Modern.az

Gənc yazarları pisləyən gənc yazarlara

Gənc yazarları pisləyən gənc yazarlara

Ədəbi̇yyat

23 İyun 2015, 23:10

Bu yaxınlarda gənc yazarların silsilə müsahibələrini oxudum. Bir tərəfdən güldüm, bir tərəfdən üzüldüm. Heyrət bürüdü məni. Elə bil ki, sözləşiblər. Hamısının fərqli cümlələrlə ifadə etdiyi bir fikir var: “yaxşı gənc yazar yoxdur, güclü əsər yoxdur!”

Mən burdan onlara sual verirəm: yaxşı yazan yoxdursa, deməli, sən özün də yaxşı yazan deyilsən. Güclü əsər yoxdursa, deməli, sən özün də güclü əsər yazmırsan. Onda bəs niyə yazırsan ki?

Ya de ki, “məndən başqa yaxşı yazan, güclü əsər yazan yoxdur”, ya da de ki, “içi mən qarışıq heç birimiz heç nə yaza bilmirik”. Bunu anlamaq olar. Amma sən özün də bu ədəbiyyatın içində ola-ola, özün də gənc yazar ola-ola ümumi fikir söyləyirsən, həm də ittiham edirsən. Hamını zəif, qeyri-ciddi adlandırırsan. Axı sən özün də bu sırada durursan. Dediyin bütün fikirlərin bir ünvanı da sən özünsən, bundan xəbərin var?

Kiminsə yazdığını sən bəyənməyə bilərsən. Ola bilər ki, öz yazdığın da sənin xoşuna gəlmir. Bu normaldır. Amma bunu ümumiləşdirib “ədib yoxdur, əsər yoxdur, heç kəs yaza bilmir, hamı istedadsızdır” demək nə dərəcədə doğrudur? Soruşsanız ki, hansı gənc yazarların hansı əsərlərini oxuyub, heç ad çəkə bilməyəcək, susacaq. Ən şablon cavab da budur: “heç oxumuram da, yaxşı yazmırlar, oxunulası deyil”.

Oxumadığını necə pis, keyfiyyətsiz, zəif, qeyri-ciddi adlandıra bilərsən ki? Bu ədalətli deyil. Bir ədabiyyat insanına heç yaraşmır. Əgər sən öz müasirlərinin əsərlərini oxumursansa, onları təhlil etmirsənsə, tənqid etmirsənsə, onların lüğətindən, ifadə və təsvir vasitələrindən bəhrələnmirsənsə, sən özün necə keyfiyyətli məhsul çıxara bilərsən ki, ortaya? Lap bu dursun bir yana. Hələ yekə-yekə ucdantutma hamını istedadsız, bacarıqsız, biliksiz, yararsız adlandırmaqla əlinə nə keçir? Sən özün də  eyni sapa düzülmüş bu mirvarilərdən biri deyilsənmi? Axı sən bu mirvarilərin hamısına saxta dedikdə, özün də saxta olursan.

Fikir vermişəm ki, bu insanların əksəriyyəti çoxsaylı şeirləri və köşə yazıları ilə tanınıblar. Nəşr olunan kitabları da elə bu şeirlərin və yazıların toplusudur. Buna iradım yoxdur. İrad tutmağa ixtiyarım da yoxdur. Hər kəsin öz yaradıcılıq laboratoriyası var və hər kəs öz şəxsi laboratoriyasında azaddır, sərbəstdir. Ona heç kəs qadağalar, məhdudiyyətlər qoya bilməz. Amma bu laboratoriyada ancaq şöhrət xətrinə, sosial şəbəkədə daha çox bəyəni, rəy və paylaşım qazanmaq xətrinə çalışmaq vaxt məsrəfidir. Müsahibələrinizdə başqalarına dərs keçmək əvəzinə özünüz ciddi, yararlı, lazımlı, güclü hesab etdiyiniz bir əsər çıxarın ortaya.

Deyirlər ki, son dönəm Azərbaycan ədəbiyyatında heç bir əsər dünya səhnəsinə çıxa bilməyib, dünya şöhrəti qazana bilməyib. Ən yaxşı halda qonşu ölkələrdə çap olunub, amma orda da güclü nüfuz qazanmayıb. Səbəbini də yazarların istedadsızlığında görürlər. Təkrar olmasın, bəs siz özünüz də yazarsınız axı. Sizdən başqası istedadsızdır deyə o səhnəni fəth edə bilməyibsə, bəs siz niyə fəth etməmisiniz?

Əslində səbəb sadədir: şərait yoxdur. Sən öz ölkəndə çap olunan kitabın satılmamasından, oxucu azlığından, ədəbiyyata biganəlikdən giley-güzar edirsən. Üstəlik, maddi durumun çətinliyindən, ədəbiyyatla pul qazanmağın müşküllüyündən danışırsan. Belə bir şəraitdə sən öz məhsulunu hansı pulla xarici dilə tərcümə etdirəcəksən, xaricdə çap etdirəcəksən, reklamını təşkil edəcəksən? Bunların hamısı maddiyyatın üzərində durur. Sən öz ölkəndə düz-əməlli pul qazana bilmirsən. Bu ölkənin sərhəddindən xaricə necə çıxacaqsan axı?

Bütün yazılarınızda qoca yazıçıları, yaşlı nəsil ədibləri pisləyir, təhqir edir, alçaldır, diktator adlandırırsız. Müəyyən mənada sizinlə razıyam. Amma siz özünüz də onlardan geri qalmırsınız axı. Hansı gənc yazarlarla görüşüb işbirliyi qurmusunuz? Hansı gənc yazarlarla müəyyən ideyaları həyata keçirmisiniz? Ədəbiyyata sizdən sonra gələn hansı yazara öz bildiklərinizi, təcrübənizi öyrətmisiniz? Öz nüfuzunuzdan istifadə edib onların da nüfuz qazanması üçün nə etmisiniz?

Baxın, indi bu yazarlar ağız dolusu danışıb hamını alçaldırlar, bütün günü eoqistliyi, şöhrətpərəstliyi, yekəxanalığı söyürlər. Hərçənd ki, eqoistin də, şöhrətpərəstin də, yekəxananın da ən böyüyü özləridir! Onlar öz diktatorluq arzularını ədəbiyyatda reallaşdırmaq istəyirlər.

Bir də onların pərəstişkarları var. Hansı ki, əllərində olsa, bütün gənc nəsli ədəbiyyatdan qovarlar. "Bunları ədəbiyyata kim soxub?", "Çıxın ədəbiyyatdan gedin!", "Yazmayın!" deyib, boğazlarını cırırlar. Bir qandırmaq lazımdır ki, ay insan, ədəbiyyat sənin evin deyil istədiyini qovasan, istədiyini saxlayasan! Bəyənmirsən, oxuma, sevmə, dəstək olma, lap nifrət elə! Amma "ədəbiyyatdan gedin" nədir?

Kimsən sən? Nə karəsən sən ki, ədəbiyyata sahib olmaq istəyirsən!? Get, öz xarabanda hakimiyyətini qur. Ədəbiyyatda olan hər kəsin öz oxucusu, öz sevəni, öz bəyənəni, pərəstişkarı var. Sizin pis adlandırdığınız bir başqası üçün böyükdür, dahidir!

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü