Modern.az

Qənirə Paşayeva - səs və sözün vəhdəti

Qənirə Paşayeva - səs və sözün vəhdəti

Dünya

17 Oktyabr 2010, 22:53

- Cənab general, Sizi Qənirə Paşayeva narahat edir!
Tərəflər arasındakı dialoq cəmi iki dəqiqə çəkir. Ədalətin təntənəsi ortayaşlı, arıq, solğun çöhrəli qocanın üzünü güldürür. Bu sevincdən millət vəkilini dövrəyə almış rayon sakinlərinin hamısına pay düşür. Bir andaca bütün çöhrələr işıqlanır...
Bəzi həmkarlarından fərqli olaraq, Qənirə Paşayeva 2005-ci ildə seçicilərinin qarşısına populist vədlərlə çıxmayıb. Jurnalistikadakı uğurunu siyasətdə təkrarlamaq istəyən Qənirə xanımın seçki platformasının ana xəttini aşağıdakı şüar təşkil edib: "Səsinizi sözünüzü deyənə verin!" 105 saylı Tovuz Seçki Dairəsinin ərazisində yaşayan insanlar bu çağırışa biganə qalmayıblar. Həmin vaxt deputat mandatı uğrunda 7 nəfər mübarizə aparsa da, səsvermədə iştirak edən 17817 seçicinin 11367 nəfəri, yəni seçicilərin 63,79 faizi Qənirə Paşayevaya etimad göstərib. Tovuzluların səsini alan Qənirə xanım Azərbaycan xalqının sözünü BMT, ATƏT, Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatların rəhbərliyinə çatdırıb. Səslə sözün vəhdəti beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın problemlərinə yönəldib.

Tovuza ilk dəfə ötən ilin payızında "525-ci qəzet" və modern.az saytının birgə layihəsi çərçivəsində yerli əhalinin problemləri barədə reportaj hazırlamaq üçün getmişdim. Həmin gün Qənirə xanım da seçicilərinin Qurban bayramını təbrik etmək üçün rayona gəlmişdi. Millət vəkili ilə görüşmək istədiyimizi eşidən bələdçimiz Şəhidlər Xiyabanına getməyimizi təklif etdi. Sual dolu baxışlarımızın sifətində dolaşdığını hiss edəndə isə dərhal izahat verdi: "Qənirə xanım bayram ziyarətinə Şəhidlər Xiyabanından başlayır". Biz Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş soydaşlarımızın uyuduğu məkana çatanda Qənirə xanım bir qrup seçicisi ilə şəhidlərin məzarını ziyarət edirdi. Tovuzun axundu şəhidlərimizin ruhuna dua oxuduqdan sonra millət vəkili yaxınlıqdakı Mir Həşim Ağa ziyarətgahına üz tutdu. Qənirə xanım orada imkansız ailələr üçün qurban kəsdirdi. Mən yalnız ertəsi gün öyrəndim ki, deputatın dünən bayram sovqatı göndərdiyi adamların heç biri onun seçicisi deyilmiş. Millət vəkilinin seçki qərargahının üzvlərindən biri dedi ki, Qənirə xanım heç vaxt tovuzlular arasında fərq qoymur.

Tovuzda olarkən seçicilərin müxtəlif problemlərin həlli üçün Qənirə Paşayevadan kömək istədiklərinin şahidi oldum. Millət vəkili Şəhidlər Xiyabanını tərk edəndə bir qrup Qarabağ əlili onu dövrəyə aldı. Avulbəyli kəndindən gələn keçmiş döyüşçülər yaşadıqları mənzillərə "mavi yanacaq" verilməməsindən narazılıq edirdilər. Millət vəkilinin problemə reaksiyası operativ oldu. Qənirə xanım dərhal rayon qaz istismar idarəsinin rəisini arayıb, ondan problemi çözməyi tələb etdi. Amma deyəsən, idarə rəisinin verdiyi vədə əməl edəcəyinə tam əmin olmadığı üçün bu dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Aparatının rəhbəri Rizvan Vahabovla təmasa keçdi. ƏƏSMN rəsmisi ilə bir neçə dəqiqəlik müzakirədən sonra Qənirə xanım əlillərə müjdə verdi: "Sabah sizlərin yaşadıqları evlərə qaz veriləcək". Ətrafı alqış sədaları bürüdü. Bu mənzərəni maraqla seyr etdiyimi görən əlillərdən biri isə diktafonuma bu sözləri dedi: "Elin dərdinə yandığı üçün biz ona El qızı deyirik".
Tovuzda olarkən Ermənistanla sərhəddə yerləşən Ağdam kəndinə də baş çəkmişdik. Yerli sakinlər bizimlə söhbət zamanı dedilər ki, məhz Qənirə Paşayevanın təşəbbüsü ilə kəndə gedən yola asfalt örtük çəkilib. Cəbhə xəttindən uzaqda yerləşən kəndlər də diqqətdən kənarda qalmayıb. Qənirə xanımın deputat seçildiyi dairəyə daxil olan 24 kəndin hər birinin yolu əsaslı şəkildə təmir olunub. Amma Ermənistanla həmsərhəd olduğu üçün millət vəkili Ağdam kəndinə xüsusi diqqət ayırır. Milli Qəhrəman Naiq Yusifovun atası Nəsir kişi bizimlə söhbət zamanı dedi ki, Qənirə xanımın sayəsində ağdamlılar ötən illər ərzində bir neçə diplomatla dost olublar. Onun sözlərinə görə, deputat heç vaxt Ağdama tək gəlmir. O, hər dəfə gələndə xarici ölkələrdən birinin səfirini də özü ilə gətirir. ABŞ-ın, Türkiyənin, İsrailin səfiri kəndə o qədər çox gəlib-gedib ki, yerli əhali onlarla əməlli-başlı dost olub.

...Mir Həşim Ağa ziyarətgahında Qənirə Paşayeva ilə yollarımız ayrılsa da, bələdçimiz onun fəaliyyəti barədə bizi ətraflı məlumatlandırmışdı. Sonra öyrəndik ki, Qənirə xanım Tovuzda olduğu üç gün ərzində doqquz yas, bir toy mərasimində iştirak edib. Bununla yanaşı, rayonda olduğu günlərdə müxtəlif peşə sahibi olan təxminən 150 insana bayram sovqatı göndərib. Deputat imkansız seçiciləri üçün qurban kəsdirməyi də unutmayıb. Qənirə Paşayevanın Tovuza bu səfərindən ən çox pay isə hərəkət imkanı məhdud olan 5 yaşlı İlqara və həmyaşıdı Xətaiyə düşüb. Qənirə xanım hər iki uşağa əlil arabası bağışlayıb. Onu da öyrəndik ki, Qənirə Paşayeva hər dəfə Tovuza səfər edəndə bu mənzərə yenidən təkrarlanır. O, toyda da, yasda da seçicilərini tək qoymur.

Tovuzlular deyirlər ki, Q.Paşayeva ona pənah aparan heç kimi naümid qoymur. O, ötən beş ildə yüzlərlə insanın arzusunu həyata keçirib. Mən əminəm ki, növbəti beşillikdə Tovuzda yenə neçə-neçə sadə, zəhmətkeş insanın arzusu göyərəcək. Axı, el-obaya onun təəssübünü çəkən bir vəkil həmişə lazımdır. Qənirə Paşayeva isə ən yaxşı namizəd olduğunu çoxdan sübut edib... 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir