Modern.az

Müharibə dövrünün Süleymanı - döyüşən Azərbaycan şairi

Müharibə dövrünün Süleymanı - döyüşən Azərbaycan şairi

Ədəbi̇yyat

19 İyun 2015, 23:41

Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Pedaqogika üzrə fəlsəfə doktoru, publisist,
«Tərəqqi’’ medalçısı.

Zaman-zaman Azərbaycan xalqının tarixində mərd oğul və qızlarımızın cənglərdə,cəbhələrdə,döyüşlərdə göstərdikləri şücaət,qəhrəmanlıq hərb tariximizin parlaq səhifələrini təşkil edir.

Ürəyində, qəlbində əsl Vətən məhəbbəti,sevgisi olan bu cəsur, mərd oğul və qızlarımızın hünərləri bədii ədəbiyyatda daim ustalıqla qələmə alınır,gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmalarına xidmət edir.

Yaradıcılığında müharibə mövzusuna müraciət edərək, qiymətli sənət inciləri yaradan ustad sənətkarlardan biri də Xalq şairi Süleyman Rüstəm olmuşdur.


Tale elə gətirib ki, Süleyman Rüstəm Böyük Vətən müharibəsi dediyimiz savaşın ən ağır illərində ön cəbhədə olmuşdur. Əsl cəsur azərbaycanlı balası kimi Şimali Qafqaz, Mozdok və Kerç ətrafındakı döyüşlərdə batalyon komissarı,siyasi işçi kimi,təbii ki,həm də bir şair kimi əsgərlər arasında olmuş,onları Vətən,torpaq uğrunda  ölüm-dirim  mübarizəsində  qələbələr  çalmağa ruhlandırmış, ilhamlandırmışdır.Şairin bu hisslərini şerlərində görmək mümkündür:

Şerlərim çoxdan geyib öz döyüş paltarını
Çoxdan dadıb ağır günün boranını, qarını. 
Misralarım əsgər kimi düzülmüş cərgə-cərgə,
Döyüşəcək cəbhələrdə onlar mənimlə birgə.

Məşhur 416-cı, 402-ci, 223-cü  diviziyalara  təhkim  olunmuş  Süleyman Rüstəmin alovlu,vətənpərvər şeirləri və publisist əsərləri böyük səfərbəredici təsir qüvvəsinə malik idi.Şair gördüyü, şahidi olduğu real hadisələri canlı,poetik boyalarla özünəməxsus  ustalıqla təsir etdiyinə görə ürəklərə asanlıqla yol tapırdı:

       Ey Vətənin sevimli,qeyrətli övladları,
      Hünər meydanlarında qüdrətli övladları.
       Alnıaçıq, üzüağ  şöhrətli  övladları,
       Amalınız var olsun,gözünə döndüklərim,
       Cəlalınız var olsun,gözünə döndüklərim.       

         Nəsillərçin səadət aynasıdır zəfərlər,
         Bizim bu dünyamızın mənasıdır zəfərlər,
         Könüllərdə sevinclər dəryasıdır zəfərlər.
         Zəfər çalın hər zaman,gözünə döndüklərim
         Vəcdə gəlsin Süleyman,gözünə döndüklərim.

   S.Rüstəmin «Hücum, «And’’, «Gözlə’’, «Koroğlu’’, «Qəhrəmanın vəsiyyəti’’, «İldırım’’, «Gün o gün olsun ki’’, «Ana və poçtalyon’’ və s. şeirlərində siyasi kəskinlik, vətənə sədaqət, qələbəyə dərin inam,nikbinlik,poetik təsir gücü ifadə olunaraq,ustad sənətkarın istedadının yeni imkanlarını aşkara çıxarırdı.

   Cəbhəçi şair İosif Utkin S.Rüstəm barəsində yazırdı: «Müharibə dövrünün Süleymanı-döyüşən Azərbaycan şairi deməkdir.Müharibə illərində Süleyman Rüstəm mübariz Azərbaycan şairi kimi çıxış edir. O, Azərbaycan xalqının həyəcanlarına,qəzəb və sevincinə şərik olduğu kimi şairin əsərlərinin əsasını təşkil edən hisslər də xalq üçün əziz və doğmadır...S.Rüstəmin şeirləri ancaq həyəcana, təlatümə gətirməklə qalmır, eyni zamanda oxucunun ürəyinə hakim kəsilir.Bu isə əsl sənətə məxsus olan bir keyfiyyətdir’’.

   Müharibə illərində şair müasir həyatın dolğun bədii-etik lövhələrini və sadə adamların dərin bitkin obrazlarını canlı olaraq özünəməxsus  tərzdə yaradırdı.Bu əsərlər isə təbii ki, müharibənin ağır günlərində, şiddətli döyüşlərdə cəsur döyüşçülərimizə mənəvi dayaq olur,onların qələbəyə dərin əzmini,inamını artırırdı:

                     And olsun könlümün arzularına,
                     Gələcək günlərin xoş baharına,
                     Əlimdən vermərəm bir ağ günümü,
                      Dəryalar söndürməz mənim kinimi.

  Yaman günlərin axırına çıxmaq,düşməni əzmək,ona aman verməmək və onun üzərində  qəti həlledici qələbə çalmaq inamı aşılamaqdan ötrü S.Rüstəm daim şeirlərində Vətən və vətənpərvərlik mövzusunu ön  plana çəkirdi:

            Gözümü dünyaya açanda ilkin
            Anamı görmüşəm,səni görmüşəm.
            Əhdinə vəfalı bir oğul təkin,
           Döyünən qəlbimi sənə vermişəm.

         Şair  tez-tez cəbhədə  döyüşçülərlə  onların həyatı ilə yaxından tanış olduğu üçün əsərlərində ictimai-siyasi və bədii təsir gücü daha da artır, ümumi vəsf  və tərənnüm  real həyatın,konkret lövhələrin təsviri ilə əvəz olunurdu.Nəticədə bədii-estetik və etik cəhətdən dolğun,kamil,təsirli və müasir həyatla səsləşən duyğularla aşılanmış əsərlər meydana çıxırdı.

    Şairin 1942-ci ildə qələmə aldığı «Mən istərəm’’ qitəsində Vətənə sonsuz məhəbbət duyğusu böyük şövqlə ifadə olunub:

                            Mən istərəm sağ çıxmayım bahara
                            Təki anam düşmənə baş əyməsin.
                            Bu müqəddəs,son davada hər yara
                            Mənə dəysin,Vətənimə dəyməsin.

 
Cəbhələrdə, döyüşlərdə parlaq qələbə qazanan,cəsur,qəhrəman oğul və qızlarımızın şücaətindən,rəşadətindən ilhamlanan anaların cəbhəyə yazdıqları,yolladıqları  məktublarında ifadə olunan sevinc hissləri şairin şeirlərində yüksək  poetik boyalarla təsvir olunur:

                             Yazdığın məktubu basdım bağrıma,
                            Orda özün varsan, qəlbin var, oğlum.
                             Dedim ki, ey ürək, daha ağrıma
                             Elləri bəladan qurtarar oğlum!                 

                            Bilirəm alınmaz qalasan, qala,
                           Vuruş igid bala, mehriban bala.
                            Yazırsan-düşməni salmışam dara,
                            Vur,başına dönüm,vur qadan alım.
                             Yazırsan-sağalıb aldığım yara.
                            Qanadlan,ey mənim dağlar qartalım!
                            Əmdiyin süd sənə halaldır,halal!
                        Görüm  uzaq olsun başından zaval!
                       ... Vuruş ki,ötməsin bir daha bayquş!
                       Sən hər gün arxadan arxayın vuruş.

   Müharibə zamanı arxa cəbhədə fədakarlıq göstərən sadə insanların,əmək adamlarının nə qədər böyük zəhmətə qatlaşmaları,onların çəkdikləri ağır sıxıntılar,yaşadıqları əzab-əziyyətləri,rahatsızlıqları,intizarları şairin dili ilə poetik dildə,ümumiləşdirilmiş şəkildə təsvir olunur.Arxa cəbhədə gecəni-gündüzə qatlanıb, yorulmaq,istirahət bilmədən zəhmət çəkən minlərlə ata-ananın,bacı-qardaşın,qız-gəlinlərin Vətən naminə,qələbə naminə istək və arzularını,onların mənəvi dünyasını,qələbəyə dərin inamını şair öz  «məktublar’’ında  məharətlə vermişdir. «Cəbhəyə məktub’’, «Anadan’’, «Gəl’’, «Döyüşçüyə məktub’’, «Sevgilimə’’ və s. şerləri həmvətənlərimizin cəbhəylə əlaqəsini,sıx birliyini göstərirdi.

    Ağır müharibə illərində şairin könül rübabından qələmə alınan «Ana və poçtalyon’’ adlı nikbin ruhlu, təravətli, axıcı poetik lövhəsində lirik qəhrəmanın -fədakar əsgər anasının ürək çırpıntıları,rahatsızlığı,başqalarının da dərdini özününkü kimi yaşaması səmimi,inandırıcı və real təsvir olunur.Məncə,bu poema şairin əsərləri içərisində ən populyarlıq qazanan  və dillər əzbərinə çevrilən,sevilən əsərlərdəndir.

   «Ana və poçtalyon’’ poemasında  şair  ustalıqla  həm ananın,həm də poçtalyonun kövrək qəlbini, onların övladlarına olan sonsuz,dərin məhəbbətini qələmə alıb. 4 ay doğma balasından həsrətlə məktub gözləyən ananın poçtalyonu acılayaraq məktub olmadığı təqdirdə bir də onların həyətinə gəlməməsini,sonra isə özü də bilmədən poçtalyonun qəlbinə dəyməsi ilə fikir etməsini,əzab çəkməsini kövrək hisslərlə oxucunu həyəcanda,intizarda saxlayaraq qələmə alıb.Oxucunu bu münasibətlərin sonluğuna qədər intizarda saxlamasını, həyəcan keçirməsini şair qəlbi ilə təsvir edir:

                     Dörd ay vardı,ananın gözləri yol çəkirdi:
                    Başqa bir dərdi yoxdu,oğul dərdiydi dərdi;
                    Sorurdu:- “Balam hanı?-Hər cəbhədən gələndən;
                    Ondan xəbər gəlməyir,xəbər gəlir öləndən...
                    ...Bir gün küçə qapısı açıldı çox sürətlə.

                       Qonşular çıxdı evdən təəccüblə,heyrətlə.
                       Gördülər ki,poçtalyon əlində məktub gəlir,
                          Elə bil caynağında qartal ov tutub gəlir.
                        Aldılar bir qırpımda poçtalyonu dövrəyə:
                       -Məktub kimədir?Söylə,niyə dinmirsən, niyə?
                        Zilləyib gözlərini ananın gözlərinə,
                         Poçtalyon qanad taxdı öz şirin sözlərinə:
                         -Bundan neçə gün əvvəl məndən küsən,inciyən,
                         «Məktub olmasa,bir də bu evə gəlmə!’’,-deyən
                         Mərhəmətli,möhtərəm anayadır bu kağız!.
                        Hamı bir səslə dedi: «Gözlərin aydın, ay qız!’’
                         Ana, gözləri yaşlı, ətir saçdı dilindən,
                         Tez öpdü poçtalyonun məktub verən əlindən...



Şairin müharibə mövzusunda qələmə aldığı əsərlər içərisində Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun son taleyindən bəhs edən  «Qafurun qəlbi’’ poemasıdır. Şair Qara dəniz sahillərində aylarla döyüşən Sevastopolun alman faşistlərinə qarşı apardıqları ölüm-dirim mübarizəsini əks etdirir.Poemada diqqəti çəkən ən maraqlı məqam dini,inamı,etiqadı müxtəlif olan azərbaycanlı balası rabitəçi Qafurla qeyri-millətdən olan komandir Sinetskinin dostluğu,yaxınlığıdır. Şair azərbaycanlıları duz-çörəyə,böyüyə-kiçiyə,ağsaqqala hörmət və lazım gəldikdə öz canını  belə qurban verməsini böyük ustalıqla təsvir edə,oxucuya çatdıra bilmişdir.

   Avtomatındakı güllə bitdiyi zaman,komandiri Sinetskinin düşmən gülləsi tərəfindən hədəfə alındığını görən Qafur öz sinəsi ilə Sinetskini düşmən gülləsindən xilas edir,özü isə qəhrəmanlıqla həlak olur:

Düşmən,Sinetskinin bağrını almış nişan,
Avtomatda güllə yox,heç nəyə gəlmir güman.
Nə güllə doldurmağa,nə qumbara atmağa
Vaxtı yox,imkanı yox...qalxır birdən ayağa.
Yoldaş leytenant!..deyə bağırır var səsilə,
Şığıyır ildırımtək,qabaran sinəsilə
Qaldıraraq dostluğu qəlbində bayraq kimi,
Durur Sinetskinin önündə bir dağ kimi.
Bir qırpımda sinəsi rəng aldı lalələrdən...

 Şairin 1942-ci ildə qələmə aldığı «Günə gün olsun ki’’.. şeirindəki misralar on minlərlə əsgərin,Vətən oğlunun qələbə gününü yaxınlaşdırmaq üçün daha böyük igidliyə,fədakarlığa,qəhrəmanlığa ruhlandırmış,ərini,qardaşını,oğlunu həsrətlə,ümidlə gözləyən çox sayda Azərbaycan qadınının hərarətli qəlbini ovundurmuşdu:

Gün o gün olsun ki,qurtarsın dava,
Dağılsın buludlar,açılsın hava.
Alınsın düşməndən intiqam,qisas.
Torpaq nəfəs alıb dincəlsin bir az.
...Yaxası ordenli igid yar gəlsin,
Xəbəri gəlməyən oğullar gəlsin..
..Gün o gün olacaq o gün gələcək,
Bəşər dincələcək, həyat güləcək.

  Bu şeir bu günlə səsləşir, deyilmi? Tezliklə, Azərbaycan ordusu 20% işğal olunmuş torpaqlarımızı, Qarabağı Ermənistan silahlı  qüvvələrindən, yağı düşmənlərdən təmizləyəcək, bölgəyə əbədi sülh, əmin-amanlıq gətirəcək. Azərbaycan ordusu buna qadirdir. Acı da olsa bu ədalətli mübarizədə Azərbaycanın mərd, mübariz, igid oğulları şəhidlik zirvəsinə də qalxırlar, ölməzlik, əbədilik qazanırlar.

  Bu yerdə şairin  «Mücahidlər nəğməsi’’ şeiri yerinə düşür:

Biz gedirik azadlıqçün döyüşə,
 Sinələri dağlamayın analar!
Şəhid olsaq yaşarmasın gözünüz
Başa qara bağlamayın analar!

Bir vaxt deyib-gülənlərin yasını,
Düşmən bağrı dələnlərin-yasını,
Bu günlərçün ölənlərin yasını,
Uzun illər saxlamayın analar!

Unudulmaz azadlıqçün ölənlər,
Bizi anar bizdən sonra gələnlər-
Bizim kimi el qədrini bilənlər,
Ağlamayın,ağlamayın, analar.

Zənnimcə,Xalq şairi,Sosialist Əməyi Qəhrəmanı,əsl istiqlal şairi Süleyman Rüstəmin müharibə mövzusunda yazdığı əsərlər gənc nəslin hərbi-vətənpərvərlik ruhunda  tərbiyə  olunmasında ən qiymətli sənət inciləri olmaqla,əhəmiyyətli dərəcədə təsiredici qüvvəyə malikdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir