Modern.az

Sentyabr ayı jurnalistlər üçün təhlükəsiz keçib

Sentyabr ayı jurnalistlər üçün təhlükəsiz keçib

Qarabağ

8 Oktyabr 2010, 14:37

Sentyabr ayında jurnalistlərin məhkəməyə çəkilməsi qeydə alınmayıb. Bu barədə Media Hüquqları İnstitunun sentyabr ayı üçün yaydığı hesabatda deyilir. Bununla belə sentyabrda mediaya, jurnalistlərə qarşı 12 məhkəmə prosesi davam edib. Həmin məhkəmə işlərinin əksəriyyəti nüfuzun qorunması (defamasiya) ilə bağlıdır.

2007-ci ildə fəaliyyətini dayandırmış “Gündəlik Azərbaycan” və “Realniy Azerbaydjan” qəzetlərinin həbsdə olan qurucusu və baş redaktoru Eynulla Fətullayev yenə də məhkəmələrdə ən nəzərəçarpan sima olub. Ötən ay jurnalistlə bağlı 3 məhkəmə prosesi davam edib.

Qaradağ və Yasamal məhkəmələri şübhəli xuliqanlıq ittihamlarının güdazına getmiş gənc bloqçu Adnan Hacızadə və “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin həbsdən azad edilmə və məhkumluğun götürülməsi ilə bağlı iddialarını təmin etməyib.

Sentyabrda ən ağır məhkəmə qərarı “Ölkə” qəzetinə qarşı çıxarılıb. Yasamal Məhkəməsi kiçik büdcəli qəzetdən 100 000 AZN təzminat tələb edən siyasətçi Lalə Şövkətin iddiasını qismən təmin edərək onun üzərinə mənəvi zərər əvəzi olaraq 4 000 AZN təzminat ödəmək yükü qoyub. Nüfuzun qorunması (defamasiya) ilə bağlı Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin, eləcə də Prezidenti Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Xural” qəzetinə qarşı qaldırılmış iddialar üzrə məhkəmə baxışı davam edib.

Hesabata görə, sentyabrda nüfuzun qorunması (defamasiya) ilə bağlı 2 məhkəmə işi yekunlaşıb. Yasamal Məhkəməsi Göyçay rayonu Polis Şöbəsi işçilərinin “Azadlıq” qəzetindəki yazısına görə hüquq müdafiəşisi Vidadi İsgəndərova qarşı qaldırdıqları xüsusi ittiham qaydasında şikayəti rədd edib. Yasamal Məhkəməsi həmçinin Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabovun “Azadlıq” qəzetinin təhsil sahəsində eksperti Əlövsət Osmanlıya qarşı mülki iddiasını qismən təmin edərək cavabdehin üzərinə yayılmış fikirlərini təkzib etmək, iddiaçı tərəfdən üzr istəmək vəzifəsi qoyub. Apellyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxlayıb.

Sentyabrda 5 jurnalistin fiziki basqı, psixoloji hədələməyə məruz qaldığı bildirilir.

“Ötən ay ən qalmaqallı basqıya “Gündəlik Azərbaycan” qəzetinin əməkdaşı Yafəz Həsənov məruz qalıb. Jurnalist yazılarına görə, millət vəkil Zeynəb Xanlarovanın qohumu olduğu deyilən şəxs tərəfindən hədələnib. Ardınca Y.Həsənovu Xəzər rayon Polis İdarəsinə çağırıblar, ondan yazı qaynaqlarını açılqlamağı tələb ediblər.

Basqıların növbəti hədəfi Naxçıvan Muxtar Respublikasından tərəfsiz bilgi çatdıran jurnalistlər olub. Naxçıvanda peşə fəaliyyətini yerinə yetirən Elman Abbasov, Həkimeldostu Mehdiyev, İlqar Nəsibov parlament seçkiləri öncəsində onlara qarşı təxribat və  təzyiqlərin dözülməz həddə çatdığını açıqlayıblar. Jurnalistlər bildiblər ki, onlara qarşı təzyiqlərin arxasında yaşadıqları Şərur rayonunun hüquq mühafizə qurumları dayanır. Məqsəd qapalı bölgədən obyektiv bilgilərin yayılmasını əngəlləməkdir”.

Hesabatda ötən ay yay aylarında təbii fəlakətə məruz qalmış aran bölgəsində bərpa və yardım işlərinin monitorinqini aparan vətəndaş cəmiyyəti qurumları, media nümayəndələrinin basqıya məruz qalması barədə faktlar da yer alıb. Sənəddə həmçinin, jurnalistlərə qarşı baş verən qanunsuzluqların araşdırılması istiqamətində irəliləyişlər nəzərə çarpmadığı qeyd olunur: “Hüquq mühafizə orqanlarında bir neçə iş araşdırma prosesində olsa da ötən ay günahkarların cəzalandırılmasına yönəlik hər hansı qərar çıxarılmayıb. “Azadlıq” qəzetinin şərhçisi Seymur Həziyevin, “Yeni Müsavat” qəzetinin əməkdaşı Elmin Bədəlovun basqıya məruz qalması faktları ilə bağlı şikayətlərə baxış hələ də yubanır”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır