Modern.az

Barışıq buğası

Barışıq buğası

20 İyun 2015, 12:00

(hekayə)

Altı yaşlı Bəhramın xüsusi maraq və həyəcanla tamaşa etdiyi qızılı rəngli buğa həyətin sol küncündəki tut ağacına bağlanmışdı. İlk dəfə gördüyü həyət-bacanı, ətrafı tanımadığından torpağı eşələyir, ağacın dörd tərəfini fırlanırdı. Çox hirsli və ədalı olduğundan nabələd yerdə ipə-sapa yatmaq istəmirdi. Amma başını qaldırıb adamların içində dayanmış sahibinin əmrlərini eşidincə, bu əmrlərə itaət etməli olurdu.

Buğanın yiyəsi “çolaq Ağabala” həmkəndlisi Bəhramın qapısını barışıq niyyətilə açmışdı. Tək deyildi. Bir toyluq qohum-əqrəbasını üzünə tutub gəlmişdi. Elə bu qədər adam da Bəhram kişinin doğmalarından, dostlarından cəm idi. Bəhram kişinin adamları dünyadan bixəbər, mat-məəttəl, nə baş verdiyini anlamadan bir-birlərini sorğu-sual edirdilər. Səbəbi yalnız o özü bilirdi...

- Bəhram, icazə versən, cavanlar cöngəni yerə yıxıb, kəsib aramızdakı kin-küdurəti yox edərlər – el arasında “çolaq” ayaması qazanmış Ağabala sükutu pozmaqla həm də gəlişinin məqsədini anlatdı.


Bəhram cavab verməyə çətinlik çəkirdi. O, on il günahsız yerə məhbəs həyatı yaşamasının o mübhəm sirrini hələ heç əyalına, oğlanlarına da deməmişdi. İstəməmişdi ki, bu sirrlər açılıb övladlar, nəsillər arasında ədavətə çevrilsin. Hamı bircə şeydən heyrətə gəlmişdi. Dağ boyda kişini – kəndin ən halal adamını bir neçə sünbülə görə qazamata basmışdılar. Amma indi heç nəyin üstünü vurmadan bir naxırın buğalıq yükünü çəkə biləcək heyvanın kəsilməsini, şadyanalıqla yeyilməsini, nəhayət barışıq simvoluna çevriləcəyini düşünəndə səbəbin gizlədilməsinin mümkün olmayacağını yəqinləşdirib dərin fikrə getdi. – Qəfil təşrif buyurmasaydılar, yenə birtəhər gəlişlərinin qarşısını alardım – deyə fikirləşərək yanında dayanmış nəvəsi – babasının adını daşıyan kiçik Bəhramın əlindən tutaraq bir qədər kənara çəkildi. Ürəyində çək-çevir aparıb yenidən qəfil qonaqlarının yanına qayıtdı.

...İllər öncə - çələng kimi hörülmüş bir neçə ədəd buğda sünbülünə görə həbs etmişdilər Bəhramı. Yayda, biçinə sayılı günlər qalanda. Biçindən-başaqdan əvvəl. Buğda hələ anbarlara daşınmamışdan Bəhramın həyətində “tapmışdılar” bu sünbülləri. Heç kim inanmamışdı Bəhramın oğurluq etdiyinə. Biçindən əvvəl – buğda tamamilə qurumamış oğurluğa bir hacət də yox idi əslində. Amma biçin yığışılanda Bəhramı irəli çəkə bilərdilər. Ona görə bu “sünbül əhvalatı”nın hiylə olduğuna kimsə şübhə etmirdi. Bəs hiyləni kim düşünmüş, onu belə operativ şəkildə təşkil edə bilmişdi?! O zaman bu sual çoxlarını narahat etmişdi.

...Bəhram heç nədən xəbərsiz, şər qarışandan sonra həyətin qapısını özü açmışdı buğda sorağıyla gələn NKVD-çilərə. Onlarsa doqqazdan girən kimi birbaşa yüyürmüşdülər bir-birinə hörülmüş sünbüllər olan yerə. Düz qaranlıq həyətin bir küncünə qoyulmuş sünbüllərin üstünə “gedib çıxmışdılar”. Bəhram onların niyyətini ancaq bu zaman – sünbül çələngini görəndə anlamışdı...

... Artıq gec idi. Onu ən qatı cinayətkar kimi gecə ilə qandalladılar. Məhkəmədə yalnız bir fikir səsləndirildi: Dövlətin malına xəyanət. Vəssalam. Kim gətirdi, necə gətirdi, heç nə araşdırılmadı. Beləcə on illik məhbəs həyatı. Qaranlıq zindanlar. Qaranlıq gecədəki “sünbül axtarışı” sayaq vahiməli illər Bəhramın və gözü yaşlı beş övladının, ömür-gün yoldaşının həyatlarının məcburi parçasına çevrildi. Bu illər ərzində onun o vaxtkı körpə övladları, doğmaları, dostları nə qədər məşəqqətlərdən keçdilər.

On il sonra aydın oldu ona əsl baş verənlər. Ancaq yenə dözdü, açıb-ağartmadı, məqamını gözlədi. Sünbül çələnginin “atılıb-götürüldüyü” yerə tut ağacı əkmişdi. İstəyirdi ki, ağac böyüyüb-pöhrələndikcə həmin yeri yaddaşından silsin. Tut da qol-budaq ataraq həyətin ortasına qədər gəlmiş, buranın ən iri gövdəli ağacına dönmüş, nəvələrin və qonşu uşaqlarının meyvə, sərinlik və yelləncək ağacına çevrilmişdi. İndi “çolaq Ağabala”nın barışıq buğası bağlanan tut ağacı...    

Bəhram türmədən çıxandan azacıq sonra aydınlaşdırmışdı gerçəyi. Ağabalanın onu tutdurmaqda məqsədini də öyrənə bilmişdi. Ağabala onun kolxozda vəzifə pillələrini yüksəlməyini, el-obada halal adam kimi şöhrət qazanmasını sinirə bilmədiyindən belə bir allahsızlığa yol veribmiş. Ondan sonra “dişi qana batan” Ağabala kəndin daha bir neçə say-seçmə oğullarına da “torba tikir”. Ona “çolaq titulu”nun verilməsində belə öz “əməlləri” rol oynayır. Kənd camaatı Ağabalanın mənəvi şikəstliyinə işarə etmək üçün uşaqlıqdan ayağını çəkməsi faktından yapışıb onu “çolaq” ayaması ilə “mükafatlandırırlar”.

...Artıq “cidanı çuvalda gizlətmək” olmazdı. Buğanın kəsilib-yeyilməsinə və ya geriyə qaytarılmasına qərar vermək çox çətin olduğundan həqiqətlər hamının qarşısında dilə gətirilməliydi. Həqiqətlər açıldıqca hər tərəfdən “əclaf”, “Allah səni ona görə çolaq yaradıb”, “yaramaz” kimi nalayiq söyüşlər səslənir. Ağabala ilə gəlmiş bir toyluq adamdansa səs-səmir çıxmır. Onlar hamısı eyni suçu daşıyırmışlar kimi baxışlarını aşağı dikib kirimişcə dayanırlar. Bəhram baş verənlərdən indicə hali olan dəliqanlıları bir təhər sakitləşdirir. O, qapıya gəlmiş ən əzazil düşməni də belə bağışlamağa özlərində güc tapmalarını rica etdikdən sonra qərar üçün hamıya üz tutur. Uzun çək-çevirdən sonra barışıq, daha doğrusu bağışlanılma razılığı alınır.

...Baş verənlərin ən təsirlisi isə barışığın ən kiçik şahidi balaca Bəhramın yaddaşına yazılanlar olur... 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı