Modern.az

Deputatlığa iddialı jurnalist: “DSK sədri özbaşınalıq üçün MSK-dan “göstəriş alıb””

Deputatlığa iddialı jurnalist: “DSK sədri özbaşınalıq üçün MSK-dan “göstəriş alıb””

Media

11 Oktyabr 2010, 16:58

92 saylı Zərdab-Ucar seçki dairəsində AXCP-Müsavat blokunun vahid namizədi Bahar Rüstəmli MSK-ya şikayətlə müraciət edib. Öz ərizəsində o, namizədliyinin qeydiyyata alınmaması ilə bağlı DSK sədrinin qanunsuz əməllərini nəzərə çatdırıb. Seçki Məcəlləsinin bir sıra müddəalarını pozan DSK sədri İsmayıl Əhmədovla yanaşı, bu işdə yerli məmurların fəaliyyətinə də aşkarlıq gətirilib.

Bahar Rüstəmli öz ərizəsində qeyd edir ki, sənədlərini 92 saylı Zərdab-Ucar seçki dairəsinə təqdim etdiyi gündən ona qarşı təzyiq və şantaj üsulları işə salınıb.
“Sənədlərimi DSK-ya təqdim edəndən düz 7 gün sonra İsmayıl Əhmədov mənə imza vərəqələrini verdi. Bunun səbəbini soruşduqda, o, dedi: «Bizə MSK-dan belə göstəriş verilib ki, DSK-dan ilk olaraq imza vərəqələrini yalnız YAP-ın namizədləri götürməlidir».
DSK sədrinin ikinci qanunsuzluğu mənə 15 əvəzinə cəmi, 10 imza vərəqini verməsi oldu. İsmayıl Əhmədov bu qanunsuz əməlini də “MSK göstərişi” ilə pərdələdi. DSK-ın artıq keçmiş katibi Seyfi Həsənov isə xəlvətcə mənə dedi ki, “İsmayıl Əhmədov imza vərəqələrini 5 manata satır, istəyirsən təşkil edim...”.

Bahar Rüstəmlinin sözlərinə görə, o, imza vərəqələrini doldurub DSK-ya təhvil vermək istədiyi ərəfədə DSK sədrinin başqa bir maneəsi ilə üzləşib. DSK sədri deyib ki, dünən Bakıda, MSK-da olub, guya Məzahir Pənahov deyib ki, AXCP-Müsavat blokundan olan namizədlər ondan icazəsiz qeydə alınmasın.

AXCP-Müsavat blokundan olan namizədin imzalarını toplayanlar arasında Yeni Azərbaycan Rartiyasının üzvü Nemət Qasımov da yaxından iştirak edib. Bu məsələ Yeni Azərbaycan Partiyasının Zərdab rayon şöbəsinin sədri, icra başçısının müavini Tofiq Abdullayevi çox narahat edib. O, dəfələrlə DSK-ya gələrək hamının gözü qarşısında N.Qasımova təzyiqlər göstərib. DSK ilə qonşuluqda olan YAP qərargahında N.Qasımovu dilə tutaraq yolundan döndərmək mümkün olmadıqda, onu həbslə hədələyiblər.

“Mən 10 imza vərəqini DSK-ya təqdim etdikdən sonra DSK sədri İsmayıl Əhmədov bildirdi ki, “sizin imzalar pasport qeydiyyatı idarəsinin eksperti tərəfindən yoxlanıldı. Ekspertiza toplanmış  imzalardan 24-ü etibarsız saydı, yəni yerdə qalanlar namizədliyinizin qeydə alınması üçün  yetərlidir. İndi qalır iclasın keçirilməsi, o da oktyabrın 1-də baş tutacaq”. Oktyabrın 1-i isə DSK sədri mənə zəng edib iclas tarixinin oktyabrın 2-ə keçirildiyini dedi. Oktyabrın 2-də İsmayıl Əhmədov iclas tarixini bir də gecikdirərək oktyabrın 4-ə təyin etdi. Daha sonra oktyabrın 5-nə qədər yubanacağı haqqında məlumat verdi. İsmayıl Əhmədov yenə də “MSK-nın göstərişi”nə əsaslandı. “Mən icraçıyam, bu, şəxsən Məzahir Pənahovun göstərişidir”.

DSK sədrinə artıq əndazəni aşdığını və ondan şikayət edəcəyimi dedikdə isə ürəyində gizlətdiyi sirləri açıb tökdü. Məlum oldu ki, YAP-ın yerli sədri T.Abdullayev və icra başçısının müavini Allahverdi Səfərov ona təzyiq göstərir. Məqsəd nəyin bahasına olursa-olsun namizədliyimin qeydə alınmaması idi”.

Bahar Rüstəmli üçün olmazın maneələr yaradan yerli məmurlar YAP üzvü Namət Qasımovu təzyiq vasitəsilə blokun namizədi üçün yığdığı imza vərəqlərindən imtina etməyə məcbur ediblər. Bundan sonra 100 imza olan vərəqələr etibarsız elan olunub. Nəticədə namizədin və ya səlahiyyətli şəsin iştirakı olmadan iclas keçirən DSK sədri namizədliyin qeydə alınmaması üçün imzaların yetərsay olmadığını təsdiqləyən qərar qəbul edib. “İsmayıl Əhmədov həmin qərarı da hamıdan gizlədir. O, nə mənmlə görüşür, telefon zənglərimə cavab verir”.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi