Modern.az

Gənc şair: “Onlara yazığım gəlir..." - MÜSAHİBƏ

Gənc şair: “Onlara yazığım gəlir..." - MÜSAHİBƏ

22 İyun 2015, 12:47

Şəhriyar Del Gerani: “Söz verirəm, ilk oxuyub diksindiyim şeirin, hekayənin, essenin müəllifinə qonaqlıq verəcəyəm”

Modern.az  gənc yazarlarla silsilə müsahibələrini davam etdirir. Budəfəki müsahib bir neçə gün öncə “Darıxmağın adı” adlı şeir kitabı çapdan çıxan şair Şəhriyar Del Geranidir.

- Şəhriyar, bu gün  niyə düşündürücü yazıları oxuya bilmirik?

- Müəllif seçimini düzgün etmək lazımdı. O zaman mütaliə ləzzətini də yaşamaq olur, düşünmək də, mübahisəli məsələlərə cavab tapmaq da. Ən əsası, doğru müəllif seçimi ilə bədii-estetik zövqün formalaşır. 

- İki əlimizdəki barmaqların sayı çoxdur, yoxsa gənc yazarlar arasındakı istedadların sayı?

- Mən istedadometr olmaqdan həmişə qaçmışam. Onu deyə bilərəm ki, parlaq istedad üçün, oxuyub heyrətlənəcəyim mətn üçün darıxmışam.

- İndiki ədəbi gənclikdə ən çox razılaşmadığınız məqamlar hansılardı?

- Ədəbi gənclik yoxdur axı. Söz verirəm, ilk oxuyub diksindiyim şeirin, hekayənin, essenin müəllifinə böyük bir qonaqlıq verəcəyəm, üstəlik geniş bir məqalə də yazacağam.

- Bəzilərindən fərqli olaraq danışmağı sevirsən. Ədəbiyyatda kimlər  zaman-zaman sənə mane olmağa çalışıblar?

- Yanlış müşahidədir. Mənim zəhləm gedən xüsusiyyətlərdən biri də məhz danışmaqdı. Mane olmaqlarsa, faydasız zəhmətlərdi, çəkirlər. Yazığım gəlir. Uca Tanrıdan onları “sirat-əl-müstəqim”ə yönəltməyini rica edirəm. Mən - mühərrik şairin, yazıçının özü yox, mətnləri olmalıdır - düşüncəsindəyəm. Məhz yaradıcılıq səni aparmalıdır müəyyən ərazilərə, lazım olan dairələrə, oxuculara və s.
Ta qədimdən belə olub. O imzalar ki, mühərrik rolunu özləri oynayıb, həmişə özləri yaradıcılıqlarının qabağında gediblər, yazı-pozularını qoşqu kimi dallarıyca sürüyüblər, bax, həmin adamların məşəqqətləri, əzazillikləri, dəhşətli sarsıntıları bütün auralarına çöküb, məhv eləyib bütün şəxsiyyətini.

- Bir yazar üçün ən doğma yer – yazı masasına xəyanət etmək, mütləq hansısa ədəbi dairəyə mənsub olmaq Azərbaycan ədəbiyyatının gələcəyinə  nə kimi zərbə vuracaq?

- Azərbaycanda indiki durumunda amansız zərbələr altında olan bir ədəbiyyatın gələcəyindən danışmaq absurd olardı. Azərbaycan elə bir yerdir ki, milyon illər də ədəbiyyatsız, kitabsız, şair-yazıçısız, rejissorsuz, ümumiyyətlə, istedadsız özünü idarə edə bilər. Azərbaycana istedad lazım deyil.

- Bir az da ədəbi tənqidçilərdən və tərcüməçilərdən danışaq. Sual vermirəm, sadəcə, ədəbiyyatın ayrılmaz tərkib hissələri olan bu şəxslərlə bağlı ümumi  dəyərləndirmə aparaq...

- Azərbaycanda indiki durumunda amansız zərbələr altında olan bir ədəbiyyatın tənqidçisindən, tərcüməçisindən danışmaq da absurd olardı. Azərbaycan elə bir yerdir ki, milyon illər də tənqidçisiz, tərcüməçisiz keçinmək olar. Ümumiyyətlə, Azərbaycana ədəbiyyatşünas, tərcüməçi, tənqidçi lazım deyil.

Şeir nədir?  Onun fəlsəfəsini nə təşkil edir?

- Bilmirəm. 

- “Çağdaş ədəbiyyatın müasir inkişaf mexanizmləri” mövzusunda dissertasiya yazsan, ən çox nəyə və kimə yer ayırarsan?

- Azərbaycanda heç vaxt dissertasiya yazmaram. Ümumiyyətlə, bu barədə heç vaxt düşünməmişəm.

- Bəs, gündəlik mütaliəndə ən çox kimlərə yer ayırırsan?

- Gündəlik mütaliəm olmur. Kefimə düşəndə oxuyuram. Əsasən real hisslərlə yaşamağa çalışıram. Yeni tanışlıqlar, yeni insanlar və yeni əyləncələr. Bu vaxta qədər oxuduqlarım 50 il də bəsimdir. Onsuz da ərinirəm o qədər yaşamağa. Bəlli müəlliflərim var, çalışıram bütün yaradıcılıqlarını oxuyum. Təkrar-təkrar oxuyub araşdırdıqlarım - Selincer, Bekket, Böll, Vaqif Bayatlı. Arabir şair dostum Fərid Hüseynlə görüşürəm, bütün dünya ədəbiyyatını ən xırda detallarına qədər danışır. Digər dostum Salam Sarvanla görüşürük, bütün fəlsəfə tarixini danışır. Onların beyinlərindən istifadə edib nə qədər yeni mətnlər yazmışam. Hamısı da yüksək reaksiya ilə qarşılanıb, sevilib, yayılıb, çap olunub. Üstəlik, qonorarlarını da alıb xərcləmişəm. Film izləmək isə hobbimə çevrilib. Filmə baxmaq həm də rahatdır. Əyləncəyə mane olmur. Yeyib-içərək bir dostla qol-boyun olub zövq almaq olur. Müdhiş istirahətdir. Dünən bir filmə baxdım, əlaydı – “Həyat nemətlərindən məhrum” adlanır. O filmin yanında Defonun Robinzon Kruzo uydurması çox bəsitdir. Tam real hadisələr əsasında çəkilib. Ümumiyyətlə, dünya kinosuna ciddi baxıram. Təkcə son iki ayda yüzə yaxın kifayət qədər ciddi ekran əsərinə baxmışam. Bu qənaətə gəlmişəm ki, Lukino Viskontidən tutmuş müasirimiz  Paolo Sorrentinoya qədər bütün böyük rejissorlar bizə - “insanlar həmişə əzab və çətinliklərlə qol-boyun olublar. Müvazinətinizi itirməyin! Möhkəm dayanın və heç bir şərt altında insanlığınızı, mənəviyyatınızı adamlara, zamanlara uduzmayın”,  -  demək üçün böyük zəhmətlər çəkib, ömürlər xərcləyiblər. Bu böyük zəhməti və bu böyük mesajı dəyərləndirmək bizim üçün vicdan borcudur. Bütün oxucularımı bu gözəl zövqə dəvət edirəm. Tapın, baxın, hadisələrə real, həqiqi qiymət verməyi aşılayın özünüzə. Kim istəsə, sosial şəbəkələrdə mənə yazsın, bu mövzuda əlimdən gələn köməkliyi əsirgəmərəm.

Elmin NURİ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir