Modern.az

İlham Əliyevdən Qərbə MESAJ: “Almaniya Bundestaqı özünü nə zənn edir?”

İlham Əliyevdən Qərbə MESAJ: “Almaniya Bundestaqı özünü nə zənn edir?”

Təhsil

13 İyul 2015, 20:03

 

“Azərbaycanla diktat dili ilə danışmaq olmaz, Azərbaycanla dost, tərəfdaş olmaq olar. Biz buna hazırıq və gələcəkdə bu istiqamətdə gedəcəyik”.

Modern.az saytının məlumatına görə,  bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında giriş nitqi zamanı deyib.

Avropa Şurası Parlament Assambleyasında qəbul edilən qətnamənin anti-Azərbaycan mövqeyini əks etdirdiyini deyən dövlətimizin başçısı bu qətnamələrin heç bir əhəmiyyətinin olmadığını vurğuladı. Dövlət başçısı dedi: “Bununla bərabər, ikitərəfli formatda Avropa ölkələri ilə bizim problemlərimiz yoxdur. Bir çox hallarda Avropanın aparıcı ölkələrinin liderləri ilə görüşlər əsnasında bütün bu iradları mən əlbəttə ki, deyirəm.

Deyirlər ki, fikir verməyin, onlar o fikrə layiq deyillər. Biz fikir vermirik. Əgər fikir versəydik onların dediklərini edərdik. Burada heç kim onların dediklərinin heç birini etməyəcək. O qətnamələr bizim üçün kağız parçasıdır, ona görə, heç kim heç vaxt onları icra etməyəcək. Bunu bilsinlər. Azərbaycan xalqı bilsin və o çirkin yazıları tərtib edənlər də bilsinlər".
Çıxışında hazırda dünyanın müxtəlif yerlərində xoşagəlməz proseslərin müşahidə edildiyini, Yaxın Şərqdə qanlı toqquşmaların dayanmadığını, Avropanın dərin iqtisadi və mənəvi böhran içərisində olduğunu, bütün bunların da bizi düşünməyə vadar etdiyini deyən Prezident İlham Əliyev ölkəmizin Avropa qurumlarına inteqrasiyası, həmçinin əməkdaşlığın formatı ilə bağlı fikirlərini də bölüşdü. “Azərbaycan bütün ölkələrlə, bütün beynəlxalq təşkilatlarla bərabərhüquqlu münasibətlər qurur və biz fəaliyyətimizi bu prinsip üzərində davam etdiririk”, deyən dövlət başçısı Avropa İttifaqı ilə əməkdaşlıqda ölkəmizin milli maraqlarının əsas götürüldüyünü bildirdi.

Prezident İlham Əliyev Ermənistandakı kriminal diktatura rejiminin öz xalqını əzdiyini və xuntanın xalqın hesabına varlandığını qeyd etdi. Bildirdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş yoxdur və Ermənistan sadəcə olaraq danışıqlar prosesini boykot edir, maksimum dərəcədə bu məsələni uzatmağa çalışır.

Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasında qəbul edilən qətnamədə münaqişə ilə bağlı əks olunan bəndin də qərəzli olduğunu vurğuladı. Dövlət başçısı dedi:

“Qətnamənin mətnində məruzəçilər tərəfindən təklif edilmiş mətndə yazılmışdır ki, assambleya nəzərə alır ki, Azərbaycan torpaqları işğal altındadır. O cümləni götürürlər dəyişirlər, yazırlar ki, assambleya nəzərə alır ki, Dağlıq Qarabağ münaqişəsi mövcuddur. Bu nə deməkdir?! Bu, açıq-aydın anti-Azərbaycan mövqeyidir”.

Azərbaycana qarşı çirkin kampaniyanın aparıldığını, önəmli beynəlxalq tədbirlər ərəfəsində bunun daha da alovlandığını deyən Prezident İlham Əliyev bəzi riyakar Qərb siyasətçilərinin, erməni pulları ilə özlərinə həyat quran konqresmenlərin, senatorların, islamofob siyasətçilərin Azərbaycana qarşı müharibə elan etdiklərini, bunun təməlində də paxıllığın və bəd niyyətin dayandığını diqqətə çatdıraraq dedi:

“Bu gün əfsuslar olsun ki, Avropada faşizm baş qaldırır, irqçilik, islamofobiya, ksenofobiya, antisemitizm, yəni təkcə müsəlmanlara qarşı deyil bu hərəkət. Əlbəttə ki, müsəlman ölkəsinin bu qədər inkişaf etməsini istəməyən qüvvələrdir. Onlar birləşiblər. Eyni zamanda, Azərbaycanda beşinci kalonun qalıqlarının himayədarları bizə qarşı hücuma keçiblər. Yəni, Avropa Oyunları ərəfəsində və Oyunlar zamanı bizə qarşı informasiya müharibəsi ən şiddətli mərhələyə qədəm qoymuşdur, ancaq bu informasiya müharibəsində Azərbaycan xalqı və dövləti qalib gəldi. Çünki bu kampaniya və bu kampaniyanın son mərhələsi bir daha göstərdi ki, bizim iradəmizə heç bir kənar qüvvə təsir edə bilməz”.

Dövlət başçısı bildirdi ki, birinci Avropa Oyunlarının açılışına iki gün qalmış Avropa Parlamentində Azərbaycana qarşı qərəzli qətnamə müzakirəyə çıxarılsa da qəbul olunmadı. Almaniya Bundestaqında isə anti-Azərbaycan mövzusuna həsr olunan qətnamə qəbul edildi.

Bu da bir daha ölkəmizin, onun uğurlarını gözdən salmağa çalışan çirkin kampaniyanın tərkib hissəsidir. Prezident İlham Əliyev dedi: “Sual olunur? Almaniya Bundestaqının bizimlə nə işi var və Almaniya Bundestaqı özünü nə zənn edir? Dünyanın ağasıdırmı, dünyaya hakimdirmi, hamı onlara tabe olmalıdırmı? Görünür ki, onlar pis öyrəşiblər. Amma bizi başqaları ilə müqayisə etməsinlər. Bizim onlarla münasibətlərimiz distansiya səviyyəsindədir. Bizim onlardan heç bir istəyimiz yoxdur. Əksinə, bizim qazımız, kontraktlarımız, neftimiz onlara lazımdır. Bizim bu ərazidə, bu coğrafiyada fəaliyyətimiz onlara lazımdır". 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır