Modern.az

Azərbaycanda ən böyük "oyun" Qarabağda ola bilər

Azərbaycanda ən böyük "oyun" Qarabağda ola bilər

Aktual

23 İyun 2015, 21:22

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist

Azərbaycan həm ABŞ, həm Avropa, həm də Rusiya üçün əldən verilməsi arzu olunmayan elə bir ölkədir ki, onların yolları Qarabağda toqquşur...

Son günlər bir-birinin ardınca dünyada bir sıra söz sahibi hesab olunan dövlət və beynəlxalq təşkilatların, eləcə də öyrədilmiş "siyasətşünasların" Azərbaycana xoş gəlsin deyə Dağlıq Qarabağ problemini az qala dillərinin üstündə ağ şəkərə çevirmələri, şübhəsiz ki, Azərbaycanda uğurla keçirilən I Avropa oyunları ilə bağlı deyil. Azərbaycan bu oyunları yüksək səviyyədə keçirdiyinə görə, heç də arxayın olmamalıdır ki, o bununla ABŞ-ın, Avropa ölkələrinin, həm də Rusiyanın şovinist sədlərini aşıb, özünü bir hüquqi dövlət kimi təsdiqləyib və Qarabağ probleminin çözülməsində haqlı olduğunu ortaya qoya biləcək. Xeyr, qeyd edək ki, bütün dünya onsuz da yaxşı bilir ki, Azərbaycan tarixən dövlətçilik ənənəsinə malik olan bir dövlət olub və istər aşağı, istərsə də yuxarı Qarabağ həm tarixi, həm də hüquqi baxımdan onun ayrılmaz hissəsidir. Dağlıq Qarabağ sadəcə təbii enerji ehtiyatlarına və geosiyasi mövqeyinə görə xüsusən Azərbaycana, qismən də Ermənistana təsir etmə mexanizmi kimi qəsdən yaradılmış bir problemdir. Problemi yaradanların özləri də yaxşı bilirlər ki, bununla bağlı olan bütün qəbul olunmuş beynəlxalq hüquqi sənədlər onsuz da Azərbaycanın haqlı olduğunu təsdiqləyir və bundan kənara çıxmaq öz-özünü inkar etməyə bərabərdir.

I Avropa oyunlarının başlanmasından bir-iki gün əvvəl Azərbaycana qarşı boykot edən dövlətlərin olimpiya alovundan fərqli olaraq tez sönmələri, "erməni fitili"nin keyfiyyətsiz olduğunu üzə çıxardı. Bu dəfə "avropalı oyunçuların" siyasi gedişlərinə qəfl dəyişiklik edərək, boykotdan və ya erməni fitfasından vaz keçib, indi də ağız dolusu Azərbaycanı tərifə başlamaları çox güman ki, əsassız deyil. Boykotları iflasa uğrayanların Azərbaycanı Qarabağ məsələsində dəstəkləmələrini, onların rəsmi Bakıya qarşı yeni bir siyasi gedişə başlamaları kimi qiymətləndirmək zənnimcə daha doğru olardı.

Bu gün beynəlxalq aləm 20 ildən sonra sanki indi ayılıb. ABŞ Dövlət Departamentinin keçmiş müşaviri, tanınmış amerikalı analitik Pol Qobl qeyd edi: "Mən əminəm ki, İrəvan işğal etdiyi əraziləri Azərbaycana qaytarmaq istəsəydi, Qərb ona təhlükəsizlik zəmanəti verərdi və Ermənistan Qafqazda Amerikanın agenti rolunu oynamaqdan əl çəkərdi". 
Cənab P.Qoblun "İrəvan işğal etdiyi əraziləri" ifadəsi birmənalı olaraq Qarabağın Ermənistan tərəfindən işğal olunmasını bir daha təsdiq edir və ABŞ-ın bu məsələni dərindən bildiyini açıq-aşkar göstərir.
Amerikalı senator Con Makkeynin isə "Ermənistanla məsələ aydındır, bu ölkə tamamilə Rusiyadan asılı vəziyyətdədir. O ki, qaldı Azərbaycana mən qeyd etməliyəm ki, bu ölkə Putinin növbəti hədəfidir" deməsi ilə özünü Azərbaycanın halına acımış kimi göstərir. Digər tərəfdən də o, "Dağlıq Qarabağ münaqişəsini tərəflər özləri tənzimləməlidirlər" deyir.

Baxın, əgər ABŞ rəsmiləri həqiqətən də Dağlıq Qarabağ probleminin çözülməsində maraqlı və ədalətli tərəf olduğunu sübut etmək istəsəydi, ilk dəfə 1992-ci ildə Ermənistana qarşı blokadanı dayandırmaq məqsədilə elə bu senator Con Makkeynin təklifilə qəbul olunmuş 907-ci maddəni ləğv edərdi. Bundan əlavə də hər il işğalçı Ermənistana, o cümlədən qondarma "Dağlıq Qarabağ Respublikası"na ayırdığı maddi yardımları dayandırardı. Amma bunları etmədən, sözdə sadəcə müəyyən taktiki siyasi gedişlər edən Ağ ev bələdçilərinin Qarabağa hansısa bir ağ gün vəd etmələri olduqca müəmmalı görünür.

ABŞ tərəfindən Azərbaycana qarşı tətbiq edilən həmin əsassız və təzadlı maddədə "Prezident Azərbaycan Hökümətinin Ermənistana və Dağlıq Qarabağa qarşı blokadasının və digər güc tətbiqinin aradan qaldırılması üçün addımlar atdığını müəyyən etməsə və bu haqda Konqresə məruzə etməsə, Azərbaycan Hökümətinə ABŞ tərəfindən bu və ya digər qanunlarla nəzərdə tutulmuş yardım göstərilə bilməz",-deyə qeyd olunur. Təzad burasındadır ki, nədənsə Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş, etnik təmizləmə aparmış, Naxçıvanı blokadaya salan Ermənistana və Qarabağ separatçılarına ABŞ tərəfindən hər növ yardım edilə bilir. Bu, diplomatik dildə desək, ikili standartların, sadə dildə isə ikiüzlülüyün açıq nümunəsi deməkdir.

Bu arada Avropa oyunları ərəfəsində Azərbaycana qarşı qətnamə qəbul edilən Almaniyada Ermənistanı Qarabağdan öz ordusunu çıxarmağa çağırıblar. Almaniya Xristian Demokratlar və Xristian Sosialistlər İttifaqının, Cənubi Qafqaz üzrə Parlament üzvü, eləcə də Avropa Şurası Parlament Assambleyasının üzvü Tobias Sex "Berlin Tv"nin "Aus dem Bundestağ" proqramına verdiyi müsahibəsində "Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir, işğal olunmuş ərazilər Azərbaycanın beynəlxalq aləm tərifindən tanınmış əraziləridir. Biz Dağlıq Qarabağın Ermənistan Respublikası tərəfindən işğalını qəbul etmirik və orada keçirilən hər hansı bir seçkini tanımırıq. Almaniyanın mövqeyi, Dağlıq Qarabağın ilhaqına son qoymaqdır" deyuib.

Amma bütün bu sözçülükdənsə, alman dəqiqliyini nümayiş etdirərək Rusiyaya qarşı sanksiyaların davam etdirilməsini tez-tez dilə gətirən, bu ölkənin kansleri xanım Anqela Merkel heç olmasa bir dəfə Dağlıq Qarabağla bağlı Ermənistana qarşı öz kəskin etirazını bildirsəydi, daha yaxşı olardı.

NATO parlament assambleyasının 19 iyunda İrəvanda keçirilən 89-cu seminarında digər bir ermənipərəst Avropa dövlətinin - ATƏT-in Minsk qrupunun keçmiş fransalı həmsədri Jak For, "Azərbaycana təsir etmək üçün əldə kifayət qədər alət yoxdur" deməsi ilə Azərbaycana təzyiq etməyin mümkün olmadığını etiraf edir.

Maraqlıdır, görünür Jak For bir vaxtlar demokratiya beşiyi sayılan Fransanı təmsil edən həmsədr kimi, öz ölkəsinin mənafeyini beynəlxalq hüquq normaları və prinsiplərdən üstün tutaraq, Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən sənədlərə heç bir məhəl qoymayıb. Əgər belə olmasaydı, o, Qarabağ məsələsində haqlı olan Azərbaycana qarşı hansısa təsir etmə üsulları barədə düşünməzdi. Bu əsas verir ki, ATƏT-in Minsk qrupunun bugünkü fransalı həmsədri də elə öz sələfindən heç də fərqlənməyəcək.

Hamı yaxşı bilir ki, NATO Rusiya üçün dünyada ən çox qıcıqverici hərbi blokdur. Bu arada NATO tərəfindən yuxarıda qeyd edilən - NATO parlament assambleyasının İrəvanda keçirilən 89-cu seminarında, növbəti bir avropalı çıxışçının - çexiyalı deputat Milana Sarapatkinin Ermənistana Dağlıq Qarabağı Azərbaycana qaytarmağın vaxtının çatması barədə xəbərdarlıq etməsi də diqqətdən kənarda qalmamalıdır. O, öz çıxışında Qarabağ münaqişəsinin yalnız ərazi bütövlüyü prinsipi əsasında həll edilə biləcəyini bildirir. 

Burada nəzərə alaq ki, 2008-ci ildə Rusiya Gürcüstana daxil olub Cənubi Osetiya və Abxaziyanı işğal edəndə, az qala bütün dünya NATO-nun Gürcüstana görə Rusiya ilə üz-üzə gələcəyini güman edirdi. Amma nəticədə Gürcüstan ABŞ və Avropa ölkələri tərəfindən sözdə dəstəklənsələr də, əməldə döyüş meydanında tək qaldı və bəlkə də qurulmuş ssenariyə uyğun olaraq, o vaxtki Fransa prezidenti Nikola Sarkazinin "elçiliyi" ilə öz müstəqilliyini tamamilə itirməkdən xilas ola bildi. Dünya buna bənzər olayı ötən il Krım Rusiya tərəfindən ilhaq olunnanda da gördü. 

Azərbaycanda fəaliyyətinə görə "Mənzil istismar sahəsi"nə bənzədilən BMT-nin elə bil indi yadına düşüb ki, onun Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələri, eləcə də  Baş Assambleyasının 62/243 (2008) saylı "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı başqa bir qətnaməsi olub. İndiyədək Qarabağla əlaqədar səsi elə də çıxmayan BMT-nin unudulmuş bu qətnamələrə indi xüsusi münasibət bildirməsi şübhə doğurmaya bilmir.

ABŞ və Avropadan Azərbaycan lehinə yağdırılan bütün bu çağırışlarla yanaşı, Rusiyadan da "xəbərlər" gəlməkdədir. Rusiya prezidenti yanında İctimai Palatanın üzvü, politoloq Sergey Markov Qarabağla bağlı müxtəlif fikirlər səsləndirir. Onun fikrincə, Azərbaycanın Avrasiya iqtisadi ittifaqına qəbul olunması, vaxt məsələsidir. S.Markov "əgər Rusiya  yaxın  zamanlarda Ukrayna böhranını uğurla həll edə, həmçinin antiamerikan hücumun qarşısını ala bilsə, biz yaxın gələcəkdə bu hadisənin şahidi olacağıq" deyir. Rusiyalı politoloqa görə, Dağlıq  Qarabağ və Laçın rayonunu çıxmaq şərti ilə 6 rayon Azərbaycana qaytarılır, əvəzində isə Azərbaycan və Türkiyə Ermənistana qarşı olan bütün iqtisadi sanksiyaları aradan qaldırır və kommunikasiya əlaqələri qurulur. Beləliklə, tərəflər arasında normal iqtisadi əlaqələr qurulacaq ki, bu da növbəti mərhələdə Dağlıq Qarabağ münaqişəsinin uğurlu həlli üçün gözəl zəmin yaradacaq. O, bütün beynəlxalq hüquq normalarından vaz keçərək, "6 rayonun qaytarılması elə də asan məsələ deyil, çünki Ermənistan əvvəllər 6 rayonun qaytarması qarşılığında Dağlıq Qarabağın müstəqilliyinin Azərbaycan tərəfindən tanınmasını tələb edirdi. O təkcə iqtisadi sanksiyaların aradan qaldırılması ilə razılaşmırdı" deməklə Azərbaycanın boynuna bir növ minnət qoyur.

Sergey Markovdan fərqli olaraq, rusiyalı hərbi ekspert Aleksandr Sobyanin öz fikirlərini bir qədər "atmacalı" şəkildə bildirir. O, Rusiya üçün müharibəni yasaqlanmış üsul hesab edir. Bunu 2008-ci il avqustun 8-dək Gürcüstanın ərazi bütövlüyünü tanımaları ilə əsaslandıraraq, ancaq Tiflisin Cənubi Osetiyaya birbaşa müdaxiləsindən sonra hər şeyin dəyişdiyini vurğulayır. Sobyaninə görə, "Türkiyə NATO üzvü olduğu üçün Azərbaycanla strateji müttəfiqlikdən ötrü alyansın bütün üzvlərinin razılığını almalıdır. Amma Rusiya həm Türkiyə, həm də Azərbaycanla əməkdaşlıq qurub və Kremlin strateji əməkdaşlığı burada yalnız Ermənistanladır. Bu da istisna deyil ki, müharibə başlasa Rusiya KTMT çərçivəsində müdaxilə edə bilər". Bununla Sobyanin müharibə başlasa Türkiyənin Azərbaycana köməyinin  mümkünsüzlüyünü deyir, amma Rusiyanın Ermənistanın yanında olmasında hansısa bir problem görmür.

KTMT baş katibi general-polkovnik Nikolay Bordyuja isə öz çıxışlarında dolayısı ilə gah "Qarabağda müharibə başlasa, qan töküləcək", gah da "Rusiya Ermənistan üçün müharibə etməyəcək" deyir.  Bununla yanaşı, həm də “KTMT ölkələri Qarabağı Azərbaycan ərazisi sayırlar" deməsi ilə Sobyaninin sözlərini tam təkzib etmiş olur.

Əslində hər şey anlaşılandı, Azərbaycan həm ABŞ, həm Avropa, həm də Rusiya üçün əldən verilməsi arzu olunmayan elə bir ölkədir ki, onların yolları Qarabağda toqquşur. Bu yolları təmir etmək üçün isə Azərbaycanın öz "mühəndislərinə" hər bir vasitə ilə mane olurlar.  

Əlbəttə, bu gün Azərbaycanı tərif edənlər, onu I Avropa Oyunlarında qazandığı qələbələrdən eyforiyaya uyuyacağını ümid edərək, Qarabağ müharibəsinə sürükləməyə nail olacaqlarını güman edirlər. Buradan belə qənaətə gəlmək olur ki, ABŞ, Avropa ölkələri, beynəlxalq təşkilatlar, eləcə də rusiyalı politoloq və ekspertlər inkişaf etməkdə olan Azərbaycanı yalnız sözdə dəstəkləyərək, onu öz siyasi kursundan çıxarıb Gürcüstanın və ya Ukraynanın gününə salmaq istəyirlər. Başqa sözlə desək, bu dövlətlər Azərbaycanın son dövrlərdəki inkişafının sonuna çıxmaq üçün, onu Ermənistan libaslı Rusiya ilə döyüşə başlamağa sövq edib, Dağlıq Qarabağda sonu görünməyən müharibə alovu yandırıb üstünə vaxtaşırı yağ tökmək istəyirlər. Əgər şər niyyətdə olan bu qüvvələr öz istəklərinə nail olsalar, istər Avropa Oyunları, istərsə də İslam Olimpiadası ilə müqayisədə, Azərbaycanda ən böyük "oyun" Qarabağida ola bilər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!