Modern.az

“Şair və yazıçıların hamısı cəbhə bölgəsinə getməyə hazırdır”

“Şair və yazıçıların hamısı cəbhə bölgəsinə getməyə hazırdır”

Ədəbi̇yyat

17 Avqust 2015, 16:53


Bir neçə gün öncə bir qrup jurnalist deputatlarla birgə cəbhə xəttində xidmət edən əsgər-zabit heyətini ziyarət edib. Bir çox məsələlərin müzakirə olunduğu görüşdə zabitlərin bəziləri uzun müddətdir ziyalıların, xüsusən də alim, şair və yazıçıların onları ziyarət etmədiklərini vurğulayıblar.

Qeyd edək ki, Qarabağ müharibəsi zamanı tanınmış ziyalılar, o cümlədən sənətçilər və ədəbiyyatçılar müəyyən çətinliklərə baxmayaraq, tez-tez cəbhə bölgəsinə gedib orada xidmət edən əsgərlərlə görüşürdülər.

Modern.az Azərbaycan Yazıçılar Birliyində bu istiqamətdə hansı işlərin görülməsi ilə bağlı qurumun birinci katibi, xalq şairi Fikrət Qoca ilə əlaqə saxlayıb.

Onun sözlərinə görə, Yazıçılar Birliyi cəbhə xəttindəki vəziyyəti həmişə diqqətdə saxlayır: “Xüsusi komissiyamız da birbaşa bu işlərlə məşğul olur və ilin sonunda rəhbərliyə hesabat verir. Bizdə hərbi-vətənpərvərlik komissiyası var. Onun sədri xalq şairimiz Zəlimxan Yaqubdur. O və komissiyanın başqa üzvləri bu işlərdə çox maraqlıdırlar.

İl ərzində bu istiqamətdə tədbirlər həyata keçirilir. İlin sonunda komissiya  hesabat verir. Əlbəttə, hər yerə getmək olmur. Amma bütün şairlərin, yazıçıların ürəkləri cəbhədədir. Hamısı ora gedib əsgərlərlə görüşməyə canla-başla razıdırlar”.

Fikrət Qoca “bu istiqamətdə son zamanlar  hansı iş görülüb” sualına bu cür cavab verib: “Bir neçə gün bundan əvvəl hərbi mövzulara həsr olunan əsərlərin müsabiqəsi keçirildi. Orada rəsm əsərləri, şeir, proza da nominasiyaları var idi.

İl boyu göndərilən əsərlər arasından seçdik və Sərhəd Qoşunlarından əvvəl biz bu tədbiri orada keçirdik. Bu da bir görüşdür. Doğrudur, ola bilsin ki, cəbhədə keçirilən görüşlərdə hamı iştirak edə bilmir, amma şəxsi görüşlər də olur.

Görürsən ki, 3, yaxud 5 şair yığışaraq cəbhə xəttindəki əsgərləri ziyarət edir. Yəni, belə tədbirlər Azərbaycan Yazıçılar Birliyinin proqramında, tədbirlər planında  var”.

Elmin NURİ

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır