Modern.az

Dollar kəskin ucuzlaşıb

Dollar kəskin ucuzlaşıb

Qarabağ

6 Oktyabr 2010, 12:35

Dünya bazarlarında ABŞ valyutasının ucuzlaşması özünü Azərbaycanda da göstərir. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, ölkəmizdə dolların manata nisbətən rəsmi məzənnəsi son 22 ayda ən aşağı həddə düşüb.

Mərkəzi Bankın məlumatına görə, oktyabrın 6-da ABŞ valyutasının manata nisbətən rəsmi məzənnəsi manat 80,22 qəpik müəyyən edilib. Bu, 11 yanvar 2009-cu ildən bəri ən aşağı göstəricidir. Həmin tarixdə 1 dollar 80,17 qəpiyə bərabər olub.

Ötən ay dollar manata nisbətən 0,2% ucuzlaşıb. Sentyabrda dolların rəsmi mıəzənnəsi 80,38 qəpikdən 80,26 qəpiyə düşüb. Ümumilikdə 2010-cu ilin ötən 10 ayı ərzində manat dollara nisbətən 0,1% bahalaşıb.

Xatırladaq ki, 2009-cu ildə ümumilikdə milli valyutamız ABŞ dollarına nisbətən 0,2% ucuzlaşıb.

Dolların ucuzlaşması öz təsirinin avroya da göstərib. Oktyabrın 6-da Avropa valyutasının rəsmi məzənnəsi 1 manat 11,12 qəpiyə yüksəlib. Bu son 8 ayda ən yüksək məzənnədir. Belə ki, sonuncu dəfə fevralın 4-də (1 manat 11,58 qəpik) avro bu həddə olub. Ancaq cari ildə avro manata nisbətən 3,4% ucuzlaşıb.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev Azərbaycanda dolların ucuzlaşmasını dünya maliyyə bazarında gedən proseslərlə əlaqələndirib:
“Hazırda dünyada ekspertlərin “valyuta müharibəsi” adlandırdığı bir savaş gedir. Artıq beynəlxalq təşkilatlar, o cümlədən BVF tərəfindən bu təsdiq edilib. Əksər ölkələr böhrandan yaranmış iqtisadi problemlərini həll etmək üçün milli valyutalarının süni şəkildə ucuzlaşdırırlar və bu məzənnədən bir alət kimi istifadə edirlər. Bu isə həmin ölkələrin əsas ticarət tərəfdaşlarında narazılıq yaradır. Ən əsası bu addımın yayılması ümumilikdə özünə gəlməmiş dünya iqtisadiyyatının artım tempini yavaşıdır. Burada təkcə inkişaf etməkdə olan yox, eyni zamanda inkişaf etmiş ölkələr də bu siyasətə qatılır. Məsələn, bu günlərdə əsas ixracatçılardan olan Yaponiya iyenanı ucuzlaşdırmaq üçün uçot dərəcəsini sıfıra endirdi. ABŞ da öz növbəsində büdcə kəsiri və borc problemlərinin həll etmək üçün dolları ucuzlaşdırır” – deyə ekspert bildirib.

S.Əliyev açılamasında dolların əsas valyutalara nisbətən ucuzlaşdığını bildirib. “Ümumilikdə dolların məzənnəsi ABŞ-ın 6 əsas ticarət tərəfdaşlarının milli valyutalarının daxil olduğu valyuta səbətinə nisbətən 0,6% ucuzlaşıb. Avro 1,3689-dan 1,3799 dollara bahalaşıb. Yapon iyenası isə 83,30-dan 83,42 dollara yüksəlib” – deyən ekspertə görə, əsasən dollara bağlı olan manat da dollara nisbətən bahalaşıb.

Əslində dolların ucuzlaşmasının gözlənilən olduğunu bildirən ekspert hesab edir ki, bu müvəqqəti xarakter daşıyır. ABŞ iqtisadiyyatı hələ də özünə gəlməyib. Büdcə kəsiri getdikcə böyüyür. Dövlətin borcu isə günbəgün rekord vurur. İşsizlik problemi həllinin tapa bilməyib. Üstəgəl əsas ticarət tərəfdaşı olan Çinin milli valyutasının süni surətdə ucuzlaşdırması iqtisadi artımı ləngidir. Bu baxımdan dolların ucuzlaşması bir növ çıxış yoludur. Bu siyasəti ABŞ zaman-zaman həyata keçirib. Ancaq fikrimcə, bu uzun çəkməyəcək. İlin sonuna doğru dolların az da olsa möhkəmlənməsinin şahidi olacayıq” – deyə ekspert bildirib.

Ekspert hesab edir ki, Mərkəzi Bank bazara müdaxilə etməli və Azərbaycanda dolların kəskin ucuzlaşmasına imkan verməməlidir. Çünki bu proses xarici valyutada yerləşdirilən əmanətlərin geri götürülməsi ilə yanaşı neftdən kənar 5%-lik ixracı da sıradan çıxara bilər.


 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü