Modern.az

“Rəsmi Ankara Azərbaycan-Türkiyə dostluğunu «sərhəd oyunu» ilə zərbə altında qoymamalıdır”

“Rəsmi Ankara Azərbaycan-Türkiyə dostluğunu «sərhəd oyunu» ilə zərbə altında qoymamalıdır”

11 Oktyabr 2010, 11:39

2009-cu ildə Türkiyə-Ermənistan  sərhədlərinin açılması və bu iki ölkə arasında diplomatik əlaqələrin qurulması ilə bağlı aparılan danışıqlar Azərbaycan ictimaiyyəti tərəfindən böyük narahatlıq və narazılıqla qarşılandı. Ermənistanla Türkiyə arasında gedən danışıqlar prosesi sonda Sürixdə müvafiq sənədlərin imzalanması ilə nəticələndi və sərhədlərin açılması, diplomatik əlaqələrin qurulması istiqamətində real addımlar atılmağa başladı. Azərbaycan və Türkiyə ictimaiyyətinin ciddi narazılığı, Azərbaycan iqtidarının qətiyyətli mövqeyi milli maraqlarımıza zidd prosesin qarşısını aldı. Sonrakı dövrdə Türkiyə rəsmiləri dəfələrlə işğal altında olan Azərbaycan torpaqları azad edilməyincə Türkiyə ilə Ermənistan arasında əlaqələrin qurulmayacağını və sərhədlərin açılmayacağını bəyan etdilər. Lakin yenidən bu məsələlərin gündəmə gəlməsi  bəzi məsələlərin hələ də açıq qaldığını göstərir.

Gənclər Təşkilatları Milli Şurasının sədri, Milli Məclisin deputatı Fuad Muradov bildirib ki,  nə qədər acı olsa da etiraf etməliyik ki, bu gün dünyada Azərbaycan-Türkiyə dövlətlərinə zərbə vurmaq həvəsində olanlar çoxdur.
“Bir müddət əvvəl Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsi ortaya atıldı. Regionda sülhün tərəfdarı olan Türkiyə buna razılıq verdi. Amma qardaş ölkə rəsmiləri bildirirlər ki, işğala son qoyulmayınca, Azərbaycanın ərzi bütövlüyü bərpa olmayınca bilavasitə sərhədlərin açılması da mümkün deyildir.  

  Türkiyənin bu addımından sonra aydın oldu ki, Azərbaycan-Türkiyə münasibətlərini pozmaq mümkün deyil və iki qardaş ölkə arasındakı əlaqələr möhkəm və sarsılmazdır. Lakin məqsədlərinə çatmayan qüvvələr Türkiyəyə qarşı yeni siyasi kampaniyalara başladılar. Bir-birinin ardınca müxtəlif ölkələrin parlamentlərinə qondarma erməni soyqırımı məsələsi qabardıldı. Bəzilərində bu qəbul edildi. Lakin bütün bunlar da iki qardaş ölkənin münasibətlərinə xələl gətirmədi. Əksinə olaraq ölkələrimiz arasında olan bağlar bir qədər də möhkəmləndi. Xarici təzyiqlərin səmərəsiz olduğunu anlayan düşmənlər bu ailəni daxildən parçalamaq istədilər. M.Ə. Birant kimi insanları ortaya atdılar. Lakin bu dəfə də hazırlanmış planlar fiaskoya uğradı.

Ermənistan tərəfi üçün bu məsələnin gündəmə gətirilməsi çox əlverişlidir. Azərbaycan bu barədə öz mövqeyini bildirib. Heç bir halda sərhədlərin açılması yolverilməzdir. Çünki bu regiona sülh və sabitlik gətirə bilməz. Təəssüflər olsun ki, bu məsələnin ətrafında bir sıra sperkuliyasiyalar başlayıb. Bəzi ermənipərəst qüvvələr dünya mətbuatına açıqlamalarında müvəqqəti açılmadan sonra bunun saxlanılmasının vacibliyini qeyd edirlər. Düşünürəm ki, sözügedən addım atılarsa regiona daha böyük qeyri-stabillik gətirəcək. Əgər Türkiyə tərəfi belə bir fikirlər olarsa həm Azərbaycan həm də Türkiyə ictimaiyyəti buna sərt reaksiya verməlidir. Ermənilərin məkrli siyasətinin hər birimiz şahidiyik. Amma nədənsə Türkiyəyə qarşı «soyqırımı» iddiaları ilə çıxış edən ermənilərlə dostluq etmək kimə xeyirlidir? Məgər 70 milyonluq bir əhalisi olan Türkiyənin Ermənistana ehtiyacı var? Təsadüfi deyil ki, erməni diasporunun təhriki ilə bir sıra beynəlxalq qüvvələr «Böyük Ermənistan» xülyası ucbatından regional siyasi və iqtisadi inteqrasiya proseslərindən təcrid olunmuş Ermənistanı düşdüyü ağır vəziyyətdən çıxarmağa, nə keçmişi, nə də gələcəyi olmayan bu ölkəyə «süni nəfəs» verməyə səy göstərirlər. Əlbəttə Türkiyə tərəfi buna şərait yaradarsa o zaman dünya miqyasında öz etibarını itirmiş olacaq. Digər tərəfdən də bir millət iki dövlət olan Azərbaycan və Türkiyənin qədim tarixi köklərə malik olduğunu, bu birliyin regionda sülhün, təhlükəsizliyin, əmin-amanlığın qarantı kimi qəbul olunması belə bir addımla tamamilə tərs mütənasiblik təşkil edir. Düşünürük ki, rəsmi Ankara Azərbaycan-Türkiyə dostluğunu, qardaşlığını işğalçı Ermənistanla «sərhəd oyunu» ilə zərbə altında qoymamalıdır”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir