Modern.az

Fəxri Xiyabanda dəfn olunmayan xalq şairləri və yazıçıları...

Fəxri Xiyabanda dəfn olunmayan xalq şairləri və yazıçıları...

Ədəbi̇yyat

16 İyul 2015, 15:26

Bir neçə gün bundan öncə mərhum xalq yazıçısı Sabir Əhmədlinin 85 yaşı tamam oldu. Bu münasibətlə yazıçıya həsr olunan  “Biz yenə görüşəcəyik”  kitabının təqdimat mərasimi keçildi və S.Əhmədlinin xatirəsi yad edildi. Anım mərasimində önə çəkilən məsələlərdən biri də xalq yazıçısının Fəxri Xiyabanda dəfn olunmaması idi. 2008-ci ildə 78 yaşında vəfat edən xalq yazıçısı Bakının Binəqədi rayonundakı qəbiristanlıqda dəfn edilib.

Qeyd edək ki, adəti üzrə xalq şairi və xalq yazıçısı adını alan şəxslər vəfat edərkən Fəxri Xiyabanda dəfn edilirdi. Bu sırada İsa Hüseynov, Vaqif Səmədoğlu, Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, İmran Qasımov, Ənvər Məmmədxanlı, Süleyman Rüstəm, Xəlil Rza Ulutürk, Qabil, Bəxtiyar Vahabzadə, Məmməd Rahim, İlyas Əfəndiyev, Nəbi  Xəzri,  Hüseyn Abbaszadə, İsmayıl Şıxlı, Mirzə İbrahimov, Əli Vəliyev, Süleyman Rəhimov,  Mehdi Hüseyn, Süleyman Rüstəm, Gülhüseyn Hüseynoğlu, Bayram Bayramov kimi xalq şair və yazıçılarının adını çəkmək olar. Adları çəkilən ədəbi xadimlərin bir neçəsi II, böyük əksəriyyəti isə I Fəxri Xiyabanda dəfn edilib.

Xalq şairi və yazıçısı tituluna malik bir neçə ədəbiyyat adamı da var ki, onlar Fəxri Xiyabanda dəfn olunmayıblar. 
Modern.az saytı onların kimliyini dədqiləşdirməyə çalışıb. Beləliklə,
Sabir Əhmədli
: Azərbaycan nəsrində ən çox roman yazan nasir kimi tarixə düşən Sabir Əhmədli 2008-ci ildə 78 yaşında vəfat edib. Ailəsi onun Fəxri Xiyabanda dəfn olunacağını gözləsə də, bu, baş tutmayıb. Xalq yazıçısı Binəqədi rayonundakı qəbiristanlıqda dəfn edilib. Qeyd edək ki, tarixi romanlar ustası Fərman Kərimzadənin də məzarı həmin qəbiristanlıqdadır.

Əbülhəsən Ələkbərzadə: Ona 1979-cu ildə Azərbaycan xalq yazıçısı fəxri adı verilib. 1986-cı ildə 82 yaşında vəfat edən yazıçı vəsiyyəti nəzərə alınaraq, doğma kəndində dəfn olunub. O, Fəxri Xiyabandan imtina edən, dünyaya gəldiyi kəndində uyuyan ilk xalq yazıçısıdır. Qeyd edək ki, müharibə veteranı və xalq yazıçısı Əbülhəsən Ələkbərzadə 1904-cü ildə İsmayıllı rayonunun Basqal kəndində anadan olub. Yazıçı Çingiz Ələkbərzadənin atası, müğənnilər  Sevda və Elmira Ələkbərzadələrin isə babasıdır.

Əzizə Cəfərzadə: Tarixi romanlar ustası olan xanım yazıçı 2001-ci ildə xalq yazıçısı fəxri adına layiq görülüb. Əzizə Cəfərzadə 2003-cü ilin sentyabrında uzun sürən xəstəlik sonunda vəfat edib. Vəsiyyətinə əsasən Hacıqabul rayonunun Tağlı  kəndində valideynləri, həyat yoldaşı və qardaşları ilə bir məzarlıqda dəfn edilib.

Hüseyn Arif: 1924-cü ildə Ağstafanın Yeni gün kəndində anadan olan xalq şairi vəsiyyətinə uyğun olaraq elə o kənddə də dəfn olunub. Qeyd edək ki, 1989-cu ildə xalq şairi fəxri adını alan Hüseyn Arif 1992-ci ildə dünyasını dəyişib. Özü vəsiyyət edib ki, onu vaxtsız vəfat edən oğlu Arifin yanında dəfn etsinlər. 

Osman Sarıvəlli: Bütün ruhu ilə kəndə, torpağa bağlı olan şair 1990-cı ilin qışında Bakıda vəfat edib. 1977-ci ildə xalq şairi adı alıb. Şairi öz vəsiyyətinə əsasən, doğma kəndlərində - Qazaxın İkinci Şıxlı kəndində dəfn ediblər. 

Mirvari Dilbazi – 1974-cü ildə xalq şairi adını alan Mirvarid Dilbazi 2001-ci ildə 88 yaşında vəfat edib. Şairə Bakının “Qurd qapısı” deyilən qəbiristanlığında, mərhum bacısının məzarının yanında torpağa basdırılıb. 

Elmin NURİ

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır