Modern.az

“Əli və Nino” layihəsinə başlayanda 600 dollarımız vardı”

 “Əli və Nino” layihəsinə başlayanda 600 dollarımız vardı”

17 Avqust 2015, 18:15

Bu gün “Əli və Nino” kitab mağazalar şəbəkəsinin 10 yaşı tamam olur. 2005-ci il avqustun 17-də yaranan “Əli və Nino” bir çox layihələrlə Azərbaycanda kitab sektorunun canlanmasına böyük təkan verdi. Hazırda müəyyən problemlərlə üz-üzə qalmasına baxmayaraq, ayaq üstə durmağı bacaran “Əli və Nino” nun təsisçisi Nigar Köçərli rəhbərlik etdiyi şəbəkənin gələcək planları barəsində danışıb.

“Əli və Nino”nun hansı çətin şəraitdə yaranmasından danışan xanım Köçərli  hər şeyə rəğmən bu işi çox sevdiyini vurğulayır:  

“10 il əvvəl bu işə başlayanda cəmi 600 dollarım var idi. Buna baxmayaraq, biz kitab işinə başladıq. Sözsüz ki, ilk günlər çox çətin idi. Hətta ilk 2-3 il biz nəinki gəlir əldə etmədik, hətta müəyyən qədər ziyana işlədik.

Bu iş bir neçə kriteriyaya görə çox çətin idi. Birincisi, budur ki, Azərbaycanda qadın olaraq hansısa bir işi görmək çox çətindir. İkinci çətinlik də odur ki, bu kitab işidir. Bildiyimiz kimi, bizdə kitab oxuyan auditoriya çox azdır. Bu da satışa ciddi təsir edirdi.

Üçüncü çətinlik də odur ki, bizdə həmin o az auditoriyanın özü də bir yox, bir neçə dildə kitab oxuyurdu. Biz də məcbur olub rus, türk, ingilis dilində də kitablar gətirirdik. Bu təbii ki, çox çətin idi. Amma müsbət tərəfləri də var idi. “Əli və Nino” nun demək olar hər  müştərisi, hər kitabsevər bizim dostumuz oldu. Çoxlarını şəxsən tanıyır, intellektual gücünü bilirik”.  

Nigar Köçərli yeni layihələr haqqında bunları deyib:

“Mən, adətən gələcək layihələr haqqında danışarkən deyirəm ki, Azərbaycanın hər bir kiçik şəhərində belə ən azı bir kitab mağazası olmalıdır. Fərqi yoxdur, bu “Əli və Nino”nun kitab mağazası olmaya da bilər.

Əsas odur ki, kitab dükanı olsun. Biz ötən il Gəncədə “Əli və Nino”nun filialını açdıq. Amma çox keçmədi ki, oranı bağlayası olduq. Gün ərzində cəmi bir kitab satılırdı.

Təbii ki, gülməli bir rəqəm idi. Bakıda ötən il Bülbül prospektində olan dükanı da bağladıq. Amma oradakı avadanlıqlar və məhsullar qalırdı. Odur ki,  “İnşaatçılar” metrosunun yanında yeni bir kitab mağazası açdıq. Bu yaxınlarda da “Gənclik” metrosunun yanında yeni mağazamız olacaq”.  

Elmin NURİ

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir