Modern.az

Azərbaycanda daha hansı banklar bağlanacaq? - AÇIQLAMA

Azərbaycanda daha hansı banklar bağlanacaq? - AÇIQLAMA

Təhsil

13 İyul 2015, 16:28


“Mərkəzi Bankın “EvroBank” Açıq Səhmdar Cəmiyyətinin (ASC) bank lisenziyasının ləğv edilməsi, “Azərbaycan Kredit Bankı” ASC-yə isə müvəqqəti inzibatçının təyin edilməsi barədə qərarı gözlənilən idi”. Modern.az saytı bildirir ki, bu haqda iqtisadçı Samir Əliyev şərh verib.

Onun fikrincə, banklar məcmu kapitalın 50 milyon manata qaldırılması ilə bağlı normativinə əməl edə bilməyiblər: “Əslində yanvar ayından adı çəkilən bankların fəaliyyəti dayandırılmalı idi. Ancaq ötən ilin sonlarından başlayaraq bank sektorunda gərginliyin artması Mərkəzi Bankı qərar verməkdən çəkindirdi. Hesabatlarda da 5 bankın ləğv edilmə prosesində olduğu görünürdü və onların 4-nün məcmuu kapitalı 50 milyon manatdan az idi. Həmin banklar barədə qərarın çıxarılması zaman məsələsi idi”.

Samir Əliyev əlavə edib ki, banklarla bağlı çıxarılan qərar mövcud böhranla bağlı deyil: “İndiki böhrandan zərbə alan bankların taleyi ilə bağlı qərarlar barədə sonra xəbər tutacağıq.

Barəsində “ölüm” hökmü çıxarılan banklar haqqında onu demək olar ki, onlar kiçik banklardır. Bazar payları heç 1 faiz deyil. “EvroBank” ASC Əmanətlərin Sığortalanması Fondunun da üzvü deyildi. Filialı da yoxdur. Düşünürəm ki, “Azərbaycan Kredit Bankı” ASC-nin də gələcək taleyi “EvroBank” kimi olacaq və lisenziyası əlindən alınacaq və ya ən yaxşı halda başqa banka birləşdiriləcək”.

Ekspert hamını düşündürən “Digər bankların da bağlanmaq təhlükəsi varmı” sualına da cavab verib: “Bəli. Bankların taleyi ilə bağlı qərarı Mərkəzi Bank verir və buna görə də qəti hökm vermək düzgün olmazdı. Ancaq ehtimallar göstərir ki, proses bununla bitməyəcək. Əlavə olaraq bir neçə bankın da bağlanmasna başlanacaq. Ümumiyyətlə, Mərkəzi Bankın konsolidasiya prosesinə start verdiyini söyləmək olar”.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!