Modern.az

Ramil Usubov nümunəsi

Ramil Usubov nümunəsi

13 İyul 2015, 16:51

“Mənim polisim məni qoruyur”. Bu, sovet dövründən qalan bir misaldır. Sadəcə “milis” sözü “polis” sözüylə əvəzlənib. Mən isə polisdən qorxuram. Bunu boynuma almaqdan utanmıram. Bəlkə də “böyük hörmətlə yanaşıram” desəydim qəbul edərdiniz. Mən isə sadəcə  - qorxuram. Bilirsinizmi niyə? Təsəvvür edin ki, sizə küçədə sıravi bir polis nəfəri yanaşır. Yaxud da ki, maşınınızı saxlayır. Özünü qayda-qanunla təqdim edərək sənədlərinizi tələb edir. Hünəriniz var sənədinizi təqdim etməyin. Artıq bu, qanun pozuntusudur – polisə tabe olmamaq. Ona görə də mən polislərdən qorxuram. Daha doğrusu qanun pozuntusuna yol verib onlarla üz-üzə gəlməkdən. Çünki məhz onlar qanun simasında bizimlə hər gün rastlaşan konkret şəxslərdir.

Polislər çox sərtdirlər, həm də humanistdirlər. Heç nədən vətəndaşa ilişməzlər. Hər halda mən və ailəm bu cür neqativ hallarla hələ ki, rastlaşmamışıq. Hər şeyin düzünü onlar bilirlər. Hər şeyin ilkini onlardan soruşurlar. Əgər silah gəzdirirlərsə, deməli hər gün onlara tuşlanan silahlarla, güllələrlə gizlənpaç oynayan da, ilk qınaq obyekti də onlardır. Vətəndaşları yaxşı başa düşən də polislərdir.

Bağışlamağı da bacarırlar. Oda nöyüt yox, su tökməyi üstün tuturlar. Təsadüfən yolundan çıxanların qulağının dibinə elə bir şillə çəkirlər ki, bu türmə kamerasında bir ya iki il yatmaqdan daha tutarlı olur. Hər halda keçmişdə bu cür milislər haqqında çox  eşitmişəm. (polislər yox a...) .

Amma bu gün polis işləmək çox çətindir. Neçə-neçə cib telefonun kamerası onlara tuşlanıb. Hələ öz xidməti maşınlarında, küçə və meydanlarda  quraşdırılan kameraları demirəm. Hər hansı bir qanun pozuntusuna yol versə, hətta xırda bir xətanı bağışlasalar belə, ən azından sosial şəbəkələrin qəhrəmanına çevrilə bilərlər. Çox vaxt polis hadisə yerinə çatmazdan qabaq, artıq sosial şəbəkələrdə baş vermiş olay barədə xəbər tutursan. Ən ucqar kənddə belə, Daxili İşlər Nazirliyinin nümayəndəsi var. Bənzətməylə desəm, polis dövlətin damarlarında axan qandır. O,  hər yerdədir, o, hər birimizi nəzarətdə saxlamaq qüdrətinə malikdir.

Mənim 49 yaşım var. Düzdür həyatı başa düşmək yaşın azlığıyla, çoxluğuyla ölçülmür. Təsadüfən Atalar da “ağıl yaşda deyil, başdadır” deyiblər. 1988-ci ildən – tələbəlik çağlarımdan ölkənin ictimai-siyasi həyatında fəal iştirak etdiyim üçün və bir az da qələmim olduğim üçün son 27 ildə şahidi olduğum, eşitdiyim hadisələri, tarixi məqamları süzgəcdən keçirib, analiz edib qələmə alıram. Və bu siyahıda polis ön sıralardadır.

Müstəqillik tarixinin 24 ilinin 21 ilini əhatə edən, general-polkovnik Ramil Usubovun nazirlik dövrü isə  anbaan göz önümdədir. “Anbaan” dedim. Çoxları bunu saniyəbəsaniyə kimi qəbul edə bilər. Yaxud da ki, belə təsəvvür yarana bilər ki, mən Daxili İşlər Nazirliyinin “ştatnı” salnaməçisiyəm. Əsla. “An” sözü müstəqilliyimizin ilk illərində  mənim anlamımda ”ani” sözüylə sinonim olub. Və bu sözün arxasıyca “yanlışlıq” sözü bizi anbaan izləyib. Ani yanlışlıqlar isə  neçə-neçə faciəmizə yol açıb.

Nəhayət ümummilli lider Heydər Əliyevin hakimiyyətə ikinci dəfə gəlişindən sonra yanlışlıqlar çox ustalıqla aradan qaldırıldı. Bu baxımdan böyük siyasətçinin 1994-cü ildə sərəncamla yox, məhz prezident FƏRMANıyla daxili işlər naziri vəzifəsinə  təyin etdiyi Ramil Usubovun xidmətləri danılmazdır.


Aprel 1994-cü il

Atama dəyməyə gəlmişdim. O vaxtlar Prezident Heydər Əliyevin hər bir görüşünü, müşavirəsini, qəbullarını televiziyada yayımlayırdılar. Atam birdən:

- Mahir, bu Ramil Usubov kimdir?

- Papa, təzə daxili işlər naziridir. Dünən televziyada verirdilər.

- Bilirəm e... “televiziyada verirdilər”. Mən soruşuram kimdir? Heydər müəllim onu yaman tapşırdı e... kollektivə.

- Nə olsun ki?

- Yox e... bərk-bərk tapşırdı.  Belə başa düşdüm ki, çox etbar etdiyi, yaxın bildiyi adamdır.

O çətin dövrlərdə  etibar və sədaqət kriteriyaları hər şeydən yüksəkdə dayanırdı. Onda bu meyarları heç kim dərindən hiss etmir, bilmirdi.  İndi ən yeni tariximizin səhifələrini varaqlayarkən belə aydın olur ki, məhz 1995-ci ildə respublikada illər boyu hökm sürən dərəbəyliyin qarşısı alınacaq və Azərbaycanın inkişaf tarixi yazılmağa başlayacaq. Bu inkişafın əsasında daxili sabitlik əsas meyar  idi. Ramil Usubov belə bir vaxtda Daxili İşlər Nazirliyinin başına gətirildi.

1994 oktyabr və 1995 mart

İndiki kimi yadımdadır. Dövlətdə təmsil olunan nazirlər iki yerə bölünmüşdülər. Bəziləri hegemonluq edərək daxili sabitliyi pozur. Bəziləri isə nəinki vəzifələrinə uyğun olaraq dövlətinin, vətəndaşlarının hüquqlarını müdafiə edir, hətta öz şəxsi təhlükəsizliklərini belə, təmin edə bilmirdilər. Günün günorta çağı Baş Prokurorluğa hücum ... Nə isə. Mövzum bu deyil. O dövrün dırnaqarası vəzifə qəhrəmanlarının “qəhrəmanlıq”larını sadalasam, mövzudan çox kənara çıxmış olaram.  Ən yeni tariximizin bu cür qara səhifələri çoxdur. Belə bir dövrdə DİN –in -  o nazirliyin ki, tərkibində OMON kimi bir hərbiləşmiş, siyasiləşmiş qurum fəaliyyət göstərirdi- rəhbərliyinə gətirilmək və bu cür tarixi şəraitdə tarixin bütün sınaqlarından üzüağ çıxmaq, siyasi iradə, sədaqət, əzmkarlıq göstərmək. Vallah, böyük qəhrəmanlıqdır. Hələ prezident etimadını doğrultmağı demirəm.  Və  buna o dövrün müasiri olan mənim kimi sıravi vətəndaşın indi  qiymət verməyi o günlərin şahidi olmayanlar üçün çox gecikmiş bir addım və çox adi görsənə bilər. “Gecikmiş” sözüylə özüm də  razıyam.

Ramil Usubov və Qabil - hörmət və “hörmətsizlik”

Ramil Usubov nazir təyin olunduqdan bir ay sonra  atam zəng edib qəbuluna gedir. 1992-ci ildə rayon milis idarələrinin birində rəis müavini vəzifəsindən haqsız yerə uzaqlaşdırılan, 1993-cü ilidə isə yenidən orqanlara bərpa edilən (şöbə rəisi kimi – mayor rütbəsində) yaxın qohumumuzun xahişini edir. Xahiş, daha doğrusu loru dildə desək “tapşırma”  belə olur – “Qardaşoğluda gözün olsun”.
Ramil müəllim atama olan sonsuz hörmətinin və ən başlıcası inamının (Qabil hər adama görə ağız açmaz) nəticəsi olaraq həmin qohumu yenidən rayon polis idarəsinin rəis müavini vəzifəsinə bərpa  edir. Nəinki ədaləti bərpa edir, hələ üstəlik podpolkovnik rütbəsi də verir. Amma...

Atama da sirr deyildi ki, həmin qohum yaxşı içən idi. Çox vaxt əndazəsindən çıxırdı. Nə olsun ki, işinin öhdəsindən gəlirdi. Amma paqon və silah gəzdirən adam əndazəsini bilməliydi. Nazirliyə edilən şikayətlər və qohuma elan edilən xəbərdarlıqlar  nəticəsini vermədikdə nazir Ramil Usubov həmin qohumu istefaya göndərdi. Bu xəbəri atama səbəbkar özü çatdırdı. Yenidən nazirə ağız açmağını istədi.  Atamın cavabı isə qısa oldu:

- Əcəb elədi Ramil müəllim. Sənə demişdim ki, içmə. Hələ sağ ol de ki, mənə olan hörmətinə görə  istefaya göndərib. Sistemdən də qova  bilərdi.

Sonralar da atam Ramil müəllimlə görüşəndə həmin qardaşoğlunu yada salarkən

“Qabil müəllim, mənim fikrim o idi ki, onu rayonlardan birinə rəis göndərim. O isə içməyə başladı” deyirdi. Atam isə “əcəb elədin. Lap düz elədin. Canı çıxaydı içməyəydi.  Mən qoca kişiyəm, mənə olar. O isə vəzifə adamıdır” deyib gülürdü.

Son borc

Atam rəhmətə getmişdi. “Üç mərasimi” idi. Bir də gördüm ki, çadıra başda Ramil Usubov olmaqla dörd nəfər daxil oldu. Mənə başsağlığı verdi. Xarici səfərdə olduğundan dəfndə iştirak edə bilmədiyini dedi. Onunla gələnlər isə müavinləri, generallar Oruc Zalov, Əsgər Ələkbərov və Vilayət Eyvazov idi. Bu, Ramil Usubovun bir nazir və sıravi vətəndaş kimi xalq şairinin xatirəsinə sonuncu ehtiramı idi.

Polisin mənə “hörmətsizliyi”

Biz belə öyrəşmişik. Yox, bəlkə də qanımızdadır. Məsələn, yol polisi məni saxlayır.

- Serjant filankəsov. Xahiş edirəm sənədlərinizi təqdim edin.

Mən də atamdan mənə miras qalan, həmişə maşında talisman kimi gəzdirdiyim sovetin qırmızı üzlüklü sürücülük vəziqəsinin arasına öz “pravamı” və “texpasportu” qoyub ona təqdim edirəm. O da maraqdan ilk olaraq köhnə “pravaya” baxır və şəkli tanıyır:

- Pah, Qabil müəllimin oğlusuz. Allah rəhmət eləsin. Yaxşı kişiydi. Sözü üzə deyən idi. Bir şeiri də var e... “Tərs düşəndə yerimiz”...

- Səhv düşəndə.

- Hə... “Səhv düşəndə yerimiz”. Siz necə, şeirdən-zaddan yazırsız?

- Xeyr.

- Heyf... Buyurun sənədləri. Gedə bilərsiniz.

Mən və digər “müsəlmanlar” etdiyimiz xırda xətaların qarşılığında  bu cür münasibətə öyrəşmişik.Yəni ki, bağışlanmağa. Kimə görəsə bağışlanmağa.  Burda Həsən ağanın qohumu məsələsi yada düşür. Necə demişdi Əbdürrəhim bəy Haqverdiyevin Mirzə Səfəri, kağızını kontorda növbədənkənar almaq istəyən qudurğan gəncin “Həsən ağanın qohumuyam ” sözünə?

- De sən öl, Həsən ağanın qohumusan?
- Sən öl, Həsən ağanın qohumuyam.
- Doğrudan Həsən ağanın qohumusan?
- Vallah, Həsən ağanın qohumuyam.
- Sən Həzrət Abbas, Həsən ağanın qohumusan?
- Həzrət Abbas haqqı Həsən ağanın qohumuyam.
- Onda gəl min boynuma. Neyləyim Həsən ağanın qohumusan. Gözlə, kağızın nə vaxt hazır olar, apararsan...

"Həsən ağanın qohumları” bütün dövrlərdə olub. Elə biri mən özüm. Düzdür bir fərqim o olub ki, qudurğan olmamışam. “Qabilin oğluyam” deməklə sadəcə cərimənin məbləğindən, ya da  ki, sağlığında  atamın uzun-uzadı tənbehlərindən canımı qurtarmaq istəmişəm. Maşını  əlimdən ala bilərdi axı...

Bu gün isə mənzərə tam başqadır. Hər bir pozuntu elektron vasitələrlə qeydə alınır.

Mən yol polisi üçün Qabilin oğlu yox, sadəcə sürücüyəm. Protokol yazılmalı, cəriməmi ödəməliyəm. Birdən “Qabilin oğluyam” dedim. Atamdan miras qalan “pravanı” da öz “pravama” qatıb yol polisinə təqdim etdim. Onda necə olsun?  Məncə heç bir əhəmiyyəti yoxdur. Polis öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Tələb etdiyi sənədləri götürüb, talismanımı geri qaytarmalıdır. Və buna görə mən ona heç bir irad tuta bilmərəm. Amma vay onda ki, yol polisi mənimlə məzələnə:

- Qabilin oğlusan? De sən öl Qabilin oğlusan? Doğurdan Qabilin oğlusan? Sən Həzrət Abbas Qabilin oğlusan?
- Hə.
- Onda gəl min boynuma.  Neyləyim Qabilin oğlusan. Protokol yazıram, get canın çıxsın cəriməni ödə. Mən səndən böyük kişinin oğluyam. Heç bunu deyirəm?

cavabı verə. Bu məqamda təqsir ondadır. İstədidiyim yerə şikayət verib, onu cəzalandırılmasını tələb edə bilərəm. Sübut da ki, nə qədər. Bütün maşınlarda demək olar ki, kamera da var, mikrofonda. Mən isə işimi bilirəm. Nə “Həsən ağanın qohumu” deyib özümü bihörmət edirəm, nə də ki, yol polisinin məni təhqir edib işindən uzaqlaşdırılmasına bais. Heç “Dosta zəng etmək” hüququndan da istifadə etmirəm. İnandırım sizi ki, bu cür davrananların günahını  çox vaxt polis də  bağışlayır, Allah da...

Polis və Leyla Yunus

Bu kadrları hamınız izləmisiniz. Leyla Yunus onun yanında dayanan polis zabitinin başından papağını götürüb vızıldadır. Həmin an mən o polisin yerində olmadığıma görə peşmançlıq hissi keçirdim. Dedim ki, o polisin yerində olsaydım, o andaca məndən boyca balaca olan Leyla Yunusa yuxarıdan aşağı elə bir qapaz qoyardım ki, yerində qalardı. Mən bunu edərdim. Yox. Mən bunu polisin yerində olsaydım edərdim. Zabit bəs nə etdi? Təmkinini pozmadan gedib papağını yerdən götürüb başına qoydu. Leyla Yunusa heç bir söz demədi. Əgər təhqiramiz cavab versəydi,  yaxud da ki, Mirzə Səfərsayağı “gözüm aydın Həsən ağanın qohumusan” desəydi, yaxud da xəsarət yetirsəydi, iki yüz faiz əminəm ki, onu polis orqanlarından xaric edəcəkdilər. Qanuna zidd hərəkətlərə qanuna zidd cavab verdiyinə görə. Düzdür mənim kimi düşünənlərin  ürəyindən tikan çıxaracaqdı, amma özünü də işdən çıxaracaqdılar. Qazancı isə bu videonun bir-iki ay baxış rekordu qıracaq sviyyəyə qalxması olacaqdı. Bu, polisə yaraşardımı?  Sonrasını yaxşı bilirsiniz. Kim indi hardadır, kim indi hardadır...

İki misal çəkdim. Mirzə Səfər və Leyla Yunusun timsalında. Sadəcə ictimai qınağı birtərəfli müəyyən edənlər üçün.

Mənim polisim  DYP-dir

Bu gün mənim ən çox rastlaşdığım Dövlət Yol Polisinin işçiləridir. Tələbləri də yalnız bir şeydir: “Ay sürücü, ay piyada, qanunlara riayət et!”. Vəssalam. Bu da mənimçün çətin şey deyil. Amma polis dostlarımı, tanışlarımı da yaddan çıxartmıram. 2 iyul peşə bayramlarında zəng edirəm, kitabım çıxanda avtoqraf yazıb hədiyyə göndərirəm.

Polis və Avropa Oyunları

Ölkəmiz iyun ayında böyük bir idman bayramına – 1-ci Avropa Oyunlarına ev sahibliyi etdi. Tarixin yaddaşına  qızıl hərflərlə yazılan,   Prezident İlham Əliyevin və oyunların Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın başçılığı ilə baş tutan bu bayramdan, əldə etdiyimiz uğurlardan hər bir azərbaycanlı böyük fəxarət hissi keçirirəm. Onu da qeyd edim ki, burda uğurlarımız ikiqat sayılmalıdır. Əldə etdiyimiz medallarla Avropa dövlətləri arasında 2-ci yeri tutmaq və bu oyunları yüksək səviyyədə həyata keçirmək.

Belə bir söz var. “ÇP-siz”. Yəni ki, xətasız. Məncə bu qədər idmançının, qonağın, turistin təşrif  buyurduğu Azərbaycanda ictimai asayişin qorunması və hətta xırda bir xətanın belə baş verməməsi həm də Daxili İşlər Nazirliyinin kollektivinin böyük uğurudur. Burda  Daxili Qoşunların və DYP-nin əməyini xüsusi qeyd etmək istərdim.

SON

Polis son illərdə çox inkif edib. Bu inkişafda 21 il bu sahəyə xidmət edən daxili işlər naziri, general-polkovnik Ramil Usubovun xidmətləri danılmazdır. Mən onun və ümumilikdə polisin  fəaliyyətinə öz prizmamdan ani bir nəzər yetirdim. Sevinirəm ki, nazirimiz ən yeni  tarixin çətin sınaqlarından üzüağ çıxdı. Sayıqlığını  itirmədi. Bu illər ərzində  nazirliyə peşəkarlıqla başçılıq edir. Peşəkarları sevir, qiymətləndirir, dövlət təltifi üçün prezidentə təqdimat yazır. Öz işinin öhdəsindən gəlməyənləri isə sadəcə sistemdən qovur, istefaya göndərir.  Çoxları üçün bu, bir görk olur. Bu bütün polislərə  bir siqnaldır ki, qanunu pozan, hoppanıb-düşən, ağzının danışığını bilməyən, bəlkə də içkili, bəlkə də dərdli, bəlkə də hallı vətəndaşlarla  klassik yazıçımız Əbdürrəhimbəy Haqverdiyevin yaratdığı Mirzə Səfər surətinin diliylə yox, qanunun diliylə danışarlar.  Mirzə Səfərdən polis olmaz.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür