Modern.az

Ermənilərin kefini pozan Azərbaycan xanəndəsi Mərkəzi Komitədən töhmət alıbmış - Məşhurlar

Ermənilərin kefini pozan Azərbaycan xanəndəsi Mərkəzi Komitədən töhmət alıbmış - Məşhurlar

30 Dekabr 2012, 14:47

Modern.az-ın “Məşhurların həyat hekayələri” adlı rubrikasındakı təqdimatı 30 dekabrda doğum günü olan  məşhur xanəndə Əbülfət Əliyevin taleyi barədədir

O, Azərbaycan Opera və Balet Teatrının ən məhşur Məcnunlarından olub. Xan Şuşiniski onun Məcnununu gördükdən sonra “sənin bu işin zor işdir” deməkdən özünü saxlaya bilməyib. Dahi Bülbülsə “o vaxta kimi səhnəyə alış, qorxuram tez baxsam, sənin haqqında təəssüratlarım alt-üst ola” deyə 25-ci tamaşaya qədər onun ifasına baxmaqdan imtina edib. Və sözünün də üstündə durub. 25-ci tamaşada ön cərgədə oturaraq ürəyində sevinc qarışıq qorxu- həyəcan Opera Teatrının yeni Məcnununun ifasını izləyib. Sonra da pərdə arxasına keçərək, üz-gözündə təbəssüm xanəndənin əlini sıxaraq “səhnəmizdə Məcnunumuz da var” deyib. Otuz yaşında  Məcnunu oynamışdı, 40 yaşında isə “Məhəbbət cavana yaraşır. Şükür ki, mən də Məcnunu cavan yaşımda oynadım. Məcnunun atasını isə oynamağa  həvəsim yoxdur” deyərək, canından artıq sevdiyi rola əlvida edib. Bundan təxminən 24 il sonra, 64 yaşında isə  “gəlimli-gedimli, son ucu ölümlü dünya”yla vidalaşıb.
Məşhur xanındə, xalq artisti Əbülfət Əliyevin ölüm günü doğum günündən 3-gün öncəyə təsadüf edib.

 “Yar bizə Qonaq gələcək...”

1926-cı ilin 30 dekabrında, Şuşanın qardan ağappaq libas geydiyi bir vaxtda dünyaya gəlmişdi. Atası Əsəd kişi oğlunun doğum tarixini Qurani-Kərimin sonundakı boş səhifəyə ərəb əlifbasıyla qeyd etmişdi. Ancaq körpənin atalı günlərinin ömrü uzun sürmür. 7 yaşında böyük bir külfət anası Mülayimin öhdəsində qalır. Evin çörək gətirənini itirmiş ailə üçün Şuşada qalmaq çətin olduğundan bir neçə ildən sonra Füzuliyə, ordan da Ağdama köçürlər. Atasızlıq onu erkən yaşlarından həyatın ağrı-acısını çiyinlərində daşımağa vadar edib. Təsəllisini  Pionerlər Evindəki muğam dərnəyində, oxuduğu mahnılarda, muğamlarda tapıb. Kasıbçılıqdan, kəndlərdə anası ilə başaq yığmaqdan  təngə gəlmişdi.
“İmkanım olsa, qoymaram anam əlini ağdan-qaraya vursun” deyirdi.  Ancaq başaq yığmaqda anasına yardımçı olmaqdan başqa əlindən bir iş gəlmirdi.

Həddi-büluğa təzəcə çatmışdı. Bir gün Pionerlər Evində  tanış olduğu həmyaşıdı tarzən  Elman Bədəlova  üçlük yaradıb toylara  getməyi  məsləhət görür. Dostunun “bu yaşda kim bizi toylara aparar?” inamsızlığına 16 yaşında Çəmənli kəndində xanəndəlik etdiyi toyun uzun müddət yatmayan səs-sədası ilə son qoyur. Elə bu ərəfədə gözü Pionerlər  Evinin rəqs dərnəyində çalışan sarışın bir gözəli tutur. İlk baxışdan aşiq olduğu qızın həsrətiylə için-için qovrulur. İçindəki sevgisini, arzu-istəklərini mahnıların diliylə bütün dünyaya, o cümlədən  yuxusunu ərşə çəkən  həmin sarışın gözələ də bəyan etmək istəyir. Və qəlbində sonsuz bir istək, günlərin birində Ağdam Radio Qovşağına gedir. Radioda ilk ifasına sevgilisinə ithaf etdiyi “Şuşanın dağları” mahnısı ilə başlayır. Radiodan çıxanda gözü onu təbrik edənlər arasında  sarışın gözəli axtarır. Xan çinarın altında dayanan qızın üz-gözündə xəfif təbəssüm görür.

Bundan bir qədər sonra gənc muğam ifaçılarının Bakıda keçirilən olimpiadasında iştrak edir və birinci yeri tutur. Azərbaycan Radiosunda canlı olaraq “Rast” dəstgahını və “Yar bizə qonaq gələcək, bilmirəm haçan gələcək” mahnısını oxuyur,  gözlərinin önündə isə sarışın sevgilisinin surəti çəkilmir.
1945-ci ildə onu Azərbaycan Dövlət Filarmoniyasına  işə dəvət edirlər. Bir il sonrasa həsrətində olduğu yarı axır ki, onlara qonaq gəlir, sevib-seçdiyi Elza xanımla ailə həyatı qurur. 1947-ci ildə oğlu Rauf, daha sonrasa qızı Rəisə dünyaya gəlir.

Sənətinin Məcnunu

1957-ci ildə ilk dəfə olaraq Opera və Balet Teatrının səhnəsinə çıxır, Məcnun kimi. 10 il ərzində bu sənət məbədində çalışır. Operada çalışdığı illər həmdə Filarmoniyanın solisti olur. 1967-ci ildə qüvvəyə minən yeni qanuna görə, iş yerləri arasında seçim etmək məcburiyyətində qalır və “mənim doğma idarəm Filarmoniyadır” sözləriylə seçimini  ilk iş yerinin üzərində saxlayır.

“Atam çox mülayim, hazırcavab və baməzə insan idi. Aramızda 20 yaş fərqi vardı, yanaşı gedəndə çoxları bizi qardaş zənn edirdilər. Tələbə dostlarımla bizim evə yığışmağa üstünlük verərdik. Atam bizə mane olmasın deyə, otağa girməsə də, onsuz keçən məclislərin dadı-duzu olmazdı... ” deyir oğlu Rauf.

Ermənilərin kefinə soğan doğradı

- Dünyaya göz açdığı Şuşanı çox sevirdi. İşimlə əlaqədar uzun illər xarici ölkədə çalışmışam. Doxsanıncı ilin yayında Bakıya gəlmişdim. Qarabağın gərgin günləri idi, Şuşanın yolları bağlanmışdı. Atam Şuşanı görmək istəyilə alışıb-yanırdı. Şuşanın adını çəkəndə simasını kədər bürüyür, səsində bir qəhər hiss edilirdi...

Çox vətənpərvər insan idi. İrəvana qastrol səfərinə gediblərmiş. Erməni tamaşaçıları onun ilk çıxışlarını sürəkli alqışlarla  qarşılayırlar. Təkrar səhnəyə çıxanda tarzən Sərvər İbrahimova “gör indi türk mahnısı oxumaqla bunların kefinə necə soğan doğrayacağam” deyir. Səhnəyə çıxır, oxuyacağı mahnını elan etmədən tarzənə çalğıya başlamasını işarə edir. Zala bir sakitlik çökür. Bayaqdan bəri xanəndənin ifasını alqışla qarşılayan erməni tamaşaçıların üzərinə sanki qaynar su tökülür. Çıxışından dərhal sonra  tənqid və məzəmmətlər başlayır:

- Əbülfət müəllim, niyə türkcə  oxudun?
- Bəs nə dilində oxuyum?
- Azərbaycanca oxuya bilmirsiniz?
- Mən də bu dildə oxudum də, bəs Azərbaycan dili türk dili deyil, biz indi nə dilində danışırıq?

Bu mahnıya görə atamı çox incitdilər. Ermənilər rahat oturmadılar, Mərkəzi Komitəyə qədər şikayət etdilər, sonda töhmət aldı...

“Ay vicdansız sənə görə içki içməmişəm”

Xaricdə olduğum vaxtlar məndən bərk nigaran olurdu. Hər məktubunda “ehtiyatlı ol, özündən muğayat ol” sözlərini dönə-dönə vurğulayırdı. Məktublarında ilk baxışdan xırda, əhəmiyyətsiz görünən məsələlər barədə belə məlumat verirdi. Atam ömrünün sonuna qədər qayğısını övladlarından və yaxınlarından əskik etməyib. İndi bu qayğının yerini onun boşluğu əvəz edib...

Səhhətindən şikayət etməmişdi. Səsi korlanar deyə, soyuq su içməz, siqaret çəkməzdi. Spirtli içkilərdən də uzaq idi. 1990-cı ilin yayında səhhətindən şikayətçi olduğundan həkimə apardıq, mədə xərçəngi diaqnozu qoyuldu...”.

Bunlar mərhum sənətçinin oğlu Rauf Əliyevin atasıyla bağlı  kövrək xatirələrdir. Ayrılarkən onu hava limanına qədər yola salan atasını bir daha ayaqda görməyəcəyi həmin vaxt çətinki, onun ağlına gələrdi.

Noyabrda vəziyyəti ağırlaşan sənətçini Moskvaya aparırlar. Ancaq həkimlərin səyi, iynə-dərman bir nəticə vermir. Ömrünün son 90 günü olmazın əzab-əziyyət çəkir. Çox zaman ağrıdan səhərəcən yata bilmirdi. Belə gecələrdə “ay vicdansız, sənə görə içki içməmişəm, sən niyə belə üzüqara çıxdın” deyə ona vəfasızlıq edən qara ciyəriylə  “dərdləşirdi”.

1990-ci ilin 27 dekabrı xalq artisti Əbülfət Əliyevin həyatdakı son günü oldu. Qəlbində sağalacağına sonsuz ümid hissi səssiz-səmirsiz fani dünya ilə vidalaşdı. Əcəl ömrünün 64-cu ilini qarşılamağa üçgünlük möhləti  belə çox gördü...

 Arif, baməzə, hazırcavab idi...

Əbülfət Əliyev həddən artıq arif, baməzə, hazırcavab və həyatsevər insan olduğundan onun xatirəsinə həsr olunan bu yazını kədərli notlar üzərində tamamlamaq istəmədim...

***

Vəfatından bir il əvvəl Filarmoniyada xalq artisti Habil Əliyevin  yubley gecəsi keçirilib. Yubilyara ürək sözlərini deyənlər arasında Əbülfət  Əliyev də olub:

- Rəhmətlik Qurban dayı deyirdi ki, “bacıoğlu, hansı günün xoş keçdi, o günü yaşayırsan. İndi  biz bu gün yaşayırıq. Çox danışmaq istəmirəm, məclis xarab olar heyifdi. Bircə söz demək istəyirəm, Habil çalanda yaxşı oxumayan boyunu yerə soxum.

***

Bir gün küçədə bir həmyerlisi ilə qarşılaşır. Hal-əhvaldan sonra  həmyerlisi filankəsin evinə necə getməklə maraqlanır.

Xanəndə ona taksiylə “Lenin arvadı,  19-a”  getməyi məsləhət görür. Həmyerlisi  “heç belə də küçə olar?” deyə təəccübünü gizlədə bilmir.Xanəndə gülərək deyir: “Bacıoğlu, neynim, Krupskaya desəm, bir saatdan sonra  yadından çıxacaq, ancaq Leninin arvadı-19 heç vaxt yadından çıxmaz”.

***

Qardaşının Şəkidən qayıtdığını  eşidib bacısını nəzərdə tutaraq “Mahirəgilə baş çəkdinmi”- deyə soruşur. Cavab müsbət olduqda qardaşının onlara nə aparmasıyla maraqlanır .
- Bir kisə kələm apardım.
- Neynir ə, Mahirə bir kisə kələmi, dovşan olub?      

M.Səttarova

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi