Modern.az

“Məşhur filmlərdən məşhur sitatlar” - “Yol əhvalatı”dan dilimizə düşən məsəllər: “Tarix bude ee, student qədeş” - RUBRİKA

“Məşhur filmlərdən məşhur sitatlar” - “Yol əhvalatı”dan dilimizə düşən məsəllər: “Tarix bude ee, student qədeş” - RUBRİKA

Mədəni̇yyət

13 İyul 2015, 15:01


Modern.az 
saytı “Məşhur filmlərdən məşhur sitatlar”  rubrikasında növbəti yazını təqdim edir. Burada adından da göründüyü kimi, filmlərdə işlədilən və sonradan zərbi-məsələ çevrilən, insanlar arasında tez-tez işlədilən söz nümunələrindən danışılır. 

Bu dəfə haqqında danışacağımız film komediya janrında lentə alınan, şəxsi  mənafe ilə  sağlam məhəbbət konflikti üzərində ekranlaşdırılan “Yol əhvalatı” filmidir. Filmin məzmunu və süjet xətti o qədər də orijinal olmasa da, burada çəkilən aktyorların ustalığı, lazımı məqamlarda  improvizasiyası filmi yetəri qədər uğurlu edib.
Filmdə əsas yük Səyavuş Aslan (Qurban), Yaşar Nuri (Makintoş), Kamil Məhərrəmov (Paşa), Hacı İsmayılov (Mürşüd) kimi aktyorların üzərinə düşür. Məhz bu dördlük sayəsində film tamaşaçı rəğbətini qazana bildi. Şikayətçi sakin rolunu oynayan Eldəniz Zeynalovun da özünməxsus ifasını yadda çıxarmaq olmaz.  Filmdə ikinci xətti-məhəbbət mövzusunu təmsil edən Zümrüd (Həmidə Ömərova) və Mustafa (Vaxtanq Pançuladze) isə bu obrazların kölgəsində qalır.

Həmin filmdən bu gün də hafizəmizdən silinməyən sitatlara nəzər etirək:

“Alə İbadulla, “bezrazmernidü” - (Təyyarəyə sərnişinlərlə bərabər qoyunların da mindirildiyini görən pilotun etirazı)

Bu gün ictimai nəqliyyatlarda sərnişinlərin ən çox işlətdiyi məşhur ifadə ilk dəfə 1980-ci ildə çəkilən bu filmdə işlədilib. Amma avtobus yox, təyyarə üçün.

Bu nə vid-fasondu alə, mən səni əməlli-başlı adam bilirdim” – (Qoyunları gecə vaxtı gizlicə qəbiristanlıqa gətirərkən Makintoşun  Mürşüdü ələ salaraq dediyi ifadə)

“Sənin kimi adamı ələ salarlar, lap o yana da keçərlər” - Film boyu qanının qırmızı rəngi olmayan Qurban dayı bu dəfə yenə də hirslənib. Filmdə Makintoş və Paşa ikilisinin şefləri Qurban dayını əsəbiləşdirmələri ekran əsərinə əlavə komik rəng qatır. 

“Tarix budu er, student qədeş” - Bu məşhur “zərbi-məsəl”in müəllifi isə Paşadır. Tələbəyə (Telman Adıgözəlova) bu sözü deyərkən hələ bilmirdi ki, az sonra maşını lyuka salıb sındıracaq və “nə var e, “düd... düd... başımı keçəl elədün e” kimi başqa bir məşhur ifadəni də yaradacaq. Qurban kişi də “iclas”da “işimizin razqar vaxtında...” kimi tanış ifadəni səbəb gətirib onu danlayacaq.

Elə Qurban kişi demişkən, onun səsləndirdiyi və dillər əzbəri olan bəzi ifadələrə nəzər salaq:

“Sizdən adam olmuyub, olmayacaq da”; “Götürək mənim bu bacım oğlu Makintoşu”; “Belələrinə nə ad vermək olar? - Qrabitel, tüfeyli...”;
“Yalansa fransuzki ilan vursun dilinnən”; “Sən qələtüvü elə, söz verəndə danışarsan, mollalıq eləmə”; “No oçen, vajnı məsələ”; “Camaat şir-pələng saxlayır, bu nədir alə?”; “Kvartalni gəlirdən nişist olunsun”.

“JEK” müdiri Qurban Zeynalovun dilindən deyilən bu ifadələr qoyunların qanunsuz yolla gətirilməsində və başqa işlərdə ona kömək edən üç nəfərdən ikisinə - Makintoş və Paşaya ünvanlanır. Ara-sıra üzüyola Mürşüdə də deyilən atmacalar sonradan zərbi-məsələ çevrilib. İki komik obraz - Paşa və Makintoş arasında olan kiçik intiriqa da da filmdə qırmızı xətlə seçilir və bəzi komik səhnələrin yaranmasına səbəb olur. Məsələn, Makintoşun yıxılaraq arxası dəmir məftilə batan Paşaya gülməsi və o şəraitdə onu ələ salmasını buna misal göstərmək olar. Amma həmin hadisədən yaranan “mən proizvodstvenni travma almışam” ifadəsi bu gün də yaddaşlarda qalıb.



Amma burada komik situasiyanın əsas yaradıcısı Qurban kişidir. Çünki bütün baş verənlər məhz onun məqsədi naminə edilir və gülüş də bu hadisələr baş verən zaman yaranır. Ona görə də yaddaqalan replikaların çoxusu Qurbanın dilindən deyilir. Bir daha bu replikalara nəzər salaq:

“Alə, indi “çestni-niçestni” yoxdu”; “Toyuqsan gir hinüvə də...”; “Sən öl, bu simic oğlu boğaza yığdı məni”; “Metodom narodno stroyka”; “Məni hələ belə zibilə salan olmamışdı”; “Ayağuvu aşağı sal alə”.

Filmdə replikaları bu gün də işlənən iki obrazı da yaddan çıxarmaq olmaz. Bu Eldəniz Zeynalovun oynadığ şikayətçi obrazı və məşhur Makintoşdur:

“Hələ mən Teziki demirəm, yoldaş Zeynalov, Teziki”, “Divarda qaynatamın şəkli asılmışdı, Həmdullanın”, “Əvvəl elə bildim qonşudu, bir az vurandu” gülməcələri şikayətçini yaddaqalan obrazlardan birinə çevirir. 

“Mən ölüm, mən bir adamın toyuğuna daş atmışam?”, “Neftçinin udan günü var ki?..”,  “Piririv, piririv!” kimi zərbi məsəllər isə Makintoşa aiddir.

Aktyorların uğurlu ifasında rejissor Teymur Bəkirzadənin də rolu çox olub. O qədər də çox film çəkməyən rejissor yüksək peşəkarlıq göstərərək, aktyorlara yaradıcı azadlıq verib. Belə ki, bu gün sevə-sevə izlədiyimiz gülüş məqamlarının bəziləri heç ssenaridə də olmayıb. Qismən Xaçmaz, Hacıqabul, daha çox isə Bakının müxtəlif yerlərində çəkilən film 3 aya təhvil verilib.

Elmin NURİ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir