Modern.az

Mərdəkanda yerli adət-ənənələr unudulub

Mərdəkanda yerli adət-ənənələr unudulub

Reportaj

15 Oktyabr 2009, 13:06

“Bakı kəndləri” silsiləsindən növbəti yazımız hələ qədimdən xalq memarlığının mərkəzi sayılan Mərdəkan barədədir. Mərdəkan Bakının ən qədim kəndlərindən biridir. Onun adı “Mərdlər məkanı” kimi tərcümə olunur, bu da yaşayış məskəninin qədim mard tayfaları tərəfindən salınmasına işarədir. Mardların adına isə ilk dəfə Qafqaz Albaniyasında yaşayan tayfaların sırasında rast gəlinir. Mərdəkan barədə xarici səyyahların salnamələrində də məlumatlar var. Qədim tarixçilər Heradot, Strabonun yazdığına görə, mərdlər hələ eramızdan əvvəl 331-ci ildə Qavqamel döyüşündə İran ordusunun sıralarında qəhrəmancasına vuruşmuş, böyük şücaətlər göstərmişlər. Mərdəkan sakini, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun mühafizəçisi Vidadi Əmirüllaoğlunun deyir ki, Mərdəkanı 7 tayfadan ibarət böyük bir icma yaradıb: “Bunlar Ocaqqulu, Nəzərli, Subhanlı, Rəhimli, Cəlilli, Bürcülü, Şahsəvənd tayfalarıdır. Tayfaların tərkibi türklər və iranlılardan ibarət olub. Hazırda da bu tayfaların nəsillərindən olan insanlar kənd də yaşayır”. Hələ qədimdən Mərdəkan xalq memarlığının mərkəzi sayılıb. Qəsəbədəki bir sıra qədimi abidələr indiyədək qorunub saxlanılır. Kəndin Qumluq, Qala, Xərmən, Qoyunbulağı , Seyidlər məhəlləsi var. Uzundərə adlanan yerdə əvvəllər taxıl anbarları olub. Vaxtilə Mərdəkan əhalinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilik olub. Ancaq indi boş ərazilər qalmadığından bu məşğuliyyət növləri unudulub. Arxeololqların araşdırmalarına görə, Mərdəkanda albanlara məxsus daş kitabələr, əşyalar tapılıb. Bu da albanların da ərazidə yaşamasına sübutdur. Yerli sakinlər deyir ki, bəzən həyətlərdə qazıntılar zamanı  qədim insanlara məxsus alətlər tapılır.   Mərdəkandakı orta əsrlərə aid  “Dördkünc Qala”  1187-ci ildə tikilib. Onun inşasında balıqqulağı, əhəng, yumurta sarısı, keçi və dəvə yunundan istifadə edilib. Hündürlüyü 22 metr, 76 pilləsi, 6 otağı var. Böyük müharibələri nəzərə alaraq, ərzaq anbarı kimi istifadə etmək üçün qalanın içərisində 108 quyu düzəldilib. Yeraltı yol vasitəsilə isə digər qalalarla əlaqə yaradıblar. Mərdəkandakı Heydər məscidi 1893-cü ildə yerli sakin Heydər Almazov tərəfindən tikdirilib. Deyilənə görə onun arvadı rus olduğu üçün kənddə ona rus Heydər deyirmişlər. Bir gün Heydər Axund Ələkbərə deyir: “Nə edim ki, mənə “rus” deməsinlər?”. Axund Ələkbər buyurur: “Get, məscid tikdir”. Mərdəkanda baxımsız vəziyyətdə olan qədim hamamlar da az deyil. Xanbaba hamamı  Şirvanşahların dövrünə aiddir. Təxminən 1482-83-cü illərdə yerli sakin tərəfindən tikilib. Ziley hamamı XIX əsrin əvvəlləri kənd sakini xeyirxah bir qadın tərəfindən tikilib. Bu hamam qadınlar üçün imiş. Kənddəki 1918-ci il erməni qəsbkarlarına qarşı döyüşdə şəhid olmuş Mərdəkan sakinlərinin uyuduğu Şəhidlər xiyabanının yerində V-VI əsrdə də qəbristanlıq olub. Mərdəkanın ən məşhur yerlərindən biri Dendrari bağıdır.  İndi Mərdəkan dendrarisi kimi tanıdığımız bağ 1890-cı illərdə Bakının neft milyonçusu Murtuza Muxtarovun bağı olub. Hazırda burada 1800-ə yaxın bitki növü, 28 növ heyvan və əylənmək üçün katamaranlar, istirahət guşələri var.

Mərdəkan dendrarisində həm də bir əsr yaşı olan İtaliyanın Qotik üslubunda tikilmiş qədim bir bina da var. Məhz bu bina bir çox kinorejissorların diqqətini çəkib, “Arşın mal alan”, “Qorxma mən səninləyəm” və bir neçə başqa filmlərdən kadrlar  məhz burada çəkilib. Dendrari parkında bir sıra obyektlər mövcuddur: banket zalı; «Lyuks» tipli 1-2 yerlik 20 sayda qonaq otağı; səyahətə gələnlər üçün otaqlar; müxtəlif elmi laboratoriyalar; süni şəlalə; qeyri-adi ecazkar su quyusu; qayıqla gəzinti üçün göl. Mərdəkanda xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin 1885-1924-cü illərdə yaşadığı ev hazırda durur. Pir Həsən adlanan yer kənd sakini olmuş Pir Həsənin adını daşıyır. Burdakı ziyarətgahı Murtuza Muxtarov 1907-ci ildə tikdirib. Ziyarətgahda H.Z.Tağıyev, onun qızı Sara xanım, Axund Hacı Mirzə və Zeynal Səlimxanovun qəbri yerləşir. Kənd sakini Zeynəb Rəsulova deyir ki, vaxtilə Mərdəkanda mövcud olmuş adət-ənənələr unudulub. Mərdəkan sakinləri deyirlər ki, onlara ən çox təsir edən neft yataqlarının əhatəsində yaşamalarına baxmayaraq təbii yanacağa, elektrik enerjisinə həsrət qalmalarıdır. Məsələ burasındadır ki, Azərbaycanın Avropa bazarlarına çıxardığı təbii qaza Mərdəkanın bəzi yerlərində sakinlərin əli çatmır.

Mərdəkana uzaqdan baxış

 

Məşhur dördkünc qala

Qaladakı ərzaq saxlanc yeri
1941-1945-ci illər müharibəsində bu binada hospital yerləşib
Dairəvi müşahidə qalası

Mərdəkanın ən görməli yerlərindən biri-dendrari

 

Heydər məscidi

 

Kazım hamamı

 

 Yaşlı kənd sakini Mərdəkan barədə danışır

 

Nizami parkı

Muzey binası

 

Pir Həsən ziyarətgahı

 

Hacı Zeynalabdin Tağıyev və qızı Sara xanımın məzarı

 

Pir Həsən ziyarətgahındakı məşhur qılınc

 

Qaranquş sanatoriyası

 

Mərdəkan qəbristanlığında köhnə məzarlar

 

Üzərində qədimi yazısı olan Mərdəkan evlərindən biri 

 

H.Z.Tağıyev adına 123 saylı məktəb

 

Veteranlar abidəsi

 

Xanbaba hamamı

 

Xəstəxananın giriş qapısı

 

Ziley hamamı

 

Ziyarətgah

 

Ziyarətgahda qəbirüstü abidə

  Günay MUSAYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub