Modern.az

Deputatlığa namizəd təbliğat üçün yaşıl rəngi seçdi

Deputatlığa namizəd təbliğat üçün yaşıl rəngi seçdi

Qarabağ

7 Oktyabr 2010, 23:40

34 saylı Xətai II seçki dairəsindən deputatlığa namizəd, müstəqil jurnalist və Yeddi Dövlət – Bir Millət Konseyinin başqanı Azər Həsrət qeydiyyatdan keçdikdən dərhal sonra onun seçki qərargahı təşviqat materiallarının hazırlanması istiqamətində işləri sürətləndirib. Artıq bir sıra təşviqat materiallarının eskizləri hazırlanıb və çap ediləcəyi mətbəə müəyyənləşdirilib. Azər Həsrətin təşviqat siyasətində maraqlı bir məqam da yer alıb. Bu da onun builki seçki kampaniyası üçün seçdiyi rənglə bağlıdır.

Azər Həsrətin seçki qərargahından Modern.az-a verilən bilgiyə görə, 34 saylı dairənin namizədi bir neçə təklifi dəyərləndirərək öz təbliğat kampaniyası üçün yaşıl rəngi seçmək qərarına gəlib. Bu rəngin üzərində dayanmasını da çox zaman unudulan bir sıra məqamlarla əlaqələndirən Azər Həsrət bunları deyib: “Yaşıl rəng yenilik və oyanış rəmzidir. Bu rəng həm də gəncliyi, təravəti və enerjini ehtiva edir. Bir anlığa hər kəs baharın təzə və yaşıl çalarlarını göz önünə gətirsin. Görəcəksiniz ki, istər-istəməz insanın keyfi durulur. Elə bil ki, yeni bir həyat eşqi yaranır. Mən də düşünürəm ki, görüşəcəyim seçicilərə bu enerjini ötürə bilmək üçün yaşıl rəng daha əlverişlidir”.

Yaşıl rəngi seçməsinin başqa bir səbəbini Azər Həsrət öz seçki kampaniyasında ətraf mühitin müdafiəsinə xüsusi diqqət ayıracağı ilə əlaqələndirib. “Bir zamanlar bizim dairənin ərazisi özünün yaşıllıqları və zəngin təbiəti ilə öyünürdü. Hətta Bakının mərkəzində canı sıxılan insanlar buralara gələrək təmiz hava alırdılar. Ancaq indi o yaşıllıqların böyük bir hissəsi məhv edilib və yerində çoxsaylı hündür mərtəbəli binalar ucaldılıb. Əlbəttə ki, biz şəhərin inkişafının və böyüməsinin əleyhinə deyilik. Ancaq yaşıllıqların da qorunması hər birimiz üçün gərəklidir”, – deyə o bildirib.

Azər Həsrət bu rənglə bağlı daha bir önəmli məqama da toxunub: “Bəllidir ki, bu seçkidən sonra parlamentdə xeyli sayda yeni simalar – əsasən də gənc və orta nəsil insanlar təmsil olunacaq. Prezident İlham Əliyevin də son illərdə apardığı siyasət dövlət idarəetməçiliyinə yeni nəfəs verə biləcək enerjili insanların aşkar edilməsinə yönəlib və düşünürəm ki, bu, ən doğru siyasətdir. Belə bir siyasəti dəstəklədiyimizi nümayiş etdirmək üçün biz bu rəngi seçirik”.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır