharibə variantının istisna edilmədiyini hər zaman bəyan etməsi  daim  işğalçı Ermənistan, ona havadarlıq edən təşkilatlar və dövlətlər tərəfindən narazılıqla qarşılanır. Azərbaycan dövlətinin müharibə variantını istisna etməməsini  beynəlxalq təşkilatlara  sülh danışıqlarına üstünlük verməmək kimi  təqdim edən  Ermənistan rəsmiləri yaxşı olar ki, problemin həllində düzgün mövqe nümayiş etdirib, nizamlanma prosesini uzatmasınlar. Haqqın, ədalətin Azərbaycanın tərəfində olduğu qarşı tərəfə çox yaxşı aydındır. Diplomatik mübarizədə qələbə Azərbaycanındır. Diplomatiyamızın qarşıya qoyduğu əsas məqsədlərdən biri beynəlxalq təşkilatların qərar və qətnamələrinin kağız üzərində qalmaması, bunun əməli işdə sübut olunmasına nail olmaqdır. Dövlətin həyata keçirdiyi siyasətin gələcəyinə böyük inam bəsləyən xalq Dağlıq Qarabağ probleminin də tezliklə öz müsbət həllini tapacağına əmindir. Azərbaycanın tam haqqı var ki, işğal altında olan torpaqlarını istənilən yolla azad etsin.
- Qeyd etdiniz ki, işğalçılıq siyasəti ucbatından  bütün enerji layihələrindən kənarda qalan Ermənistan iqtisadi böhran içərisində çabalamaqdadır. Amma bu ölkə işğalçılıq siyasətini davam etdirir.
- Ermənistanda iqtisadi fəlakət o həddə çatıb ki, maliyyə böhranı kimi problemlərin həllinə belə ümid yoxdur. Ermənistan hökuməti  böhrandan çıxış yolu yönündə ardıcıl şəkildə açıqlamalar versə də, real həyatda Ermənistanın xarici borclarının daim artan xətlə yüksəlməsi regionda real durumun heç də belə olmadığını təsdiq edir. Hakimiyyət imitasiya edərək iqtisadi yüksəliş barədə havadan götürülmüş xəyali rəqəmlərə istinad etməklə yetirməkdədir. Aylıq maaşların, təqaüdlərin xaricdən alınmış kreditlər hesabına ödənilməsi ölkə üçün daha ağır təhlükə mənbəyinə çevrilib. Çünki xaricdən alınan bu borcları Ermənistan çox da uzaqda olmayan yaxın 5-6 ildə ödəməyə borcludur. Hal-hazırda Ermənistanın xarici borcları 3 milyard dollar həddindədir. Bu qədər maliyyə vəsaitinin 70 faizi birbaşa dövlət borcları hesab olunur. BMT-nin miqrasiya problemləri üzrə araşdırma mərkəzinin hesabatında bildirilir ki, 3 milyon 500 min nəfər əhalisi olan Ermənistandan 1 milyon 700 min nəfər son illər ərzində xarici ölkələrə miqrasiya ediblər. Bu proses indi də davam edir.

Orxan Əli

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?