Modern.az

Conatan Sviftin “Qulliverin səyahəti” əsərindən bəzi məqamlar - II yazı

Conatan Sviftin “Qulliverin səyahəti” əsərindən bəzi məqamlar - II yazı

22 Avqust 2015, 16:58

 filologiya üzrə elmlər doktoru, professor

Conatan Svift ailə, uşaq, ata-ana, təhsil məsələlərinə də liliputlar ölkəsinin simasında maraqla yanaşır və bunlar barədə yazır: “Onların ailəyə, uşaqlara, ata-ana arasındakı münasibətlərə baxışları da bizimkindən xeyli fərqlidir. Liliputlar belə hesab edirlər ki, uşaqların tərbiyəsini cəmiyyət və hökumət öz üzərinə götürməlidir. Odur ki, hər bir şəhərdə xüsusi tərbiyə müəssisələri təşkil edilmişdir ki, hamı iyirmi aylığa çatmış uşaqlarını ora verməyə məcburdur.

 Bu məktəblərdə şagirdlərin təlim və tərbiyəsi, onların tərkibindən asılı olaraq müxtəlifdir. Oğlan və qızlar üçün adlı-sanlı adamların və varlıların, peşəkarların və yoxsulların uşaqları üçün ayrı-ayrı məktəblər vardır. Məktəbləri təhsil görmüş təcrübəli müəllimlər idarə edirlər. Bunlar uşaqları ata-analarının ictimai vəziyyətinə və onların öz qabiliyyət və meyillərinə uyğun olan işlərə hazırlayırlar.

Mən əvvəlcə oğlan uşaqları üçün, sonra da qızlar üçün olan tərbiyə müəssisələri haqqında bir neçə söz deyəcəyəm.

Nəcabətli və əyan uşaqlarına məxsus tərbiyə müəssisələri nüfuzlu və təhsil görmüş müəllimlərin idarəsi altındadır. Uşaqların geyimləri və yeməkləri sadə, adidir. Onlar namuslu, ədalətli və cürətli olmaq ruhunda tərbiyə edilməklə, onlarda təvazökarlıq, mehribanlıq, dini hisslər, vətənə məhəbbət də inkişaf etdirilir. Onlar həmişə məşğuldurlar. Yeməyə və yatmağa çox az vaxt verilir. İstirahət və bədən tərbiyəsinə gündə iki saat ayrılır. Qalan vaxt isə təlim və tədrisə sərf olunur. Uşaqları dörd yaşına qədər xidmətçilər geyindirib-soyundururlar. Ancaq dörd yaşından başlayaraq, bunu onlar özləri edirlər. Uşaqlara heç bir vaxt xidmətçilərlə danışmağa icazə verilmir. İstirahət zamanı onlar həmişə mürəbbinin və ya köməkçisinin nəzarəti altında olurlar. Beləliklə, onlar hər cür dedi-qodu, axmaq cəfəngiyat və pis təsirlərdən qorunmuş olurlar. Ata-analara ildə yalnız iki dəfə uşaqları ilə görüşməyə icazə verilir. Hər görüş bir saatdan artıq davam etmir. Onlar uşaqlarını bir görüşəndə, bir də ayrılanda öpə bilərlər. Görüş zamanı mürəbbi həmişə onların yanında olur. O, nəzarət edir ki, ata-analar uşaqlarla pıçıldaşmasınlar, onlara cürbəcür nəvazişli sözlər söyləməsinlər, oyuncaq, şirniyyat və sairə bu kimi şeylər gətirib verməsinlər.


Orta mülkədarların, tacirlərin və peşəkarların uşaqları üçün olan tərbiyə müəssisələri də belə qurulmuşdur. Bütün fərq bundan ibarətdir ki, peşəkar olacaq uşaqlara on bir yaşından başlayaraq peşə öyrədilir. Əyan uşaqları isə ümumi təhsilə on beş yaşına qədər davam edirlər. Qeyd etmək lazımdır ki, yuxarı yaşlı məktəblilər üçün məktəb rejimi bir qədər yumşaldılır.

Qızlar üçün olan tərbiyə müəssisələrində adlı-sanlı ailələrin qızları, demək olar ki, oğlanlar kimi tərbiyə edilirlər. Ancaq xidmətçi kişilər əvəzinə bunları əxlaqlı dayələr geyindirib-soyundururlar. Bu zaman həmişə ya mürəbbiyə, ya da köməkçi onların yanında olur. Dayələrə qızlar üçün cürbəcür qorxulu və ya axmaqcasına nağıllar danışmaq, sarsaq oyunlar çıxarmaq çox ciddi surətdə qadağan edilir. Bu qaydanı pozmaqda müqəssir olan dayə, camaat arasında üç dəfə qamçı ilə döyülür, bir il həbsə alınır, sonra isə həmişəlik ölkənin ən uzaq bir guşəsinə sürgün edilir. Belə bir tərbiyə sistemi sayəsində Liliputustanda cavan xanımlar da kişilər kimi qorxaqlıqdan, axmaqlıqdan çəkinir, təmizlik və səliqədən başqa hər cür bəzək-düzəyə nifrət edirlər. Mən qızlarla oğlanların tərbiyəsi arasında heç bir mühüm fərq görmədim. Yalnız, qızlar üçün bədən tərbiyəsi bir qədər yüngüldür və fənn kursları çox geniş deyildir; bunun müqabilində qızlara evdarlıq öyrədirlər; çünki Liliputustanda belə hesab edirlər ki, yüksək siniflərdə də arvad kişinin düşüncəli və mehriban yoldaşı olmalıdır. Qız on iki yaşa, yəni oranın adətinə görə ərə getmək yaşına çatanda, ata-anaları və ya qəyyumları onları öz evlərinə aparırlar. Bu zaman cavan qızın öz yoldaşları ilə vidalaşması çox az-az hallarda ağlaşmasız keçir.

Aşağı siniflərdən olan qızlar üçün tərbiyə müəssisələrində onlara cürbəcür işlər öyrədirlər. Peşə ilə məşğul olacaq qızlar tərbiyə müəssisəsində yeddi yaşına qədər, başqaları isə on bir yaşına qədər qalırlar.

Kəndlilər və kənd fəhlələri öz uşaqlarını evlərində tərbiyə edirlər. Onlar əkinçiliklə məşğul olduqlarından, hökumət onların təhsili işinə xüsusi əhəmiyyət vermir. Xəstələr və qocalar xeyriyyə müəssisələrində saxlanılır. İmperatorluqda dilənçilik deyilən şey yoxdur.

Ancaq ola bilər ki, maraqlanan oxucular mənim bu ölkədə necə yaşadığımı və nə ilə məşğul olduğumu bilmək istəyirlər. Axı mən orada doqquz ay on üç gün qalmışam.

Mən əl işini həmişə xoşlamışam. Odur ki, burada dülgərlik sənətindəki vərdişlərim mənim xeyli işimə yaradı, padşahlıq parkının ən iri ağaclarından mən özüm üçün xeyli rahat bir stol və stul qayırmışdım.

İki yüz dərzi qadına mənim üçün köynək, yorğan-döşək və süfrə tikmək əmri verilmişdi. Bunlar ölkədə olan ən möhkəm və qalın kətandan tikilməli idi. Ancaq bu kətan bizim ən zərif kiseyimizdən də nazik idi. Buna görə, dərzi qadınlar parçanın davamlı olması üçün bir neçə qat parçanı üst-üstə sırımalı olmuşdular. Onların ən iri kətan parçasının uzunu üç fut, eni üç düymə idi. Mən yerə uzandım ki, dərzi qadınlar ölçümü götürə bilsinlər. Bir tikici qadın mənim boğazımın yanında, o birisi isə dizimin yanında durdu. Onların hərəsi ipin bir ucundan tutub çəkdilər, üçüncüsü isə bir düymə uzunluğunda olan xətkeşlə ipin uzunluğunu ölçdü. Sonra onlar mənim sağ əlimin baş barmağını ölçdülər. Onlara daha heç bir şey lazım deyildi. Onlar biləyin dairəsinin baş barmağın dairəsindən iki qat artıq, boyun dairəsinin isə biləyin dairəsindən ikiqat artıq olduğunu bildiklərindən, mənim üçün əynimə yaxşı gələn alt paltarı tikdilər. Onlar üçün nümunə olaraq mən köhnə köynəyimi səliqə ilə yerə sərmişdim.

Elə həmin vaxtda üç yüz dərziyə mənim üçün kostyum tikmək də tapşırılmışdı. Mən dizi üstə oturdum. Dərzilər çiynimə nərdivan qoydular, onlardan biri bu nərivanla çiynimə çıxıb, boğazlığımdan aşağı şaquli bir ip salladı, beləliklə, o, kaftanın uzunluğunu təyin etdi. Qollarımı və belimi özüm ölçdüm. Şəhərdə heç bir elə ev tapılmadı ki, mənim kostyumumun hissələrini orada yerə sərə bilsinlər. Buna görə dərzilər mənim qaldığım qəsrdə işləməli oldular. Kostyum zahiri cəhətdən ingilis xanımlarının cürbəcür parçalardan tikdikləri qurama yorğanlara bənzəyirdi. Ancaq buradakı parçalar hamısı bir rəngdə idi.

Mənim xörəyimi üç yüz aşpaz bişirirdi. Onlar öz ailələri ilə birlikdə mənim evimin yanında tikilmiş kiçik və rahat baraklarda yaşayırdılar. Mənə hərəsi iki cür yeməkdən ibarət, səhər, günorta və axşam yeməyi bişirməyə məcbur idilər. Mən iyirmi xidmətçini götürüb stolun üstünə qoydum, onların yüz nəfər yoldaşı aşağıda döşəmə üzərində işləyirdi. Bəziləri yemək daşıyır, bəziləri çiynlərində şərab və sair içki ilə dolu çəlləklər gətirirdilər. Stol üstündəki xidmətçilər Avropada quyudan su ilə dolu vedrədən çəkdikləri kimi, təkərli qarqaralarla onları məharətlə stolun üstünə qaldırırdılar. Onların gətirdikləri hər dolu boşqabı birdəfəyə ağzıma boşaldır, hər şərab çəlləyini bir uduma içirdim. Buradakı qoyun əti bizimkindən dadsızdır. Amma mal əti çox ləzzətlidir. Bir dəfə mənə elə bir qabırğa rast gəldi ki, onu üç tikəyə bölməli oldum. Ancaq bu, müstəsna bir hal idi. Bizdə torağayları yedikləri kimi, mal ətini sümükqarışıq yediyimə baxan xidmətçilər heyrət edirdilər. Bunların qaz və hinduşkalarını mən adətən birdəfəyə ağzıma qoyub yeyirdim. Düzünü söyləmək lazımdır ki, buranın quşları bizimkilərdən çox dadlıdır. Xırda quşların iyirmisini-otuzunu birdəfəyə bıçağın ucuna keçirib yeyirdim”. (Conatan Svift. Qulliverin səyahəti. Bakı, “Öndər nəşriyyat”, 2004, s.77-81) Conatan Svift liliputlar ölkəsinin simasında elə məsələlərdən bəhs edir ki, həmin məsələlər bütün cəmiyyətlərdə və dövrlərdə mövcuddur.

Conatan Svift liliputlar ölkəsində ölülərin dəfni ilə bağlı yazır: “Liliputlar ölülərini qəbrə başıaşağı qoyub, dəfn edirlər. Onlar inanırlar ki, ölülər on bir min aydan sonra diriləcəklər. O vaxta qədər isə yer (liliputlar yerin yastı olduğunu güman edirdilər) başı aşağı çevriləcək, ölülər də dirildikdə, düz ayaq üstə durmuş olacaqlar. Alimlər bu etiqadın mənasız oduğunu təsdiq edirlər. Ancaq qara camaat arasında bu adət indiyə qədər də davam edir”. (Conatan Svift. Qulliverin səyahəti. Bakı, “Öndər nəşriyyat”, 2004, s.74)

Conatan Svift liliputlar ölkəsində dilşünaslıq məktəbinə və riyaziyyat məktəbinə getdiyi və orada müşahidə etdiyi məsələləri də yazır. Hər halda onun bu yazdıqları düşündürücüdür. Düşündürdüyü qədər də sətiraltı mənaları var. O yazır:

“Bundan sonra biz dilşünaslıq məktəbinə getdik. Orada üç professor ana dilini təkmilləşdirmək üçün cürbəcür layihələri müzakirə edirdi. Birinci layihədə təklif edilirdi ki, bütün çoxhecalı sözlər birhecalı edilsin. Feilləri və feili sifətləri atmaqla danışıq dili sadələşdirilsin. Müəllif göstərirdi ki, yalnız cisimlər, həqiqətən, mövcud cisimlərə uyğundur.

İkinci layihədə tələb olunurdu ki, bütün sözlər tamamilə atılsın. Layihənin müəllifinə görə, bu işin başlıca olaraq sağlamlığa və vaxta qənaət etmək üçün xeyri çoxdur. Axı tamamilə aydındır ki, söz söyləmək insanın boğazını və ciyərlərini yorur və beləliklə, bizim ömrümüzü qısaldır. Sözlər yalnız cisimlərin adlarından ibarət olduğu üçün, öz fikir və arzularımızı ifadə etmək üçün lazım gələn cisimləri yanımızda gəzdirmək xeyli əlverişlidir.

Sağlamlıq üçün çox faydalı bu ixtira yəqin ki, çox geniş yayıla bilərdi. Ancaq qadınlar, avam, qara camaatla birləşmiş, alimləri üsyan qaldıracaqları ilə hədələmişdilər. Onlar dillərinin tamamilə azad qalmasını qəti surətdə tələb etmişdilər. Doğrudan da, qara camaat elmin barışmaz düşmənidir! Bununla bərabər, bir çox tamailə alim və ağıllı adamlar öz fikirlərini cisimlər vasitəsilə ifadə etməkdən ibarət olan o yeni üsuldan istifadə edirlər. Onun yeganə nöqsanı bundan ibarətdir ki, bir-birilə danışanlar söhbət zamanı lazım olacaq müxtəlif şeylərlə dolu iri bağlamaları dallarında gəzdirməli olurlar. Ağır yükün altında, bizim hamballar kimi, ikiqat olmuş belə alimlərə tez-tez rast gəlirdim. Bunlar küçədə bir-birini gördükdə, öz kisələrini çiyinlərindən yerə qoyub açır və ordan lazım olan şeyləri çıxarıb, bu surətlə də bir-birilə söhbət edirdilər. Sonra öz şeylərini yenə kisəyə yığıb, yükü çiyinlərinə qaldırmaq üçün bir-birinə kömək edir və xudahafizləşib ayrılırdılar.

Ancaq qısa və sadə söhbətlər üçün lazım gələn şeyləri cibdə və ya qoltuqda gəzdirmək mümkün idi. Ev şəraitində söhbət etdikdə isə, bütün bu çətinliklər asanlıqla aradan qaldırıla bilərdi. Ancaq bu dilin tərəfdarlarının yığışdıqları otaqlar ən müxtəlif şeylərlə dolu olmalıydı.

Bu dilin ən böyük üstünlüyü onun beynəlxalq mahiyyətdə olmasıdır. Bütün mədəni xalqların mebel və ev şeyləri təxminən bir-birinə bənzəyir. Bunun sayəsində elçilər xarici krallarla və ya nazirlərlə onların dillərini əsla bilmədikləri halda şeylər vasitəsilə asanlıqla danışa bilirlər.

Mən həmçinin riyaziyyat məktəbinə də getdim. Burada dərs bizim Avropada əsla tətbiq oluna bilməyəcək bir üsulla aparılır. Hər teorem sübutu ilə birlikdə nazik bir təbəqəyə yazılır. Mürəkkəb yerinə başağrısı dərmanı işlədilir. Şagird bu həbi acqarına udur və bundan sonra üç gün ərzində çörək və sudan başqa bir şey yeyib-içmir. Həb həzm olunduqdan sonra dərman onun beyninə yeriyir və özü ilə birlikdə teoremi də ora aparır. Ancaq bu vaxta qədər bu üsulun müvəffəqiyyəti cüzi olmuşdur. Bunun bir səbəbi budur ki, dərmanın miqdarı və ya tərtibində səhvə yol verilir; ikinci səbəbi isə uşaqların dəcəlliyidir, çünki onlar bu həbləri xoşlamırlar. Onlar çox vaxt kənara çəkilir və həbi tüpürüb atırlar. Bundan başqa, dərmanın təsiri üçün zəruri olan üçgünlük pəhriz saxlamağı bu vaxta qədər onlara qəbul etdirmək mümkün olmamışdır”. (Conatan Svift. Qulliverin səyahəti. Bakı, “Öndər nəşriyyat”, 2004, s. 224-225)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır