Modern.az

Məhkumların problemləri öyrənilib

Məhkumların problemləri öyrənilib

6 Oktyabr 2010, 19:55
«Azərbaycanda cəza çəkən məhbusları daha çox narahat edən məsələ vərəm xəstəliyinin geniş yayılmasıdır. Vərəmə qarşı mübarizə sahəsində nə qədər iş görülsə də, vərəmə yoluxan məhbusların tam müalicəsi yerinə yetirilmir və bu da sonradan ağır fəsadlara gətirib çıxarır. Yəni azadlığa çıxan məhbusların bir qismi müxtəlif xəstəliklər üzündən dünyasını dəyişir və ya əlil olur».

Bu fikirləri «Jurnalistika və İnkişaf Mərkəzi» İctimai Birliyinin sədri Elməddin Muradlı rəhbərlik etdiyi təşkilat tərəfindən həyata keçirilən «Sosial ehtiyacı olan təbəqələrə hüquqi yardım» layihəsi çərçivəsində görülən işlərə nəzər salarkən deyib. Onun sözlərinə görə, layihə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və «Qaradağ-Sement» ASC-nin maliyyə yardımı həyata keçirilir:
«Layihə çərçivəsində məhkumların hüquqları ilə bağlı geniş bilgilər əldə etdik və onları toplayıb kitabça halında çap etməyi düşünürük. Çünki yerli və beynəlxalq qanunlar məhkumlar üçün çox vacibdir. Hesab edirəm ki, məhbusların hüquqları ilə bağlı BMT-nin hazırladığı sənədlər Azərbaycan üçün vacib bir sənəd kimi qəbul olunmalı və yerlərdə icra edilməlidir. Lakin təəssüf ki, rastlaşdığımız mənzərə bizi qane etmir. Ona görə ki, bu gün məhbuslar o qədər adi məsələlərdən şikayət edirlər ki, bunu Avropada dilə gətirsək bizə gülərlər. Məsələn, biz həbsxanalardan məlumatlar alırıq ki, bəzən bir zarafat üstündə, hətta yerindən bir dəqiqə gec qalxmağa görə məhbusu «kars»a salırlar. Bütün hallarda, bu, yaxşı hal deyil. Düzdür, indi Azərbaycanda müasir standartlara uyğun həbsxanalar, istintaq təcridxanaları tikilir. Ancaq elə köhnə həbsxanalarda da yeni qaydalar tətbiq etmək, məhbuslarla bir insan kimi davranmaq pis olmazdı. Yeni həbsxanada onsuz da işçi də elə həmən işçi olacaq, məhbus da. Bizə təkcə binanın yox, məhbuslara münasibətin dəyişməsi lazımdır. Beynəlxalq qanunlar bunu tələb edir».

Elməddin Muradlı onu da bildirib ki, hazırda məhbusların hüquqları ilə bağlı vəziyyət bir qədər normallaşıb. Bu da həm yerli, həm də xarici hüquq-müdafiə təşkilatlarının həbsxanala olan diqqətinin bəhrəsidir. O cümlədən penitensiar sistemda aparılan islahatlardan sonra da müəyyən dəyişikliklər müşahidə olunub: «Biz layihə çərçivəsində çoxlu araşdırmalar aparmışıq və mətbuatda çap olunub. Ümid edirəm ki, bundan sonra vəziyyət daha da yaxşılaşacaq». 

Modern.az
     

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir