Modern.az

“Məşhur filmlərdən məşhur sitatlar” - “Əhməd haradadır”dan məsəllər: “Zülümov dedi, qurtardı”

“Məşhur filmlərdən məşhur sitatlar” - “Əhməd haradadır”dan məsəllər: “Zülümov dedi, qurtardı”

Mədəni̇yyət

6 Avqust 2015, 12:27


Modern.az 
saytı “Məşhur filmlərdən məşhur sitatlar” rubrikasında növbəti yazını təqdim edir. Burada adından da göründüyü kimi, filmlərdə işlədilən və sonradan zərbi-məsələ çevrilən, insanlar arasında tez-tez işlədilən söz nümunələrindən danışılır. 

Azərbaycanda çəkilən elə filmlər var ki, onlar lentə alınandan 50 sonra da sevilir. 52 il bundan əvvəl çəkilən “Əhməd haradadır” filmi o qədər də dərin süjet xəttinə malik olmasa da, sırf məişət mövzusu üzərində qurulsa da, rejissor Adil İsgəndərov və filmdə çəkilən usta aktyorların Nəcibə Məlikova (Nərgiz xala), Məmmədrza Şeyxzamanov (Şirin kişi), Lütvəli Abdullayev (Zülümov), Ağahüseyn Cavadov (usta Əhməd), Mustafa Mərdanov (Məmməd), eləcə də başqalarının mükəmməl ifası səbəbindən vaxtilə mərkəzin primitiv, zəif, “burjua-meşşanlığı təmsil edən” film adlandırdığı ekran əsəri sonradan publikanın sevimlisinə çevrildi.

Amma o vaxtın kino başbiləni olan Adil İsgəndərov ekranlaşdırdığı yeganə film üçün çox əziyyət çəkdi. Məsələn,  kiçik bir epizod – Əhmədin evlənmək istəməyib evdən qaçdığı epizod üç ayrı-ayrı yerdə çəkilib. Otağın içi kinostudiyanın pavilyonu, pəncərədən atlanaraq düşdüyü yer Hacıkənd, itdən qaçaraq ağaca çıxdığı yer isə başqa bir ərazidir. Aktyor seçimlərində də rejissor çox böyük problemlər yaşayıb. Qadın rollarının ifaçılarını tapmaq mümkün deyilmiş. Məcbur qalıb Ceyranı canlandıran aktrisa Nonna Paçuaşvilini Gürcüstandan gətirirlər. Onun da nazir oğlu olan həyat yoldaşını “İnturist”də tok vurduğundan və aktrisa ana olmağa hazırlaşdığından çox böyük problemlər yaşanır. Bütün bunlara baxmayaraq, film iki il müddətində çəkilir.

Maraqlı məqamlardan biri də baş qəhrəmanlar - Leyla (Töhfə Əzimova) və Əhmədin (Səyavuş Şəfiyev) peşəkar aktyorlar olmaması idi. Töhfə Əzimova fortopiaino müəlliməsi, Səyavuş Şəfiyev isə peşəkar idmançı olmaqla yanaşı, Moskva sirkinin əsas rejissorlarından idi. Biz onu “Uşaqlığın son gecəsi” filmində də baş rolda (prorab Rüstəm) görmüşük.

Nərgiz xala, Şirin kişi, Zülümov və başqa qəhrəmanlar tərəfindən deyilən və hazırda zərbi-məsələ çevrilən sitatları təqdim edirik:

Əvvəlcə Şirin kişidən başlayaq. Məmmədrza Şeyxzamanov özü kimi mülayim bir obrazı bu filmdə çox rahat oynayır. Şirin obrazı həlimlik və adət-ənənəyə bağlılıq baxımından onunla yanaşı, Adil İsgəndərova da çox yaxındır. Odur ki, Şirin kişinin dilindən  arvadı Nərgiz xalanın şəninə deyilən təkcə “qəməndir çağırır” ifadəsi bu gün az qala əksər evlərdə yarızarafat, yarıgerçək işlədilir.

“Onun ayağını kəndirləmək lazımdı” fikrini də ancaq Şirin kişi kimi el ağsaqqalı deyə bilərdi. Bu gün də kimisə evləndirmək istəsələr, o saat həmin “kəndir”i yada salırlar. 

Bu təklifi inkar edənə yenə Şirin kişinin işlətdiyi “evlənmək də plannandı?” cavabı kömək edə bilər.

Mən sizi bu Əhmədin dalıyca göndərmişdim?”, “Bura bax, sən mənim qızımı hansı yola çəkirsən” kimi Şirin kişinin dilindən səslənən eyhamlar bu gün də məşhurdur.

“Oğlumu axtarırdım, dostumu tapdım”
sitatının məşhurluğundan isə danışmaq artıqdır. Təsadüfən köhnə bir yoldaşla görüşəndə mütləq bu cümləni də işlətməliyik.

Keçək Nərgiz xalaya. Möhkəm iradəli qadın olan Nəcibə Məlikova çəkildiyi bütün filmlərdə ancaq özünü oynayıb, öz xarakterini canlandırıb. Kinoda son işlərindən olan Nərgiz xala obrazında da bunu əyani görmək olar.

“Əhmədin anası ölməyib ha, ona əl qaldırasan”, “Mən adımı Nərgiz qoymaram, onu tapıb geri gətirməsəm” kimi zərbi məsələ çevrilən sitatlar həyat yoldaşı Şirin kişiyə deyilir. Bunların cərgəsinə “Vaxtilə mane olmasa idin, indi mən xalq artisti idim” ifadəsini də əlavə etmək olar. Şübhəsiz ki, bu gün həyat yoldaşlarının qadağaları ilə üzləşən xanımlar mütləq bu ifadəni onlara kinayə ilə bildirirlər.  

Onda Nərgiz xaladan incimə, özündən küs”, “Sən hələ Nərgiz xalanı yaxşı tanımırsan” kimi sitatlar da bu gün dillər əzbəridir. Nə qədər ki, Nərgiz xala kimi özündən deyən, mərd qadınlar var, bu fikirlər də yaşayacaq. Qeyd edək ki, o ifadələrin biri maşını sürmək istəməyən sürücü Əhmədə (Elxan Qasımov), o biri isə yoldaş Zülümova deyilir.



Elə Zülümov demişkən, keçək filmin bəlkə də ən maraqlı personajına. Adil İsgəndərovun Zülümovu həvalə etdiyi Lütfəli Abdullayevdən gözləntiləri çox idi. Odur ki, film ərzində onun üzərində daha ciddi dayanır. Bu səbəbdən də usta aktyor hər bir kiçik epizodda belə, mükəmməl çıxış edir. Belini əyərək, müdir otağına içəri girməkdən, əlini havada vuraraq, telefon dəstəyini maraqlı şəkildə yerə qoymaqdan tutmuş, 70 yaşlı ustaya “Aton-anon gəlib səni axtarır” deyərək məzəli gülüşünə qədər hamısında yeniliyə can atıb. Onun elə iki ifadəsi “Zülümov dedi, qurtardı”, “Sizin Əlibaba adında ərivüz olub?!” sitatları filmin pasportudur.

Yəqin ki, Zülümovun “Pay atonnan, kolxozçu da deputat kimi danışır” ifadəsini göylə gedən adam görəndə işlətdiyimiz vaxtlar olub.

Tikinti rəisi Mərdanzadənin “bıy, oğul atadan qocadır ki”,  Uzundraz Oqtayın (Novruz Axundov)Mən bilirəm axı, qadın böyük qüvvədir, komendantın “Sükanı belə saxla” ifadələri də çox məşhurdur.  

“Əhməd haradadır” üçüncü kateqoriya filmlərə daxil edilib. Kinoşünaslar sonradan onun dramatikliyini öldürərək, kino-konsertə çevrilən bir film adlandırıblar. Amma Adil İsgəndərov kimi peşəkar şəxsin az qala səkkiz bölgədə (Ağsu, Gəncə, Sumqayıt, Şəmkir, Ağdaş, Göyçay, Bakının müxtəlif əraziləri) çəkdiyi film sonradan çox sevildi və bir çox aktyorlara ixtisas pasportunu verdi.

P.S. Film əslində sırf sovet düşüncə tərzinin ifadəçisi idi. Burada hamı Əhmədi axtarır. Hamı “Əhməd haradadır” deyir. Kimdir Əhməd? - O, Leylaya “iş də ki, hər yerdə tapılar” deyən, yataqxana növbəsini başqasına verən, tikməyə-qurmağa səy göstərən əsl sovet adamıdır. Adil İsgəndərov da əslində obrazların köməyi ilə tipik sovet insanını “Əhməd haradadır” deyərək axtarırdı.

Elmin NURİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir