Modern.az

Deputat Hüseynbala Mirələmov: “O qədər fəlakətlər var ki, adam az qala özünə nifrət etsin” - MÜSAHİBƏ

Deputat Hüseynbala Mirələmov: “O qədər fəlakətlər var ki, adam az qala özünə nifrət etsin” - MÜSAHİBƏ

Müsahibə

25 İyun 2015, 16:04

 “İnsan gərək özünü qorumaq üçün heç kölgəsinə də güvənməsin”


İçəri daxil olanda təbrik zənglərinin ardı-arası kəsilmirdi. 70 yaşının tamam olduğunu bilirdik. Amma sən demə, elə biz içəri daxil olan kimi prezidentin rəsmi saytında ona “Şöhrət” ordeninin verilməsi ilə bağlı qərar çıxıb. Özü də bunu vurğuladı. Dedik ki, Hüseynbala müəllim, bəlkə çıxıb gedək, çünki məlum sərəncamla bağlı sizə çox təbriklər gələcək, danışmağa imkanınız olmayacaq. Amma qoymadı.
Beləliklə də Modern.az saytı üçün bu gün 70 yaşı tamam olan millət vəkili, Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri, yazıçı Hüseynbala Mirələmovdan   müsahibə ala bildik:

- Hüseynbala müəllim, ömrün 70 yaşı nə deməkdir?

- Konkret bir misal çəkək. Üzeyir bəy “ O olmasın, bu olsun” musiqili komediyasında Məşədi İbadı 50 yaşında qoca, idbar sifətli bir insan kimi göstərib. Sonra özü 60 yaşında olanda gülüb ki, mən gör nə etmişəm. Həqiqətən də 50 yaşlı adam cavan bir adamdır, onun qocalığından söhbət belə, gedə bilməz. Sadəcə o yaşdan uzaq olan zaman bu cür fikirləşmək olur. Sonra pillə-pillə həmin yaşı keçdikcə görürsən ki, yox bu elə deyilmiş.

- Bu yaşda geriyə baxanda fəxrlə və təəssüflə anılacaq məqamlar çox olur.  Birinci hansından başlayaq?

- Elə birinci fəxr olunası məsələlərdən danışaq (gülür). Orta məktəbi gümüş medalla bitirmişəm. Ali məktəbə iki “5” alıb qəbul olunmuşam və “5”lə də bitirmişəm. Qaz tikinti-quraşdırma idarəsinin rəisi olanda, 1980-ci ildə 35 yaşım vardı. Onda “Qırmızı Əmək Bayrağı” ordeni dı almışam. Bu da o vaxt üçün çox böyük mükafat idi  “Lenin” ordenindən sonra bu gəlirdi. SSRİ kimi bir yerdə gənc kadrın bu mükafatı alması çox çətin məsələ idi. Bizim idarə Lənkəranda yerləşirdi, amma 9 rayona baxırdı. Bütün cənub zonası və Aran ərazilərini həmin idarə qazla təmin edirdi.
Bununla bərabər, ədəbiyyat da mənim üçün əsas faktor olub. Mən ədəbiyyatın xəstəsiyəm. Orta məktəbin aşağı siniflərində oxuyan zaman hekayələrim çap olunurdu. Ədəbiyyatla paralel,  elm də mənim üçün əsas olub. Əvvəlcə elmlər namizədi oldum, sonra elmlər doktoru. Hazırda Dövlət Neft Akademiyasında kafedra müdiriyəm, həm də müdafiə şurasının sədriyəm. Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzviyəm. Yenə də sadalamaq olar. Hər halda, geriyə baxanda fəxr edilməsi məqamları çox görürəm.

- Bəs əksinə, peşiman olduğunuz, təəssüfləndiyiniz  anlar hansılardır?

- Hərdən xatirələrə dalırıq. Orta məktəbdə buraxdığım boşluqları görürəm. Hərdən olub ki, uşaqlarla dərsdən də qaçmışam. Özüm-özümə deyirəm ki, kaş qaçmazdım, daha da yaxşı oxuyardım, daha ciddi məşğul olaydım. Amma həmən düşünürəm ki, uşaqlığın da bir qayda-qanunu olmalıdır axı. Elə nə qədər oxumaq, oxumaq, oxumaq olar... Ümumilikdə o qədər də təəssüfedici məqamlar yoxdur. Allahdan çox razıyam. 4 övladım, nəvələrim var...

- Hiss olunur ki, çox məşğul adam olmusunuz. İctmai həyatla sənayedəki işlər arasında ədəbi yaradıcılığa necə vaxt ayırırdınız? 

- Yaradıcılıq həmişə özü məni cilalayıb, özü məni məcbur edib. Sizin yaşınız çatmaz, o vaxtı “Azərbaycan pioneri “ qəzeti var idi. Mən hələ “Politexnik”in (indiki ATU-red.) birinci kursunda oxuyanda yazılarımı aparırdım ora. Allah rəhmət eləsin, bir baş redaktor var idi, Əmrah müəllim, mənə dedi ki, sən gəl bizdə ştatda işlə. Gündüz növbəsində oxusam da, dərsdən çıxan kimi ora gedirdim. Qəzetin ədəbiyyat şöbəsinin işlərini mən aparırdım. Düzdür, rəhmətlik Hikmət Ziya şöbənin rəhbəri idi, amma xəstə olduğu üçün işə nadir hallarda gəlirdi. İnstitutu bitirənə kimi o şöbəyə mən rəhbərlik etdim. Sonradan qırmızı xətti keçmək istəyən bəzi tanınmış jurnalistlərə, baş redaktorlara yarızarafat-yarıciddi deyirdim ki, sizə o qəzetdə xəbər, oçerk, məqalə yazmağı mən öyrətmişəm. İnstitutu bitirəndən sonra əsgər getdim, qayıdandan sonra isə qəzetdə deyil, öz ixtisasım üzrə çalışdım.

- Romanlarınıza baxanda həyatın çılğınlığından, qaynar dinamikasından  qaçıb  öz daxili dünyasına pənah aparmaq hiss olunur...

- Tamamilə doğrudur. Hər bir yazıçının  tapındığı daxili bir dünyası olmalıdır. O dünya tamamilə ayrı bir dünyadır. İnsan öz sakit hücrəsinə qapılır, tənha dünyaya çəkilir, öz obrazlar qalareyasını orada yaşadır. Amma nə qədər daxili bir dünyaya qapılsan da, yenə real həyata dönürsən. Çünki sənin yazdığın obrazlar da sənin gördüyün, səninlə çiyin-çiyinə çalışan real qəhrəmanlardır.  

- Bəzi əsərlərinizdə sirli bir mifoloji qat, uşaqlara məxsus nağıl aləminin gizliliyi də var. Bu haradan qaynaqlanır?

- Lap yüz yaşı olsa belə, insanın xislətində uşaqlara xas olan daxili saflıq, kövrəklik qalır. Bəzən insan uşaq kimi şıltaqlaşır, inciyir hər şeydən. Sizi inandırıram ki, lap kiçik vəzifədə olanda da, nazir, nazir müavini işləyəndə də mən zərrə qədər dəyişməmişəm. Həmin o uşaq saflığını qorumağa çalışmışam. Pillələr dəyişdikcə, mən dəyişməmişəm. Elə zəhmətlə yüksəlmişəm. Bu zəhmətlə qalxmaqda isə təbii ki, Yaradana borcluyam. İlk növbədə Allaha minnətdaram ki, məni bu cür yaratdı,  şikəst, şizofrenik yaratmadı. Normal insan kimi yarandım və cəmiyyətə daxil ola bildim. Ata, anama da minnətdaram. Atam fəhlə idi hallallıqla yaşamışıq. Bununla yanaşı ailəmizdə ciddi qanunlar da olub. 35 manat təqaüd alırdım, evdən də o qədər göndərirdirlər. Ondan artıq göndərilmirdi. Bəlkə də ona görə heç vaxt yolumdan, cızığımdan çıxmadım. Bir də bəxtim onda gətirdi ki, rastlaşdığım insanlar çox gözəl insanlar olublar. Ətrafımdakılar, müdirlər zəhmətimə qiymət veriblər. Mən də buna görə də pillə-pillə irəlilədim. Təsəvvür edin, 35 yaşım olanda ulu öndər Heydər Əliyev “Qırmızı Əmək Bayrağı” ordenini mənim yaxama taxanda dedi ki,  sən cavansan, biz bunu sənə avans kimi veririk. O sözlər bu gün də mənim qulağımdadır. Ona görə də həmişə çalışmışam ki, o “avans”ı ödəyə bilim. Əsasən qaz istehsalatı sahəsində çalışmışam. Aylarla gecə-gündüz işləyirdim. İşçi formasında çilingərlərlə, fəhlələrlə kolbasa-çörək yeyən vaxtımız da olub. Səhra kimi yerdə qaz xətti çəkirdik. İndi Prezident İlham Əliyev mənə “ Şöhrət” ordeni verib. İnanın mən bunu da avans kimi qəbul edirəm. Çalışacağam ki, bu etimadı doğruldum.

- Bayaq dediniz ki, fəhlə oğlu olmusuz. Sonradan vəzifələrdə olan zaman uşaqlıq dostları ilə əlaqələrinizi qoruyub saxlaya bildiniz?

- Mən hər zaman, indinin indisində də uşaqlıq dostlarımla, sinif yoldaşlarımla münasibətlərimi qoruyub saxlamışam. Millət vəkili Hadı müəllimlə birinci sinifdən bir yerdə oxumuşuq. İndi də yaxın dostuq. Əlövsət Məcidli adlı uşaqlıq dostum var. İlk müdirim o olub. Əsgərlikdən gələn günün səhərisi müdiri olduğu idarədə mənə baş mühəndislik işini təklif etdi. Başqa yoldaşlarla da əlaqəmiz qalıb. Hər beş ildən bir sinif yoldaşları ilə bir araya gəlirik. İndi mən demirəm ki, onlara qızıldan dağlar yaradıram. Sadəcə əlimdən nə gəlirsə, etməyə hazıram.

- Əsərlərinizdə də, həyat tərzinizdə də təbii olmağa can atırsınız. Sizcə, təbiiliyi qorumaq nə qədər çətindir?

- Əgər söhbət konkret məndən gedirsə, mən özümü buna məcbur etmirəm. Mən belə yaranmışam. Ola bilər, kimsə özünü  buna məcbur edər. Amma mənim qəti ehtiyacım yoxdur. Mövlanə Cəlaləddin Rumi demişkən, ya olduğun kimi görün, ya da göründüyün kimi ol. Mən belə görünürəmsə, deməli daxilən də eləyəm. Kim ki, təbiidir, o bu cür də yaşayacaq və bu cür də öləcək. Amma kim ki buna riyakarlıq donu geyindirir, özünü  buna məcbur edir, o istər-istəməz nə vaxtsa bunu biruzə verəcək.

- Bu təbiilik  sizə 70 yaşınıza qədər   hansısa qapıların açılmasında  mane olmayıb ki?

- Bəzən olub. Amma mən bunu qəbul etməmişəm. Ədəbiyyat hər zaman yardımçım olub. Oxuduğum əsərlər düzgün yolda olmağıma çox kömək edib.

- Məsələn hansı əsərlər...

- Bir nümunə var ki, mən onu hər yerdə, xüsusən də cavanlara danışıram: Viktor Hüqonun  “Səfillər”  əsərində katorqadan çıxan, artıq vəhşiləşmiş biri şəhərə gəlir. Lakin ona heç yerdə, heç bir oteldə yer vermirlər. O da məcbur olub gecəni skamyada yatır. Bu zaman yaşlı bir qadın oradan keçən zaman çöldə yatmağının səbəbini soruşur. Cavab alandan sonra deyir ki, bax orda bir qapı var, sən ora get mütləq sənə yer verəcəklər. Bu da gedir. Qapını döyəndən sonra yaxşı geyinən bir xanım açır, xanım bir az ürksə də, içəridə olan keşiş qonağın kimliyini soruşmamış onu otağa dəvət edir. Katorqalını çox yaxşı qəbul edir və onu ən yaxşı yerdə yatırdır. Ancaq gecə vaxtı bu qonaq durub evdəki gümüş şamdanları götürərək aradan çıxır. Yolda isə onu polis nəfərləri saxlayırlar. Şamdanları haradan aldığını soruşanda deyir ki, mənə keşiş bağışlayıb. Ona inanmırlar. Odur ki, keşişin yanına gəlirlər. Təbii ki, keşişinin axşamkı qonağın oğurluğundan xəbəri var idi. Amma buna baxmayaraq deyir ki, mən ona bağışlamışam. Beləliklə onu, yəni Jan Valjanı xilas edir. Burada iki ayrı-ayrı insanın daxilindəki xislət üzə çıxır. Biri nə qədər yaxşılıq görsə də pislik edən, o biri isə nə qədər pislik görsə də öz yaxşı əməllərindən geri qalmayan obrazlardır. Mən bu nümunələrin sayını artıra da bilərəm. Amma əsas məsələ odur ki, mən ədəbiyyatı, bu cür obrazları oxuyandan sonra real həyatdakı problemləri çox kiçik görürəm. Düşünmürəm ki, niyə filan vəzifəli məni soyuq qarşıladı, zəngə cavab vermədi, yaxud başqa bir şey...

- Belə başa düşdük ki  həyatda bir az çətinlik görəndə ədəbiyyata tapınmışınız...

- Əlbəttə. Mənə həmişə deyirlər ki, necə olur ki, həm ədəbiyyat, həm də elmlə məşğul olmusan? Cavab vermişəm ki, mənim elmlə gəlməyimdə ədəbiyyatın rolu olub. Həqiqətən də belədir. Ədəbiyyat qədər insanı formalaşdıran ikinci bir şey yoxdur. Heç ola da bilməz.   

- Hüseynbala müəllim, 70 yaşa çatdınız. Bu yaşa qədər hansı itkilərlə üz-üzə gəlmisiniz?

- Atamı, anamı, iki bacımı və  cavan qardaşımı itirmişəm. Başqa itirdiklərim də var. Amma təbii ki, ən təsirlisi bunlardır.

- Bir yaradıcı adam kimi sizcə, insan itkisinin yerini nəsə doldura bilər?

- Heç nə! Mənim anamın yerini mənim üçün nə doldura bilər ki?! Yaxud atamın və qardaşımın. Qardaşımın itkisi lap faciəvi idi. Heç nədən 35 yaşında cavan bir oğlan dünyadan köçdü. Qonşu öz arvadını döyüb öldürmək istəyəndə ayırmaq üçün araya girdi və bıçaq buna dəydi. Heç nədən cavan bir oğlan dünyasını dəyişdi. İtkinin yeri heç vaxt sağalmır.

- İndi nə yazırsız ?

- İndi iki şah haqqında tarixi bir roman yazıram. Hissə-hisə “Kredo”  qəzetində  çıxır. Hadisələr XV əsrdə cərəyan edir. Sultan Mehmet, Uzun Həsən, Şah İsmayıl Xətai,  Sultan Yavuz kimi tarixi şəxsiyyətlərin obrazını yaratmışam. Ümumiyyətlə, o dövrdə bizim səhvlərimiz çox olub. Avropa ölkələri, Roma papaları oturub fikirləşirdilər ki, necə edək ki, bu iki nəhəng imperiyaları zəiflədək. Axırda onları bir-birinə qarşı qoymaqla buna nail oldular.

- Yeri gəlmişkən, son zamanlar tarixi roman yazmaq az qala bir buma çevrilib. Bəzilərində isə tarixi faktlar təhrif edilir. Bununla bağlı nə deyə bilərsiniz?

- Vallah şəxsən mən sonuncu tarixi romanım “Nadir şah”ı yazanda beş il araşdırmalar apardım, faktlar topladım. Elə hazırda yazdığım roman üçün də internetdən, arxivdən, kitabxanlardan yararlanıram.

- Hüseynbala müəllim, yenidən 70 yaşa və ad gününüzə qayıdaq. Yəqin ki, ad gününüzü qeyd edəcəksiniz...

- Mən heç vaxt özümə ad gün keçirməmişəm. Ancaq evdə ailə ilə yüngülvarı qeyd etmişik. Daha yüzə yaxın qonağı çağırım, filan elə şeylər olmayıb. Bu il də orucluğa düşdü, ümumiyyətlə qaldı.

- İnsan neçə yaşında olursa olsun, həmişə düşünür ki, ən yaxşı yeməyi yeməyib, ən yaxşı yerləri gəzməyib. Siz bu yaşa qədər nəyi edə bilməmisiz?

- Bu yaşa qədər ən yaxşı əsərimi yazmamışam və ən yaxşı elmi kəşfimi etməmişəm. Tam səmimi sözümdür. Bunu edə biləcəyəm, ya edə bilməyəcəyəm onu deyə bilmərəm. (gülür)

- 70 yaşlı bir adam kimi insanlara nəyi məsləhət görürsünüz? Nələri etmək vacibdir?

- Bilmirəm haradasa oxudum və çox xoşuma gəldi: İnsana ən yaxın olan nədir? - onun kölgəsi. Amma insan gərək özünü qorumaq üçün heç kölgəsinə də güvənməsin. Hər zaman ehtiyatlı olsun.

- Hər bir yaradıcı adama stimul verənlər əks cinsin nümayəndəsi olub. Sizin də ədəbi yaradıcılığınızda bu cür stimulverici qüvvə olub?

- (gülür) Xeyr, olmayıb. Mənim üçün hər bir insanın öz yeri var. Həm də mən nasirəm. Nasirlər bir az soyuq olur.  Siz deyən hal şairlərə daha çox yaxındır. Mən indi bir yazıçı kimi çətin tarixi roman yazıram. Vallah orada o qədər fəlakətlər, mürəkkəb hadisələr var ki, adam nəinki stimul alır, əksinə az qala özünə nifrət etsin. Mənə ləzzət edən odur ki, başqa birisi mənim əsərimi oxuya və ondan stimul ala. Məsələn, bir dostum mənə dedi ki, “Azərbaycan” jurnalında “Cəza” povestimi oxuyanda Qubada olub. Bakıda olan sevgilisinə 16 saat fasilələrlə həmin povesti telefonla oxuyub. Mənə ləzzət edən bu kimi hallardır. Amma yazıçı şairə nisbətən daha az stimul alır.

- Nə zamansa, harasa gedəndə uşaqlığınızı  öz həyat tərzi ilə, görünüşü ilə güzgü kimi sizə göstərən bir uşaqla rastlaşmısız?

- Uşaqlığımı daha çox nəvələrimdə görürəm. Başqa yerdə onu axtarmamışam.

Qeyd: Söhbətin gedişi Hüseynbala müəllimin də ürəyincə idi. Amma davamsız təbrik zənglərinə mane olmamaq üçün müsahibəyə xitam verməli olduq. Hüseynbala müəllim söz verdi ki, bir gün mütləq ədəbiyyatdan və ədəbiyyatda gizlənən bir həyatdan danışacağıq...

Elmin NURİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi